Azərbaycanda insan hüquqlarının təminatı:

 nailiyyətlər, problemlər, perspektivlər

 

10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür

 

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları dünyada hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. Çünki  istənilən cəmiyyətin və dövlətin inkişafı demokratiyanın ali prinsiplərindən biri sayılan insan hüquqlarına hörmət olmadan, insan hüquqlarının nə olduğunu dərk etmədən mümkün deyil. Buna görə də hələ 65 il əvvəl - 1948-ci il dekabr ayının 10-da BMT-nin Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi insan hüquqlarının etibarlı təminatının sivil cəmiyyətlərdə nə qədər mühüm və aktuallıq kəsb edən məsələyə çevrildiyini göstərirdi.

Azərbaycan Respublikası da dünya birliyinin üzvü kimi demokratik, hüquqi inkişaf yolunu seçib. Odur ki, respublikamızda insan hüquqlarının demokratik dəyərlər çərçivəsində təmini bu sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur.

 "Azərbaycan" qəzeti redaksiyasında keçirilən "dəyirmi masa"da ölkəmizdə insan hüquqlarının təminatı sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər ətrafında müzakirələr aparıldı. "Dəyirmi masa"nın iştirakçıları Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli, Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Elman Məmmədov, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin sədri, hüquq elmləri doktoru Lətif Hüseynov və Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev idi.

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Demokratiyadan danışdıqda daha çox insan hüquq və azadlıqlarının önə çəkilməsi təsadüfi deyil. Demokratik dəyərlərin təsbit olunduğu cəmiyyətlərdə ən mühüm amillərdən biri insan hüquq və azadlıqlarının təmin ediməsidir. Çünki ilk növbədə, insan hüquq və azadlıqları təsbit olunmasa, hər hansı demokratikləşmədən söhbət belə gedə bilməz. İnsan hüquqları həm də müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu dünyada insanları və cəmiyyətləri birləşdirən əsas meyardır. İnsan hüquqlarının qorunması və ona hörmət  müasir dünyaya inteqrasiyanın əsas yoludur. Digər tərəfdən, bu hüquqlar hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə olunmalıdır. Elə buna görə BMT Baş Assambleyası bütün xalqların və dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifələrin məntiqi yekunu kimi 1948-ci il 10 dekabr tarixli qərarı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib.

Dövət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılmışdır. Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının  mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Amma ölkəmizdə demokratikləşmənin əsas mərhələsi, insan hüquqlarının qorunması sahəsində əsas işlər məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladı. Tarixə qısaca ekskursiya etsək, Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında insan hüquq və azadlıqları sahəsində hansı nailiyyətlərin qazanıldığını görmək olar. Birinci növbədə Azərbaycanın adı Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşdü. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Bu, hələ ölkəmizin Avrora Şurasına üzv olmadığı vaxtlarda belə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin insan hüquqlarının qorunmasına dair bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.

Demokratikləşməni hüquqi dövlət quruculuğunun əsas meyarı kimi qəbul edən ölkəmizin insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm verməsini 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya da təsdiq edir. Bu Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirdi. Təqdirəlayiq haldır ki, demokratik dəyərə və prinsiplərə uyğun hazırlanmış Konstitusiyanın müddəalarının üçdəbiri məhz insan hüquq və azadlıqlarına həsr edilmişdir. Əsas Qanunumuzun üçdəikisi birbaşa insan hüquqlarını əhatə edir. Beynəlxalq təşkilatlar tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən Əsas Qanunumuz Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, insan hüquq və azadlıqlarının tam bərqərar olmasına zəmin yaratmışdır.

Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmandır. Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan verdi. Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində isə qanunvericilik və institusional islahatlar həyata keçirildi. Həmçinin qeyd olunan Dövlət Proqramı əsasında, eləcə də ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu təsis edilmişdir.

Aydın siyasi iradənin, müasir hüquqi dövlət quruculuğu işində qısa müddətdə mühüm uğurlar əldə edilməsinin, cəmiyyət həyatının bütün sferalarını əhatə edən demokratik islahatların qətiyyətlə və ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq 2001-ci ilin yanvarında ölkəmiz Avropa Şurasına üzv qəbul olundu. AŞ-yə üzv qəbul edilməklə Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı istiqamətində yeni mərhələnin əsası qoyuldu. Ölkəmiz AŞ-yə üzv qəbul olunmasından ötən illər ərzində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə xüsusən insan hüquqlarının təmini sahəsində mühüm uğurlara imza atmışdır. AŞ ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə insan hüquqlarının inkişafı ilə yanaşı, məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı mühüm tədbirlər görülmüşdür. Azərbaycan hakimiyyəti hər zaman bəyan edir ki, AŞ ilə insan hüquqlarının təmini sahəsində hərtərəfli əlaqələrə böyük önəm verir və əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsindən ötən 10 il ərzində insan hüquqlarının təmini ilə bağlı həyata keçirilən işlər davam etmiş, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq daha da inkişaf etdirilmişdir. Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

Azərbaycanın yeni inkişaf mərhələsi, ölkə iqtisadiyyatının dinamik yüksəlişi insan hüquq və azadlıqlarının təmini sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. İnsan hüquqlarının qorunmasını və inkişafını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev bu məqsədlə 2006-cı il dekabrın 28-də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq etmişdir. Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına yeni töhfələr verdi.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu proqram ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir və bir daha göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir. Bütün bunlar ölkəmizdə insan hüquq və azadlıqlarının təmini istiqamətində daha qətiyyətli və prinsipial addımlar atmağa imkan yaradır.

Bir məsələni də qeyd etməliyik ki, əldə olunan uğurlarla yanaşı, Azərbaycan həm də vətəndaşlarının bir qisminin hüquqlarının pozulduğu bir ölkədir. Ermənistanın həm azərbaycanlıları deportasiya etməsi, həm də Azərbaycan torpaqlarının bir hissəsini işğala məruz qoyması nəticəsində 1 milyondan artıq azərbaycanlının mülkiyyət və yaşamaq hüququ pozulub. XXI əsrdə Avropanın qonşuluğunda yerləşən, AŞ-nin üzvü olan bir dövlətin vətəndaşlarının bu cür ağır və mənəvi iztirablara səbəb olan hüquq pozuntusuna məruz qalması yolverilməzdir! Yolverilməz olduğu qədər də düşündürücüdür! Bu barədə "dəyirmi masa"da ayrı-ayrı çıxışlarda söhbət açılacaq.

İndi isə Azərbaycanda insan hüquqlarının təminatı sahəsində əldə edilən mühüm irəliləyişlərlə bağlı danışmaq üçün sözü Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovaya verirəm.

 

 

 

Rəbiyyət ASLANOVA:

 

- İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti düşündürən problemlərdən olmuşdur. Tarixə nəzər salsaq, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin rüşeyminə də rast gəlirik.

Dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illik yubileyi qeyd edilir. Şübhəsiz ki, bu epoxal bir hadisə kimi həm qəbul olunmuş sənədin əhəmiyyəti, həm də onun əsasında duran insan hüquqları konsepsiyasını bir daha yenidən təhlil və dərk etməyi gündəmə gətirdi. İnsan hüquqlarına dair Bəyannamənin 65 illiyinin artıq arxada qaldığı bir zamanda ona yalnız müxtəlif yanaşma mövqeləri ciddi tənqidə məruz qalmaqdadır.

Böyük bir prosesin məntiqi nəticəsi olaraq 1948-ci ildə çox vacib bir tarixi məqamda məhz insan hüquqları üzrə Ümumdünya Bəyannaməsi qəbul edilmişdir. İlk növbədə bu bəyannamənin qəbul edilməsi bəlkə də ümumi tale üçün ümumi məsuliyyət hissinin ortaya qoyulması idi. Çünki həmin tarixi dövrə baxsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra yaranmış tarixi şərait ayrı-ayrı ölkələrin bir araya gəlib gələcək talelərini düzgün istiqamətləndirməyə məcbur edirdi. Doğurdan da, həmin zaman 50-dək ölkənin bir araya gəlib belə bəyannamə imzalaması çox önəmli idi. Tarix üçün yeni bir inkişaf istiqaməti idi. Düzdür, bu bəyannamədə olan müddəalar (30 müddəa) məcburi xarakter daşımır. Ancaq ölkələr üzərilərinə düşən o məsuliyyəti dərk edirdilər və başa düşürdülər ki, bəşəriyyətin gələcəyi üçün məsuliyyət hissini bərabər bölmək lazımdır. Bu baxımdan 65 il ərzində dünyada baş verən hadisələr, ayrı-ayrı ölkələrin orada əks olunan həmin hüquqlara münasibəti və bugünkü gerçəklik bu "dəyirmi masa"da müzakirə olunacaq. Çünki 65 il az müddət deyil! Bu, çox ciddi bir tarixi kəsimdir və bu illər ərzində dünyada çox hadisələr baş vermişdir, sistemlər çökmüşdür, yeni qurumlar meydana gəlmişdir, qlobal təşkilatlardan başqa regional təşkilatlar da yaradılmışdır. Bu təşkilatlar da insan hüquqları ilə bağlı məsələyə öz münasibətlərini ortaya qoymuşlar.

Nəhayət, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində olan müddəalar bu gün gerçəkləşdimi, bəşəriyyətin gözləntiləri özünü doğrultdumu? Çünki 65 il öncə dünya düşünürdü ki, əmin-amanlığın, sülhün təmin oluduğu bir məkan yaranacaq. Ancaq gözləntilər özünü dorğrultmadı və həmin dövrdən başlayaraq bugünkü günə qədər dünyada saysız-hesabsız müharibələr baş verdi. Məhz vəziyyətin bu cür ciddiləşməsinə görə yenidən ayrı-ayrı konvensiyaların yazılmasına ehtiyac duyuldu. Avropa İnsan Haqları Konvensiyasının meydana gəlməsi də bunun nəticəsi idi. Onun ardınca yeni-yeni sənədlər hazırlandı və bu konvensiyanı ratifikasiya edən hər bir dövlət üzərinə çox böyük məsuliyyət götürdü - ölkəsində olan insanların hüquq və azadlıqlarının təmin edilməsi. Bir prinsip də aydın idi ki, artıq insan haqlarının qorunması konkret bir dövlətin funksiyasına daxil deyil. Bir dövlət buna təkcə cavabdeh deyil. Bu prinsiplər universal xarakter daşıdığına görə həmin təşkilatlar hər bir ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını öz nəzarətlərində saxlayırdılar və bu gün də belədir.

Müasir dünyada insan hüquqlarına dair elmi-siyasi müzakirələr bütün başqa mövzuları sıxışdırıb aradan çıxarır. Bəzən elə gəlir ki, bəşəriyyətin yeganə problemi insan hüquqlarıdır. Tədqiqatçıların fikrinə görə, bu da bir fundamentalist yanaşmadır və problemləri heç də həll etmir. Çünki universal və mütləq hesab edildiyi halda "insan hüquqları" indiyə qədər, - məsələn, "nisbilik nəzəriyyəsi kimi", - bitkin elmi nəzəriyyə qismində formalaşmamışdır.

Nəzərə almalıyıq ki, insan hüquqlarının vahid anlamı və mənası hələ yoxdursa, onun dəyərləndirilməsinə dair deyilənlər qeyri-obtektivlikdən başqa bir şey deyildir. Məsələn, Nobelçi alim L.Fridman qeyd edir ki, "insan hüquqları - təəssüf ki, qeyri-müəyyən və yayğın bir ifadədir".

Amma bununla belə insan hüquqları dedikdə təsəvvürə çoxsaylı məna çalarları gəlir. Məsələn: İnsan hüquqları - bir fəlsəfədir, dəyərlərlə, insanın dünyagörüşü ilə bağlı məsələdir. Məsələn, kimsə onu yalnız məişət probleminin həlli ilə bağlı səviyyədə başa düşür; İnsan hüquqları - bir ideya və ideologiyadır, Qərb-Avropa sivilizasiyasının gətirdiyi ideyadır; İnsan hüquqları - konsepsiyadır; İnsan hüquqları - normalar sistemidir, beynəlxalq və milli qanunvericiliklərdə təsbit edilmiş normaların məcmusudur.

Bu dörd məna bir-biri ilə sıx bağlıdır. Yəni, subyektiv müstəvidə hüquqlara kim nə məna verirsə, o cür də dəyərləndirmə baş verir. Bütün problemlər, fikir ayrılıqları da buradan yaranır.

Yunan professoru Kostas Duzinas 2000-ci ildə nəşr edilən "İnsan hüquqlarının sonu" kitabında yazırdı ki, insan hüquqlarının nikbin gələcəyi naminə biz konkret olaraq müəyyən etməliyik: insan hüquqları bizə hansı məqsədə çatmaq üçün lazımdır? Məsələn, Platon və Aristotel üçün insan hüquqlarının məqsədi - ədalətə nail olmaq idi, insan hüquqları fərd üçün deyil, cəmiyyət üçün mövcud idi". Bu gün bizə məlum olan hüquqlar başlıca olaraq liberal hüquqlardır və burada əksinə, fərd, insan hüquq sisteminin mərkəzində durur.

Sözsüz ki, 65 il öncə biz insan hüquqları deyərkən onu ilk olaraq 30 maddədə məhdudlaşdırmışdıqsa, bu gün onun çərçivəsi həddindən artıq genişdir. Çünki dünyada yeni-yeni hüquqlar meydana çıxır. Məsələn, miqrantlar haqqında mövcud olan qanunlar 65 il öncə yox idi. Uşaq hüquqları, qadın hüquqları ayrı-ayrılıqda müzakirə olunmurdu. Nəzərə alaq ki, bu gün dünyanın böyük ölkələri həmin maddələri ratifikasiya edib, ancaq demokratiyadan danışan bəzi dövlətlər bu konvensiyaya imza atmayıblar.

Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən insan hüquq və azadlıqlarının qorunmasını ali məqsəd sayıb. Təsadüfi deyil ki, 1995-ci ildə Konstitusiyamızda bu müddəalar, yəni insanların hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədi kimi qeyd olundu. Demokratiya, hüquqi dövlət, sosial tərəqqi yolunu seçmiş hər bir ölkə bilməlidir ki, ilk növbədə, insan hüquq və azadlıqlarının təmin olunması onun əsas prioritet sahəsidir.

 

 

 

Lətif HÜSEYNOV:

 

- Hazırda insan hüquqlarının müdafiəsi sahəsində 80-ə yaxın beynəlxalq müqavilə, yüzlərlə digər normativ sənəd var. Onlardan ən əhəmiyyətlisi, beynəlxalq müqavilə olmasına baxmayaraq, məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. 1948-ci il dekabrın 10-da qəbul olunmuş bu bəyannamə dünyada ən çox tərcümə olunan sənəd kimi "Ginnesin rekordlar kitabı"na düşüb.

Qeyd edim ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi müasir beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır. O, insan hüquqlarını dövlətlərarası münasibətlərin təməl prinsipləri səviyyəsinə qaldırmışdır. Bu gün birmənalı demək olar ki, beynəlxalq səviyyədə insan hüquqlarının məzmununu müəyyənləşdirmək üçün müraciət edilən ilk sənəd məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir.

Nəyə görə? Birincisi, beynəlxalq səviyyədə ilk dəfə olaraq məhz Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquq və azadlıqlarının "kataloqu" müəyyən edilmişdir. Bəyannamədə həm mülki və siyasi hüquqlar, həm də iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunmuşdur. İkincisi, bu sənədi qəbul etməklə dünya birliyi bəyan etdi ki, insan hüquqları təbii xarakter daşıyır və dövlətin qanunvericilyindən kənarda və ondan asılı olmayaraq mövcuddur. Üçüncüsü, dövlətlər razılığa gəldilər ki, insan hüquqları dövlətin daxili işi sayıla bilməz; insan hüquqlarının təmin edilməsi beynəlxalq öhdəlikdir və hər bir dövlət digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, öz yuridiksiyası altında olan hər bir şəxsin hüquqlarını irqindən, dinindən, cinsindən, vətəndaşlığından, mənşəyindən, əqidəsindən və digər əsaslardan asılı olmayaraq təmin edəcəkdir. Dördüncüsü, dövlətlər bəyan etdilər ki, insan hüquqları fərdin cəmiyyət və dövlət qarşısında məsuliyyəti ilə üzvi surətdə bağlıdır. Yəni, istənilən toplumda, cəmiyyətdə insan hüquqları qeyri-məhdud və mütləq başa düşülə bilməz! İnsan hüquqları özbaşınalıq, hərc-mərclik və məsuliyyətsizlik demək deyil! Hər bir şəxs malik olduğu hüquq və azadlıqlardan yalnız o halda tam bəhrələnə bilər ki, o bu zaman sui-istifadəyə yol verməsin. İndiki dövrdə, qloballaşma dövründə insan hüquqlarının məsuliyyətlə bağlılığı xüsusilə aktuallaşır.

 

 

 

Rəbiyyət ASLANOVA:

 

- Bu gün bütün dünyada bu sual böyük müzakirələrə rəvac verir: dünyada insan hüquqları sahəsində fərdin, yoxsa dövlətin maraqları üstün olmalıdır? Bu suala da aydınlıq gətirməyimiz labüddür.

 

 

 

Lətif HÜSEYNOV:

 

- Rəbiyyət xanımın "insan hüquqları sahəsində fərdin, yoxsa dövlətin maraqları üstün olmalıdır" sualı həm nəzəri, həm də praktik cəhətdən maraqlı olan məsələdir. Bu barədə çox geniş danışmaq olar, amma mən qısaca olaraq fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Əvvəla qeyd etmək istəyirəm ki, məsələ bu cür ümumi şəkildə, yəni "fərdin hüququ və ya dövlət marağı əsas götürülməlidir" kimi qoyulmamalıdır. Hər bir halda fərdin hüququ ilə dövlətin marağı və ya ictimai maraq arasında ədalətli balans müəyyənləşdirilməlidir. Problem yaranarsa, son sözü insan hüquqlarının əsas müdafiəçisi olan məhkəmə orqanı deməlidir.

Məlumdur ki, hər bir dövlətin fərd və cəmiyyət qarşısında vəzifələri var və o, həmin vəzifələri səmərəli yerinə yetirməyə borcludur. Məsələn, dövlət milli təhlükəsizliyi təmin etməlidir, ictimai qaydanı qorumalıdır, cinayətlərin qarşısını almalıdır və s. Bütün bunlar dövlətin maraqlarıdır. Bu maraqların təmin olunması üçün dövlət fərdin hüquqlarını məhdudlaşdıra bilər, bu və ya digər hüququn həyata keçirilməsinə müdaxilə edə bilər. Məsələn, götürək söz azadlığını. Hər bir şəxsin söz demək, öz fikrini ifadə etmək azadlığı var. Lakin bu azadlıq qeyri-məhdud ola bilməz! Əgər kimsə dövlət sirrini yayırsa, ictimai mənəviyyata zidd materiallar dərc etdirirsə və ya başqalarını zorakılığa təhrik edirsə, dövlət bu halda müdaxilə edə bilər və əslində etməlidir! Lakin istənilən halda dövlətin müdaxiləsi, onun tətbiq etdiyi sanksiya qanuni məqsədə, məsələn, cinayətin qarşısını almaq və ya mənəviyyatı qorumaq məqsədinə mütənasib olmalıdır. Mütənasiblik insan hüquqları ideyasının əsasında duran prinsiplərdən biridir. Fərdin hüququ ilə dövlət marağı arasındakı münaqişəni həll edərkən məhz bu prinsip əsas götürülməlidir. Başqa sözlə, dövlətin insan hüququna müdaxiləsinin qanuni olub-olmadığını müəyyənləşdirərkən əsas iki suala cavab vermək lazımdır. Birincisi, müdaxilə zəruridirmi və ikincisi, bu cür müdaxilə zəruridirmi?

 

 

 

Əli HÜSEYNLİ:

 

- Oxucular "Azərbaycan" qəzetini hər zaman cəmiyyətimiz, xalqımız və dövlətimiz üçün çox maraqlı müzakirələr ünvanı kimi qəbul edir, açdığı bu cür diskussiyaları çox maraqla qarşılayırlar. Budəfəki mövzu seçimi də çox uğurludur. Biz BMT-nin Ümumdünya İnsan Hüquqları haqqında Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi ərəfəsindəyik. Bu ərəfədə ölkəmizdə insan hüquqlarının təmini istiqamətində əldə olunan nailiyyətlərin, mövcud problemlərin və perspektivlərin müzakirəsi olduqca yerinə düşür. Bu, klassik jurnalist yanaşmasıdır və bu tədbirin təşkilinə görə təşəkkürümü bildirirəm.

Bu günün cəmiyyətini sovet dövrü cəmiyyətindən fərqləndirən həm də odur ki, hazırda insan hüquqlarının qorunması ilə bağlı real işlək mexanizm hakimiyyətin qollarından biri olan  məhkəmə sistemidir. Lakin mən sovetlər dövründə bütün insan hüquqlarına məhdudiyyətlərin olması fikri ilə tam razı deyiləm. Hətta tarixdən bəlli olduğu kimi, BMT-nin insan hüquqlarına dair sənədlər qəbul olunarkən məhz SSRİ diplomatları insanların sosial hüquqları ilə bağlı çox maraqlı təkliflər irəli sürmüşdülər. Bəli, o zaman siyasi hüquqlar məhdud idi, amma sosial-mədəni hüquqlar səmərəli şəkildə qorunurdu. Başqa bir misal: Baxmayaraq ki, o dövrdə məhkəmə hakimiyyəti kifayət qədər müstəqil deyildi və üstəlik, insanların indiki kimi müraciət hüququnun sərbəstliyi yox idi, amma müraciətlərə baxılma qaydası inzibati qaydada çevik və ədalətli idi!

Əlbəttə, indi yeni dövrdür - müstəqil və demokratik. Bu dövrü iki əsas yeni anlayışla  səciyyələndirmək olar: biri bu gün müzakirə etdiyimiz insan hüquqları, digəri isə bazar iqtisadiyyatı!

Mən o fikirlə razıyam ki, məhz sosial və iqtisadi hüquqlar səmərəli qorunanda bəlkə də siyasi hüquqlar çox da qabarmır. Baxmayaraq ki, bu hüquq da insanlar üçün vacibdir. Bugünkü cəmiyyətimizin keçmiş cəmiyyətdən üstünlüyü ondadır ki, siyasi hüquqlar mövcuddur və məhz sosial-iqtisadi hüquqların qorunması üçün bir vasitədir.

İnsan hüquqları bu gün demokratiya və qanunun aliliyi ilə birbaşa bağlıdır. Ona görə müasir dünya insan hüquqları mövzusunu demokratiya və qanunun aliliyi çərçivəsində müzakirə edir. Hazırda insan hüquqları mövzusunda çox geniş, demokratik çərçivədə danışılır və bu konteksdən yanaşanda biz həm də dəyərlərimizlə toqquşmaları görürük. Bəzən söz azadlığının tətbiqi zamanı hətta şantaja belə yol verilməsi demokratik çərçivədə məqbul qəbul olunur. Bu vəziyyət təkcə bizim yox, bir çox ölkələrin, xalqların dəyərləri ilə ziddiyyət təşkil edir. Beləliklə, insan hüquqları mövzusu aktual və hər zaman çox  həssas mövzudur. Yeni dövrün tələbləri ortaya çıxıb və əlbəttə ki, yeni mexanizmlər də öz rolunu oynamağa başlayıb. Bu mərhələdə məhkəmə müdafiəsi əsas elementdir. Məhkəmələr insan hüquqlarının qorunması üçün demokratik hüquqi cəmiyyətdə ən vacib bir orqan kimi öz yerini tapıb. Bununla yanaşı, bəzən biz insanların öz növbəsində məhkəmə orqanlarının fəaliyyətlərindən də şikayətləri ilə üzləşirik. Görürsünüzmü, necə həssas və çoxşaxəli bir mövzudur...

 

 

 

Rəbiyyət ASLANOVA:

 

- XXI əsrin insan hüquqları fəlsəfəsində hansı meyillər özünü göstərir? Ən ümumi cavab belədir ki, bütövlükdə hüquq fəlsəfəsi, o cümlədən insan hüquqlarının fəlsəfəsi bu gün xeyli təkmilləşdirilməyə möhtacdır.

İnsan hüquqlarına dəyərlər sistemi kimi mənadan məhrum edildikdə ziddiyyətlər baş verir. Bu dəyərlər Hammurapi qanunlarından tutmuş, Poma hüququna qədər dünya dinlərində əksini tapıb. 65 il əvvəl Ümumbəşəri Humanitar ideologiya kimi bəyan edilib. Totalitar ideologiyalara qalib gəlib. Eyni zamanda onu da görürük ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində məzmunu təhrif edilib, siyasi və geosiyasi doktrinalar qəlibinə salınaraq təzyiq alətinə çevrilib. Beynəlxalq qərəz və ikili standartların tətbiqi məqsədilə "özəlləşdirilib".

Bir sözlə, insanların təsəvvüründə hüquqlar bir-birindən obyektinə, subyektinə, predmetinə, mənbəyinə görə fərqlənə bilər. Müxtəlif ölkələrin və mədəniyyətlərin dəyərlər sistemi eyniyyət təşkil etmədiyi üçün onların hüquq fəlsəfəsi də fərqlənir. Bir neçə mədəniyyətə mənsub olan insanlara hüquqlar haqda təsəvvürlərini yazmağı təklif etsək, onların tərtib etdiyi siyahı tamamilə fərqli olacaq. Bu siyahı Fransada bir cür, Yaponiyada başqa cür olacaq. Yaxud da XX əsrdə yazılan siyahı XXI əsrdəkindən fərqli olacaq. Məhz burada insan hüquqlarının prioritetlər sırası, iyerarxiyası - siyasi, sosial, iqtisadi, mədəni, vətəndaş hüquqları və s. məsələsi də gündəmə gəlir. Şərqdə və Qərbdə buna yanaşma sivilizasiona faktordan asılı olaraq müxtəlif olacaq.

Bundan əlavə, hazırkı dövrdə şəxsi həyat və fərdi məlumatların toxunulmazlığı və informasiya-kommunikasiya amili ön sıraya çıxır, beynəlxalq qalmaqallar baş verir. İnsan hüquqlarının universal xarakterini inkar edərək mədəni relyativizmin nəzərə alınması Cənub-Şərqi Asiya ölkələri alim və siyasətçilərinin yaratdığı "Asiya dəyərləri" adlandırılan konsepsiyada verilmişdir. Bu baxımdan ilk növbədə, Sinqapurun ilk baş naziri Li Kuan Yu və Malayziyanın baş naziri Mahathir Mühəmmədin hüquq konsepsiyalarının adlarını çəkmək olar. Onu da əlavə etmək lazımdır ki, bu şəxslər öz ölkələrinin inkişafında xüsusi xidmətləri olan liderlər kimi tarixə düşmüşdür. Hüquqlara yanaşmada əsas fərq fərdin, yoxsa dövlətin maraqlarının mərkəzi hesab edilməsi, eləcə də mədəni-sivilizasion amillərin əhəmiyyətinə münasibəti ifadə edən "Asiya dəyərləri"dir.

 1993-cü ildə Vyanada İnsan hüquqları üzrə Ümumdünya Konfransının başlanmasından öncə bir qrup Asiya ölkəsi Banqon Bəyannaməsi qəbul etmişdi. Bəyannamədə deyilirdi: "İnsan hüquqları universal xarakter daşısa da, milli, regional, mədəni və dini xüsusiyyətlərin mühüm rolu nəzərə alınmalıdır". Vyana Konfransında Sinqapurun nümayəndəsi Von Kanq Sen plenar iclasda belə bir fikir səsləndirdi ki, "insan hüquqlarının ümumi ideal kimi tanınması zərərli ola bilər, çünki bu, gerçək müxtəlifliyin itirilməsinə və səviyyələrin eyniləşməsinə gətirib çıxarır". Çindən gəlmiş 20 nümayəndə isə özlərinin xüsusi rəyini bildirdi: insanlar öz şəxsi hüquqları qarşısında dövlətin hüquqlarının üstünlüyünü tanımalıdırlar".

 Bu gün bir tərəfdən insan hüquqları siyahısının daha da genişləndiriliməsi müzakirə olunur, digər tərəfdən isə həm beynəlxalq hüquqi sənədlərdə (məsələn, İnsan hüquqları barədə Avropa Konvensiyasında, bank fəaliyyətinə dair sənədlərdə), həm də ayrı-ayrı dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılması mexanizmləri fəallaşır.

Amerika  Konqresi 2001-ci il 11 sentyabr hadisələrindən sonra qəbul edilmiş "ABŞ Vətənpərvərlik Aktı"nın qüvvəsini hər il uzadır. Hüquq-mühafizə orqanları əvvəlki kimi ekstremizmdə şübhəli bilinən şəxsləri, hətta onlar konkret terror təşkilatları ilə əlaqəli olmasalar belə, təqib edə bilərlər. Xüsusi xidmət qurumları terrorçuluqda şübhə doğuran şəxslərin və təşkilatların telefon danışıqlarını dinləmək, elektron və poçt yazışmalarını məhkəmənin qərarı olmadan əldə etmək sahəsində hələ də qeyri-məhdud səlahiyyətlərə malikdirlər. Nəhayət, onlar maraqlandıqları informasiyanı, o cümlədən məxfi məlumatı (maliyyə hesabatları, tibbi kartlar, bank hesabları barədə məlumatlar və s.) istənilən idarədən və kommersiya şirkətindən ala bilərlər. Yaxud, Avropaya baxaq: 2009-cu ildən Avropa İttifaqının vətəndaşları olan 11 minə yaxın Şərqi Avropa qaraçısı öz vətənlərinə - eyni zamanda, Aİ-yə üzv olan Şərqi Avropa ölkələrinə sürgün edilmişlər. 2010-cu ilin əvvəlindən fransızlar 15 minə yaxın qaraçını Rumıniyaya və Bolqarıstana sürgün etmişlər.

İnsan hüquqları adı altında hansısa suveren dövlətin ərazisinə də daxil olurlar, sülhyaradıcı missiyalar həyata keçirirlər, onların informasiya təhlükəsizliyini də pozurlar. Bütün bunların qarşısını almaq üçün nə etmək lazımdır? Çünki bu, artıq böyük bir millətin, böyük bir regionun xalqlarının hüquqlarının pozulmasıdır. Öz üzərinə sülhyaradıcı missiyanı götürən bir dövlət böyük bir regionda öz düşüncə tərzini, əxlaq modelini yaratmaq üçün insan hüquqlarının qorunması adı ilə müdaxilə edir. Bu, artıq həmin universal prinsiplərlə üst-üstə düşmür! Bu gün insan hüquqları ilə bağlı ayrı-ayrı regional təşkilatlar qlobal təşkilatlar qarşısında öz hüquqlarını müdafiə etmək iqtidarında deyil! Halbuki mövcud regionun xüsusiyyətlərini nəzərə alaraq bütün tarixi, coğrafi, milli və digər məsələləri nəzərə alaraq həmin regionu qorumaq uçun nəsə etməlidir. Amma biz bunu görmürük! Bu, o demək deyilmi ki, regional təşkilatlar qlobal təşkilatlar qarşısında iflic vəziyyətindədir?!

Bu gün dünyada müxtəlif dəyərlər sistemi arasında mübarizə gedir. Deməli, hüquqların gələcəyinə dair müzakirələr daha kəskin mərhələyə qədəm qoyub. Bir neçə yüz il müddətndə Avropa mədəniyyətində formalaşan hüquq sistemi labüd olaraq dəyişikliyə uğrayır. İnsanların azadlıq dərəcəsi, səviyyəsinə dair təsəvvürlər yeniləşir. Şəxsi və qeyri-şəxsi həyat arasındakı sərhədlər aradan qalxır.

Bu gün insan hüquqları adı ilə nə baş verir? Hansı proqnozları vermək olar? Məsələn, tədqiqatlarda belə bir sual da səsələnir ki, bir neçə onillik sonra insanın suya tələbatının təmin edilməsi hüququ, "su azadlığı" daha vacib olacaq, yoxsa söz azadlığı? Belə bir pessimist proqnozlar var ki, XXI əsrin ikinci yarısından başlayaraq, insan hüquqlarına ən böyük təhdid təməl hüquqların "süqutu", "parçalanması", "fraqmentasiyası" olacaq. Əsas mübahisələr qadın, miqrant, fəhlələrin və uşaqların, göydələn bina sakinlərinin, istehlakçıların, evdar qadınların və evsizlərin, nəhayət heyvanların və onların sahiblərin, "konkret kiçik maraq qruplarının" hüquqları olacaq.

Alimlər düzgün qeyd ediblər ki, elə ki insan hüquqları geniş fəlsəfə və dəyər kimi məzmunlardan məhrum edilərək yalnız standart və normativ akt kimi başa düşülür, o zaman onun iflası baş verir. Hər hansı bir dövlət özünü arbitr rolunda görərək başqalarına "insan hüquqlarının nə olduğunu diktə etməyə başlayır. Nəticədə hüquqlar - qanunlar kimi şərh edilməyə başlayır. Halbuki qanun və hüquq eynimənalı fenomenlər deyil. Qanunlar qeyri-hüquqi ola bilər. Bunun nəticəsidir ki, bu gün dünyada yağışdan sonra göbələk kimi artan beynəlxalq konvensiya, qətnamə və s. fonunda soyqırımı, etnik təmizləmələr, gizli həbsxanalar, hava limanlarından üçüncü ölkələrə fövqəladə deportasiyalar (rendisiya) kimi hüquqpozma formaları baş verir".

Bu gün insan hüquqları - sırf hüquq elminin deyil, yaxud hər hansı bir ölkənin də deyil, bəşəriyyətin yaşadığı mərhələnin dərk edilməsi problemidir. Çağırışlara cavab vermək üçün yeni şəraitdə hüquq fəlsəfəsini və siyasətini birgə, kollektiv səylərlə müəyyən etmək məsələsidir. Bir çox suallara cavab vermək lazımdır. Qloballaşma və informasiya sivilizasiyasının formalaşması hüquq məkanına təsirsiz ötüşə bilməz. Bu gün insan hüquqları konsepsiyası insanı müdafiə etməklə yanaşı, bu çağırışlara ən optimal cavabları da verməyi bacarmalıdır.

 

 

 

Əli HÜSEYNLİ:

 

- Mənim şəxsi müşahidəm belədir ki, istənilən sahədə iqtisadi rifah vacib komponentdir. Misal üçün, qaçqınların vəziyyəti ilə bağlı: onlar bəzi hallarda məcbur olaraq vaxtilə digər vətəndaşların mənzillərini zəbt etmişlər. Mülkiyyət hüququ ilə bağlı müasir Avropa hüquq sistemi onları müdafiə etməyə imkan vermir. Bu məsələdə iqtisadi inkişaf bizim yardımımıza gəldi. Onlar müvəqqəti də olsa, torpaqlarımız işgaldan azad olunana qədər keyfiyyətli mənzillərlə təmin olunurlar.

Digər bir misal: vətəndaşların müraciətlərinə dövlət orqanlarında çevik baxılması və həlli məsələsi. Bayaq qeyd etdim ki, sovet dövründə insanların müraciətinə çevik reaksiya verilirdi. Bu məsələ müstəqillik əldə etmiş ölkələrin bir çoxunda indi də aktual problem kimi mövcuddur. Amma cənab Prezidentin tapşırığı ilə ölkəmizdə "ASAN" adlanan xidmət yaradıldı. Qısa zaman çərçivəsində bu xidmət əhali arasında rəğbət qazandı. On minlərlə insan sürətli, keyfiyyətli və şəffaf xidmətdən bəhrələnir. Artıq regionlarda da "ASAN" xidmətlər fəaliyyət göstərir. Beləliklə, iqtisadi inkişafımız nəticəsində innovativ sistemlər tətbiq olundu və insanların bir çox hüquqları səmərəli qorunmağa başlandı. Demək istəyirəm ki, müasir dövrdə insan hüquqlarının səmərəli təminatının əsas yolu iqtisadi rifahdır. Bəzi postsovet ölkələrində, misal üçün, Ukrayna və Gürcüstan kimi ölkələrdə müstəqilliyin verdiyi azadlıqlar, o cümlədən siyasi hüquqlar iqtisadi rifahla təmin olunmadığına görə ciddi sosial konfliktlərə və vətəndaş qarşıdurmasına gətirib çıxardı. Azərbaycanın isə bu inkişaf modeli çox doğrudur. İqtisadi rifah bəlkə də biz hüquqşünasların illərlə həll edə bilmədiyi bir insan hüququ problemini qısa zaman çərçivəsində həll etmək iqtidarındadır!

 

 

 

Lətif HÜSEYNOV:

 

- Biz insan hüquqları və demokratiyanın qarşılıqlı nisbəti, onların inkişafı ilə bağlı müxtəlif modellərdən danışa bilərik. Azərbaycan Konstitusiyası artıq bu suallara birmənalı cavab verib. Yəni, Azərbaycan xalqı insan hüquqlarına və demokratiyaya münasibətini referendum yolu ilə qəbul etdiyi Əsas Qanunda dəqiq və birmənalı müəyyənləşdirib. Xüsusi vurğulamaq istəyirəm ki, Konstitusiyamızda bir sıra müddəaların dəyişdirilməsinin qeyri-mümkünlüyü qeyd olunub. Azərbaycanın demokratik və hüquqi dövlət olmasını bəyan edən 7-ci maddə bu  müddəalar sırasındadır.

7-ci maddədə başqa bir prinsipial müddəa təsbit olunmuşdur ki, Azərbaycanda dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır. Bununla dövlətin üzərinə həm də belə bir vəzifə qoyulmuşdur ki, hakimiyyət insan hüquqlarını təmin etməklə həyata keçirilməlidir və əslində, bu məqsədə xidmət etməlidir. Bu ideya daha aydın şəkildə Konstitusiyanın 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddədə insan hüquqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Bundan əlavə, Konstitusiyada göstərilib ki, bütün dövlət orqanları - qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları insan hüquqlarını gözləməli və qorumalıdırlar.

Digər bir mühüm müddəa ondan ibarətdir ki, Konstitusiyada təsbit olunmuş insan hüquqları Azəbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrə uyğun tətbiq edilməlidir. Bununla bağlı həm də Əsas Qanunumuzun 71-ci maddəsinin VI hissəsini xatırlatmaq istəyirəm. Burada deyilir ki, ölkə ərazisində insan hüquqları birbaşa qüvvədədir. Bu iki müddəa insan hüquqlarına dair beynəlxalq standartların ölkəmizin hüquq sisteminə gətirilməsi üçün baza rolunu oynayır.

 

 

 

Elman MƏMMƏDOV:

 

- İnsan hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq sənədlər toplusu ilə - BMT, NATO, ATƏT, Avropa Şurası, Avropa İttifaqının Dağlıq Qarabağla bağlı yüzdən çox sənədini oxumuşam. O sənədlərin demək olar ki, əksəriyyətində bir bənd, bir cümlə ilə olsa da, insan hüquqlarının müdafiəsi nəzərdən keçirilir, yəni öz əksini tapır. Təəssüf ki, onlar işləmir. Bunun işləmə mexanizmi nədən ibarətdir? Bunun işləmə mexanizminə kim və yaxud hansı təşkilat nəzarət etməlidir?

İnsan hüquqları ilə bağlı qanunlar, bəyannamələr, qətnamələr - sənədlər qəbul edilib. Bunlar təqdir olunasıdır.  Məsələn, bayaq burada Avropa və Beynəlxalq  məhkəmələrdən danışıldı. Ancaq bu Beynəlxalq, yaxud Avropa Məhkəməsi ancaq Vətənə xəyanətdə ittiham olunan Əlikram Hümbətovu və onun kimilərini müdafiə edir, amma bütün hüquqları pozulan qaçqın və məcburi köçkün həmvətənlərimizin  birinin də hüququ təmin olunmur! Bu da vətəndaşlarımızda haqlı olaraq narazılıq yaradır. Təəssüflər olsun ki, insan hüquqları ilə bağlı məsələyə yanaşmada beynəlxalq qurumların ikili standartları ilə üzləşirik.

Bir neçə məqama diqqəti cəlb etmək istərdim. 1990-cı ilin ortaları idi. Gecə ermənilər Xocalını üç tərəfdən güclü atəşə tutdu, çoxsaylı ev yanıb-dağıldı. Səhər V.Polyaniçko xəbər göndərdi ki, Böyük Britaniyandan Baronessa Koks buradadır, göndərirəm, gəlsin yerdə vəziyyətə baxsın. Ermənipərəstliyi ilə ad çıxartmış B.Koks gələn zaman ona uçulub-dağılan evləri, yaralıları göstərdik. Biz Koksun diqqətinə həmçinin Ermənistandan zorla çıxarılan soydaşlarımızın düşdüyü ağır vəziyyəti də çatdırdıq. O, bizə diqqətlə qulaq asdı və dedi ki, bilirsiz nə fikirləşirəm? Maraqla qulaq asıdıq ki, görəsən bu ermənipərəst nə deyəcək, nəhayət ki, erməni işğalını pisləyəcəkmi? Dedi ki, "dəhşətə gəlirəm ki, görün  bu ermənilərin canını boğazına necə yığmısınızsa, onlar məcbur olub raket atıb, sizi bu günə qoyublar". Yəni, insan hüquqlarına 20 il öncə də belə ikili standartlarla, tərəfkeşliklə yanaşırdılar, bu gün də bu acınacaqlı vəziyyət dəyişməyib!

Yaxud başqa bir fakt. 1988-ci il senytabrın 18-də ermənilər Xankəndidə mitinq keçirərək qərar qəbul edib oradan Xocalı istiqamətinə on-on iki min nəfərlə hücum etmişdilər ki, bizi oradan çıxarsınlar. Bunlar  10 km məsafədən bizə hücum ediblər: evlər yandırılıb, dağıdılıb, xeyli insan yaralanıb. Biz isə özümüzü, ailə-uşağımızı qoruyuruq ki, qırmasınlar! O vaxt bir qrup SSRİ xalq deputatları -  akademik Yemelyanov, Qadınlar Komitəsinin sədri Zoya Puxova, məşhur  ukraynalı yazıçı B.Oleynik, bir sözlə, on üç nəfərdən ibarət qrup gəlmişdi. Onlar əvvəlcə Xankəndidə olmuşdular, oradan isə Xocalıya bizimlə görüşə gəlmişdilər. Qəribəsi bu idi ki, onlar bizi borclu çıxardılar ki, ermənilər sizə neyləyir, niyə onlara güllə atırsız?! Başa salmağa çalışdım ki, ermənilər hücum edib evlərimizi yandırıblar, insanları öldürüblər. Gördüm ki, bunları başa sala bilmirəm! B.Oleynikə dedim ki,  sənin evinə, ailənə kənardan hücum etsələr, neyləyərsən?! Çox çılğın və emosional halda cavab verdi ki, baltanı götürüb, ən azı, ailəmi qoruyaram! Bax, görürsünüzmü, söhbət bizdən gedəndə necə reaksiya verirlər, söhbət onlardan, yaxud havadarları olan ermənilərdən gedəndə isə aqressiv insana çevrilirlər.

İnsan hüquqlarını qoruyan beynəlxalq təşkilatların münaqişə ilə bağlı mühüm qərarları var. Ancaq elə bil ki, bu hüquqlar da monopoliyadadır. Bunlar kimlərinsə göstərişi və istiqaməti ilə işə düşür. Çox maraqlıdır, avropalını, amerikalını, ermənini incitmək, toxunmaq olmaz! Çünki onlar toxunulmazdır! Ancaq müsəlmanı, türkü, azərbaycanlını incitmək, öldürmək, onun hüququnu pozmaq, didərgin salmaq, evini uçurmaq olar! Dünya da bu haqsızlığa göz yumur! Belə olan halda həmin o sadaladığımız insan haqlarına aid bütün qanunlar dayanır, fəaliyyətini dondurur. Guya ki,  bu qanun pozuntularını görmürlər.

Bu sənədlər haqqında söz açmışkən, prezident seçkiləri ərəfəsində qarşılaşdığım bir məqamı xatırlatmaq istərdim. Xocavəndə aid seçki məntəqələrinə 3 nəfərdən ibarət beynəlxalq müşahidəçi missiyası gəlmişdi. Bunlardan soruşuram ki, yaxşı, gəlib  seçki ilə belə ciddi şəkildə maraqlanırsız, deyirsiniz ki, məcburi köçkünlərin seçki hüququ təmin olunub. Onda sual olunur: 20 ildən çoxdur bunların insana aid olan digər bütün hüquqları pozulub! Bəs, niyə bu məsələyə də belə həssas yanaşmırsınız, onun aradan qaldırılmasına can yandırmırsınız, onlarla görüşə getmirsiniz, tədbir görmürsünüz? Bir ağsaqqalı göstərib dedim ki, onun evi, bax, o təpənin  arxasındadır. Atasının, qohum-əqrabasının qəbri də oradadır.  İyirmi ildən çoxdur ki, o, gedib həmin qəbrləri ziyarət edə bilmir! Bəs, niyə siz bununla maraqlanıb, hüququnu bərpa etmirsiniz?! Təcavüz, işğal, qaçqın-köçkün kontingenti faktı var? Var! Hüquqlar pozulub? Pozulub! Niyə bizim hüquqlarımızı bərpa edib qaytarmırsız yerimizə-yurdumuza? Belə ki bizə "canınız yanır" - seçkilərə gəlirsiz, insan hüquqlarından danışırsız, - belədirsə, ilk növbədə, 1 milyondan artıq soydaşımızın pozulmuş hüquqlarından danışın! Təbii ki, həmin müşahidə missiyası bu suallara tutarlı cavab verə bilmədi. Bu faktları sadalamaqla bitməz-tükənməz! Amma əsas fakt odur ki, azərbaycanlı qaçqın-köçkünlərə qarşı beynəlxalq təşkilatların ikili standartları davam edir.

 

 

 

Lətif HÜSEYNOV:

 

 - Fikrimcə, insan hüquqları siyasi vasitələrlə qorunmamalıdır. O yerdə ki siyasət insan hüquqlarından önə keçir, orada insan hüquqları öz mahiyyətini itirmiş olur. Təəssüf ki, bu cür hallara biz rast gəlirik. "Realpolitik", siyasi mülahizələr bu gün bəzən hüququn aliliyindən, insan hüquqlarından önə keçir. Bu zaman ikili standartlar, insan hüquqlarına ikili yanaşmalar ortaya çıxır. Bütün bunlar yolverilməzdir və əslində, hüququn, ədalətin, insan hüquqlarının deyil, gücün təşviqinə xidmət edir.

Nəzərə almaq lazımdır ki, BMT-nin Təhlükəsizlik Şurası hüququ bərpa edən yox, sülhü bərpa edən orqandır. Sühün və hüququn bərpa edilməsi isə heç də həmişə üst-üstə düşmür! Əlbəttə ki, hüququn aliliyi prinsipi beynəlxalq münasibətlərdə də tam bərqərar olunmalıdır.

 

Elman MƏMMƏDOV:

 

- Birləşmiş Millətlər Təşkilatının münaqişənin həlli ilə bağlı 4 məlum qətnaməsi, eyni zamanda BMT-nin və onun TŞ-nin  çoxsaylı bəyanatları var. Bu bəyanat və qətnamələrdə birmənalı olaraq göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri qeyd-şərtsiz çıxarılmalıdır! Avropa Şurasının sənədlərində də çox dəqiq bəndlə ifadə olunub ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafında olan rayonlardan çıxarılmalıdır. Bu, qəbul olunmuş bütün sənədlərdə deyilir. Sual olunur: bəs, niyə icra olunmur?

Belə hallar az deyil, kimsə cinayət edib cəzasız qalırsa, o, ikinci dəfə ondan daha dəhşətli cinayət edəcək! Çünki görəcək ki, cəzasızlıqdır! İndi beynəlxalq aləmdə, beynəlxalq hüquqda, insan haqlarında, eyni zamanda, dövlətlərin ərazi bütövlüyünün təmin olunması məsələsində bu qərar   qətnamələr - sənədlər işləmir! Dağlıq Qarabağa dair yüzdən çox sənəd var! Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına dair BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatının rəsmi sənədləri var. Orada birmənalı şəkildə Ermənistanın təcavüzü, işğal faktı tanınır. İşğala son qoyulması məsələsi burada vurğulanır və tələb olunur ki, erməni hərbi qüvvələri Azərbaycanın ərazilərindən çıxarılsın və ölkənin ərazi bütövlüyü təmin edilsin!

Bunu kim etməlidir? Bəzən deyirlər ki, BMT-nin, ATƏT-in hərbi müdaxilə etməsi üçün mexanizmləri yoxdur. Təbii ki, bu məsələdə də ikili standartlar üzə çıxır. Necə olur, məsələn, İraqa, Əfqanıstana, Liviyaya, digər müsəlman ölkələrinə gələndə, elə günorta qərar qəbul edib, bəzən də heç qərar qəbul etmədən belə gecəylə həmin ölkələrə minlərlə əsgər və hərbi texnika yeridilir. Demək, belə çıxır ki, problemi həll etmək üçün həmin qurumlar məlum fövqəlgüclərin mövqeyini gözləyirlər.

 

 

 

Rəbiyyət ASLANOVA:

 

- Azərbaycan dövləti Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ruhunun ifadə etdiyi dəyərlərə, insan hüquqları idealına sadiqliyini həmişə nümyiş etdirib. Xalqımız əsrlər boyu milli azadlıq hüququnu təmin etmək, müstəqil yaşamaq haqqına nail olmaq arzusu ilə yaşamışdır. Müstəqilliyin təmin edilməsi və qorunub saxlanılmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental haqqını gerçəkliyə çevirmişdir. Azərbaycan dövlət müstəqilliyinin əldə edilməsi ilə paralel şəkildə tarixdə ilk dəfə olaraq: milli dövlət; müstəqil siyasi dövlət; demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur! Əgər tarixə nəzər salsaq, dövlətçilik quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində, tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir.

Zaman var idi ki, Azərbaycan vətəndaşlarını üç qrupa bölürdük: öz hüquqlarını bilən və onun gerçəkləşməsi uğrunda mübarizə aparan insanlar; öz hüquqlarını bilən və bu hüquqların gerçəkləşməsini dövlətin üzərinə qoyanlar; eyni zamanda, nə hüquqlarını bilən, nə də onlar uğrunda mübarizə aparmaq iqtidarında olmayan insanlar var idi.

Ancaq bugünkü Azərbaycan vətəndaşı öz hüquqlarını gözəl bilən və onun təminatı üçün hər bir şeyi tələb edən mübariz vətəndaşdır. Azərbaycan insanı dəyişir! Azərbaycan insanı hüquq və azadlıqları çərçivəsini, vəzifələrin səddini çox gözəl bilir və öz dövlətinə, dövlət başçısına sədaqətli bir insan kimi formalaşır. Bu, çox önəmlidir. Müstəqillik dövründə bizim əldə etdiklərimiz də budur!

Bu imkanı yaradan dövlətdir, bu dövlətin rəhbəridir! Ümummilli liderin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bunu çoxlu sayda qəbul edilən qərar və sərəncamlardan da aydın görmək mümkündür.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncam da mühüm əhəmiyyətə malikdir. Bu Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Azərbaycanın yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Bu səbəbdən Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilmişdir. Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatının xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Azərbaycan demokratik inkişafını əvvəlki əzmkarlıqla davam etdirməkdə, bu sahədə əməli işlər görməkdədir.

Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan hakimiyyətinin yeritdiyi uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.

Ümumən qəbul olunmuş yekdil fikir mövcuddur: insan hüquqları və sülh, dinc yaşamaq hüququ ayrılmaz anlayışlardır. Biri təmin edilməyibsə, digərinə nail olmaq olmaz. Bu müddəadan çıxış edəndə və bu gün Azərbaycanın insan hüquqlarından danışanda ən böyük problemi - Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin zəbt edilməsi nəticəsində yaranan vəziyyəti bir daha dünyanın diqqət mərkəzinə gətirməli oluruq. Ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Bəyannamənin 40 illiyinin qeyd edildiyi ildə Azərbaycan Ermənistan tərəfindən siyasi soyqırımı və etnik təmizləməyə məruz qalmış, bugünkü 65 illik tarixi ərəfədə hələ də ərazi bütövlüyümüz təmin olunmamışdır.

İnsanın öz həyatında özünü təsdiqi üçün böyük vaxt lazımdır. Dövlətdə də belədir. Xüsusilə də yeni müstəqillik əldə etmiş bir dövlətin sözünün eşidilməsi üçün, onun hüquqlarının təmin olunması üçün böyük bir zaman lazım idi. Ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun etiraf edilməsi üçün dövlət başçımızın apardığı böyük siyasət lazım idi və nə yaxşı ki, bu gün o siyasət var və davam edir. Bu gün biz həmin o qurumların ikili münasibətinin dəyişməsinin şahidi oluruq. Hər dəfə hansısa beynəlxalq təşkilatda Azərbaycanın ərazi bütövlüyünün tanınması hökumətin xarici siyasətinin böyük uğuru hesab olunur. Bu gün elə bir regional və qlobal qurum yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın.

Bu gün gücün hökmran olduğu bir dünyada yaşayırıq. Amma yenə də pessimist olmamalıyıq. Çünki Azərbaycanın dostlarının sayı artmaqda davam edir, Azərbaycan insanının öz dövlətini qoruması üçün, ərazi bütövlüyünü təmin etməsi üçün gücü, qüdrəti var! Müdafiə qüdrətimiz günü-gündən artmaqdadır və hüquqları qorunan, öz vəzifəsini gözəl bilən vətəndaş bu hüquqi dövlətin qorunmasında, onun sosial tərəqqi yolunda irəliləməsində həmişə maraqlı olub və maraqlı olacaq da!

Bu gün Azərbaycanda öz hüququnu gözəl bilən gənc nəsil yetişir və hüquqlarının harada bitdiyi, vəzifələrinin harada başladığını gözəl bilən yeni bir nəsil formalaşır. Biz XXI əsrdə insan haqlarının perspektvindən danışdıq və bu perspektivlərin çox gözəl olduğunu görürük. İnanırıq ki, bəşəriyyət 65 ildə əldə etdiyi bu böyük uğurların daha da davamlı olması üçün əlindən gələni edəcəkdir.

 

 

 

Əmir ƏLİYEV:

 

- İnsan hüquqlarının yaranması və inkişafı sivilizasiyanın növünü və mərhələsini müəyyənləşdirməyə imkan verir. İnsan hüquqları cəmiyyətin möhkəmlənməsinə, siyasi qarşıdurmanın aradan götürülməsinə yönəlmişdir, çünki öz təbiətinə görə onlar konsensualdır və "mənim azadlığım başqalarının azadlığına zərər yetirməməlidir" prinsipinə əsaslanmışdır. İnsan hüquqları sahəsində çoxlu sayda beynəlxalq sazişlərdə iştirak edən dövlətlər pacta sunt servanda prinsipinə uyğun olaraq onları vicdanla yerinə yetirməli və bu məqsədlə də beynəlxalq öhdəliklərin realizəsi üçün dövlətdaxili tədbirlər həyata keçirməlidirlər. Bütün dövlətlər insan hüquqları sahəsində beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, o cümlədən dövlətin özünün bu sahədə beynəlxalq öhdəliklərinə əməl etməyə borcludur. Hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi isə bilavasitə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində ümumi formada göstərilmiş, 1975-ci il Helsinki Yekun Aktı ilə daha da inkişaf etdirilərək beynəlxalq hüququn əsas, ümumtanınmış prinsiplərindən biri kimi təsbit edilmiş əsas insan hüquq və azadlıqlarına hörmət etmək prinsipindən irəli gəlir. Bu sahədə qəbul edilmiş kifayət qədər beynəlxalq sənədlər həmin prinsipin əhəmiyyətini daha da artırmışdır.

Qəbul edilmiş mühüm beynəlxalq sənədlərlə insan hüquqlarının universallığı tanınmışdır. İnsan hüquqları hansı dövlətdə, hansı ərazidə yaşamasından asılı olmayaraq, ictimai münasibətlərin iştirakçısı kimi şəxsiyyət hüququdur. Beynəlxalq konvensiyalarda insan hüquqlarının ancaq vətəndaşa deyil, hər kəsə məxsusluğu daha geniş yayılmış və artıq formalaşmış bir tendensiyadır. Bir qayda olaraq, dövlətlər qarşısında duran əsas vəzifələrdən biri bütövlükdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsidir. Bu, beynəlxalq cəmiyyət, o cümlədən beynəlxalq təşkilatlar qarşısında duran əsas vəzifələrdən biridir. Belə ki, BMT Nizamnaməsinin 1-ci maddəsinin 3-cü bəndində BMT-nin əsas məqsədlərindən biri kimi iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsində və irqinə, cinsinə, dili və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsində və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığa nail olmaq göstərilir. Bunlar BMT Nizamnaməsinin 55-ci maddəsi ilə təsdiqlənir. Orada göstərilir ki, BMT irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verir.

İnsan hüquqları və əsas azadlıqlarına hörmət prinsipi beynəlxalq hüququn əsas prinsiplərindən biridir və dövlətlərarası münasibətlərin əsasını təşkil edir. İnsan hüquqlarına hörmət prinsipi insan hüquqları, əsas azadlıqları, demokratiya və qanunun aliliyini özündə ifadə etməklə, beynəlxalq xarakterə malikdir. Bundan əlavə, insan hüquq və azadlıqlarına hörmət beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsidir. Ümumiyyətlə, insan hüquqlarının müdafiəsi haqqında ayrı-ayrı normalar beynəlxalq hüquqda müəyyən tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. Azərbaycan Respublikası bir tərəfdən insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulmuş, digər tərəfdən isə bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaratmışdır. İnsan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən Azərbaycan Respublikasının Konstitusiyasında beynəlxalq hüquq normalarının primatlığını (üstünlüyünü) qəbul edən kifayət qədər müddəalar vardır.

 

 

 

Əli HÜSEYNLİ:

 

- "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının ana xəttində ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması ideyası durur. İnkişaf etmiş ölkələr deyəndə isə bütün komponentlər nəzərə alınır. Bu, həm iqtisadi yüksəlişi, həm də qanunun aliliyinin təminatı və demokratik inkişaf komponentləridir. Məsələyə belə kompleks şəkildə yanaşılanda insan hüquqları müdafiəsinin tam uğurlu perspektivi görünür.

Məhkəmə və hüquq-mühafizə orqanlarında həyata keçirilmiş islahatlara gəldikdə isə hesab edirəm ki, biz yaxşı bir təməl qurmuşuq. Ənənəvi olaraq insan hüquqlarından danışarkən polis orqanlarının fəaliyyəti xatırlanırdı. İndi mən bunu tam məsuliyyətlə deyirəm ki, xüsusən son illərdə polis orqanlarında həyata keçirilən islahatlar təqdirəlayiqdir. Onu da qeyd edim ki, son dövrlərdə polis orqanlarından olan şikayətlərin sayı sürətli şəkildə azalmağa başlayıb. Prokurorluq orqanlarında 2000-ci ilin əvvəllərindən başlanan yeni islahat konsepsiyası isə elə ilk illərdə öz töhfəsini verməyə başladı. Məhkəmə orqanlarına gəldikdə isə, biz həqiqətən də son illər gərgin, amma effektiv bir yol keçmişik. Çox yaxşı uğurlarımız var, problemləri də müşahidə edirik, amma Məhkəmə-Hüquq Şurası onları daim diqqətdə saxlayıb həlli istiqamətində mütəmadi fəaliyyət göstərir. Bu gün inzibati hüquq anlayışı vətəndaş-məmur münasibətlərinə həsr olunub. Azərbaycanda artıq inzibati məhkəmələr mövcuddur və vətəndaşların dövlət orqanları ilə mübahisələrinin təxminən 75-80 faizi onların xeyrinə çıxarılmış qərarlardır. Amma düşünürəm ki, insanlarımızın məhkəmə hakimiyyətinə inamının möhkəmləndirilməsi sayəsində dönüşə nail olmalıyıq. Necə ola bilər ki, məhkəmə tərəfindən qanuni və ədalətli qərar qəbul olunur, amma vətəndaşı buna inandırmaq mümkün olmur? Hesab edirəm ki, vətəndaşın ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək formaları barədə düşünməyimiz gərəkdir. Bu baxımdan, insan hüquqlarının müdafiəsinin perspektivi kontekstində Azərbaycanda andlılar məhkəməsinin pilot layihə kimi tətbiqi zamanının çatdığını hesab edirəm. Amerika hüquq sisteminin uğuru onda  deyil ki, onlarda hər şey idealdır, xeyr! Orada andlılar məhkəməsi institutu mövcuddur, insanlar ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edirlər, qərar verirlər. Vətəndaş bu prosesin iştirakçısı olduğuna görə, ədalət mühakiməsinin uğurunu və mənfi cəhətlərini bölüşməyə məcburdur. Əlbəttə ki, opponentlərimizin fərqli arqumentləri ola bilər: Azərbaycan kiçik ölkədir, ənənələri mövcuddur, insanların bir-birinə yaxınlığı, qohumluğu var və s. Amma düşünürəm ki, biz insan hüquqlarının müdafiəsinin perspektivi mövzusundan danışanda dünyanın bu sahədə əldə etdiyi nailiyyətləri  özümüzün müəyyən korrektələrimizlə birgə tətbiq etməliyik.

Digər bir məsələ, bilirsiniz ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ilk dövlət oldu. Hazırda Avropa Şurasının müharibə şəraitində ölüm cəzasının ləğvini nəzərdə tutan xüsusi protokolu mövcuddur. Hesab edirəm ki, Azərbaycanın imkanı var ki, bu protokola da qoşulsun, baxmayaraq ki, biz müharibə şəraitindəyik. Çünki Azərbaycanın artıq müasir və güclü ordusu var. Bu günün əsgəri və insanları hansısa cəzanın təsiri altında yox, ancaq  Vətənə xidmət, dövləti qorumaq hissi ilə ölkəni müdafiə edir və yaşayırlar. Buna görə də düşünürəm ki, müharibə şəraitində ölüm cəzasını ləğv edə bilərik. Bu cür qərarlar ola bilsin ki, cəmiyyətdə diskussiyalara səbəb olsun. Amma hesab edirəm ki, insan hüquqlarına töhfə verə biləcəyimiz perspektiv qərarların qəbulunda xalqımızın müasir inkişaf səviyyəsinə arxalana bilərik.

 

 

 

Əmir ƏLİYEV:

 

- İnsan hüquqları amili ümummilli lider Heydər Əliyev fəaliyyətinin əsası olmuşdur ki, bu da bilavasitə onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələnmişdir. 1993-cü ildə ümummilli liderin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dövlətimizdə insan hüquqlarının təminatlı sisteminin əsası qoyulmuş oldu. Əvvəlcə Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası olan Konstitusiyanın qəbul edilməsi bu işdə əməli dönüş olmuşdur. Konstitusiya layihəsi üzrə komissiyaya rəhbərlik edən ümummilli lider Əsas Qanunda əksini tapmış bütün maddələrin məhz insan hüquq və azadlıqlarına tam cavab verməsi məqsədini ön plana çəkmişdir. Bu zaman ümummilli lider Heydər Əliyev tərəfindən insan hüquqları sahəsində qəbul edilmiş bir sıra sənədlər də xüsusi qeyd edilməlidir. Məsələn, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərman, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il  tarixli Sərəncam və s.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu və ideal fəaliyyət isə dövlətimizin insan hüquqları istiqamətində də düzgün siyasətini bir daha sübut edir. Belə ki, dövlətimiz insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı (BƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Konfransı Təşkilatı və s.) üzvüdür. Təkcə bir faktı qeyd etmək lazımdır ki,  BƏT-in 70-ə yaxın Konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın ən mühüm partnyorlarından hesab edilir. Bu gün də Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir və onlara müvafiq dövri hesabatlar təqdim edir. Beynəlxalq mexanizmlər tərəfindən irəli sürülən tövsiyələr isə daim Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində istifadə edilir.

"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamının 5-ci bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Eyni zamanda, normativ-hüquqi aktların müddəalarının beynəlxalq sənədlərə tam uyğunlaşdırılmasının da təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmanının 6-cı bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Apelyasiya məhkəmələrinə tövsiyə edilmişdir ki, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar.

Beləliklə, Azərbaycan Respublikası nəinki beynəlxalq müqavilə müddəalarının, eyni zamanda, presedent hüququnun da nəzərə alınması ilə insan hüquqlarının təminatında çox mühüm addım atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Fərmanı ilə hər il iyunun 18-i ölkəmizdə "İnsan hüquqları günü" kimi qeyd edilir. Bu isə dövlətin özünün beynəlxalq, o cümlədən mülki cəmiyyət qarşısında öhdəliklərinə bir daha qayıtması və daim xüsusi yanaşması deməkdir. 18 mart 2009-cu il tarixdə keçirilmiş referendum isə insan hüquqlarının təminatında yeni mərhələnin başlanğıcını qoymuşdur. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, ilk növbədə, insan hüquqlarının daha real təminatının əsası olan hüquqi dövlət-sosial dövlət münasibətlərini meydana gətirmiş, Azərbaycan Respublikasının sosial dövlət kimi möhkəmlənməsini, dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə, referendumla Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin başlandığını bildirmiş, insan hüquq və azadlıqlarının daha real və səmərəli təmininə şərait yaratmış, dövlət hakimiyyət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə və daha da təkmilləşdirilməsinə, dövlətimizin beynəlxalq cəmiyyətə daha sürətli inteqrasiyasının konstitusion əsaslarının inkişafına gətirib çıxarmışdır.

Bu gün də müxtəlif istiqamətlərdə insan hüquqlarının real təminatı sahəsində dövlətimiz yeni-yeni beynəlxalq sazişlərə qoşulur, kifayət qədər normativ-hüquqi aktlar qəbul edilir və ya mövcud normalar təkmilləşdirilir. Əsas məqsəd isə qloballaşma və beynəlxalq inteqrasiya dövründə insan hüquqlarının daha real təminatına və bu istiqamətdə həyata keçirilən uzunmüddətli tədbirlərin davamlılığına nail olmaqdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul edilmişdir.

Milli Fəaliyyət Planı son dövrlərdə insan hüquqları sahəsində əldə olunan ən böyük nailiyyətlərdən biri olaraq ölkəmizdə insan hüquqlarının müdafiəsinin yeni mərhələsini özündə ehtiva edir. 5 hissə və 48 bənddən ibarət olan Milli Fəaliyyət Planı qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından yenidən qurulması, insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə birləşdirmişdir.

İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən dövlətimiz bu sahədə elmi tədqiqatları və kadr hazırlığını da ön plana çəkmişdir. Belə ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsində xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə artıq neçə illərdir magistratura səviyyəsində ingilis dilində tədrisi aparılan "İnsan hüquqları" ixtisaslaşmasında bu sahədə peşəkar kadr hazırlığı həyata keçirilir. Eyni zamanda, 2013-cü ildən Bakı Dövlət Universitetinin hüquq fakültəsində "İnsan hüquqları" kafedrasının və Hüquq Klinikasının yaradılması da insan hüquqlarının tədrisi, təbliği və təminatında mühüm rol oynamaqla dövlətimizin bu sahədəki fəaliyyətinə xüsusi və önəmli dəstək verəcəkdir.

Hesab edirəm ki, bu fəaliyyətin davamı olaraq ali təhsil müəssisələrində humanitar elmlər sahəsində bakalavr və magistratura səviyyələrində kadr  hazırlığı üzrə gələcəkdə "İnsan hüquqları"nın bir fənn kimi tədrisi də insan hüquqlarının inkişafında xüsusi təkan rolunu oynaya bilər. O ali  məktəbi qurtaran şəxs ən azı hüququnu bilməlidir. Öz hüququnu bilmək həm də qarşı tərəfə həmin hüquqa riayət etməsinə ciddi təsir göstərməyə imkan yaradır. Bununla da cəmiyyətin müəyyən problemləri həll olunar. Jurnalist də biləcək ki, soz azadlığı nədən ibarətdir, onun axır nöqtəsi nədir. Onu da bilməlidir ki, bu söz azadlığı ilə bərabər, onun hansı vəzifələri var və vəzifəsini də yerinə yetirməlidir. Yoxsa, tək hüquqla məsələ həll olunmur. Hüquq, azadlıq və vəzifə qarşılıqlı əlaqədədir!

 

 

 

Lətif HÜSEYNOV:

 

- İnsan hüquqlarının daha səmərəli təmin edilməsi ilə bağlı dövlət proqramının olması çox vacibdir. Bu baxımdan beynəlxalq qurumlar "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" yüksək qiymətləndiriblər. Bu mühüm sənədin icrası istiqamətində bu günə kimi xeyli işlər görülüb, amma gəlin görək bu barədə insanlarımız nə dərəcədə məlumatlıdırlar? Hesab edirəm ki, Milli Fəaliyyət Planının icrasının işıqlandırılması arzuolunan səviyyədə deyil! Fikrimcə, kütləvi informasiya vasitələri bu sahədə daha fəal olmalıdırlar. Maarifləndirmə işinə, insan hüquqlarının təşviqinə və müdafiəsinə mətbuat və televiziyalar əhəmiyyətli töhfə verə bilərlər və verməlidirlər!

 

 

 

Bəxtiyar SADIQOV:

 

- Demokratik yüksəlişdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Azərbaycan hakimiyyəti bunu yüksək dəyərləndirir və bu istiqamətdə qeyri-hökumət təşkilatlarının da fəaliyyətini təşviq edir. Bu gün QHT-lər insan hüquqları ilə bağlı mühüm layihələr həyata keçirir və bu istiqamətdə formalaşan dövlət siyasətinə özlərinin dəyərli töhfələrini verirlər.  İstərdim bununla da bağlı öz fikirlərinizi bölüşəsiniz.

 

 

 

Rəbiyyət ASLANOVA:

 

- Əgər hüquqi dövlətin formalaşmasından danışırıqsa, bunun əsas atributlarından biri də məhz vətəndaş cəmiyyətinin mövcudluğudur. Vətəndaş cəmiyyətində qeyri-hökumət təşkilatlarının fəaliyyəti III sektorun fəaliyyəti kimi səciyyələnir. Onlar bir növ dövlət və vətəndaş arasında bufer rolunu oynayan bir strukturlardır və üzərlərinə çox böyük missiya götürürlər. Bu gün insanların ictimai iştirakçılığı, hadisələrə münasibəti, proseslərin aktiv iştirakçısına çevrilmək istəyi həmin təşkilatların yaranmasına gətirib çıxarır.

Hazırda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı mindən çox qeyri-hökumət təşkilatı mövcuddur. Bu gün elə bir qrup yoxdur ki, onun müdafiəsi ilə məşğul olan QHT olmasın. Azərbaycandakı böyük təşkilatların Avropanın qeyri-hökumət təşkilatları assosiasiyası ilə əlaqələri mövcuddur. Azərbaycanı kifayət qədər yaxşı təmsil edən, ölkədə yaxşı maarifləndirici işlər görən QHT-lərimiz var. Onlar olmasaydı, bu gün biz vətəndaş cəmiyyətinin formalaşmasından danışa bilməzdik.

Bu gün Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək bir məkandır. Nədən bunları Azərbaycan vətəndaşı bilməsin? Milli Məclisdə qəbul olunan qanunlardan, sənədlərdən niyə xəbəri olmasın? Əslində, vətəndaş bunu bilməlidir ki, qəbul olunan qanunlar onun hansı hüquqlarını təmin edir. Bu bün QHT-lərlə Milli Məclis arasında çox gözəl əlaqə var. Biz birgə səmərəli fəaliyyət göstəririk. Onların müəyyən təklifləri sonradan milli qanunvericilikdə öz əksini tapır. Ona görə də bütün bunlar göstərir ki, bu gün sadalanan məsələlərdən Azərbaycan vətəndaşı məlumatlı, xəbərdar olmalıdır.

Bu prosesi isə KİV, xüsusən də televiziya kanalları həyata keçirməlidirlər. Kanal rəhbərlikləri milli maraq və mənafeyi hər şeydən üstün tutmalıdırlar. Bu gün müharibə şəraitində olan bir dövlətin vətəndaşlarının, gənclərinin milli vətənpərvərlik ruhunda böyüdülməsi, milli-mənəvi müqavimət qüvvəsinin gücləndirilməsi sırf milli təhlükəsizlik məsələsidir və bunu həyata keçirmək tələb kimi ortaya qoyulmalıdır. Olmazmı ki, telekanallar şou proqramlarının saatlarını azaldıb maarifləndirici proqramlara xüsusi yer versinlər?

Azərbaycan teleməkanında olan gərəksiz şou proqramların tamamilə əleyhinəyəm! Çünki bunlar Azərbaycan insanının şüurunda zombiləşdirməyə gətirib çıxaran, onu bəsit kosmopolit insana çevirən zərərli proqramlardır. Əgər bir vətəndaş olaraq vətənpərvərlik və dövlətin maraq, mənafeyini qorumaq bizim vəzifəmizdirsə, bu vəzifə telekanal rəhbərləri üçün də mütləq olmalıdır.

Mən inanıram ki, 65 ildə əldə edilən uğurların davamı olacaq və növbəti illərdə biz həmin nailiyyətləri həm də öz milli qanunvericiliyimizə də gətirəcəyik. Prezident İlham Əliyevin bir əsas fikri bizim üçün çox önəmlidir ki, fəaliyyətimizin əsasında insan amili durur və bütün fəaliyyətimizin məqsədi də Azərbaycan vətəndaşı üçün, onun bu gerçəklikdə rahat, əmin-aman yaşaması üçündür. Ona görə də deyə bilərik ki, həmin qanunlar o mövcud münasibətləri özündə əks etdirərək dövrün çağırışına cavab vermək iqtidarında olacaq.

 

 

 

Lətif HÜSEYNOV:

 

- İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində qeyri-hökumət təşkilatları prinsipial əhəmiyyətə malikdir. Beynəlxalq qurumlarda uzun müddət çalışan bir şəxs kimi deyə bilərəm ki, hər hansı bir ölkədə insan hüquqlarının təmin edilməsi səviyyəsindən danışanda həmin ölkədə mövcud olan hüquq müdafiə təşkilatlarının fəaliyyəti, onlara hakimiyyət orqanları tərəfindən göstərilən münasibət mütləq nəzərə alınır.

Dövlətin insan hüquqlarının təşviqi və müdafiəsi ilə məşğul olan QHT-lərə dəstək verməsi insan hüquqlarına müsbət münasibətin göstəricisi kimi qeyd olunur. Olduqca müsbət haldır ki, Azərbaycanda QHT-lərə dövlət dəstəyini həyata keçirən qurum yaradılıb. Bu günlərdə Milli Məclis "İctimai iştirakçılıq haqqında" mühüm bir qanun qəbul etdi. Hesab edirəm ki, həmin qanun ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, vətəndaşlarımızın dövlətin idarə olunmasında daha fəal iştirak etmələrinə təkan verəcək. Bu istiqamətdə atılan növbəti addım yaxın günlərdə "Sosial sifariş haqqında" qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması olacaq.

Bir məqamı qeyd edim ki, beynəlxalq təşkilatlar insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin qərəzsizlik və neytrallıq prinsiplərinə əməl etmələrini vacib sayırlar. Bu, olduqca vacib məsələdir. Qeyri-hökumət təşkilatı nə antihökumət mövqeyində, nə də hökumət tərəfində dayanan qurum olmalıdır. Əgər hüquq müdafiə təşkilatı siyasi şüarlar səsləndirirsə, siyasi quruma çevrilirsə, o, artıq insan hüquqlarının müdafiəçisi statusunu itirmiş olur.

 

 

 

Bəxtiyar SADIQOV:

 

 - Hər bir dövlətin və cəmiyyətin inkişafı orada demokratiya və insan hüquqlarının nə dərəcədə təsbit olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Başqa sözlə ifadə etsək, demokratik dünyanın qəbul etdiyi dəyərlər olmadan inkişafı təsəvvür etmək qeyri-mümkündür. Çünki bütövlükdə demokratik dəyərlər bir-biri ilə üzvi surətdə bağlı olan və nəticə etibarilə hər bir cəmiyyətin inkişafını şərtləndirən amillərdir. Söz, vicdan, fikir, əqidə azadlığı, yaşamaq, şəxsiyyətin və ləyaqətin toxunulmazlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak, digər bu kimi hüquqlar demokratik cəmiyyətdə insan həyatının qurulmasının zəruri şərtidir.

Ümumiyyətlə, cəmiyyət həyatında müşahidə olunan fundamental dəyişikliklər hüquqi-siyasi islahatların dərinləşdirilməsini, inkişaf etmiş qabaqcıl Avropa dövlətlərinin mütərəqqi demokratik ənənələrinin mənimsənilməsinə xidmət edən fəal siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev bunu nəzərə alaraq xüsusi qeyd edir ki, respublikamızın fəal inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbuluna daha yaxşı imkanlar yaranmışdır. Bu çağırışın əsasında Azərbaycanda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan idarəetmə modelinin formalaşdırılması məqsədi dayanır.

"Dəyirmi masa"da səslənən fikirlərin ümumi qənaəti ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin uğurlu siyasətinin nəticəsi olaraq bu gün ölkəmiz dünyada hüquqi dövlət ideyasının reallaşdığı, insan hüquq və azadlıqlarının etibarlı təmin olunduğu, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif milli-dini sivilizasiyaların qovuşduğu tolerant bir məmləkət kimi tanınır. Hər ötən illə müqayisədə ölkəmizdə demokratik dəyişikliklərin insanlarımızın və cəmiyyətimizin həyatına tətbiqolunma tempi artan xətt üzrə inkişaf edir.

Bununla da "dəyirmi masa"mız başa çatır. Hər birinizə iştirakınıza və dəyərli çıxışlarınıza görə təşəkkürümü bildirirəm.

 

Azərbaycan.-2013.- 10 dekabr.- S.5.