Ətraf mühitin mühafizəsinə dair memorandum imzalandı

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

"ASAN xidmət"in mətbuat xidmətindən verilən məlumata görə, əməkdaşlıq memorandumunun əsas məqsədi bütün "ASAN xidmət" mərkəzlərində ekoloji layihələrin inkişafına dəstək, vətəndaşların ekoloji məlumatlılıq səviyyəsinin artırılması, maarifləndirmə sahəsində birgə fəaliyyətin qurulmasıdır. Bu istiqamətdə tədbirlər keçirmək yeni-yeni aksiyalar təşkil etməklə vətəndaşların diqqətini cəlb etmək ətraf mühitin müdafiəsini birgə qorumaq əsas məsələlərdən biri kimi diqqətdə saxlanılacaq.

İndi müasir dövrdə ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli yolları beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin diqqət mərkəzindədir. Hər il dünyanın əksər ölkələrində ekologiya ilə bağlı qeyd olunan tədbirlər insanları təbiətin mühafizəsi ətrafında birləşməyə çağırır, onların maariflənməsində mühüm rol oynayır. Odur ki, beynəlxalq səviyyədə ətraf mühitin qorunması ilə bağlı təşəbbüslərə qoşulmaq digər qarşılıqlı maraq kəsb edən sahələrdəki əməkdaşlığı əhatə etmək memorandumun məqsədini təşkil edən amillərdən biridir.

Qeyd edək ki, Dövlət Agentliyi ilə IDEA İB artıq ilk müştərək layihəyə start veriblər. Ekologiyanın qorunmasını birgə təşkil etmək bu tipli layihələrin gələcəkdə davam etdirilməsi əsas hədəflərdən biri kimi diqqətdə saxlanılacaq. 2014-cü ilin yanvar ayında mövcud layihə ilə bərabər, yeni layihələrin reallaşması nəzərdə tutulub.

 

 

 

Elnur HADIYEV,

Azərbaycan.-2013.-7 dekabr.-S.5.