Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında yerdəyişmə

 üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır

 

Dekabrın 5-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) və quruma üzv dövlətlər arasında yerdəyişmə üzrə tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır.

Birgə Bəyannamə Aİ-nin miqrasiya və yerdəyişmə üzrə siyasətinin dörd əsas sütununu: qanuni miqrasiyanın təşviqini, qeyri-qanuni miqrasiya ilə mübarizəni, miqrasiyanın inkişafa təsirini, sığınacaq və beynəlxalq müdafiə çərçivəsində münasibətləri tənzimləyir.

Avropa İttifaqının Daxili İşlər üzrə Şurasının iclası çərçivəsində imzalanmış bu sənəd Azərbaycanın miqrasiya siyasətinin idarə olunması imkanlarını gücləndirməklə insanların daha asanrahat şəraitdə yerdəyişməsinin təmin olunması üçün səmərəli mexanizmdir. Bəyannamə özündə qanuni miqrasiya hüquqlarının müdafiəsini, potensial miqrantların Aİ ölkələrinə qanuni miqrasiyası və orada işlə təmin olunma yollarını və xaricdə təhsil barədə məlumatlandırılmaları, potensial miqrantların köç etməzdən əvvəl peşə və dil təlimlərinin təminini, əmək bazarı imkanlarının müqayisə edilməsini, tələbələrin, tədqiqatçıların, mütəxəssislərin mübadiləsinin, eləcə də təlim, mübadilə və proqramlarının təkmilləşdirilməsini, miqrantların könüllü qayıdış və reinteqrasiyasının təmin olunmasını, qayıdan miqrantların sosial müdafiəsini, xaricdə yaşayan azərbaycanlılarla münasibətlərin gücləndirilməsini, ölkəyə sərmayə axınını təşviq edən proqramların dəstəklənməsini, yüksək ixtisaslı miqrantların könüllü qayıdışının təşviqi yolu ilə "beyin axını"nın qarşısının alınmasını, qarşılıqlı konsulluq müdafiəsinin möhkəmləndirilməsini, viza məsələləri üzrə dialoqun təşviqini və digər münasibətlərin tənzimlənməsini ehtiva edir.

Bu sənəd, həmçinin qeyri-qanuni miqrasiyainsan alveri ilə mübarizə və bu sahədə səmərəli mexanizmin yaradılması, sərhəd idarəçiliyinin gücləndirilməsi, transsərhəd əməkdaşlığının inkişafı, şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyinin gücləndirilməsi, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə məlumat mübadiləsi və beynəlxalq müdafiənin təmini imkanlarının möhkəmləndirilməsi, tərəfdaş dövlətlərlə miqrasiya üzrə məlumat bazasının təkmilləşdirilməsi və yenilənməsi, miqrasiyanın monitorinqi imkanlarının artırılması, miqrasiya sahəsində Azərbaycanın yerli qurumları ilə Avropa İttifaqının müvafiq təsisatları arasında əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.

Bəyannamə Vilnüsdə viza rejiminin sadələşdirilməsi haqqında sazişdən sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında bu il ərzində imzalanmış ikinci önəmli sənəddir. Bu da Azərbaycan ilə Aİ arasında münasibətlərin inkişaf dinamikasının bariz göstəricisidir.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

Azərbaycan.-2013.-7 dekabr.-S.4.