Şamaxının gözəl vaxtıdır

 

Şamaxıda görülən işlər göz önündədir. Paytaxta yaxın olduğundan, qonaq-qarası, ölkəmiqyaslı tədbirləri həmişə çox olur. Əlbəttə, səbəb təkcə məsafə yaxınlığı deyil, rayonun özünün gözəl təbiəti, mehriban və zəhmətkeş insanları, ən əsası da son dövrlərdəki inkişafıdır. Bakı-Şamaxı-Yevlax avtomobil magistralının bu qədim yurddan keçməsi də insanlara rayonla müəyyən tanışlıq imkanları verir.

Magistralın Şamaxı hissəsinə daxil olanda sürücülər istər-istəməz sürəti azaldır, yol boyu qala divarları kompleksinə, yaradılan səliqə-sahmana, həmçinin qədim və müasir tikililərə maraqla baxırlar.

Onu da qeyd edək ki, Qala divarları kompleksində yeni Etnoqrafiya muzeyi də yaradılıb və burada Şamaxının tarixi ilə bağlı eksponatlar toplanıb. Bu muzeyinturizm marşrutuna salınması çox əhəmiyyətli olardı. Ümumilikdə isə Şamaxı istər tarixi keçmişi, istərsə də yerləşdiyi coğrafi şərait baxımından turizm üçün çox əlverişli məkandır. İlbəil rayona gələn yerlixarici turistlərin sayı artır. Bu isə yeni istirahət mərkəzlərinin tikilməsini, turizm obyektlərinin sıralarının genişlənməsini zəruri edir. Hazırda "Şərədil" istirahət mərkəzində beşulduzlu hotel, "Fəxriguşə" istirahət mərkəzinin bazasında və Pirqulu zonasında müasir standartlar səviyyəsində yeni turizm obyektləri tikilir. Bütün bunlar isə insanların məşğulluğunun artmasına, yeni yerlərinin açılmasına səbəb olur.

Aldığımız məlumata görə, ilin əvvəlindən rayonda 327 daimi yeri açılıb. 2003-cü ildən indiyə kimi yaradılan 9905 yerinin 7234-ü daimidir. Bu həm də son dövrlər rayonda əsas kapitala yönəldilən investisiyaların, tikinti-quruculuq işlərinin, sənaye məhsullarının artması ilə bağlıdır. Rayon iqtisadiyyatında kənd təsərrüfatının da mühüm yeri var. Dövlətin yüksək diqqəti və yardımı sayəsində əkin sahələri genişləndirilir, məhsuldarlığa ciddi fikir verilir. Sovetlər dönəmində geniş şöhrət qazanmış Şamaxı üzümçülüyünə də diqqət artırılıb. Təkcə bu il 80 hektar yeni üzümlük salınaraq ümumi sahəsi 1610 hektara çatdırılıb. Üzümçülərin bu mövsüm 3945 ton keyfiyyətli məhsul istehsal etməsi bu sahənin daha böyük perspektivindən soraq verir.

Əslən Şamaxıdan olan xalq yazıçısı Əzizə Cəfərzadə vaxtilə yazırdı ki, Şamaxı yollardan başlanır. Enişli-yoxuşlu Şamaxı yolları indi çox rahatdır - asfalt döşənib, səkilər abadlaşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl avtomobil yolunun 23,5 km-lik hissəsinin çəkilişi artıq başa çatdırılıb. 53 km-lik Şamaxı-Padar-Çöl yolunun 17 kilometrinə də asfalt-beton örtük vurulub. Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun 13-cü kilometrində isə təmir işləri davam edir. Bu yolun tikintisi Şamaxı-Quba yolunun başlanğıcı hesab olunur. Göylər-Birinci Çaylı və Quşçu yolunun da təmirinə başlanılıb.

2013-cü ilin may ayında ölkə Prezidenti İlham Əliyev Şamaxıya səfəri çərçivəsində genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Kompleksinin, müasir standartlar səviyyəsində yenidən qurulan Şamaxı Astrofizika Rəsədxanasının və əsaslı bərpadan sonra Cümə Məscidinin, həmçinin Uşaq İncəsənət Təhsil Mərkəzi üçün tikilmiş yeni binanın açılışlarında iştirak edib. Tikinti-quruculuq işləri bunlarla məhdudlaşmır. FHN xətti ilə Şamaxı şəhərinin 20 Yanvar küçəsində inşa olunan beşmənzilli yaşayış binası, İkinci Çaylı, Hacılı, Böyük Xınıslı və Muğanlı kəndlərinin hər birində 80 yerlik məktəb binaları istifadəyə verilib. Şamaxı şəhər 1 nömrəli uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Mədrəsə qəsəbəsində 380, Talışnuru, Hacıqədirli, Şərədil kənd məktəblərinin hər biri üçün 80 yerlik yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb. Onu da öyrəndik ki, tikintisinə üç il əvvəl başlanılmış 80 şagirdlik İkinci Çaylı məktəbinin inşaat işləri heç bir səbəb olmadan yubadılır. Təhsil Nazirliyinə müraciət olunsa da, məsələ hələ aydınlaşmayıb.

Rayonun Muğanlı kəndində sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Meysəri kəndi ilə həmsərhəd ərazidə 63 evin tikintisi başa çatmaq üzrədir.

Vacib məsələlərdən birirayon əhalisinin qaz təminatının yaxşılaşdırılması istiqamətində işlərin görülməsidir. İlin əvvəlindən Çuxuryurd kəndində və şəhərin 25a nömrəli yaşayış massivində əsaslı təmir, Avaxıl, Yenikənd, Dağ Bağırlı kəndlərində, Sabir qəsəbəsində və onun Pirsaatçay yaşayış massivi adlandırılan ərazisində qazlaşdırma işlərinə başlanılıb. Aldığımız məlumata görə, hazırda rayonun 33 yaşayış məntəqəsində 15589 abonent təbii qazla təmin olunur. Bu da rayonda olan 20067 təsərrüfatın 77,6 faizini təşkil edir. Bu sahədə problemlər də az deyil. Ötən ildən Məlikçobanlı kəndində təbii qaz əhalinin istismarına verilməsinə baxmayaraq, 20 evin qazlaşdırılması uzun müddət ləngidilmişdir.

Şamaxılıların elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, görülməli işlər də çoxdur. Keçən əsrin 50-60-cı illərində yaradılmış elektrik təsərrüfatının yenidən qurulmasına ciddi ehtiyac var. Tez-tez qəzaların baş verməsi, elektrik enerjisi verilişində fasilələrin yaranması əhalinin haqlı narazılığına səbəb olur. Belə getsə, qışda yaranacaq gərginliyi indidən təsəvvür etmək çətin deyil. Əlaqədar təşkilatların reaksiyası yəqin ki, gecikməyəcək.

...Şamaxıya payız dağlardan gəlir. Duman dağətəyi kəndlərdən ötüb şəhərin də üstündə dolanır. Dalınca da havalar soyumağa başlayır. Duman sıyrılıb getdiyi vaxtlarda təbiətin payız gözəlliyi, ağacların sarı-qızılı libası insanın qəlbində sehrli duyğular oyadır. Şamaxılılar belə mənzərələrə alışıblar. Alışdıqları, öyrəşdikləri birodur ki, hər fəslin işlərini öz vaxtında görsünlər. Vaxtında görülməyən işlər isə sonradan çətinliyə, problemə çevrilir. Şamaxının ağsaqqallarından olan Mahmud kişinin təbirincə  desək, dövlətin qayğısı o qədər yüksəkdir ki, bu qayğı ilə insan əli daşı da çiçəklədir. Elə bu qayğının nəticəsidir ki, Şamaxı ildən-ilə daha gözəl, daha müasir bir bölgəyə çevrilir.

 

 

 

       T.NƏZƏRLİ

      Azərbaycan.-2013.- 8 dekabr.- S.6.