AZƏRBAYCAN ZİRVƏSİ

 

  Azərbaycan Respublikası Milli Məclisinin böyük iclas salonu...

Çağdaş tariximizdə yeri xüsusi olan bir məkanda, illər əvvəl Ulu Öndər Heydər Əliyevin tikib-ucaltdığı, acılı-şirinli günlərimizə şahidlik etmiş divarların əhatəsində 2013-cü ilin xoş bir payız günü, Prezident İlham Əliyevin andiçmə mərasiminə toplaşmışıq...

Prezidenti gözləyirik - dövlətə və xalqa növbəti sədaqət andını içərək, şanlı missiyasının yeni mərhələdə davamına başlayacaq...

Ətrafa nəzər sala-sala həm də yaddaşıma üz tuturam. Bu divarlar, bu məkan nələrin şahididir... Siyasi qovğalar, məmləkəti uçuruma aparan ambisiyalar, ərazi itkilərinə rəvac verən intriqalar, ən nəhayət, Azərbaycanın "olum, ya ölüm" seçimi qarşısında qalarkən ən doğru yolu müəyyənləşdirərək, Qurtuluş missiyasının başlanması da bu məkanın xatirələr silsiləsindədir.

Bəli, müasir tariximizin ən məşəqqətli səhifələrinin yazıldığı bu məkan indi inkişaf salnaməmizin ən uğurlu fəslinin başlanmasına şahidlik edirdi...

"Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək" - inauqurasiya nitqi zamanı Prezidentin səsləndirdiyi bu kəlmələri qürurla dinləyib alqışladığım zaman anidən Azərbaycanın bütöv tarixi kino lenti kimi gözlərimin önündən keçdi.

Ulu Öndəri düşündüm - Onun işıqlı çöhrəsini, gülümsər gözlərini...

İllərin o üzündən eşidilən qətiyyətli səsini duydum. Bu günün möhtəşəm nailiyyətlərinin müjdəsi Onun 20 il öncəki nitqində belə verilirdi: "Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur. Biz bu yolla gedirik və gedəcəyik. Bizi bu yoldan heç kəs döndərə bilməyəcəkdir! ...Bütün Azərbaycan vətəndaşlarına üzümü tutaraq bir daha deyirəm: indi Azərbaycanın müstəqilliyi xalqımızın öz əlindədir. Bu gün bir daha bəyan etməliyik ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və bu yolda hamımız əl-ələ verərək çalışmalıyıq!"

Ulu Öndəri düşündüm - 1993-cü ilin, ağır, təlatümlü günlərində xalqın ürəyində közərtdiyi bu ümidlərin illər sonra tam reallığa çevrildiyi yerdə, Onun özünün ömrün bivəfalığından cismən iştirak edə bilməməsi, qəlbimi sızlatdı.

"Kaş bu kəlmələrin səsləndiyi anlarda Heydər Əliyev də önümüzdə olsaydı" deyə xəyal etdim... O da bu sözləri sağlığında öz davamçısından duya biləydi, Azərbaycanın minillik tarixi boyu gəlib çatdığı bu möhtəşəm günün sevincini Heydər Əliyev də bizimlə birgə yaşayaydı...

Amma elə o an da insanın cismani dünyasının faniliyini, əbədi ömrünsə hər kəsin əməllərinə köçdüyünü, qurub-yaratdıqlarında əbədiləşdiyini xatırladım. 20 il sonra müstəqil Azərbaycanın milli dövlətçilik tariximizdəki ən qüdrətli mərhələyə çatması barədə Prezident İlham Əliyevin səsləndirdiyi qətiyyətli kəlmələr bu anda sadiqliyin, Azərbaycan xalqının Heydər Əliyev ideyalarına olan inamının, on illər ərzində bu ideyaların işığında üst-üstə yüksəlib bu günün Azərbaycanının sarsılmaz bünövrəsinə çevrilmiş nəcib əməllərin təntənəsi idi.

Xəyalən bu əməllərin hamısını bir yerə toplayıb, eyni şəkildə təsəvvür edirəm: müstəqil Azərbaycan dövləti və bu dövləti kərpic-kərpic ucaltmış Heydər Əliyevin əzəmətli surəti gözlərim önündə bütün möhtəşəmliyi ilə canlanır.

Haradan baxıramsa, Azərbaycanda Heydər Əliyevi görürəm, Heydər Əliyevdə isə Azərbaycanı...

 

Tanrının birgə yazdığı tale kimi, əməllərlə yüksəldilmiş əbədiyyət abidəsi kimi...

O, bütün ömrünü Azərbaycanın indiki nailiyyətlərinə həsr etmişdi və indi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyevin ömrünün davamıdır.  

Və bu həqiqət Heydər Əliyevsiz on ilin xiffətini unutduran ən böyük təsəllidir.

Ötən əsrin 30-cu illərinin Azərbaycanında doğulanları ümumi tale birləşdirir. Stalin repressiyası dövründə dünyaya gəldik. Doğmalarımızın bizə zillənmiş sevgi, mərhəmət, şəfqət dolu baxışlarında qəribə bir qorxu və inamsızlıq da vardı. İndiki nəslin, şükürlər ki, təsəvvürə belə gətirə bilməyəcəyi belə ürkək baxışlar o illərdə insanların iç dünyasında yaşanan vahimənin, sabaha olan inamsızlığın, qeyri-müəyyənliyin, ümidsizliyin izharı idi.

İnsanlar sevmədikləri, qorxub çəkindikləri, qəlbin dərinliyində isə nifrət bəslədikləri bir sistemə, bir rəhbərə kor-koranə itaət etməyə məhkum idilər.

İkinci cahan savaşının keşməkeşlərində böyüdük. Hər gün cəbhədən doğmalarımızın qara kağızını gözləyə-gözləyə, gündüzlər tarlalarda ailə üzvlərimizlə birlikdə sümüklərimiz sızlayana qədər çalışıb, gecələr qara çıraq işığında kitablar aləminə baş vura-vura yaşa dolub dünyanı dərk etməyə başladıq və belə bir dünyanın içərisində xoş gələcəyin xəyallarını qurduq...

Gəncliyimiz sovet dövrünün ən çətin sosial mərhələsinə düşdü. Biz kommunist rejimində yaşayan, Ümumittifaq sosialist dövlətinin tərkibində müstəqilliyini itirmiş, ancaq bəzi dövlətçilik atributlarına malik Azərbaycanın vətəndaşları idik. Xalq həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, insanların bir qisminin müstəqillik, milli azadlıq hisslərini itirmədiyini, xalqın bu hissləri daxilində yaşatdığını, qeyri-müəyyən, məchul, xəfif şəkildə də olsa, milli azadlığa, istiqlala can atdığını duyub-hiss etmək olardı.

Cəmi bir neçə il keçəcək, xalqın istiqlal ruhunun tərcümanı olan Milli Lider -  Heydər Əlirza oğlu Əliyev hakimiyyətə gələrək belə bir qeyri-müəyyənliyin, məchulluğun içindən gələcəyə doğru aydın yol müəyyənləşdirməklə bu meyli gələcək müstəqilliyin sosial-iqtisadi, mədəni-siyasi əsaslarına çevirəcəkdi.

Respublikanın iqtisadiyyatı yüksək sürətlə inkişaf etdiriləcək, xalqımızın mədəni, təhsil səviyyəsi yüksələcək, Azərbaycanda böyük iqtisadi, sosial və mədəni-intellektual potensial yaranacaqdı.

Azərbaycanda 15 iyun təqvimdə Milli Qurtuluş Günü kimi təsbit edilmişdir. Əlbəttə, bu, 1993-cü ilin iyununda yaşanan ağır günlərin, 15 iyun günü Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin, xalqımızın xilası naminə hakimiyyətə qayıdışı faktının tarixi mahiyyətindən irəli gəlir.

Amma etiraf edim ki, Azərbaycanda Qurtuluş Gününün 15 iyundan götürülməsi ilə tam razı deyiləm. Çünki, fikrimcə, Azərbaycanın Qurtuluş Günü, əslində, Heydər Əliyevin Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edildiyi 1967-ci ilin 21 iyun günündən başlanır. Heydər Əliyev bu vəzifədə ilk azərbaycanlı idi və Heydər Əliyevin şəxsində ilk azərbaycanlının belə bir strukturda ən yüksək mərtəbəyə gəlib çatması, Azərbaycanın qurtuluşunun, ilk növbədə, şüurlarda başlanması, təfəkkürlərdəki qadağa buzunun əriməsi, milli düşüncənin qüdrətli bir himayədar qazanması sayıla bilərdi.

1969-cu ilin 14 iyul günü Ulu Öndərin Azərbaycana rəhbərlik missiyasını üzərinə götürməsi isə milli dövlətçilik mübarizəmizin ən müəzəffər tarixi zəfəri oldu.

Heydər Əliyev birinci dəfə hakimiyyətə çətin bir zamanda gəlmişdi. Onda Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Azərbaycana SSRİ-nin ucqar əyalətlərindən biri, uçuz xammal mənbəyi kimi baxırdılar. Ölkənin inkişafı qeydinə qalan yox idi. 1960-cı illərin sonlarına doğru vəziyyət lap çətinləşmişdi. Sosial-iqtisadi həyatın bütün sahələrində geriləmə addımbaşı özünü hiss etdirirdi. Mənfi meyillər güclənərək getdikcə daha dərin kök salırdı. Gizli qrupların hakimiyyət uğrunda mübarizəsi getdikcə daha eybəcər şəkil alırdı. Ən ağrılısı isə cəmiyyətin mənəvi-pxisoloji durumunda təzahür edən aşınma meyilləri idi. Respublikada kosmopolit bir hava duyulurdu. Milli kadrların hazırlanması, milli dilin inkişaf etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında azərbaycanlıların irəli çəkilməsi barədə danışmağa belə dəyməzdi. Bu yöndə irəli sürülən təşəbbüslərin qarşısı dərhal alınırdı.

Azərbaycan ictimai fikrinin inkişafında əhəmiyyətli rol oynayan Bakı kimi böyük mədəniyyət mərkəzləri "beynəlmiləlçi" yanaşmanın təsiri alında öz milli simasını itirirdi. Əyalətlərdən öz arzularının ardınca Bakıya, başqa böyük şəhərlərimizə gəlmiş gənclər buralarda özlərini tapa bilmirdilər, illərlə kirayələrdə ömür sürür, özlərinə ev, ocaq qura bilmir, yad, ögey münasibətlərin mühitində depressiyaya qapılırdılar.

Cəmiyyətdə ədalət meyarları aşınmışdı. Halal-haram bir-birinə qarışmışdı. Dövlət strukturlarındakı havadarların dəstək verdiyi gizli sexlərin fəaliyyəti hesabına kölgə iqtisadiyyatı tüğyan edirdi. Belə bir zamanda Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsirinin qarşısını almaqdan ibarət olmalı idi. Heydər Əliyev milləti siyasi müstəqilliyinə doğru aparan ilk addımın onun iqtisadi azadlığından irəli gəlməsinin, təbii ki, fərqində olmaya bilməzdi və belə bir azadlığın əldə olunmasından ötrü O, dinclik bilmədən çalışırdı.

Heydər Əliyev keçmiş SSRİ-nin inkişaf baxımından ən geridə qalmış, insanları kasıblıq, qıtlıq içində min bir zillət çəkən ölkəsini təhvil aldı, cəmi bir neçə il içərisində Azərbaycanı İttifaqın 3 ən qabaqcıl respublikalarından birinə çevirdi!

O dövrdə Heydər Əliyevin rəhbərliyi altında görülmüş işlər barədə təfsilatı ilə söhbət açmaq, faktları ard-arda sıralamaq üçün cild-cild kitablar yetməz. Bir məqalədəki təəssüratlarımız həcmində isə bütün bu faktları, təfərrüatları ümumiləşdirirək, yalnız onu qeyd edə bilərik ki, Onun yorulmaz fəaliyyəti nəticəsində 1969-1982-ci illər - baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın milli dövlətçilik tarixinin o dövrədək ən parlaq səhifələri idi...

Heydər Əliyev şəxsiyyəti, Onun Azərbaycan tarixindəki yeri və rolu xalqın əsrlər boyu toplanmış milli enerjisinin, tarix boyu qazandığı mənəvi nailiyyətlərin, milli ruhunun seçkin insanların ömürlüyündən yol gələ-gələ konkret liderin həyat və fəaliyyətində ən yüksək zirvəsinə çatması idi.

Bəli, Heydər Əliyev Azərbaycan tarixinin min illər ərzində ömürlərdən-ömürlərə əmanət edib boya-başa çatdırdığı, hər işıqlı ömürdən bir zərrə pay verib yetirdiyi - dünyanın ən böyük azərbaycanlısı idi!

Dədə Qorqud müdrikliyi, Babək əzmi, Nizami Gəncəvi bəsirəti, Şah İsmayıl ruhu, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi ziyası, Azərbaycan Xalq Cümhuriyyətini qurub-yaratmış zəka sahiblərimizin vətənpərvərliyi və idrakı Heydər Əliyev şəxsiyyətində təcəlla tapmışdı.

Ulu öndərin hər əməlində bu insanlardan, onların ideallarından bir nişanə var. Amma fərq ondadır ki, Heydər Əliyev bu dəyərli böyüklərimizin axıra yetirə bilmədiyi müqəddəs vəzifələri məntiqi sonluğuna uğurla çatdıra bildi!

Həzrəti-Məhəmməd (ə.s.) buyururdu ki: "Bir gün ədalətlə iş görmək, altmış il ibadət etməkdən üstündür".

İndi özünüz təsəvvür edin: 60 il ədalətlə iş görən KİŞİnin - Heydər Əliyevin mənəvi ibadətinin müddəti nə qədərdir?!.

 

Heydər Əliyev öz əməlləri ilə zəmanəsinin ən adil insanı idi. O, cəmiyyətə ədalət gətirdi. Hansısa sahədə irəli getmək, müəyyən bir mövqe sahibi olmaq üçün istedadı, bilik və bacarıqları, mənəvi-əxlaqi keyfiyyətləri yeganə meyara çevirdi, öz imkanlarını ifadə etmək istəyən hər kəsə meydan açdı, şərait yaratdı.

Heydər Əliyev sıravi Azərbaycan insanının təknəsinə çörək verdi, insanların gündəlik dolanışığını yüksəltdi, süfrələrə ruzi-bərəkət gətirdi, insanların əyin-başı, tələbatları, həyat tərzi dəyişdi, müasirləşdi.

Azərbaycan kəndlisi əsrlərdir yaşadığı qara damlardan, palçıq daxmalardan yavaş-yavaş çıxdı. Onun sayəsində, kəndlərimizdə ilk dəfə ikimərtəbəli, kürsülü daş evlər dikəldi, aradan keçən aylar-illər belə evlərin sayını artırıb yan-yana sıraladı. Ölkəni başdan-başa nurlandıran elektrik lampaları, şəhərlərimizə, qəsəbələrimizə, kəndlərimizə doğru uzanan qaz xətləri ilə Heydər Əliyev evlərə işıq, hərarət gətirdi. Çəkdirdiyi yollarla, bina etdiyi körpülərlə uzaq yollarımızı yaxın etdi, insanların mənəvi dünyasında bir aləm savab qazandı. Onun yaratdığı imkanlar sayəsində Azərbaycanda avtomobil sahibi olanların sayı artdı, bir zamanlar ucqarlarda böyük möcüzə kimi qarşılanan avtomobil sıravi azərbaycanlının həyatında adi məişət texnikasına çevrildi.

Heydər Əliyev biliyindən, bacarığından başqa güvənc yeri olmayan kasıb gənclərimizə əsl ata kimi arxa durdu, kiminsə, vəzifə, pul, nüfuz gücünə onların haqqını yeməsinə imkan vermədi, Azərbaycan balalarını keçmiş İttifaqın ən hörmətli universitetlərində oxutdu, əllərini çörəyə çatdırdı, şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə tikdirdiyi mənzillərdə ev-eşik sahibi elədi.

Həmişə düşünmüşəm ki, ən müdrik rəhbər heç də insanların hansısa dərdinə əncam çəkən, problemini yoluna qoyan rəhbər deyil, bütün bunları aradan qaldırmaq üçün ona inam verən, ümidləndirən şəxsdir.

Heydər Əliyev öz ədaləti ilə Azərbaycana ümid gətirdi...

Heydər Əliyev insanları halal zəhmətə alışdırdı. Bir tərəfdən öz qətiyyəti, sərt addımları ilə fərdləri bəd əməllərdən, intriqalardan, çəkişmələrdən uzaqlaşdırdı. Başqa tərəfdən də müdrikliyi, ustadlığı ilə uğura, qazanca doğru aparan ən düzgün yolun halallıqdan, düzgünlükdən, zəhmətsevərlikdən keçdiyini öyrətdi.

Heydər Əliyevin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil edirdi.

Heydər Əliyev o dövrdəki mövcud ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya gizli formada olsa belə, müxalif qalaraq, Azərbaycanda milli ruhun məhv edilməsinə yol vermədi. Üstəlik, bu ruhu yüksəltməkdən ötrü bütün imkanlardan faydalanmağa çalışdı.

Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, yazıb-yaratdıqlarının alt qatında milli-mənəvi ideallara, müstəqillik dəyərlərinə aparan yolları aramaq imkanları yaratdı.

Ulu Öndərin bütün bunları nümayişkəranə şəkildə etdiyini yazsaq, onun ruhuna yaraşmayan tərzdə qeyri-səmimilik göstərmiş olarıq. Heydər Əliyev bunu özünəməxsus müdrikliklə, ilk baxışdan kimsənin duyub-başa düşməyəcəyi bir şəkildə edirdi.

 

O, dövlət orqanlarının, təhlükəsizlik strukturlarının Azərbaycanda dissident ovuna çıxmasına imkan vermirdi. Hər hansı faktın səs-küyünü böyük məharətlə yatıra bilirdi. Problemləri məhdud bir çevrədə sakitliklə yoluna qoymağı, bunun milli düşüncəli Azərbaycan ziyalıları üçün hər hansı təzyiqlərə çevrilməsini qabaqlamağı bacarırdı.

Cəsarətli çıxışları ilə xüsusi xidmət orqanlarının nəzər-diqqətini cəlb etmiş alimlərin, şairlərin, yazıçıların cəzasının ziyansız xəbərdarlıqla, bəzən yüngül tənbehlə məhdudlaşdırılmasına müvəffəq olurdu. Az sonra isə həmin şəxslərin adları aram-aram ən ali dövlət təltiflərində görünürdü, yüksək mükafatlarda əksini tapırdı. Heydər Əliyev bununla onları ürəkləndirirdi, arxalarında dayandığını sezdirirdi.

Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyət tarixində iz qoymuş böyük şəxsiyyətlərin bütün ölkə boyu abidələrini ucaltmaqla, ev muzeylərini yaratmaqla, xalqın milli özünüdərk məsələsini özünəməxsus tərzdə gündəmə gətirirdi. Bu şəxsiyyətlərin obrazında ifadəsini tapan milli ideyaları insanların gündəlik həyatına, ictimai düşüncəyə daşıyırdı.

Heydər Əliyev ulu Cavidin nəşini uzaq Sibirdən Azərbaycana - Naxçıvana gətirən, bununla da, milli təfəkkürümüzdə Cavid məfkurəsini dirildən, bu ideyalara yenidən həyat verən və bu cür cəsarətli addımların işığında azərbaycanlıların gözlərindəki 30-cu illərin qorxu-ürküsünü silib insanların baxışlarını sevgi ilə, ümidlə, qətiyyətlə nurlandıran milli lider idi.

Heydər Əliyev ən böyük vətəndaş idi. O, milli maraqları, azərbaycançılıq ideyasını, hələ sovet dövründə milli varlığımızın ən böyük rəmzinə çevirmişdi!

Heydər Əliyev dünyanın ən cəsarətli vətənpərvərlərindən idi. Azərbaycanın adı, Azərbaycanın maraqları olan yerdə, kimlərsə bu maraqları bütün oyun qaydalarına, haqq-ədalət mizanına zidd bir şəkildə həyasızcasına tapdamağa qalxdığı yerdə, ütülü diplomatik davranışların fayda vermədiyi anda Heydər Əliyev, bunun sonunu düşünmədən çılğınlıqla hətta ən sərt addıma əl atacaq qədər, keçmiş SSRİ imperiyasının ən yüksək kürsüsündə imperiyanın rəhbəri M.Qorboçovla döş-döşə gəlib ona əsl yerini nümayişkəranə şəkildə göstərəcək qədər cəsur idi.

1990-cı ilin 20 yanvarında Bakıda yüzlərlə vətəndaşımızın qanının axıdıldığı, həyatına son qoyulduğu o müdhiş gecənin səhəri ailə üzvlərini başına toplayıb Azərbaycanın Moskvadakı nümayəndəliyinə tələsəcəkdi. İmperiyanın keçmiş rəhbərlərindən biri kimi dövlət qarşısında hələ də müəyyən siyasi öhdəlikləri, məsuliyyəti olan partiya-dövlət xadiminə, KQB generalına, onun ailə üzvlərinə qarşı qəfil sui-qəsd, həbs, hücum təhdidlərinə rəğmən xarici media mənsublarının önünə çıxacaqdı. Bu faicənin əsl günahkarlarını bütün dünyanın gözü önündə ifşa edəcəkdi. Azərbaycanın adı olan hər yerdə Heydər Əliyev belə bir cəsarət sahibi idi.

Heydər Əliyev dünyanın ən ləyaqətli lideri idi və kimsənin onun ləyaqətinə, mənliyinə xələl gətirəcək davranışına əsla izn verməzdi.

Çünki Heydər Əliyev öz şəxsiyyəti ilə Azərbaycanın dövlətçilik dəyərlərindən, atributlarından birinə çevrildiyinin fərqində idi!

Öz ləyaqətini, əslində, Azərbaycan dövlətinin ləyaqəti kimi uca tutmağa, qorumağa çalışırdı. Onun öz şəxsiyyətinə böyük diqqəti, həyat və fəaliyyəti ilə yaratdığı tarixə həssas münasibəti, bu tarixin hər bir anının yazıya, lentə alınmasına böyük həvəsi də elə bundan irəli gəlirdi.

Özünün Azərbaycanın milli dövlətçilik tarixi üçün bir şans olduğunu Heydər Əliyevdən yaxşı heç kim bilməzdi. Onun özündən Azərbaycan tarixinə mümkün qədər daha zəngin irs qalması istəyi, bu mənada tam təbii idi.

Heydər Əliyev heç zaman öz haqlı mövqeyindən geri çəkilmək istəməzdi. Çünki Onun nəzərincə bu, bir fərdin deyil, Azərbaycanın geri çəkilməsi demək olardı. Heydər Əliyev hər yerdə Azərbaycanın təmsilçisi kimi duruş gətirirdi.

 

 

Heydər Əliyev bütün vəzifələrində, bütün statuslarında, ilk növbədə, öz mənliyini qorudu! Daha sonra doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasının çətin günlərində, mühasirə şəraitində tarixinin ən ağır günlərini yaşayan bu vətən parçasını qorudu! Nəhayət, ağır anlarında Ona pənah gətirmiş, onun fəhminə, müdrikliyinə, qətiyyətinə tapınmış müstəqil Azərbaycan dövlətini qorudu!

1993-cü ildə bu, Ona həyatı bahasına başa gələ bilərdi. Heç düşünmüşükmü ki, 1994-cü ilin oktyabrında, təpədən dırnağacan silahlanmış başıpozuq qüvvələrin qiyam cəhdi zamanı Heydər Əliyevin gecəyarı televiziya ilə müraciətindən sonra xalq meydana axışmasaydı, Heydər Əliyevin şəxsində müstəqilliyinin ən kövrək dövrünü yaşayan Azərbaycan dövlətini üzük qaşı kimi dövrəyə almasaydı, nə baş verərdi?! Həmin gecə taleyi sapdan asılı olan müstəqil dövlətimizlə birgə bu xalqın özünün də aqibəti necə olardı?!

Düşünməmişik! Çünki həmişə bizə belə gəlib ki, əgər bu addımı Heydər Əliyev atmışdısa, hər şey elə yaşandığı kimi də baş verməli idi. Amma axı, bütün bunların tamam əksi də ola bilərdi. Bunu isə güman ki, heç Heydər Əliyev özü də düşünməmişdi. Hadisələrin necə cərəyan edəcəyini yenə dərin fəhmi ilə sezdiyindən deyil, sadəcə, xalqa inandığından və inandığının uğrunda əsl qəhrəman kimi sonunu düşünmədiyindən!

Sonunu düşünməyərək də o gecə,  sonra da dəfələrlə həyatını Azərbaycan naminə oda atmışdı. Həyatından bir məşəl yandırmışdı və həmin məşəlin işığında Azərbaycan xalqının müstəqil dövlətimizin indiki xoşbəxt günlərinə doğru möhtəşəm yürüşü başlanmışdı...

Heydər Əliyevin sevdikləri çox idi: Zərifə xanım, övladları, nəvələri...

Amma Onun ən böyük sevgisi Azərbaycana idi. Bu sevgi bütün sevgilərin fövqündə dayanırdı.

Bu sətirləri yaza-yaza Ulu Öndərin 1998-ci ildəki bir mərasim zamanı Səməd Vurğunun "Azərbaycan" şeirinin bir bəndini göz yaşlarına boğularaq əzbər söyləməsini xatırlayıram. Qeyri-ixtiyari gözlərim dolur...

Bu, bir sevdalının sevdiyinin yolunda ona doğma olan hər kəsi, hər şeyi fəda etməyə hazır olması andına oxşayırdı.

Zaman gəldi, Heydər Əliyev bu andına da sadiq qaldı. Həyatda Ona ən doğma olan insanı, doğma balasını - İlham Heydər oğlunu, əslində, Azərbaycanın milli amalları uğrunda oda atdı. Xalqın istiqbalı naminə ciyərparasını dünyanın alov dilli siyasət əjdahası ilə üz-üzə qoydu. Dövlət idarəetməsinin min bir çətinlikləri, gözlənilməzlikləri, dörd bir yandan səngimək bilməyən təzyiq və təhdidləri, gərginlikləri ilə qarşı-qarşıya buraxdı.

Başqa MDB ölkələrinin rəhbərləri kimi, övladına xaricdə güzəran düzəltmək qeydinə qalmadı. Müasir innovasiyalara, yeni inkişaf meyillərinə, iş dünyasının incəliklərinə hələ ötən əsrin 80-ci illərindən dərindən bələdliyi, peşəkar menecer bacarıqları ilə, əslində, atasının heç bir dəstəyinə ehtiyac duymadan belə bir güzəranı qurmaq üçün özü hər cür imkan və bacarıqlara malik olan oğlunun öz taleyini Azərbaycandan kənarda müəyyənləşdirməsinə izn vermədi.

Onun taleyini də müstəqil Azərbaycan dövlətinin çətinliklərlə, acılarla dolu taleyinə şərik etdi...

Bu gün İlham Əliyev dünyanın inkişaf etməkdə olan qüdrətli ölkələrindən birinin prezidentidir. Oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkisi ərəfəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq əhali ilə ardıcıl görüşlər keçirdik, sıravi vətəndaşlarla sıx-sıx təmaslarda oldum. Bu təmaslarımızda insanların necə yekdilliklə, necə böyük ürəklə "İlham Əliyev" dediklərini gördüm. Bu adı nə qədər sonsuz məhəbbətlə dilə gətirdiklərinə, gələcək talelərini necə böyük inamla Onun zəkasına, qətiyyətinə etibar etmələrinə şahid oldum.

 

Bir daha anladım ki, İlham Əliyev bizim üçün sadəcə, Prezident deyil. Həm də dövlət müstəqilliyimizi qoruyan, Heydər Əliyevin milli dövlətçilik amallarını yaşadan və bu amalların işığında cəmiyyətimizi indikindən də daha parlaq, daha xoşbəxt gələcəyə doğru aparan mükəmməl sistemdir!

Çox sevindiricidir ki, bu amalların

həyata keçirilməsinə Heydər Əliyevin adını daşıyan fond, bu qurumun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da öz dəyərli töhfələrini verir.

Bu ilin 10 mayında Ulu Öndərin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş mərasim zamanı Azərbaycan Prezidentinin xatırladığı xəfif bir epizod çoxlarımızı kövrəltmişdi.

İlham Əliyev həmin gün səhər gül bayramında onunla şəkil çəkdirən 4-5 yaşında bir qızcığazın söylədiyi kəlmələri dilə gətirmişdi: "Bir qız yaxınlaşdı, - 4-5 yaşında, - dedi ki, mən Sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bilirsiniz, bu, bu gün eşitdiyim ən gözəl, ən əziz sözlərdir".

Heydər Əliyevin vəfatı günü doğulmuş körpələrimiz indi 10 yaşa çatıb. Onlar Heydər Əliyevi həyatda görməyiblər, onun rəhbərlik etdiyi Azərbaycanda yaşamayıblar. Amma bu uşaqların dünyasında müqəddəs mənəvi məbəd - Heydər Əliyev var. Bu uşaqların dünyasında dünyanın ən inkişaf etmiş ölkələrindən birinin Prezidenti bütün ali statuslarından əvvəl məhz Heydər Əliyevin oğludur.

Bir ömrün insana qazandıra biləcəyi ən böyük dəyər də, yəqin ki, elə bu olardı...

 

 

Fəttah HEYDƏROV

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri

Azərbaycan $g 2013.- 11 dekabr.- S.3.