Yeni Zelandiya Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir

 

Dekabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Yeni Zelandiyanın Baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, keçmiş Baş nazir Cim Bolger ilə görüşmüşdür.

Oqtay Əsədov belə səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını demişdir. Bildirilmişdir ki, Azərbaycan dünya dövlətləri, o cümlədən Yeni Zelandiya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir.

Milli Məclisin Sədri gələcəkdə münasibətlərimizin hüquqi bazasını yaratmaq üçün dövlətlərarası sənədlərin imzalanmasının zəruriliyini qeyd etmişdir. Oqtay Əsədov demişdir ki, bu gün ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi mövcud potensiala cavab vermir. Bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün müxtəlif sahələr üzrə müştərək komissiyaların yaradılması məqsədəuyğundur.

Oqtay Əsədov vurğulamışdır ki, son on ildə Azərbaycana 130 milyard dollar həcmində investisiya yatırılmışdır. Bununla yanaşı, Azərbaycan bu gün  özü də Şərqi Avropanın müxtəlif ölkələrinə investisiya yatırır. Yeni Zelandiya ilə iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın mümkünlüyü qeyd edilmişdir.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulamış, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının yaradılmasının təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olacağını bildirmişdir. Bundan başqa, nüfuzlu beynəlxalq qurumlarda  nümayəndə heyətlərimizin birgə səmərəli fəaliyyəti yüksək  qiymətləndirilmişdir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Cim Bolger Azərbaycana səfərindən məmnun qaldığını, Milli Məclisdə olmağından şərəf duyduğunu söyləmişdir. Qonaq bildirmişdir ki, ölkəsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir. O, əlavə etmişdir ki, əlaqələrimizin dərinləşməsinə hər iki ölkənin qanunverici orqanları da layiqli  töhfəsini verə bilər.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir  mübadiləsi aparılmışdır.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və  digər rəsmi şəxslər iştirak etmişlər.  

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 7 dekabr.- S.1.