Qocalar evində

 

 

Bu günlərdə Qocalar evinin qonağı oldum. Kaş olmayaydım. Kaş ömürlərinin bu ahıl çağında ağır zəhmət bahasına böyüdüb ərsəyə gətirdikləri çürük mənəviyyatlı, daşqəlbli övladlarının laqeydlik və biganəliyi üzündən öz doğma ev-eşiklərindən didərgin düşüb dövlətin qayğısına sığınmış bu biçarə insanların gözlərindəki kədər buludlarını görməyəydim. Ömrünün 80 yaşını haqlamış ağbirçək bir ananın doğma nəvələrini bir daha görmək, onların çiçəkqoxulu nəfəsini ciyərlərinə çəkmək həsrətilə qovrulan yaralı qəlbinin dərin qatlarından süzülüb gələn yanıqlı bir bayatı məni elə kövrəltdi ki, göz yaşlarımı saxlaya bilmədim. Elə həmin anda yarandı bu şerin ilk misraları...

 

Qocalar evinin pəncərəsindən,

 

Saçları qarlaşmış ahıl bir qarı,

 

Baxır kövrək-kövrək yollara sarı.

 

Düşünür, nə ola, balalarımdan,

 

Bircəsi yanıma gələydi barı.

 

Onun iç dünyası ahu-zardadır,

 

Görən nəvələri soruşurmu ki,

 

Ay ata, ay ana, nənəm hardadır?

 

Övlad ocaqdırsa, ana közüdür,

 

Bir kəlmə sözdür o, iki hecalı,

 

Yarı övladısa, yarı özüdür.

 

Biganə övladlar gərək qanalar,

 

Ailə bir ağacdır, kökü analar.

 

Ağac kökdən ayrı yaşaya bilməz.

 

Dərdli bir ananın kədər yükünü,

 

Yükləsən bir qatar daşıya bilməz.

 

Bucağa qısılmış kölgədi sanki,

 

O ulu Tanrının Qarabağım tək,

 

Tamam unutduğu bölgədi sanki.

 

Fikirlər beynində hörmə-hörmədi,

 

Doqquz ay bətnində gəzdirdiyindən,

 

O, doqquz qəpiklik xeyir görmədi.

 

Hələ bu günədək o miskin ana,

 

Gəlin xörəyinin dadını bilmir.

 

Altı nəvəsindən birinin belə,

 

Üzünü görməyib, adını bilmir.

 

Dünyada dərd varmı bölümdən betər,

 

Övlad laqeydliyi ölümdən betər.

 

Ailə də bir xalqdır, balaca bir xalq,

 

İçi dərk eləsin gərək çölümü.

 

Kiçik ailələrin bölümlərindən

 

Başlar böyük xalqın böyük bölümü.

 

Tanrı nə doğulan, nə də doğandır,

 

Bəs dünya bizləri tapıb haradan?

 

Demək beş qitəlik bəşəriyyəti,

 

Tanrı analardır yalnız yaradan.

 

Dağılan binanın dərdin him bilir,

 

Dərdli anaların göz yaşlarından

 

Yaranıb "Duz gölü" bəlkə, kim bilir?

 

O hələ görməyib bir şad gününü,

 

Qocalar evində keçirdi yazıq,

 

Dünən də tək-tənha öz ad gününü.

 

Soyuq bir gizilti gəzdi canında,

 

Nə oğul, nə gəlin, nə də nəvələr,

 

Heç biri, heç biri yoxdu yanında.

 

Nə gözəl deyibdir müdrik babalar:

 

Kişiykən arvada ərə gedən kəs,

 

Anaya oğulluq eyləyə bilməz!

 

Mərd namərd görəndə qaçarı düşər,

 

Ananın üzünə bağlı qapıya,

 

Yalnız Əzrailin açarı düşər!

 

Dərdsizlər dərdlini çətin qanacaq,

 

Bir ana dərdinə yanmayan oğul,

 

Xankəndi dərdinə, Laçın dərdinə,

 

Xocalı dərdinə hardan yanacaq?

 

Bu ali hikməti bilmək gərəkdir:

 

Öz ağbirçəyinə arxa olmayan

 

Bir nəsli tarixdən silmək gərəkdir.

 

 

Zeynal VƏFA

 

Azərbaycan. – 2013. – 1 Dekabr. – S. 8.