Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz

 

Prezident İlham Əliyev: "Bütün dünya Dağlıq Qarabağı

 Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır"

 

 

Azərbaycanın "hücum diplomatiyası"nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 10 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Cənab İlham Əliyevin Prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.

Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar. Nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə daimi yaşayış yerlərinə qayıtmaları hüququnun təmin edilməsi tələb olunur.

BMT Nizamnaməsinin 25-ci maddəsində konkret göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Qeyd edək ki, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilatın Azərbaycanla bağlı qətnamələri 20 ildir ki, icra edilmir. Bunun səbəblərindən biriodur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Rəsmi Bakı isə istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" ilə deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Prezident İlham Əliyev bildirib: "Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasihüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadisiyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir. Ötən ay Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşübu baxımdan diqqəti cəlb edir. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Bu, 2012-ci ilin yanvarında Soçidə keçirilmiş sammitdən sonra prezidentlərin ilk görüşü idi. Prezidentlər təkbətək görüşdə, bunun ardınca isə həmsədrlər və nazirlərlə işgüzar məsləhətləşmələrin gedişində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı çoxsaylı məsələləri müzakirə etmişlər. Prezidentlər münaqişənin dinc yolla tənzimlənməsinə nail olmağa yönəlmiş növbəti danışıqlara təkan verməyə razılaşmış və öz xarici işlər nazirlərinə tapşırmışlar ki, əvvəllər görülmüş işlər əsasında sülh prosesinin intensivləşdirilməsi məqsədilə həmsədrlərlə birlikdə işi davam etdirsinlər.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə "status-kvo"nu qoruyub saxlamağa çalışır. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 10 dekabr.- S.1.