Azərbaycan Parlamenti necə yarandı

 

Zaqafqaziya Seymindən Milli Şuraya

 

 

Baş tutmayan Müəssislər Məclisinin cəmi 36 nəfərdən ibarət olan  keçmiş deputatları yeni yaradılan ali hakimiyyət orqanına daxil olmaqla yanaşı, onun tərkibinin genişləndirilməsi məsələsini də müzakirə edirlər. Yenidən seçkilər keçirilməsinin imkansız olduğu bir şəraitdə təcrübəli siyasətçilər bu məsələnin həllini Müəssislər Məclisinə seçkilər zamanı hər partiyanın aldığı səsin sayına müvafiq olaraq kooptasiya üsulu ilə nümayəndələrin sayının artırılmasında görürlər. Nəticədə azərbaycanlı deputatların sayı "Müsavat" və demokratik bitərəflər qrupundan 30 nəfər, müsəlman sosialist blokundan 7 nəfər, Rusiyada müsəlmançılıq - "İttihad" partiyasından 3 nəfər, müsəlman sosial-demokrat menşevik "Hümmət" partiyasından isə 4 nəfər təşkil edir.  Beləliklə, Zaqafqaziya Seymində azərbaycanlı nümayəndələrin sayı 44 nəfərə çatdırılır.  Bu 44 nəfər arasında artıq Müəssislər Məclisinin yuxarıda adıçəkilən nümayəndələrindən əlavə Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Mahmudov, Firidun bəy Köçərli, Cavad Məlik-Aslanov, Aslan bəy Qardaşov, İbrahim ağa Vəkilov, İbrahim bəy Heydərov, Əhməd Cövdət Pepinov,  Camo  Hacınski, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov, Səməd ağa Ağamalov və başqa tanınmış ictimai xadimlər və müxtəlif partiya təmsilçiləri var idi.

Təbii ki, gürcü və erməni partiyalarından da həmin prinsip üzrə Seymin tərkibinə yeni nümayəndələr daxil edilir.  Seymin özəyini 3 əsas  partiya fraksiyaları - Gürcüstan sosial-demokratları (menşeviklər) - 32 nəfər,  azərbaycanlı müsavatçılar və onlara qoşulmuş bitərəf demokratlar - 30 nəfər, erməni "Daşnaksütyun" partiyası - 27 nəfər  təşkil edir. Onlarla yanaşı Seymdə digər partiyaların nümayəndələri -  eserler (sosialist-inqilabçılar) - 5, kadetlər (konstitusiyalı-demokratlar) - 1, gürcü federalistləri -1, gürcü  milli demokratlar -1, bolşeviklər - 4 yer alırlar. Bura dəvət edilən partiyalar arasında yalnız bolşeviklər onun işində iştirak etməkdən imtina edir və dərhal Seymin çağırılmasına qarşı güclü təbliğat kampaniyası aparırlar. Bununla belə,  kifayət qədər  geniş təmsilçiliyə malik Zaqafqaziya Seymi 1918-ci il fevralın 10 (23)-da Tiflisdə öz işinə başlayır. Doğrudur, dəmiryolunun bağlı olması səbəbindən azərbaycanlı nümayəndələr (X.Sultanovdan başqa) Tiflisə vaxtında gəlib çata bilmədiyi üçün iclas dərhal təxirə salınır və yalnız  26 fevralda  özünün ikinci məclisinə yığılır. Bu yığıncaqda gürcü menşeviklərin liderlərindən biri - N.Çxeidze demək olar ki,  yekdilliklə Zaqafqaziya Seyminin sədri seçilir.

Hadisələrin sonrakı inkişafı  göstərəcək ki,  Seymin cəmi 3 aylıq qısa tarixində  bu hadisə Seym fraksiyalarının  həmrəylik  nümayişinin nadir  məqamlarından biri sayıla bilər.  Belə ki,  Seymin üç əsas - gürcü, azərbaycanlı və erməni bölmələrini təşkil edən nümayəndələrinin bu xalqların münasibətlərindəki mövcud ziddiyyətləri tənzimləmək və  region üçün  mühüm olan problemlərin həllində (milli və aqrar məsələ, Türkiyə ilə sülh sazişinin bağlanması və s.)  vahid mövqedən çıxış etmək cəhdlərinə baxmayaraq, nəticə etibarilə bu məqsədə nail olunmur. Seymdəki kəskin fikir ayrılıqlarının səbəbini, şübhəsiz ki, yalnız  bu üç Cənubi Qafqaz xalqlarının milli maraqlarının üst-üstə düşmədiyi ilə izah etmək doğru olmazdı. Belə ki, bir çox daxili məsələlərin həllində Seym nümayəndələrinin müxtəlif siyasi təmayülləri təmsil etməsi amili də az rol oynamırdı. Bu baxımdan, gürcü və ermənilərə nisbətdə siyasi tərkibinə görə daha geniş spektrə malik olan Azərbaycan fraksiyaları xüsusilə seçilirdi. Məsələn, Seymin elə ilk iclaslarında Cənubi Qafqazda milli məsələnin həllinə dair müzakirələrdə Azərbaycan partiyaları müxtəlif mövqelər nümayiş etdirən bəyannamələr irəli sürürlər. "Müsavat" partiyası Seym qarşısında milli azlıqların hüquqları təmin olunmaqla ayrı-ayrı xalqlara milli-ərazi muxtariyyətini  təmin edən Konstitusiyanın işlənib hazırlanması vəzifəsini irəli sürürdü və bunu əsas götürərək mərkəzləşdirmə prinsipindən imtina edərək dövlət həyatının ayrı-ayrı sahələrinin milliləşdirilməsi zərurətini vurğulayırdı. "Müsəlman sosialist bloku" və "İttihad" milli məsələdə milli-mədəni muxtariyyət prinsipinə üstünlük verirdi. Gürcü menşeviklərinin fraksiyasına daxil olan menşevik "Hümmət" partiyası isə bu məsələdə, ümumiyyətlə, gürcülərlə bir platformadan çıxış edirdi. Gürcülər Cənubi Qafqazda "mürəkkəb və dolaşıq" milli məsələnin həlli yolunu "tam daxili özünüidarə və milli azlıqların hüquqlarının təmin edilməsi şərti ilə milli-ərazi kantonlarının yaradılması"  və beləliklə,  "millətlərin ərazi hüdudlarının müəyyənləşdirilməsi"ndə görürdülər. İlk baxışda müsavatçılarla oxşar mövqe təsiri bağışlayan bu təklif özlüyündə azərbaycanlılar üçün böyük təhlükə daşıyırdı. Belə ki, "Cənubi Qafqazda heç bir millətin tam şəkildə, yəni başqa millətlərin çoxsaylı nümayəndələrinin yaşamadığı vahid ərazidə məskunlaşmadığını" dəlil kimi gətirilərək Cənubi Qafqaz ərazisinin kiçikölçülü milli-ərazi vahidlərinə ayırması, yəni gürcü, erməni və azərbaycanlı əhalinin  bir neçə tam özünüidarə vahidlərinə bölünməsi və hər millətin  bir neçə kantonda  yaşaması təklifi  gürcü menşevikləri tərəfindən, ilk növbədə, Cənubi-Şərqi Qafqaza, yəni Azərbaycan ərazilərinə şamil edilirdi.  Belə çıxırdı ki,  məhz bu ərazilərdə çoxsaylı başqa millətlərin yaşamadığı  və yalnız azərbaycanlıların məskunlaşdığı bütöv milli-ərazi vahidi yaratmaq mümkün deyildir. Təbii ki, bu təklifin arxasında  gürcü-erməni dairələrinin milli azlıqların hüquqlarının müdafiəsi şüarı altında Azərbaycan torpaqlarını parçalamaq, ayrı-ayrı Azərbaycan vilayətlərini öz tabeliklərinə keçirmək kimi artıq çoxdan düşünülmüş planlar dururdu. Bu məsələdə gürcüləri dəstəkləyən hümmətçilər həmin təklifin reallaşacağı təqdirdə, azərbaycanlıların etnik ərazilərinin bütövlüyünün və vahidliyinin itirilməsi ilə nəticələnəcəyinin fərqinə varmırdılar. Halbuki etnik ərazi bütövlüyü nəinki milli-ərazi muxtariyyətinin yaradılmasının əsas şərti idi, Azərbaycan torpaqlarında yaşamağa qadir hər hansı bir dövlət qurumunun formalaşdırılması da bilavasitə bu prinsiplə bağlanırdı.

Seymin Azərbaycan partiyaları arasında milli  məsələ kimi strateji bir  zəmində üzə çıxan bu fikir ayrılığı özünü digər problemlərin müzakirələrində də, o cümlədən Zaqafqaziya Seyminin səlahiyyətlərinin, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi və s. də büruzə verirdi. Lakin çox tezliklə Seymin üç əsas milli bölmələri arasında ziddiyyətlər kəskinləşdikcə, Azərbaycan partiyaları arasında fikir ayrılıqları da arxa plana keçməyə başlayır. Bu məqam özünü ilk dəfə 1918-ci il fevral ayında İrəvan şəhəri də daxil olmaqla, İrəvan quberniyasında baş verən erməni-azərbaycanlı toqquşmaları və faktiki olaraq dinc azərbaycanlı əhalinin qırılması, kəndlərinin və əmlaklarının isə məhv edilməsi məsələsinin müzakirələri vaxtı göstərir. Hələ 1906-cı ildə bu bölgədə azərbaycanlı və erməni əhalisinin qeyri-mütəşəkkil dəstələri arasında silahlı toqquşmalar baş vermişdi. Lakin 1906-cı il hadisələrindən fərqli olaraq, bu dəfə qeyri-mütəşəkkil azərbaycanlı əhaliyə qarşı artıq polkovnik Pirumovun və komissar Dronun rəhbərliyi altında  erməni nizami hərbi dəstələri vuruşurdu. Silahlı hücumlara  məhz  İrəvan qəzasının kəndlərinin məruz qalması da bu qəzanın İrəvan quberniyasının azərbaycanlı və erməni rayonları arasında yerləşməsi və həmin ərazilərin, ilk növbədə, müsəlman əhalidən boşaldılaraq ermənilərlə məskunlaşdırılması planları ilə bağlı idi. Təsadüfi deyil ki, qarşıdurmaya son qoyulduqdan sonra da Dro azərbaycanlıların öz doğma ocaqlarına qayıtmaq xahişini qətiyyətlə rədd etmişdi. İrəvan quberniyasında hakimiyyətin tam şəkildə ermənilərin əlində cəmlənməsi, əhalinin əsas hissəsini təşkil edən azərbaycanlıların isə tamamilə quberniyanın idarəçiliyindən uzaqlaşdırılması vəziyyəti daha da çıxılmaz hala salırdı. Böyük çətinliklə həmin məsələni Seymin gündəliyinə salan Azərbaycan nümayəndələri üçün  bu müzakirələr  erməni və gürcü fraksiyalarının nəinki həmin hadisələrə qiymətdə tamamilə əks mövqedə durduğunu, eyni zamanda, azərbaycanlı deputatlara qarşı etimadsızlığını və şübhəli münasibətlərini tam dərinliyi ilə nümayiş etdirdi. Azərbaycanlıların guya dəmiryollarına hücum etdiyini əsas gətirərək erməni tərəfinə bəraət qazandıran gürcü deputatlar azərbaycanlı həmkarlarının irəli sürdükləri inkaredilməz dəlillər qarşısında mövqelərini qismən dəyişsələr də, müsavatçı deputatların Dronun və Pirumovun öz vəzifələrindən uzaqlaşdırılması tələbi gürcü və erməni deputatların səs çoxluğu ilə qəbul edilmədi. Seymin İrəvan quberniyasında hadisələrə dair qəbul etdiyi yarımçıq qətnamədəki qərarlar isə elə kağız üzərində qaldı.

Bu müzakirələrin yeganə müsbət yekunu menşevik "Hümmət" istisna olmaqla, Seymin bütün Azərbaycan  partiyalarının  azərbaycanlıların milli maraqlarını müdafiə etməklə ilk dəfə vahid cəbhədən çıxış etməsi oldu. Seymin işində getdikcə dərinləşən millətlərarası gərginlik azərbaycanlı siyasətçilər arasında ən barışmaz rəqibləri  belə güzəştə getmək və öz mövqelərində təmas nöqtəsi axtarmaq zərurəti qarşısında qoydu. Bu axtarışların nəticəsi kimi Azərbaycan fraksiyaların koordinasiya mərkəzi funksiyasını icra edən  və "Seymin Azərbaycan fraksiyalarının birləşdirilmiş iclasları", yaxud "Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası" adlanan bir qurum yarandı. Maraqlıdır ki, müsəlman fraksiyasının da Rəyasət Heyəti vəzifəsini icra etmək ümumi razılıq əsasında "Müsavat" və demokratik bitərəflər qrupu fraksiyasının rəyasət heyətinə (M.Ə.Rəsulzadə - sədr, M.Y.Cəfərov və N.Yusifbəyov - müavinlər, M.Mahmudov və R.Vəkilov - katiblər)  həvalə edildi. Bu da "Müsavat"ın  danılmaz nüfuzunun daha bir göstəricisi idi.

Zaqafqaziya Seyminin müzakirə etdiyi proqram xarakterli məsələlər arasında aqrar islahatlara dair qanunun qəbulu ən mühüm sənədlərdən biri sayıla bilər. Torpağın əvəzsiz olaraq kəndlilərə verilməsini nəzərdə tutan, onun şərtləri, eləcə də həyata keçirilməsi yolları açıqlanan bu qanunun işlənməsində və qəbulunda  Azərbaycan fraksiyaları da fəal iştirak edirlər. 

Qanunvericilik fəaliyyəti ilə yanaşı, Seym nümayəndələri icraedici orqanın funksiyalarını da həyata keçirirdilər. Seymin işə başlaması ilə Zaqafqaziya Komissarlığının buraxıldığı nəzərə alınaraq 1918-ci il 26 mart tarixdə E.Gegeçkorinin sədrliyi ilə  yeni hökumət kabineti təşkil olundu.  Bu kabinetdə azərbaycanlılar 5 nazir postu (ədliyyə, yollar, maarif, ticarət və sənaye, dövlət nəzarəti) alsalar da, əsas postları gürcü menşevikləri və qismən də ermənilər tuturlar. Seymdə yeni hökumət proqramı ilə çıxış edən E.Gegeçkori qarşıda duran vəzifələri sadalayarkən onların arasında birinci dərəcəli vəzifə kimi "Türkiyə ilə möhkəm sülhün bağlanması və mehriban qonşuluq əlaqələrinin bərpa edilməsini" vurğulayır.

Hadisələrin sonrakı gedişi Baş nazirin səhv etmədiyini və Türkiyə ilə sülhün bağlanması məsələsinin istər Seymin, istərsə də ümumiyyətlə, Cənubi Qafqaz xalqlarının taleyində həlledici rol oynadığını göstərdi. Belə ki, Türkiyə ilə sülh danışıqları Cənubi Qafqaz xalqlarının dövlətçilik ittifaqının yaradılması yolunda mühüm maneə olmaqla, eyni zamanda, bu xalqlar və onların milli maraqları arasında ziddiyyətlərin ən dərin köklərini açdı və son nəticədə Seymin buraxılmasına gətirib çıxardı.

Türkiyə tərəfinin sülh danışıqları aparmaq üçün Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini əsas şərt kimi irəli sürməsi, Brest sülhünün qərarlarına əsasən Türkiyəyə verilmiş Qars, Batum və Ərdəhanın boşaldılmasını tələb etməsi Rusiya ilə əlaqələrini hələ də kəsmək istəməyən   Seymin gürcü və erməni liderləri tərəfindən qəbul edilmirdi. Seymdə yalnız "Müsavat" fraksiyası və bir nəfər deputatla təmsil olunan gürcü milli-demokratları Zaqafqaziyanın Lenin Rusiyasından ayrılaraq öz müstəqilliyini elan etməyə çağırır, Türkiyə ilə sülhün regionun təhlükəsizliyi üçün əhəmiyyətini sübut etməyə çalışırdılar. Əsasən gürcülərdən ibarət olan  Seym rəhbərliyi son ana qədər bu çağırışlara məhəl qoymurdu və yalnız Qafqaz cəbhəsində vəziyyətin Türkiyənin xeyrinə dəyişdiyi, rus ordusunun isə dağıldığı bir şəraitdə  sülh bağlamağın labüdlüyünü anlayaraq 1918-ci il 18 mart tarixdə Trabzonda Türkiyə ilə danışıqlara başladı.  Seymin 11 nəfərdən ibarət olan nümayəndə heyətinin 5 üzvü azərbaycanlı idi. Trabzon sülh danışıqları nəinki Seymin milli fraksiyaları, hətta nümayəndə heyəti daxilində də yekdilliyin olmadığını bir daha üzə çıxardı. Zaqafqaziya Seymi I Dünya müharibəsindən qabaqkı Türkiyə-Rusiya sərhədlərinin bərpasında israr edir, gürcü nümayəndələri Ərdəhanın və Batumun türklərə verilməsinə  qəti  etirazlarını bildirir, ermənilər isə nəinki Qars vilayətinin böyük bir hissəsinin türklərə keçməsi ilə razılaşmır, Türkiyədən Cənubi Qafqaza qaçmış erməni əhalisinin geri qaytarılması və Türkiyədə ermənilərə muxtariyyət verilməsi şərtini irəli sürürdülər. Bu sonuncu şərti Türkiyənin daxili işlərinə qarışmaq kimi qiymətləndirən türklər hələ danışıqların gedişində Qars və Ərdəhan istiqamətlərində yürüşlərini sürətləndirirlər. Yaranmış vəziyyəti daha real qiymətləndirən X.Xasməmmədov Bakı neft kəmərinin son məntəqəsi olan Batumun Azərbaycanın neft sənayesinin mənafeyi baxımdan əhəmiyyətini nəzərə alaraq onun Cənubi Qafqazın tərkibində saxlanılması  Türkiyənin tələb etdiyi siyahıdan çıxarılması üçün cəhdlər etsə də, buna nail ola bilmir. Türk nümayəndə heyətinin 48 saat ərzində Zaqafqaziya Seyminin öz dövlət quruluşu haqqında bəyannamə verməsi və Brest-Litovsk sülhünü  tanıması barədə ultimatum verməsi və tələb etdiyi əraziləri demək olar ki, tutması Seymi ya bu şərtləri qəbul etmək, ya da danışıqları dayandırmaq seçimi qarşısında qoyur. Seymin gürcü və xüsusilə erməni fraksiyaları arasında hökm sürən kəskin  antitürk isteriyası şəraitində ultimatumun şərtləri "Cənubi Qafqaz xalqlarının mənafeyinə xəyanət" kimi qiymətləndirilir və Türkiyəyə  müharibə elan etməyə qərar verilir. Çətin vəziyyətdə  qalan Azərbaycan fraksiyaları ("Hümmət"dən başqa) birgə qətnamə qəbul edərək Türkiyə ilə müharibənin "Zaqafqaziya demokratiyası və onun daxili həyatı üçün ağır nəticələr verəcəyini" əsas tutaraq məsuliyyəti öz üzərlərinə götürmədiklərini bəyan edirlər. Seymin təcili  iclasında çıxış edən erməni və gürcü deputatları şiə azərbaycanlıların uzun bir tarixi dövrdə sünni türklərə qarşı döyüşdüyünü xatırlatsalar da, bu təxribat öz nəticəsini vermir. "Müsavat"ın təmsilçisi Şəfi bəy Rüstəmbəyov bildirir ki,  azərbaycanlıların "hələ də hərbi mükəlləfiyyət daşımadığı və Türkiyə ilə dini bağlılığı"  Türkiyə əleyhinə hərbi əməliyyatlarda  onların fəal iştirakını qeyri-mümkün edir.

Qeyd olunmalıdır ki, bütün bu hadisələrin davam etdiyi 1918-ci il aprel ayının əvvəllərində  Azərbaycan fraksiyalarını ən ciddi surətdə tədbirlər görməyə  vadar edən digər hadisələr baş verirdi. Mart ayının sonlarında bolşeviklərlə daşnakların  hakimiyyəti ələ keçirmək məqsədilə Bakıda və Şamaxıda törətdikləri kütləvi qırğınlar və bu qırğınların Azərbaycanın digər ərazilərini də əhatə etməsi Seym daxili münasibətləri daha gərginləşdirdi. Gürcü və erməni fraksiyalarının Bakı hadisələrinə əsasən laqeyd münasibəti, onun nəticələrini aradan qaldırmaq üçün hər hansı  əməli addımların atılmadığı,  müsəlman fraksiyasının səyləri nəticəsində polkovnik Maqalovun başçılığı ilə azərbaycanlı əhalinin müdafiəsində göndərilmiş müsəlman korpusuna hərbi sursat verilmədiyi, əksinə, Seym rəhbərlərinin S.Şaumyanla əlaqə saxlayaraq Bakı hadisələrinə qarışmayacaqları kimi verdiyi  vədlər  azərbaycanlı nümayəndələrin kəskin etirazına səbəb oldu. "Bakı məsələsinin" Seymin gücü ilə həll etmək cəhdlərinin əbəs olduğunu yəqin edən müsəlman fraksiyası yeganə çıxış yolunu türk qoşunlarının çağırılmasında görərək bu sahədə əməli addımlar atmağa başladı.

Qeyd edilməlidir ki, Azərbaycan xalqının milli varlığının təhlükə altında olduğunu əyani nümayiş etdirən 1918-ci il mart hadisələri Azərbaycanın milli qüvvələrinin birləşməsinə güclü təkan verdi və "Müsavat" partiyası başda olmaqla, onların fəaliyyətini artıq  dövlət  müstəqilliyi istiqamətinə yönəltdi.

Hadisələrin sonrakı inkişafı - Türkiyə ilə müharibədə  Zaqafqaziya Seyminin məğlubiyyətə uğrayaraq yenidən sülh danışıqlarına başlaması, Zaqafqaziyanın, nəhayət ki,  "müstəqil demokratik federativ respublika" elan edilməsi, yeni hökumət kabinetinin  formalaşdırılması və s. - istər regionda, istərsə də Seymin daxilində yaranan son dərəcə gərgin,  mürəkkəb  və ziddiyyətli vəziyyəti nəinki nizamlamadı, əksinə, daha da dərinləşdirdi. 1918-ci il mayın 11-də Batumda Osmanlı Türkiyəsi ilə Zaqafqaziya Seymi arasında danışıqlar başlandı. Batum konfransı adlanan bu danışıqlarda Seym nümayəndəliyinin   həlledici səsə malik olan 6 üzvü arasında müsəlman fraksiyasının üzvləri M.Ə.Rəsulzadə və M.H.Hacınski də var idi. Türkiyə tərəfinin təqdim etdiyi   bir sıra yeni tələbləri əks etdirən sülh müqaviləsinin layihəsi Zaqafqaziya nümayəndələri arasında ciddi  fikir ayrılığı yaratdı və nəticədə mövqelərin qütbləşməsi, ayrı-ayrı xarici güclərə meyillənmənin qüvvətlənməsinə gətirib çıxardı. Bütün bu məqamlar Cənubi Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verirdi. Seymin yaranmış vəziyyətdən çıxış yolu axtaran milli fraksiyaları vahid dövlət şəklində birləşmək imkanlarının tükəndiyini artıq özləri də etiraf edirdilər. Bütün bu məsələlər öz həllini 1918-ci il may ayının sonlarında tapdı. Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqlar aparan Seymin gürcü fraksiyası Gürcüstanın Federativ Zaqafqaziya Respublikasının tərkibindən çıxaraq öz müstəqilliyini elan etmək barədə qərarı müsəlman fraksiyasının 25 may tarixli iclasında geniş müzakirə olundu və yaranmış şəraitdə Azərbaycanın da müstəqilliyinin elan edilməsi məqsədəuyğun sayıldı. Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi   onun buraxıldığı elan edildi. Mayın 27-də artıq keçmiş Seymin müsəlman fraksiyasının üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək və müvafiq qərar çıxarmaq üçün fövqəladə iclasa yığıldılar. M.Y.Cəfərovun sədrlik etdiyi bu iclasda  əvvəlcə Batumdan qayıtmış Nəsib bəy Yusifbəylinin məruzəsi dinlənildi. Daha sonra Seymin özünü buraxması məsələsi geniş müzakirə edildi, ölkədə anarxiyanın hökm sürdüyü, qarşıda mürəkkəb millətlərarası məsələnin dayandığı bir vaxtda vəziyyətin ciddiliyini nəzərə alaraq Türkiyə ilə başlamış danışıqları başa çatdırmaq, dağılmış Zaqafqaziya hökumətinin əmlakının bölüşdürülməsində müsəlmanlar adından iştirak etmək məqsədilə xüsusi bir orqanın yaradılmasına ehtiyac olduğu vurğulandı. Müzakirələrin nəticəsi olaraq keçmiş Zaqafqaziya Seyminin bütün müsəlman fraksiyalarının üzvləri Şərqi Zaqafqaziyanın idarəsini  öz üzərlərinə götürmək məqsədilə özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etmək barədə yekdil səslə qərar qəbul etdilər. Fövqəladə iclas  Müvəqqəti Milli Şuranın Rəyasət Heyətini seçdi.  M.Ə.Rəsulzadə, M.H.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov ("Müsavat" partiyası və bitərəflərin demokratik qrupundan), X.Məlik-Aslanov, Camo Hacınski (Müsəlman sosialistləri blokundan), X.R.Sultanov ("Hümmət") Rəyasət Heyətinə seçildilər. Həmin vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə danışıqlar aparan M.Ə.Rəsulzadə gizli səsvermə yolu ilə Milli Şuranın sədri, H.Ağayev və M.H.Seyidov sədrin müavinləri, M.Mahmudov və R.Vəkilov isə katib seçildilər. F.X.Xoyski isə yekdilliklə icraedici orqanın, hökumətin başçısı seçildi.

Zaqafqaziya Seyminin süqutu və Milli Şuranın seçilməsi ilə Azərbaycanın parlamentarizm tarixində qısa, lakin son dərəcə mühüm bir mərhələ başa çatır. Bu mərhələnin ən böyük əhəmiyyəti Seymin azərbaycanlı nümayəndələrinin olduqca mürəkkəb daxili və beynəlxalq  şəraitdə, coxmillətli və federativ xarakterli qanunvericilik orqanında təmsil etdikləri xalqın və ölkənin  milli maraqlarını layiqincə müdafiə etməyə qadir olan professional siyasətçilər kimi özlərini təsdiq etməsi ilə səciyyələnir. Eyni zamanda, Zaqafqaziya Seymi və Zaqafqaziya hökumətində ən müxtəlif vəzifələr tutmaqla azərbaycanlı deputatlar az sonra yaradacaqları müstəqil dövlətlərinin - Azərbaycan Xalq Cümhuriyyətinin idarə olunması üçün mühüm təcrübə məktəbi keçdilər.

 

 

 

(Ardı var)

 

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor

Azərbaycan.-2013.-6 dekabr.-S.4.