ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin

nümayəndə heyətləri başçılarının,

Azərbaycanın və Ermənistanın xarici

 işlər nazirlərinin birgə bəyanatı

 

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin  nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının  xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa işləri üzrə naziri  Tyerri Repentin, ABŞ dövlət katibinin AvropaAsiya işləri üzrə  müavini Viktoriya Nuland), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri  Edvard Nalbandyan ATƏT-in Nazirlər Şurasının Kiyevdə iclasının keçirilməsi ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin artıq əldə olunmuş razılaşmalar əsasında sülh yolu ilə ədalətli həllinə yönəlmiş birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəlmişlər.

Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları  Azərbaycan və Ermənistan prezidentləri arasında yüksək səviyyədə dialoqun bu yaxınlarda bərpa edilməsini alqışlamış və ümidvar olduqlarını bildirmişlər ki, qarşıdakı görüşlər sülh prosesinin  irəliləməsinə kömək edəcəkdir. Onlar tərəfləri regionda gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə çağırmışlar.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri yüksək səviyyədə növbəti danışıqlara hazırlıq məqsədi ilə Minsk qrupunun həmsədrlərinin himayəsi ilə 2014-cü ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəlmişlər. Nazirlər bildirmişlər ki, regionun əhalisi çox uzun sürən münaqişənin həllində tərəqqi əldə olunacağını gözləyir və o buna layiqdir. Nazirlər həmsədr ölkələrin vasitəçilik səylərini yüksək qiymətləndirmişlər.

 

Azərbaycan.-2013.-6 dekabr.-S.1.