Zamanın tələbinə uyğun inkişaf

 

Azərbaycanın inkişaf tarixinin son 40 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini və nəticələrini görərik. Təbii ki, bu mərhələyə gəlib çıxmaq üçün Azərbaycan rabitəsi 132 illik uzun tarixi bir yol keçib. O uzun və kəşməkəşli yola nəzər salsaq görərik ki, qədim zamanlarda insanlar məlumat ötürücüsü kimi yüksəkliklərdə tonqal yandırmaqla bir-birinə hər hansı bir hadisə barədə xəbər göndərirmişlər. Eyni zamanda hər hansı bir vacib məlumatı əhaliyə çatdırmaq üçün təbil və ya şeypur vasitəsilə insanları bir yerə toplayırmışlar.

Təxminən XVIII əsrin əvvəllərində teleqraf rabitəsinin də yaradılmasına başlanılıb. Həmin dövrlərdə əksər ölkələrdə poçt-teleqraf idarələri  yaradılıb və bu xidmətlər onların bölgələrdə tabeçiliklərində olan poçt kontorları vasitəsilə həyata keçirilib.

Azərbaycan milli rabitəsinin hələ 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən poçtun dövlət səviyyəsində təşkil edilməsi ilə təməli qoyulub.

Azərbaycanda ilk rabitə müəssisəsinin - poçtun yaranması 19-cu əsrin əvvəlinə aid edilir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan bir neçə ay sonra - oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi yaranıb, Ağa Aşurov nazir təyin olunub və nazirlik Cümhuriyyətin süqutuna qədər fəaliyyət göstərib. 1918-ci il mayın 28-də elan edilən müstəqil Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşasa da, qısa müddət ərzində özünün ilk poçt markalarını buraxmağa nail olub.

1954-cü ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Rabitə Nazirliyini yenidən yaradıb.

 

 

 

İlk telefon xətti

 

 

Məlum olduğu kimi, dünyada telefon rabitəsinin tarixi 1876-cı ildən başlayır. Çar hökuməti dövründə neft sənayesinin inkişafı ilə əlaqədar Avropadan və digər ölkələrdən o dövrün məşhur şirkətləri, kapitalistləri axışıb Bakıya gəlirdilər. Get-gedə inkişaf edərək iri sənaye şəhərinə çevrilən Bakıda telefon şəbəkəsinin yaradılmasına ciddi ehtiyac yaranmışdı. Beləiklə, Bakıda 1881-ci ildə telefon rabitəsi yaradılıb və həmin il dekabrın 6-da ilk telefon xətti çəkilib. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olub.

 

 

 

XX əsrdə  telefon rabitəsi

 

 

1924-cü ildən başlayaraq əvvəlcə Bakıda, sonra isə ölkənin digər mühüm şəhərlərində telefon rabitəsinin inkişaf etdirilməsinə başlanılıb. 1928-1929-cu illərdə Bakı - Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leninqrad şəhərləri ilə şəhərlərarası telefon rabitəsi, respublika daxilində isə Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Göyçay, Ləki, Yevlax, Bərdə, Ağdam, Stepanakert, Nuxa, Gəncə, Ağstafa, Qazax, Şamaxı, Xızı və Quba rayonları arasında telefon rabitəsi mövcud olub.

1946-1947-ci illərdə Azərbaycanda yeni iki ATS - Gəncə və Quba, 1948-ci ildə Naxçıvan və Xankəndində tutumu 200 nömrə olan ATS-lər istifadəyə verilib.

1956-cı ildə Bakıda ilk televiziya mərkəzi yaradılır və ilk dəfə televiziya verilişlərinin yayımına başlanır.

 

 

 

Rabitənin inkişafında Heydər Əliyev dövrü

 

 

 

Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-82-ci illərinə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində öz əksini tapır. 1970-ci il iyunun 24-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılıb və tarixi qərar qəbul edilib.

Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapıb.

Azərbaycanda telekommunikasiyainformasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin respublikanın sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirib və İKT sektorunun bugünkü inkişafının təməlini qoyub.

Ümummilli liderin səyləri nəticəsində 1970-80-ci illərdə Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirilib, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirilib, istehsalat müəssisələri tikilib.

Müstəqilliyin ilk illərində də Heydər Əliyev bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərib. 1993-cü ilin avqustunda Heydər Əliyev Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışını edib. Onun bu diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub. 1994-cü ildə "Bakcell" və 1996-cı ildə "Azercell" birgə müəssisələri yaradılıb və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyulub. 1996-cı ildə isə "AzEvroTel" və "Ultel" birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlayıb. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, habelə yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı olub. Azərbaycanda yeni texnologiyaların tətbiqinə, telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə start verilib, ilk elektron ATS-lər qurulub.

Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkilindəki uğurlar da məhz ümummilli lider Heydər Əliyevin xidmətləridir. Müstəqil Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq, həmçinin blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqramlarını seyr edə bilməsini təmin etmək məqsədilə 1996-cı ildə "AzTV1" milli televiziya proqramı TÜRKSAT süni peyki vasitəsilə yayımlanmağa başlayıb. Əsası 1981-ci ildə Heydər Əliyev tərəfindən qoyulan Teleqüllənin tikilib başa çatdırılması da məhz onun səyləri nəticəsində reallaşıb. 1996-cı ildə Teleqüllə istifadəyə verilib. 2002-ci ildə  Heydər Əliyev teleradio sahəsində dövlət tənzimlənməsini həyata keçirən müstəqil qurumun - Milli TeleviziyaRadio Şurasının yaradılması haqqında fərman imzalayıb.

Bu gün Azərbaycan Respublikasında İKT sahəsindəki fəaliyyətdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Onun 2003-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub.

 

 

 

Yüksəliş dövrü

 

 

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. Son 10 ildə həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun da ölkə iqtisadiyyatının inkişafına töhfə verməsini təmin edib. Azərbaycanda İKT sektorunun 10 illik inkişaf yolundan danışarkən öncə qeyd etmək lazımdır ki, ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) yeganə dövlətdir.

Sektorun davamlı inkişafını bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və ölkə başçısının sərəncam və fərmanları müəyyən edib. "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın təsdiq edilməsi, "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları İKT sektorunun inkişafına əvəzsiz töhfə olub. 

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında", "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident sərəncamları isə öz növbəsində Azərbaycanın kosmik məkana inteqrasiyasını bərqərar edib. "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in Formalaşdırlması üzrə Fəaliyyət Proqramı"nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları bu gün ölkəmizdə əhalinin istifadəsinə verilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması ilə müşayiət olunur.

"Elektron imzaelektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında", "Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqaviləyə qoşulmaq barədə, "Kibercinayətkarlıq haqqında" Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının  qanunları ölkədə sektor üzrə təkmil qanunvericilik bazasının mövcudluğunun bariz nümunəsidir.

Ötən 10 il ərzində qeydə alınan inkişaf tempini statistik rəqəmlər daha əyani xarakterizə edir. Qeyd olunan müddətdə sektorda orta illik artım tempi 20-25 faizi təşkil edib, sektor hər 3 ildə 2 dəfə genişlənib və həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2.0 milyard dolları ötüb. Bundan başqa, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4 faizdən 80,0 faizə yüksəlib. Qeyd edək ki, son 10 il ərzində sektora təqribən 2,5 milyard dollar investisiya yatırılıb.

İKT sektorunun son 10 ilini 2005-ci ildə 3-cü mobil operator "Azerfon" MMC-nin fəaliyyətə başlaması, 2009-cu ildən etibarən mobil şəbəkədə "3G" texnologiyasının tətbiqi, 2012-ci ildən ölkədə "4G" xidmətinin istifadəyə verilməsi kimi hadisələr təşkil edir.

Artıq ölkəmizdə sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, elektron vergi və gömrük bəyannamələri təqdim edilir, daşınmaz əmlakla bağlı sənədlərin, müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin və tələb olunan sənədlərin qəbulu elektron formada həyata keçirilir və bu say sürətlə artır.

 

 

 

Yeniliyin tətbiqi

 

 

 

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzləri yaradılıb. "ASAN xidmət" mərkəzləri şəffaflığın artırılmasına, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılmasına və elektron xidmətlərdən daha geniş istifadə olunmasına xidmət edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsası qoyulub. Fondun yaradılmasının məqsədi ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyi ilə təmin edilməsi, yerlixarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və  innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən ibarətdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli 736 nömrəli Fərmanı ilə "Yüksək Texnologiyalar Parkı"nın (YTP) yaradılması qərara alınıb. "YTP"-nın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə RİTN-in tabeliyində "Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC yaradılıb.

Ötən illər ərzində diqqət mərkəzində olan əsas amillərdən biriinternetin keyfiyyətinin və sürətinin yüksəldilməsi olub. Bu kontekstdə hər 100 nəfərə düşən internet istifadəçiləri 14 dəfə artıb, beynəlxalq internet kanallarının ümumi tutumu isə dəfələrlə çoxaldılaraq 200 Gb/s-ə çatdırılıb. Sevindirici haldır ki, həyata keçirilən tədbirlər fonunda Azərbaycan artıq trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir.

 Bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisi, 50 faizi isə genişzolaqlı xidmət istifadəçisidir.

 

 

 

Davamlı nailiyyət

 

 

 

Sektorun inkişafı və genişləndirilməsi istiqamətində icra olunan işlər bir çox beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "Measuring the Information Society - 2012" adlı hesabatında "İKT inkişaf indeksi" üzrə Azərbaycan 155 ölkə arasında 68-ci yeri tutmuş və 2008-ci illə müqayisədə öz mövqeyini 15 pillə möhkəmləndirmişdir. Hesabatda Azərbaycan 10 "Ən dinamik inkişaf edən ölkələr" qrupunda yer alıb.

"İKT qiymət səbəti" göstəricisi üzrə Azərbaycan 52-ci yerlə qiymətləndirilmiş və 2008-ci illə müqayisədə öz mövqeyini 47 pillə möhkəmləndirmişdir.

Dünya İqtisadi Forumunun "The Global Competitiveness Report 2012-2013" hesabatında isə "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və MDB məkanında öz liderliyini qoruyub saxlamışdır. "The Global Information Technology Report 2013" hesabatında Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəmişdir.

Hesabatda internet istifadəçilərinin say göstəricisinə görə Azərbaycan MDB ölkələri arasında liderdir, internetin əlçatanlığı göstəricisinə görə isə dünyada 20-ci yerdədir.

Məlum olduğu kimi, İKT sektorundan qeyri-ənənəvi xidmətlərlə yanaşı, ənənəvi xidmətlərin də inkişafı diqqətdən kənarda qalmır. Yeni texnoloji imkanların genişləndirilməsi sayəsində sektorun ümumi inkişafı vəhdət təşkil edir. Bu gün dünyanın bir çox ölkələri rəqəmli TV yayımının genişləndirilməsi istiqamətində səylərini artırır.

Görülən işlər nəticəsində ölkə əhalisinin 96 faiznin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanlığı yaradılıb. Bu gün Azərbaycanda 25 televiziya kanalı və 15 radio proqramı mövcuddur ki, televiziyaradio proqramlarının əhali üzrə yayım əhatəsi təqribən dövlət proqramları üzrə 90-100 faiz, özəl proqramlar üzrə 80-85 faiz təşkil edir.

 

 

 

Kosmosa inteqrasiya

 

 

 

10 il ərzində həyata keçirilən işlərin parlaq nümunəsi kimi Azərbaycanın ümumdünya kosmik məkanına inteqrasiyasını göstərə bilərik. Bu gün artıq ölkəmiz milli telekommunikasiya peykinə malik olan azsaylı dövlətlərdən biridir.

Azərbaycanın ilk peyki olan "Azerspace-1" 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18:36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01:36) orbitə buraxılıb. "Azerspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi "STAR-2" peyk platforması əsasında yığılıb.

 Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir.

 

 

 

Elektron hökumət

 

 

Müasir dünyanın inkişaf prinsipləri elektronlaşma və yüksək texnologiyalar üzərində qurulub. Bu gün "Elektron hökumət", "Elektron ölkə" anlayışı heç kimdə təəccüb doğurmur. Azərbaycan da bu tendensiyadan geri qalmır. Müşahidələr göstərir ki, əhali bu xidmətlərə nəinki alışıb, hətta gündəlik həyatlarında onlardan istifadəyə daha çox üstünlük verir. Söhbət "Elektron hökumət" layihəsi çərçivəsində təqdim olunan elektron xidmətlərdən gedir. Qeyd edim ki, "E-hökumət" layihəsi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"ya əsasən işlənib hazırlanıb və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Bu gün hədəflərdən biri də genişzolaqlı internetin inkişafıdır. Bunun üçün reallaşdırılması nəzərdə tutulan "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsi 2012-ci ildə ölkə prezidentinin hər bir kənd və yaşayış məntəqəsinin genişzolaqlı internet xidmətləri ilə təmin edilməsi barədə müəyyən etdiyi hədəfə nail olunması üçün hazırlanıb.

Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi planlaşdırılır.

Artıq bir neçə ildir ki, uğurla icra olunan "Xalq kompyuteri" layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətləri olan "Microsoft" və "HP"-nin iştirakı ilə həyata keçirilirbu layihə ölkədə kompyuterlərin kütləvi yayımının təmin edilməsinə xidmət edir.

"Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində ölkəmizdə "Azərpoçt" MMC-nin mövcud platformasından istifadə etməklə maliyyə xidmətlərinin inkişafına şərait yaradılıb. Artıq kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışı təmin edilmiş, habelə poçt şöbələri vasitəsilə müştərilərə genişhəcmli xidmətlər təklif edilir. Layihənin həyata keçirilməsinə 2005-ci ilin 14 oktyabr tarixindən başlanıb və Dünya Bankı, RİTN və İsveçrənin "SECO" təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilib.

Azərbaycan Poçt Administrasiyasının həyata keçirdiyi ardıcıl və effektiv tədbirlərin nəticəsi olaraq ölkəmiz ÜPİ-nin keyfiyyətin idarə edilməsi üzrə A (Qızıl) səviyyəli sertifikataÜPİ-nin EMS xidməti üzrə ardıcıl 7 dəfə qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb.

Son illər azərbaycanlı mütəxəssislərin ən uğurlu işlərindən biri "Dilmanc" layihəsidir. Layihə çərçivəsində Azərbaycan dili üçün linqvistik texnologiyaların yaradılması və tətbiqi sahəsində işlər həyata keçirilir. İndiyədək Azərbaycan-Rus və Rus-Azərbaycan istiqaməti üzrə tərcümə sistemi və eləcə də, Azərbaycan dili üçün verilmiş mətni səslə oxuyan mətnin səsləndirilməsi sistemi yaradılıb və istifadəyə verilib. Hazırda Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə sistemi istifadəyə verilib və keyfiyyətin artırılması üzərində işlər gedir.

Azərbaycanda nanotexnologiyaların tədqiqi və tətbiqi sahəsində həyata keçirilən işlər son illər daha intensiv xarakter alıb. Xatırladaq ki, bu istiqamətdə işlərin mərkəzləşdirilmiş qaydada aparılması üçün Nazirlər Kabinetinin 23 sentyabr 2008-ci il tarixli 228 nömrəli qərarı ilə RİTN-in nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb.

Sektorun inkişafı ilə yanaşı, beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prioritetlər sırasındadır. Bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının və Ümumdünya Poçt İttifaqının (ÜPİ) bərabərhüquqlu üzvüdür. 1991-ci ildə MDB ölkələri çərçivəsində yaradılmış Regional Rabitə Birliyinin (RRB) təmsilçilərindən biri seçilib. Bundan əlavə, Azərbaycan beynəlxalq peykkosmik rabitə təşkilatları, Avropa Komissiyasının Poçt və Rabitə Administrasiyası, Telekommunikasiya üzrə Avropa Standartlar İnstitutu, Avropa Birliyi, NATO-nun Elmi Komissiyası və Avrasiya Poçt Birliyi ilə uğurlu əməkdaşlıq edir.

Son 10 il ərzində dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə 85-ə yaxın əməkdaşlıq memorandumu, müqavilə və müxtəlif sazişlər imzalanıb.

19 ildir ki, "Bakutel" sərgi-konfransı davamlı olaraq Azərbaycanda keçirilir və ölkədə İKT-nin inkişafı istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. "Bakutel" sərgi-konfransı həcm və nüfuz dairəsinə görə Qafqaz və Xəzəryanı regionda ən yüksək səviyyəli tədbirdir, qlobal miqyasda respublikamızın geosiyasiiqtisadi maraqlarının təmin olunması üçün platforma kimi formalaşıb.

Son 10 il ərzində İKT sketoru üzrə keçirilən ən qlobal tədbirlərdən biri də Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Sazişə əsasən, 6-9 noyabr 2012-ci il tarixlərində Bakıda BMT və RİTN-in birgə təşkilatçılığı ilə keçirilən "VII İnternet İdarəçilik Forumu-2012" olub. Tədbirdə 128-dək ölkəni təmsil edən 1600-dən çox xarici və Azərbaycanı təmsil edən 1200 nümayəndə, eləcə də 3800 xarici iştirakçı isə videokonfranslar vasitəsilə forumun işində onlayn iştirak edib.

 

 

 

Savadlı kadr inkişafın zəminidir

 

 

 

Bütün sahələrin inkişafı savadlı kadr potensialının mövcudluğu ilə ölçülür. Bunun üçün İKT sektorunda da intellektual kadrların hazırlanmasına xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na uyğun olaraq nazirliyin təklifi əsasında 17 tələbə xarici universitetlərdə təhsil alır.

Xarici ölkələrin universitetlərində İKT üzrə milli kadrların hazırlanması məqsədilə 2007-ci ildə RİTN-də ölkənin aparıcı İT şirkətlərinin iştirakı ilə "İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı naminə insan resursları Fondu" yaradılıb.

Fondun "İKT üzrə kadr hazırlığı proqramı" çərçivəsində 200-dən artıq tələbə hazırlanıb, 42 nəfər hazırda təhsilini davam etdirməkdədir.

2013-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb. Universitetdə 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılıb.

Ölkədə məhdud fiziki imkanlı insanların cəmiyyətdə rolunun artırılması, İKT-dən istifadə imkanlığının yaradılması da 10 il ərzində diqqətdən kənarda qalmayıb. Belə ki, Heydər Əliyev Fondu və RİTN tərəfindən Naxçıvan, Gəncə və Yevlax şəhərində məhdud imkanlı şəxslər üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.

Gözdən əlil və görmə qabiliyyəti zəif olan insanlara İKT-dən bərabərhüquqlu istifadəni təmin etmək məqsədilə Azərbaycanın "NeyroTex" şirkəti dünyada ilk dəfə olaraq səslə idarə edilən mini-kompüterlər hazırlayıb.

Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim gələcəyimizi təmin edəcəkdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bütün sahələr kimi İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir.

 

 

 

Bəxtiyar ƏZİZLİ,

Azərbaycan.-2013.- 6 dekabr.- S.3.