Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığı

 Baş İnvestisiya Qurumu sədrinin başçılıq etdiyi nümayəndə

 heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyanın həmsədri Əbdüllətif Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Cənab Əbdüllətif Əhməd Əl-Osman İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi. Əbdüllətif Əhməd Əl-Osman Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduqlarını dedi. İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudun ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduğunu deyən qonaq bu münasibətlərin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd etdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın əsas tərəfdaşlarından biri olan Səudiyyə Ərəbistanı Krallığı ilə ölkəmiz arasında əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev bu əməkdaşlığın böyük potensiala malik olduğunu dedibu istiqamətdə mühüm irəliləyişlər əldə ediləcəyinə əminliyini bildirdi.

Dövlət başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 11 dekabr.- S.1.