Ağır atletika üzrə IWF Qran-Prix - II Beynəlxalq Bakı

 Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir

 

Dekabrın 6-da Bakıdakı Ağır Atletika Akademiyasının İdman Mərkəzində IWF Qran-Prix - II Beynəlxalq Bakı Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır.

Bildirmişdir ki, bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilirsevindirici haldır ki, bu sırada ağır atletika xüsusi yer tutur. Ölkəmizdə ağır atletika tarixən geniş yayılan idman növlərindən biri olmuşdur. Yarışın paytaxtımızda ikinci dəfə təşkil olunduğunu diqqətə çatdıran natiq ölkəmizdə gənclərin idmana cəlb olunması və kütləviliyin təmin olunması istiqamətində lazımi layihələrin həyata keçirildiyini demişdir.

İ.İsmayılov vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki, Bakı Kubokunun da təşkili və keçirilməsi yüksək səviyyədə olacaq, yarışlar ədalətli idman mübarizəsi şəraitində keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar.

Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Urso və Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirmiş və idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri xüsusi vurğulamışlar.

Qeyd etmişlər ki, son beş ildə Azərbaycanda idmanın bu növü durmadan inkişaf edir. Bir il əvvəl Beynəlxalq Ağır Atletika Federasiyasının konqresi Bakıda yüksək səviyyədə təşkil olunmuşdu. Bu konqreslə idmanın bu növü yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu yarışın ənənəvi hal alması təkcə Azərbaycan idmançıları üçün deyil, idmanın bu növü ilə məşğul olan bütün atletlər üçün bayramdır.

Sonra T.Ayan gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovu xüsusi diplomla mükafatlandırmışdır. Hər iki diplom gənclər və idman nazirinə təqdim olunmuşdur.

Daha sonra A.Rəhimov yarışı açıq elan etmişdir.

Açılış mərasimi konsert proqramı ilə davam etmişdir.

Turnirdə dünyanın 24 ölkəsindən 70-dək atlet birincilik uğrunda mübarizə aparır.

 

Azərbaycan.-2013.-7 dekabr.-S.7.