Daim xatırlanan iqtisadçı alim

 

Alim ömrü ən çətin, ən əziyyətli, daim axtarışda, fəaliyyətdə olan ömürdür. Ona görə də bu insanlar yüz minlərin, milyonların içindən seçilən, şam kimi əriyən ömür qismətlərini öz ardıcılları üçün nura çevirir, ziyalılıq-kamillik zirvəsini fəth edirlər. Belə şəxsiyyətlərdən biri də görkəmli elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Enerji-İnformasiya Akademiyasının akademiki, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü Aqil Əlirza oğlu Əliyev idi. Onun istər təhsil, istər elmi-pedaqoji, istərsə də ictimai mühitdə apardığı genişmiqyaslı işləri yada salsaq görərik ki, görkəmli alimin həyatı elmi axtarışlarla, fədakarlıqlarla doludur.

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində dünyaya göz açmış, 1951-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, 1953-cü ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetində işləmişdir. İqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasında əvvəlcə müəllim vəzifəsində çalışmış, az sonra kafedranın dosenti, 1973-cü ildə kafedra müdiri seçilmişdir. 1970-ci ildə iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, 1979-cu ildə professor elmi adını almışdır.

Kafedraya rəhbərlik etdiyi illərdə Siyasi iqtisad kafedrası ciddi elmi uğurlar əldə etmiş, tədris-metodik, elmi-tədqiqat və ictimai-siyasi sahələrdə qazandığı nailiyyətlərə görə dəfələrlə təhsil ocağının ən yaxşı kafedrası adına layiq görülmüşdür. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutmuşdur.

Professor Aqil Əliyev Azərbaycan Tibb Universitetinin, Azərbaycan MEA İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi şuralarının üzvü olmuşdur.

Görkəmli alim tibb kadrlarının hazırlığı məsələsinə daim diqqətlə yanaşmış və onun rəhbərliyi altında doktorluqçox sayda namizədlik dissertasiyaları müdafiə olunmuşdur. Aqil müəllimin yetirmələri onun yolunu uğurla davam etdirir, iqtisad elminin nəzəri və praktiki məsələlərinin tədqiqi ilə məşğul olurlar. Ölkənin elə bir səhiyyə müəssisəsi yoxdur ki, orada bu elm xadiminin tələbələri çalışmasınlar. Bu insanlar qayğıkeş müəllimlərini həmişə ehtiramla xatırlayır, onun məsləhətlərini, tövsiyələrini həyat məramı kimi qəbul edirlər. Vaxtilə Azərbaycan Tibb Universitetində təhsil alıb, xalqın sağlamlığı keşiyində duran hər bir həkimin yaddaşında Aqil Əliyevin xüsusi yeri var. İqtisad elminin cəfakeşi, xeyirxah və qayğıkeş alim vətəni və xalqı qarşısında xidmətlərinə görə "Şöhrət" və "Qırmızı Əmək Bayrağı" ordenlərinə, "Səhiyyə əlaçısı" döş nişanına, bir çox medal və fəxri fərmanlara layiq görülmüşdür.

Görkəmli alim 200-dək elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda, Çexiyada və digər xarici ölkələrdə çap olunmuşdur.

Yaradıcılığının ən mühüm hissəsini iqtisad elminin inkişafına və tədrisinə həsr edən professor Aqil Əliyevin tədqiqatlarında həyat səviyyəsi, istehlak problemləri xüsusi yer tutur. Bu da onun elmi maraq dairəsinin geniş və əhatəli olmasına dəlalət edirdi.

Görkəmli iqtisadçı tədqiqatlarında sosial sahənin, konkret olaraq səhiyyənin inkişafı ilə iqtisadiyyatın inkişafı arasında qarşılıqlı əlaqənin olmasını əsaslandırır, insan sivilizasiyasının taleyinə ciddi təsir edən səhiyyənin problemlərini ortaya qoyurdu. Aqil Əliyev SSRİ məkanında, o cümlədən respublikamızda bu sahənin iqtisadiyyatı problemləri ilə məşğul olan ilk iqtisadçı alimlərdən idi. "Azərbaycanda ərzaq proqramının mahiyyəti və mənbələri", "Həkim əməyi və elmi-texniki tərəqqi", "ATİ-nin maddi-texniki bazasının möhkəmləndirilməsinin iqtisadi məsələləri", "Səhiyyənin iqtisadiyyatı" kimi əsərlərində sübut etmişdi ki, səhiyyənin qeyri-istehsal sferasına aid edilməsi nisbi xarakter daşıyır, buraya sərf edilən əməyi qeyri-məhsuldar əmək adlandırmaq olmaz. Səhiyyənin inkişafı ictimai istehsalın inkişafına, onun səmərəliliyinə bilavasitə təsir göstərir.

Professor Aqil Əliyevin sosial sahələrin, o cümlədən səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsinə dair konkret faktlarla əsaslandırılmış fikirləri bu gün müstəqil respublikamızda aparılan islahatların elmi bazasının möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Aqil Əliyev nəşr etdirdiyi əsərlərdə yazırdı ki, səhiyyə xidmətlərinin istehlakının artımı əhali məskunlaşmasının inkişafında başlıca amildir. Şəxsi istehlakın inkişafının sosial nəticələrindən ən mühümü əhalinin ölüm səviyyəsinin aşağı düşməsi və əhalinin orta yaşayış davamlığının artımıdır. Cəmiyyət qarşısında yaranan problemlərdən biri də əhalinin qocalmasıdır. Sosial planlaşdırma təkcə qocalığa maddi təminatın zəruriliyini deyil, həm də tibbi xidmətin yaxşılaşdırılmasını nəzərə almalıdır.

Professorun əsərləri arasında müasir dövrbazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar da xüsusi yer tutur. Bu sahədə onun bir neçə monoqrafiyası və 80-nə yaxın əsəri çapdan çıxmışdır. Həmin əsərlər içərisində "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri", "İpək Yolu"nun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti", "Özəlləşdirmə və sahibkarlıq fəaliyyətinin inkişafı", "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri", "Azərbaycan gömrüyü iqtisadi inkişaf yollarında", "İnnovaüii i investiüii" (Moskva, rus dilində), "Səhiyyənin iqtisadiyyatı", "Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri", "Naxçıvan qədim diyardır", "Milli iqtisadiyyatımızın aktual problemləri", "Demokratikləşmə milli iqtisadiyyatımızın inkişafının əsasıdır", "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)" adlı ikicildlik ensiklopedik əsər (professor Ə.Qasımovla birlikdə) və s. xüsusi yer tutur.

2001-ci ildə işıq üzü görən ikicildlik "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)" ensiklopedik toplum dəfələrlə mətbuat səhifələrində dəyərli bir tədqiqat kimi qiymətləndirilmişdir. Həmin kitabı yazmaq üçün müəllif Naxçıvan diyarının tarixini, coğrafiyasını, iqtisadiyyatını, sosial həyatını, məişətini, səhiyyəsini, maarifini, mədəniyyətini hərtərəfli öyrənmişdir. Naxçıvanda dünyaya göz açmış şairlərin, yazıçıların, ədiblərin, generalların, admiralların, dövlət xadimlərinin, akademiklərin, incəsənət işçilərinin həyat və fəaliyyəti araşdırılmışdır. Bu isə tədqiqatçıdan çox böyük səriştə, səbir, akademik mədəniyyət və qüdrətli qələm tələb edirdi. Aqil Əliyev bu nəhəng işin də öhdəsindən layiqincə gəlmiş və fundamental bir əsəri oxuculara təqdim etmişdir.

Professor Aqil Əliyev beynəlxalq və respublika əhəmiyyətli bir çox elmi-praktik konfransların, simpoziumların və seminarların iştirakçısı olmuş, həmin elmi məclislərdə Azərbaycanın iqtisad elmini layiqincə təmsil etmişdir.

Görkəmli alimin "İpək Yolu"nun bərpası bəşəriyyətin tərəqqi yoludur" monoqrafiyası da geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Monoqrafiyada həm İpək yolunun tarixi, ayrı-ayrı ölkələrin iqtisadiyyatında oynadığı rol, həm də Şərqlə Qərbin mədəni əlaqələri öz əksini tapmışdır. Əsərdə bərpa olunacaq tarixi İpək yolunun gələcək presipektivləri də nəzərdən keçirilmişdir.

Aqil Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənilməsində yaxından iştirak etmiş, "Əhalinin sağlamlığının qorunması" problem komissiyasının sədri olmuşdur. Əhalinin sağlamlığının qorunması bölməsi onun tərəfindən tərtib edilərək kompleks proqrama daxil edilmişdir. Alim müasir ruhlu tədqiqatçı olaraq bu günaktual olan, sabah da əhəmiyyətini itirməyən məsələləri elmi araşdırmaya cəlb etmiş, uğurlu nəticələrə nail olmuşdur.

 

Aqil Əliyevin həyatı müəllimliyin, ziyalılığın, alimliyin birgə vəhdətinin ifadəsi idi. O, ayrı-ayrı məsələlərə öz prinsipial mövqeyielmi səviyyəsi baxımından qiymət verməyi bacarırdı. Söhbətlərində güclü məntiq və səlislik diqqəti cəlb edirdi. Hiss olunurdu ki, geniş mütaliə sahibidir. Onun söhbətləri hər bir dinləyici üçün intellektual təfəkkürün inkişafı idibu söhbətlər yaddaşlarda əbədi qalırdı. Görkəmli alim gəncləri çox sevirdi, onlara inanır, qayğı göstərir, əməklərini qiymətləndirirdi. Bu şəxsiyyətin böyüklüyü onda idi ki, başqasının həqiqətini anlamağa çalışır, öz subyektiv istəklərini önə çəkməyib, nəyin yaxşı, nəyin pis olduğunu obyektiv meyarlarla müəyyənləşdirirdi. O, aydın nitqi, ağayana davranışı və xeyirxahlığı ilə də yaddaşlarda dərin iz buraxıb. Görkəmli iqtisadçı alim bütün ömrünü doğma xalqının işıqlı sabahı naminə yaşamış, gənc nəslin təlim-tərbiyəsi sahəsində qüvvəsini əsirgəməmişdi. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında örnək idi.

Aqil müəllim əməksevər, zəhmətkeş bir alim idi, həyatda nə qazanıbsa, nəyə nail olubsa, gərgin əməyinin, zəhmətinin sayəsində əldə edib. O, hər çətinliyə mətanətlə dözürdü, işini səbrlə, təmkinlə, ağlının, idrakının gücü ilə yoluna qoyurqalib gəlirdi.

Aqil müəllim mənəvi zənginliyi maddi zənginlikdən üstün tutur, böyüklüyü, dahiliyi qədər də sadəliyi, munisliyi vardı, o hamıya bir gözlə, bir nəzərlə baxırdı, doğmalıq-ögeylik, yaxınlıq-yadlıq, tərəfkeşlik, yerliçilik bu insana yad idi. Bütün Azərbaycan onun doğma yurdu, bütün azərbaycanlılar isə dostu, qohumu idi.

Kamil, müdrik insan idi. Ulu Tanrı bütün ali keyfiyyətləri Aqil Əliyevdən əsirgəməmişdi.

İşinə diqqətli, vəzifəsinə məsuliyyətli idi Aqil müəllim. 30 ilə qədər Azərbaycan Tibb Universitetində kafedra müdiri vəzifəsində işlədiyi kollektivə ləyaqətlə rəhbərlik etdi, bir dəfə də xətaya yol vermədi.

Bütün bunlarla bahəm, o həm də işıqlı bir ziyalı idi. Nüfuzunu, ürəyinin atəşini vətənin tərəqqisinə, millətinin işıqlı gələcəyinə sərf etdi.

Səmimiyyəti, xoş rəftarı ilə fərqlənir, hamını öz yaxını, dostu hesab edərək hər kəsin qeydinə qalırdı. Niyə uzağa gedirik? Elə bizimişimiz bərkə düşəndə yaxın dost kimi, həyanımız, köməyimiz olurdu.

Bu xasiyyəti idi onu insanlara sevdirən. Yaxşı deyiblər: "Sevməsən sevilməzsən". Bəli o, sevə-sevə, sevilə-sevilə insanlıq, alimlik zirvəsinə ucalmışdı.

Universitetimizin rəhbərliyi, ümumiyyətlə professor-müəllim heyəti, tələbələrimiz böyük alimin xatirəsini daim əziz tutur, xidmətlərini yüksək qiymətləndirirlər. Aqil müəllimin xatirəsini əbədiləşdirmək üçün vaxtı ilə onun rəhbərlik etdiyi kafedrada ayrıca guşə yaradılmışdır. Burada Aqil Əliyevin həyatını əks etdirən fotostend tərtib olunmuş, elmi kitabları, məqalələri onunla bağlı bir sıra lazımi materiallar toplanmışdır.

 

 

Şahnabat AKİMOVA,

Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi

 Niyazi NAMAZOV,

baş müəllim

Azərbaycan.-2013.- 10 dekabr.- S.10.