Azərbaycanın xarici işlər naziri Brüsseldə Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 4-də Brüsseldə, NATO-nun mənzil-qərargahında Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə 2014-cü ildə başa çatacaq Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonra NATO-ya üzv və tərəfdaş ölkələrin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və bu ölkənin milli ordusuna yardım ətrafında fikir mübadiləsi aparılmışdır. 

Elmar Məmmədyarov çıxış edərək Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə qadirbuna hazır olduğunu bildirmişdir. Nazir Azərbaycanın Əfqanıstan ilə münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd etmişdir. O, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulamışdır.

Səfər çərçivəsində Elmar Məmmədyarov həmçinin ikitərəfli görüşlər keçirmişdir.

 

Azərbaycan.-2013.- 5 dekabr.- S.6.