Böyük Britaniya Parlamentinin İcmalar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik tədbiri keçirilmişdir

 

Böyük Britaniya Parlamentinin İcmalar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik tədbiri keçirilmişdir. Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor  Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr vəzifəsini icra edən Kennet Forest, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, həmçinin cəmiyyətin üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak etmişlər.

Kennet Forest İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyəti, cari ildə görülmüş işlər barədə məlumat vermişdir. Təşkilatın fəaliyyətini dəstəkləyən ayrı-ayrı şəxslərə və şirkətlərə minnətdarlığını bildirən K.Forest İngiltərə-Azərbaycan Cəmiyyətinin bundan sonra da ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini artıracağına əminliyini ifadə etmişdir.

Professor Nərgiz Paşayeva tədbirdə çıxış edərək cəmiyyətin mərhum həmsədri Lord Freyzerin xatirəsinin əziz tutulduğunu diqqətə çatdırmışdır. Lord Freyzerin Azərbaycanın həqiqi dostu olduğunu bildirən Nərgiz Paşayeva demişdir ki, həmsədr olduğu müddətdə o, ölkələrimiz və xalqlarımız arasında mədəni və humanitar əlaqələrin inkişafına böyük töhfələr vermişdir.

Həmsədr Nərgiz Paşayeva həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin tarixi, keçdiyi inkişaf yolu, reallaşdırdığı müxtəlif layihələr haqqında ətraflı məlumat vermişdir. 1997-ci ildən fəaliyyət göstərən cəmiyyətin ölkələrimiz arasında münasibətlərin inkişafında əvəzsiz xidmətləri olduğunu bildirən Nərgiz Paşayeva təşkilatın son illərdə daha fəal çalışdığını, Azərbaycanda və Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial, mədəni layihələr həyata keçirdiyini qeyd etmişdir.

Səfir Fəxrəddin Qurbanov İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfələrini yüksək qiymətləndirmişdir.

Tədbir çərçivəsində gənc azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Azərbaycan və dünya klassiklərinin əsərlərindən parçalar ifa etmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  8 dekabr.- S.4.