Azərbaycan mətbuatı heç vaxt bugünkü qədər dövlətin diqqət və qayğısı ilə əhatə olunmayıb

 

 

 

"Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Jurnalistlərin dostu" mükafatının təqdimolunma mərasimindəki çıxışında səsləndirdi.

 

Media nümayəndələri ilə dövlət başçısı arasında baş tutan səmimi görüşdə Azərbaycan jurnalistikasının mövcud durumu və gələcək perspektivlər müzakirə mövzusu oldu. Dövlət başçısı jurnalistlərə tövsiyə və təkliflər verməklə yanaşı, onların fikirlərini də dinləyib əlavə tapşırıqlar verdi. Ona görə bu görüşü nəinki Azərbaycanda azad mətbuatın, eyni zamanda, azad cəmiyyətin inkişafına mühüm töhfə kimi dəyərləndirmək olar. Çünki bu gün həqiqətən də ölkəmizdə söz, ifadə və mətbuat azadlığı, internetdən istifadə mütəşəkkilliyi tam şəkildə təmin edilir. Dövlət başçısının həm qanunvericilik səviyyəsində, həm də maddi-texniki bazanın təkmilləşdirilməsi baxımından medianın tərəqqisinə tarixi hadisə sayılacaq töhfələr verir. Əslində dövlət başçısı layiq görüldüyü mükafatı belə geniş müzakirələr keçirmədən, başqa bir formatda da ala bilərdi. Amma Prezident bununla əsası medianın böyük qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azad media siyasətinin davamçısı olduğunu bir daha göstərdi. Azərbaycan jurnalistlərinin özünə dost seçdikləri Prezident İlham Əliyev həmin görüşdə media-hakimiyyət müstəvisində yeni münasibətlərin konturlarını cızdı, mətbuatın problemlərinin dialoq, müzakirə yolu ilə ölkə daxilində həlli yollarını göstərdi. Dövlət başçısının medianı yüksək dəyərləndirməsi səbəbsiz deyil. Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır.

Əminliklə söyləmək olar ki, bu gün ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist  təşkilatlarının azad fəaliyyət göstərməsi üçün hər cür demokratik şərait var. Heç bir mətbu orqanlarına qarşı qərəz və ayrı-seçkilik yoxdur. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın da əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdəti fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxa bilər. Bunun üçün bütün şərait yaradılıb. Azərbaycan mətbuatı heç vaxt bugünkü qədər dövlətin diqqət və qayğısı ilə əhatə olunmayıb. Son 10 il ərzində yaradılan şərait nəticəsində ölkənin kütləvi informasiya vasitələri öz çevrələrini genişləndirib, şaxələnərək media qruplara çevriliblər.

 Son on ildəki inkişaf nəticəsində Azərbaycan kütləvi informasiya vasitələri dünyanın media nəhəngləri ilə istər keyfiyyət, istərsə də operativlik baxımından rəqabətə davamlı vəziyyətə gəlib. Ölkədə ənənəvi mətbuatla yanaşı, yeni media formalaşıb və onların fəaliyyəti kifayət qədər peşəkarlaşıb.

Azərbaycanın birinci şəxsinin öz mediası ilə, cəmiyyəti ilə məsləhətləşməsi, dəstək istəməsi çox təqdirəlayiq haldır. Artıq Azərbaycanda medianın himayədarı qismində cəmiyyət və konkret oxucu kütləsindən daha çox, dövlətin özü çıxış edir. Dövlət başçısı sözügedən görüşdə bu məsələyə xüsusi olaraq toxunub: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz".

 

Qeyd edək ki, bu gün Azərbaycan mediasının inkişafı fonunda Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə demokratikləşmə prosesi sürətlə davam edir. Bu prosesin yüksək nəticələr verməsi üçün dövlət başçısı bütün imkanları səfərbər edib. Xüsusilə də medianın problemlərinin aradan qaldırılmasına diqqət yetirən Prezident İlham Əliyev bundan sonra da bu sahədə çatışmazlıqları aradan qaldıracaq, ümumilikdə, media sektorunun inkişafı üçün dövlətin dəstəyini daha da artıracaq. Görünən odur ki, Azərbaycanda demokratik cəmiyyət quruculuğu uğurla davam edir. Elə dövlət başçısı mükafatın təqdim edilməsi mərasimində də Azərbaycanın ayrı-ayrı sahələr üzrə qazandığı uğurlara diqqəti yönəldərək diqqətə çatdırdı ki, mətbuat bu reallıqları ictimaiyyətə çatdırmaqda böyük rola malikdir. Təbii ki, informasiya bolluğu təmin edilərsə, bu halda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət bəzi dairələrin apardığı yalan təbliğata uymaz. Mətbuat nümayəndələri həqiqətlərin təbliğində fəal mövqe tutaraq bu işə öz dəstəklərini göstərmiş olarlar. İqtisadi tərəqqi, güclü sosial siyasət, xalq-iqtidar birliyi, beynəlxalq dəstək Azərbaycanın dövlət müstəqilliyinin möhkəmliyini, sarsılmazlığını təsdiqləyir. Bu uğura yol açan əsas amil isə dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətidir. Azərbaycanın hər sahədə müstəqil siyasəti uğurlarımızın davamlılığını təmin edir.     

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2013.- 1 dekabr.- S.6.