Bakıda «Yaşayan Yunus İmrə» Beynəlxalq elmi konfransı keçirilmişdir

 

Dekabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında "Yaşayan Yunus İmrə" mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və mətbuat müşavirliyinin, Türkiyənin Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi Bakı proqram əlaqələndirmə ofisinin təşkilatçılığı ilə keçirilən konfransda türk xalqlarının ədəbiyyat, incəsənət və mədəniyyət nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli demişdir ki, XIII yüzilliyin yetişdirdiyi təsəvvüf şairi Yunus İmrə təkcə türk xalqlarının deyil, həm də türk-islam sivilizasiyalar dünyasının böyük şairidir. İlahi varlığa yaxınlığın yolları, onun varlığına inam, insanların könül dünyasında Allah sevgisi yaratmaq, onları haqq yoluna çağırmaq onun ilahi şeirlərinin əsas mövzusu idi. Yunus İmrə 700 il bundan əvvəl günümüzə uzanan ortaq bir dil körpüsü yaratmışdır. Onun yazdığı sadə ilahilər türk dilinin gözəlliyini ortaya qoymuşbu dilin geniş imkanları olduğunu göstərmişdir.

İnstitutun direktoru bildirmişdir ki, türk ədəbiyyatında Yunus İmrənin həyat və yaradıcılığı müxtəlif yönlərdən araşdırılmışdır. Azərbaycan ədəbiyyatşünaslığında isə şairin yaradıcılığına maraq XX əsrin əvvəllərindən başlamışdır. Yunus İmrənin qəbrinin Qaxda olması inamı Azərbaycanda bu türk övliyasına olan məhəbbətdən xəbər verir. Böyük sənətkar haqqında Azərbaycanda dissertasiya müdafiə edilməsi, monoqrafiyaelmi məqalələrin çap olunması ölkəmizdə Yunus İmrənin ölməz sənətinə olan marağın və sevginin ifadəsidir.

Qeyd edilmişdir ki, "Yaşayan Yunus İmrə" konfransı ortaq türk dəyərlərinin formalaşmasına, eyni zamanda yaradıcı insanlar arasında da əlaqələrin inkişafına özünün sanballı töhfələrini verəcəkdir.

Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun "Yaşayan Yunus İmrə" Beynəlxalq konfransının Bakıda keçirilməsini Azərbaycanın əldə etdiyi uğurlardan biri kimi dəyərləndirmişdir. Səfir indiki qlobal münaqişələr dövründə konfransın dostluq, həmrəylik və birlik körpülərinin daha da möhkəmlənməsinə zəmin yaradacağını, o cümlədən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinə əhəmiyyətli töhfə verəcəyini vurğulamışdır.

Konfransda Bakı Yunus İmrə Türk Mədəniyyət Mərkəzinin sədri Səriyyə Gündoğdu, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və mətbuat müşaviri Seyid Əhməd Arslan və AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutu direktorunun müavini Teymur Kərimli çıxış edərək Yunus İmrəni yetişdirən mühitdən, onun insanları sevgiyə səsləyən şeirlərinin bədii-estetik xüsusiyyətlərindən danışmışlar.

Şeirlərində insanları öz içində haqqı tapmağa və sevgiyə səsləyən Yunus İmrənin yaradıcılığının bu güntürkdilli xalqların elmi dairələrində, ədəbi mühitində geniş öyrənildiyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Yunus İmrənin könülləri titrədən şeirləri türk dilinin incisidir.

Çıxışlarda vurğulanmışdır ki, Yunus şəxsiyyəti Allahın insanlığa böyük bir lütfüdür. Yunus İmrənin  zaman-zaman insanların yaddaşından adlayıb gəlmiş fəlsəfi şeirləri və müdrik kəlamları onun sözünün ölməzliyindən, əbədiliyindən xəbər verir. Bu böyük türk şairi onu sevənlərin könlündə daim yaşayacaqdır.

Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Bölmələrdə Yunus İmrənin həyat və yaradıcılığı ilə bağlı 70-dən artıq məruzə dinlənilmişdir.

 

Azərbaycan.-2013.-10 dekabr.-S.11.