Elmar MƏMMƏDYAROV: Ermənistan qoşunlarının Azərbaycan

 ərazisində mövcudluğu bölgədə sülhə ən böyük təhdiddir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının dekabrın 5-də Ukraynanın paytaxtı Kiyevdə keçirilən 20-ci iclasında çıxış etmişdir.

Nazir bildirmişdir ki, Azərbaycan nadir təhlükəsizlik konsepsiyasına, geniş və müxtəlif üzvlüyə malik yeganə regional təsisat kimi ATƏT-in üstünlüklərindən tam şəkildə istifadə olunmasına son dərəcə mühüm əhəmiyyət verir. İnanırıq ki, 1975-ci il Helsinki rəhbər prinsiplərinin azalmayan dəyərinə hörmət və dialoq ATƏT-in əsas funksiyalarının həyata keçirilməsi üçün mütləqdir. Bu xüsusda "Helsinki+40" prosesi çərçivəsində müzakirələrin başlamasına və onu səmərəli şəkildə istiqamətləndirməsinə görə Ukraynanın quruma sədrliyini təqdir edirik. Azərbaycan təşkilatın növbəti sədrləri İsveçrə və Serbiya tərəfindən təklif edilən yol xəritəsinin həlli uzanmış münaqişələrin nizamlanması və silahlara nəzarət kimi ən problemli sahələrdə uğura nail olmaq üçün geniş fürsətlər yaradacağına ümid edir.

E.Məmmədyarov diqqətə çatdırmışdır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təcrübəsi və tərəfdaş dövlətlərlə kollektiv səyləri sübut etmişdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət əsasında dialoq və əməkdaşlıq etimadın bərpa olunması və dəyişkən siyasi və təhlükəsizlik mühitinin sabitləşdirilməsi üçün ən yaxşı vasitədir. Bu istiqamətlər üzrə əsaslı nəticələr əldə etmədən əsl ATƏT təhlükəsizlik icmasının yaradılması mümkün deyildir.

Nazir vurğulamışdır ki, münaqişələrin doğurduğu siyasi və təhlükəsizlik fəsadları müvafiq qaydada aradan qaldırılmadan etimad və təhlükəsizliyin qurulması tədbirləri və regional əməkdaşlığın özlüyündə münaqişənin həll edilməsi potensialına malik olması barədə fərziyyələr xülyadır.

 Azərbaycan xarici siyasət idarəsinin rəhbəri demişdir ki, ATƏT-in səhra missiyaları və təsisatları təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi və götürdükləri öhdəliklərin həyata keçirilməsi üçün üzv dövlətlərə yardım edilməsində mühüm vasitələrdir. Eyni zamanda, siyasi və təhlükəsizlik mühiti barədə məlumat olmadan və ATƏT-in fəaliyyətdə olan sədri və baş katibi ilə əlaqələndirmədən yalnız texniki mandat və təcrübə əsasında qurumun təsisatının təşkilat adından seçki monitorinqinin nəticəsi kimi siyasi məsələ barəsində rəsmi bəyanatla çıxış etməsi utanc doğurur. Ona görə də hesab edirik ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərdə rolunun nəzərdən keçirilməsi "Helsinki+40" prosesinin tərkib hissəsi olmalıdır. 

E.Məmmədyarov Ukraynanın ATƏT-in nazirlər toplantısında iştirak etmək üçün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına dəvət göndərməsinin yüksək qiymətləndirildiyini bildirmişdir. O əlavə etmişdir ki, regional əməkdaşlıq mexanizmi kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ATƏT-in fəaliyyətində iştirak etməsi hər iki təşkilatın bölüşdüyü məqsədlərin həyata keçirilməsinə töhfə verəcəkdir. 

 Nazir demişdir: "Ötən ay Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra dövlət başçılarının təlimatı əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qəbuledilməz status-kvonu yaxın gələcəkdə aradan qaldırmaq üçün mən və Ermənistan xarici işlər naziri E.Nalbandyan həmsədrlər ilə birlikdə, eləcə də ayrılıqda intensiv məsləhətləşmələrə başlayırıq".

E.Məmmədyarov diqqətə çatdırmışdır ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin 2009-cu ildə Akvildə verdikləri birgə bəyanatda əks olunmuş başlıca prinsiplərin hərtərəfli sülh razılaşması üzrə danışıqlara başlamaq üçün əsas ola biləcəyinə inanır. Belə hərtərəfli sülh razılaşması hər bir addımın növbəti addıma yol açacağı və vaxt cədvəlinə əsaslanacağı, eləcə də əvvəlki elementlərə imkan yaradacağı əməli tədbirlərin həyata keçirilməsini ehtiva edəcəkdir. Buraya Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan çıxarılması, əhaliyə təhlükəsizlik zəmanətinin verilməsi, sərhədlərin, eləcə də kommunikasiyaların yenidən açılması, erməni və azərbaycanlı icmalarının bir-birinə tədricən daha da yaxınlaşdırılması ilə müşayiət olunan bütün mümkün etimad və təhlükəsizlik quruculuğu tədbirləri daxil olacaqdır.

Nazir demişdir: "Biz əminik ki, danışıqlarda irəliləyişə nail olmaq üçün işğal edilmiş ərazilərdə Ermənistanın hərbi qüvvələrinin mövcudluğu amilini aradan qaldırmalıyıq. Bölgədə sülhə ən böyük təhdid Ermənistan qoşunlarının Azərbaycan ərazisində mövcudluğudur.

Qəti şəkildə inanırıq ki, münaqişə zonasının hərbsizləşdirilməsi bütün mümkün istiqamətlər üzrə daha çox təmas üçün imkan verəcək, tərəflər, eləcə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun hər iki icması arasında daha çox etimad yaradacaq və regiondakı gərginliklə bərabər hərbi ritorikanı da azaldacaqdır.

Mən Ermənistan rəhbərliyini danışıqlarda irəliləyişə nail olmaq üçün konstruktivlik nümayiş etdirməyə və Minsk qrupu ilə birlikdə hərtərəfli sülh razılaşması üzrə əsaslı danışıqlara başlamağa razılıq verməyə çağırıram".

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-6 dekabr.-S.1.