Beynəlxalq miqyasda qəbul edilən liderlik nümunəsi

 

Prezident İlham Əliyevin "İlin Xəzər dövlət adamı"

 mükafatına layiq görülməsi Azərbaycanın beynəlxalq

 layihələrdə söz sahibi olmasının növbəti göstəricisidir

 

 

Ötən 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub, o cümlədən xalqımızın malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib. Regiondadünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib.

Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini xarakterizə edən başlıca xüsusiyyətlərdəndir. Fəaliyyəti ilə cəmiyyətdən daim dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.

Prezident İlham Əliyevin siyasi xəttinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə, Prezident İlham Əliyev ulu öndərin başladığı neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin başlanması isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Azərbaycanın kosmik klubun üzvü olması ölkəmizin iqtisadi potensialını bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi, hər bir vətəndaşın həyatında da irəliləyişlərə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, beynəlxalq tədbirlər məkanına çevrilməsini təmin edib.

Beləliklə, ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrini özünəməxsus dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyev praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi özünü təsdiq edib. Bu kimi keyfiyyətlər, onların nəticəsində əldə olunan uğurlar, dünyanın aktual problemlərinin həllinə verilən töhfələr beynəlxalq ictimaiyyətin də diqqətindən qaçmayıb və Prezident İlham Əliyev dəfələrlə keçirilən beynəlxalq sorğuların, nüfuzlu nəşrlərin araşdırmalarının nəticələrinə görə ən yüksək mükafatlara, titullara layiq görülüb.

Xatırladaq ki, Böyük Britaniyanın məşhur "The Times" qəzetində və saytında Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdi. Qəzet yazır ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Böyük Britaniyanın daha bir nüfuzlu nəşri olan "The Business Year" jurnalı isə bu il Prezident İlham Əliyevi dünyada "İlin adamı" elan edib. Ölkə başçısı bu mükafata son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə görə layiq görülüb.

Prezident İlham Əliyev bu il Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilib. Rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Jurnalda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. "Ekovitrin" jurnalında dövlət başçısının daxilixarici siyasətinin uğurlu nəticələri geniş əks etdirilmişdir.

Bu ilin ortalarında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) İstanbulda dünyanın 40 ölkəsindən 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc və 10 minə yaxın tələbə arasında onlayn sorğu keçirib. Sorğuya əsasən Azərbaycan Prezidenti İlham Əliyev İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilib. Bu barədə qərar iyulun 6-da DƏİKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modeli Sammitinin bağlanış mərasimində elan edilib. "İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi meyarlar üzrə qiymətləndirilib. Dövlət başçısı bu nominasiyanın qalibi olub. Prezident İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin Dövlətinə Yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in islam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi və islam sivilizasiyasının incisi sayılan Şamaxı Məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.

Avqust ayında isə Filippində nəşr olunanAsiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan edib. 

Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsinə və irimiqyaslı sərmayələr yatırılmasına imkan verir. Enerji təhlükəsizliyi ilə bağlı dünyada gedən müzakirələr fonunda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi ölkəmizin bu mövzuda əsas söz sahiblərindən biri olduğunu təsdiq edir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra Trans-AnadoluTrans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi "Cənub" qaz dəhlizinin onurğa sütununu təşkil edəcək. Artıq hazırlıq işləri tamamlanıb və tezliklə tikintiyə başlanacaq. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaq. Bundan başqa, modern İpək yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcək. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi və Azərbaycan enerjikommunikasiya xətlərinin mərkəzi statusunu daha da möhkəmləndirəcək.

Bütün bu məsələlər bir neçə gün öncə İstanbulda Xəzər Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə geniş müzakirə olundu. Forum iştirakçıları Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan ətraflı bəhs ediblər. Forumun sonunda "Xəzər mükafatı" laureatlarına mükafatların təqdim edilməsi mərasimi olub. "İlin Xəzər dövlət adamı" mükafatına regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layiq görülüb.

Bu gün Azərbaycanın təşəbbüsü və dəstəyi olmadan bölgədə hər hansı layihənin həyata keçirilməsi mümkün deyil. Bu mənada Prezident İlham Əliyevin "İlin Xəzər dövlət adamı" mükafatına layiq görülməsi Azərbaycanın regionda həyata keçirilən transmilli layihələrdə əsas söz sahibi olmasının göstəricisidir. Beləliklə, bir daha təsdiq olundu ki, həm beynəlxalq, həm də regional səviyyədə böyük əhəmiyyətə malik məsələlərin uğurlu həllində Azərbaycan Prezidenti İlham Əliyevin rolu danılmazdır.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 10 dekabr.- S.1.