Bakıda «XIX əsrin əvvəllərində Qafqaz müharibələri

 və onların nəticələri» mövzusunda Beynəlxalq elmi konfrans keçirilir

 

Dekabrın 6-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" mövzusunda Beynəlxalq elmi konfrans işə başlamışdır.

Azərbaycanı iki yerə parçalamış Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr olunmuş konfransın işində 8 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İranAlbaniyadan 80-ə yaxın alim iştirak edir.

Konfransı giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov tarixə bir daha nəzər salmağın vacibliyini bildirmişqeyd etmişdir ki, bugünkü tədbir bir çox tarixi həqiqətlərin üzə çıxarılması məqsədi ilə keçirilir.

Qafqaz müharibələrinin səbəbləri və onların acı nəticələrindən danışan institutun direktoru demişdir ki, hadisələrə dövlətlərin siyasəti baxımından deyil, tarix elminin mənafeyi baxımından yanaşılmalıdır. Yalnız belə olduğu halda tarixi araşdırmalar həqiqətə söykənə bilər. O, demişdir ki, çar Rusiyasının işğalçılıq siyasəti  və Osmanlı imperiyasının Cənubi Qafqaza münasibəti araşdırılarkən bundandemokratik Rusiyanın, nə də Mustafa Kamal Atatürkün qurduğu Türkiyənin tarixçi alimləri narahat olmamalıdırlar. Tarix düzgün araşdırılmalıdır, olduğu kimi yazılmalıdır. Qafqaz müharibələri və onların nəticələri barədə sənədlər əsasında yazılanlar qardaş Türkiyənin və bizimlə dostluq əlaqələri gündən-günə möhkəmlənən Rusiyanın alimləri tərəfindən incikliklə qarşılanmamalıdır.

Diqqətə çatdırılmışdır ki, tarixin bütün dövrlərində Azərbaycan xalqı müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal edilmiş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqımızın minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmişdir.

Bildirilmişdir ki, Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələri isə tariximizin qanlı səhifələridir. Çar Rusiyasının Azərbaycana qarşı işğalçılıq siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1828-ci il fevralın 10-da isə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalanmışdır. Bununla da Azərbaycanın işğalı başa çatmışdır. Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə parçalamışdır. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölünmüşdür. Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay sazişinin ağır şərtləri daha tez reallaşmışdır. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edilmişdir. Halbuki İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı.

Qeyd edilmişdir ki, ermənilərin XIX əsrin birinci yarısında Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda kütləvi şəkildə yerləşdirilməsi Azərbaycan xalqının gələcək faciələrinin baş verməsinə əlverişli şərait yaratmaq məqsədi daşımışdır.

Daha sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzi sədrinin müavini Nihat Böyükbaş və Başbakanlıq Arxivləri baş müdirinin köməkçisi Mustafa Budak çıxış edərək konfransın işinə uğurlar arzulamışlar.

Plenar iclasda AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin sədri Tofiq Mustafazadənin "1813-cü il Gülüstan müqaviləsinə aparan yollar: müqavilənin hüquqitarixi nəticələri", İstanbul Universitetinin professoru Xəlil Balın "Osmanlı dövləti ilə Rusiya arasında bağlanan Ədirnə anlaşması və Qafqaza dair məsələlər", Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliyanın "XIX əsrin ilk yarısında Cənubi Qafqaz uğrunda geosiyasi mübarizə" və Tarix İnstitutunun şöbə müdiri Kərim Şükürovun "Qafqaz müharibələri və Rusiya imperiyasının regionda ərazi və əhalinin artım dinamikası"  mövzularında məruzələri dinlənilmişdir.

Konfrans dekabrın 7-də işini davam etdirəcəkdir.

Yerli və xarici alimlərin məruzələri dörd bölmə iclasında dinləniləcək və müzakirələr aparılacaqdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.5.