Türkiyənin Eskişehir şəhərində ulu öndər Heydər Əliyevin

xatirəsinə həsr olunmuş şahmat turniri və anma mərasimi

 

Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Eskişehir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirianma mərasimi keçirilmişdir.

Eskişehirin 19 May Gənclik mərkəzində keçirilmiş şahmat turnirində Ankara, İstanbul, İzmir, Bursa və Eskişehirdəki universitetlərdə təhsil alan azərbaycanlı  tələbələr iştirak etmişlər. Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin nümayəndəsi Ramil AğayevEskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın turnirin qaliblərinə mükafatları təqdim etmişlər.

Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü münasibətilə Eskişehir Anadolu Universitetində keçirilmiş mərasimdə iştirak edən şəhər valiliyi və bələdiyyəsinin nümayəndələri, azərbaycanlı tələbə və müəllimlər xalqımızın ümummilli liderinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Eskişehirdəki Osman Qazi Universitetinin professoru Tamilla Əliyeva tələbələr qarşısında xalqımızın ümummilli liderinin zəngin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Məruzədə Heydər Əliyevin xilaskarlıq missiyası, dövlətçiliyin möhkəmlənməsi və ölkəmizin davamlı sosial-iqtisadi yüksəliş yoluna qədəm qoyması, Türkiyə və türk dünyası ilə əlaqələrin ən yüksək səviyyəyə inkişaf etməsi fikirləri əksini tapmışdır.

Türk dünyasının dahi şəxsiyyətinin xatirəsi Türkiyədə də əziz tutulur. Qardaş ölkənin bir çox ali təhsil ocaqlarında, o cümlədən  Eskişehirdəki Anadolu Universitetində də Heydər Əliyev Elm və Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə gənclər türk dünyasının ən böyük siyasət və dövlət xadimlərindən biri olan Heydər Əliyevin irsini öyrənirlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Eskişehir

Azərbaycan.-2013.-10 dekabr.-S.12.