GUAM qarşıya qoyduğu məqsədlərə uyğun fəaliyyət göstərir

 

Ziyafət ƏSGƏROV: "GUAM PA münaqişələrin yalnız

 ölkələrin ərazi bütövlüyü və sərhədlərinin bölünməzliyi

 çərçivəsində həll edilməsinin tərəfdarıdır"

 

 

Dekabr ayının 2-3-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində GUAM Parlament Assambleyasının 6-cı sessiyası keçirilib. Toplantıda Milli Məclisin Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlərə dair öz mövqelərini bildirib, təkliflərini səsləndiriblər.

Toplantıda müzakirə edilən mövzulara, qəbul olunan sənədlərə və digər məsələlərə aydınlıq gətirilməsi üçün Milli Məclisin Sədrinin birinci müavini Ziyafət Əsgərova müraciət etdik:

- Öncə sessiya çərçivəsində aparılan müzakirələrdən başlayaq. Müzakirələr hansı məqsədlərə həsr edilmişdir?

- GUAM Parlament Assambleyasının 6-cı sessiyasında quruma üzv ölkələrdə geosiyasi mühit, beynəlxalq təhlükəsizliyin qorunmasında parlamentlərin rolu, regional münaqişələrin sabitlikinkişafa təsiri, AvropayaAvroatlantik məkana inteqrasiya, iqtisadi, enerji, təbii sərvətlər və ətraf mühit sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəşəkkil cinayətkarlıqla mübarizə və digər məsələlər müzakirə mövzusu olub. Sessiya çərçivəsində GUAM Parlament Assambleyası Bürosunun  komitələrinin iclasları keçirilib və həmin iclaslarda bizim nümayəndə heyətimizin üzvləri məruzə ilə çıxış ediblər. Onu xüsusi olaraq qeyd edim ki, sessiyanın gündəliyinə 3 əsas məsələ daxil edilmişdi. Bunlar "GUAM-ın geosiyasi mühiti  GUAM formatı çərçivəsində onun təsiri", "AvropaAvroatlantik məkana inteqrasiyasiyasi münasibətlər", "GUAM çərçivəsində əməkdaşlığın perspektivləri, qlobal çağırışlar və birgə addımlar" məsələləri idi.

Nümayəndə heyətinin rəhbəri kimi ilk çıxışımda Azərbaycanın GUAM çərivəsində əməkdaşlığı ilə bağlı geniş məlumat verdim. Bu təşkilat çərçivəsində ikitərəfli, çoxtərəfli parlamentlərarası əməkdaşlıq, regional əməkdaşlıq və quruma üzv ölkələrin ən ağır problemi olan münaqişələr barədə Azərbaycan dövlətinin mövqeyini səsləndirdim.

- Sessiyada "Regional konfliktlərin sabitlikinkişafa təsiri" mövzusu ilə bağlı müzakirələr aparlıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı fikirlər səsləndi?

- Bu toplantıda iştirak edən hər bir nümayəndə heyəti öz ərazisində baş vermiş münaqişələr və onun həlli ilə bağlı məsələlərdən söz açdı. Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən bütün nümayəndə heyətləri beynəlxalq toplantılarda daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzələr edirlər. Bu sessiyada da Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları ilə bağlı iştirakçılara geniş məlumat verdik. Bildirdik ki, Ermənistan dəfələrlə konstruktiv danışıqlardan qaçır və beynəlxalq qurumların qərarlarına əməl etmir. Qəti şəkildə bu münaqişənin beynəlxalq hüququn ən əsas norma və prinsiplərindən olan ərazi bütövlüyü, sərhədlərin bölünməzliyi prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini söylədik. Münaqişənin həll olunması istiqamətində beynəlxalq ictimaiyyətin daha səmərəli fəaliyyət göstərməsinin vacibliyini önə çəkdik. Qeyd etdik ki, münaqişənin həlli GUAM regionunda sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək.  

Sessiyanın ilk panelində "GUAM regionunda indiyədək həll edilməmiş münaqişələr və bu münaqişələrin inteqrasiyaya təsiri" mövzusu müzakirə edildi. Azərbaycan nümayndə heyəti bu mövzu ilə də bağlı öz mövqeyini ortaya qoydu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi vurğulandı. Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpağımızın işğal olunduğu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir daha diqqətə çatdırıldı və bu münaqişənin GUAM regionunda gedən inteqrasiya prosesinə maneələr yaratdığı qeyd edildi. Bildirildi ki, işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyət aparılır. Ermənistan Dağlıq Qarabağdan tranzit ərazi kimi istifadə edir.

Eyni zamanda regionda həyata keçirlən, Azərbaycanın da təşəbbüskarı olduğu iri miqyaslı enerji, nəqliyyat layihələri barədə məlumat verildi. Qeyd edildi ki, Bakı-Tbilisi-Qars və Trans Anadolu layihələrinin tam gerçəkləşməsi üçün ciddi işlər görülür.

- Sessiya çərçivəsində GUAM Parlament Assambleyası Bürosunun  komitələrinin iclaslarında hansı məsələlər müzakirə olundu?

 - Tbilisi sessiyasında qərar qəbul edildi ki, Assambleyanın 4 komitəsi mütəmadi olaraq öz iclasını keçirsinçox aktiv şəkildə GUAM regionunda parlamentlərarası əməkdaşlığın təşviq edilməsinə öz töhfəsini versin. Eyni zamanda komitə iclaslarında GUAM dövlətləri arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsi ilə bağlı məruzələr dinlənildi. GUAM-ın beynəlxlq iqtisadi təşkilatlarla əməkdaşlığı, həyata keçirilən qazneft layihələri, məqsədlər, prinsiplər barədə də fikir mübadiləsi aparıldı. 

Bununla yanaşı, təşkilatın beynəlxalq fəaliyyəti müzakirə edildi. GUAM-ın beynəlxalq əlaqələri, bu əlaqələrin inkişafı ilə bağlı fikirlər və təkliflər səsləndi. Təşkilat son illər ərzində Baltik Assambleyası, Benilüks Parlamenti, Şimal Şurası, Türkdilli Dövlətlərin Parlament Assambleyası, Vişeqrad qurupu ölkələri və digər təşkilatlarla qarşılıqlı səmərəli əməkdaşlıq qura bilib. Xüsusilə GUAM PA ilə Baltik Asambleyası arasında daha sıx münasibətlər mövcuddur. Çünki, bildiyiniz kimi, Baltik Assambleyası GUAM-a üzv olan dövlətlərin problemlərinə daim diqqətlə yanaşır və GUAM regionunda mövcud olan münaqişələrlə bağlı birmənalı mövqeyini ortaya qoyaraq bu məsələlərə dair müvafiq sənədlər də qəbul edib. Toplantıda o da bildirildi ki, GUAM Parlament Assambleyası regiondakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam etməlidir.

- İclasın yekununda hər hansısa bir sənəd, bəyanat qəbul edildimi?

- Bəli, iclasın yekununda iki sənəd qəbul edildi. Bu, Assambleyanın komunikesi və bəyannaməsi idi. Komunike GUAM PA-da təmsil olunan 4 ölkənin nümayəndə heyətləri tərəfindən, Bəyannamə isə GUAM Parlament Assambleyasının 6-cı sessiyasında iştirak edən nümayəndə heyətləri ilə yanaşı, digər beynələxlq təşkilatların nümayəndələri tərəfindən də imzalanan sənəddir. Qeyd edim ki, sessiyada Baltik Assambleyası, Vişeqrad qurupu ölkələri, Türkdilli Ölkələrin Parlament Assambleyasının üzvləri də iştirak edirdilər. Bəyannamə bu təşkilatların birgə marağını əks etdirir.

Komunikedə bildirilir ki, GUAM Parlament Assambleyası çərçivəsində üzv dövlətləri arasında, həmçinin tərəfdaşları ilə əməkdaşlığın davam etdirilməsi regionda etimad mühitinin və təhlükəsizliyin möhkəmlənməsi inteqrasiya prosesinin inkişafına töhfə verəcək. Toplantıda Azərbaycan və Gürcüstanda keçirilən prezident seçkilərində müşahidə aparmış GUAM PA-nın nümayəndə heyətinə təşəkkür edildi. Komunikedə ən vacib məqamlardan biriGUAM-a daxil olan ölkələrin ərazilərində indiyədək həll edilməmiş münaqişələrlə bağlı oldu. Bildirildi ki, GUAM PA bu münaqişələrin yalnız ölkələrin ərazü bütövlüyü və sərhədlərinin bölünməzliyi çərçivəsində həll edilməsinin tərəfdarıdır.

Digər önəmli məsələ isə GUAM ölkələrində yaranmış separatçı birləşmələrin, rejimlərin "rəhbərlərinin" digər ölkələrə etdikləri səfərlərin mümkünsüzlüyü ilə bağlı idi. Belə ki, komunikedə GUAM-a üzv dövlətlərdəki münaqişə ocaqlarında yaranmış qeyri-legitim separat qüvvələrin "rəhbərlərinin" digər ölkələrə səfərləri pislənilir. Qeyd edilir ki, bu səfərlər qeyri-qanunidir və həmçinin yolverilməzdir. Həmin işğal edilmiş ərazilərə səfər etmək də qanunsuzdur.

Bu məsələ ilə bağlı çıxış edərək, qəti şəkildə bildirdik ki, indiyə qədər Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanunu səfərlər edilir və rəsmi Bakının icazəsi olmadan həmin ərazilərə səfər edənlər bundan sonra da Azərbaycan dövləti tərəfindən arzuolunmaz şəxslər siyahısına daxil ediləcəklər. Ona görə də bu cür səfərlərin həyata keçirilməsi yolverilməzdir.

- Ümumiyyətlə, bu gün GUAM regional təşkilat olaraq qarşıya qoyduğu məqsədlərə uyğun fəaliyyət göstərirmi?

 - Bu gün GUAM regionda əməkdaşlığın inkişaf etdirilməsi,  münaqişələrin həlli, digər beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu quruma üzv olan ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır və iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsində, birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bu baxımdan hesab edirəm ki,  GUAM qarşıya qoyduğu məqsədlərə uyğun fəaliyyət göstərir və bu fəaliyyət daha da genişlənməkdədir. Hazırda GUAM bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bununla bağlı birgə bəyanatlar, sənədlər imzalanıb. GUAM Parlament Assambleyasının hər iclasında yeni hədəflər, mövzular müəyyənləşir və maraqlı təkliflər, tövsiyələr irəli sürülür.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 10 dekabr.- S.4.