Tam müstəqil siyasət yürüdən ölkə

 

Azərbaycan bu gün bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan Qərbdə yalnız zəngin neftqaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi nüfuzlu təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

2011-ci ildə respublikamızın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə tariximizin əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu böyük hadisə, ilk növbədə rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər. Mühüm uğurlardan biri də Qəbələ RLS-in fəaliyyətinin dayandırılması, Rusiyanın Azərbaycandakı hərbi bazasının fəaliyyətinə son qoyulmasıdır.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır. Azərbaycanın müsbət imicinin formalaşmasında son illər respublikada keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların da dönmədən davam etdirilməsi, bu iki təmayülün ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirmişdir. Əsas səbəblərdən biri də xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq qalır. Dövlət başçısı İlham Əliyevin tolerantlıq və  milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının 10 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. 2013-cü ilin noyabrın 13-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru" adlı hesabatı da ölkəmizdə tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu bir daha göstərdi.

Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycan ilə strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini münaqişələrdən əziyyət çəkən dövlətlər, həmçinin digər müsəlman ölkələri ilə paylaşmasına yardım etmək tövsiyə edilib. Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərini əks etdirən və Avropa təşkilatları tərəfindən  hazırlanmış ilk sənəd olması mühüm əhəmiyyət kəsb edir. Bu sənəd ölkəmiz barədə Avropa Parlamentində səslənmiş və reallığa söykənməyən bəzi qərəzli hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir.

Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulamaq lazımdır. Hələ 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə ixracı nəzərdə tutulmuşdur. 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş bu baxımdan xüsusi əhəmiyyətə malikdir. TANAP kəmərinin seçilməsi ilə bağlı tarixi qərarın qəbulu da Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərində keyfiyyətcə yeni mərhələ açmışdır.

Ötən 10 ildə sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostratejigeoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanın təcavüzkar dövlət olduğunu anlayırlar. Nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə öz daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb olunur. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Bu ağır vəziyyət işğalçı dövlətdə ciddi kataklizmlərin yaşandığından xəbər verir. Azərbaycanın artan iqtisadi, siyasi, hərbi gücü qarşısında işğalçı Ermənistan gündən-günə zəifləyərək səfillər ölkəsinə çevrilməkdədir. Ermənistan əhalisinin sürətlə ölkəni tərk etməsi bu ölkədə sosial durumun fəlakət həddinə çatdığını təsdiqləməkdədir. 

Dünyanın bir çox dövlətlərinin respublikamızla hesablaşması, onun mənafeyini nəzərə alması, ilk növbədə qətiyyətli, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir. Regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 6 dekabr.- S.1.