DSMF-də ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirildi

 

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə əklil qoyublar, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyası xadim Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışıb. Vurğulayıb ki, Azərbaycanda dövlət quruculuğu kimi şərəfli tarixi vəzifənin yerinə yetirilməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyasının icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edib, ölkəmizin müasir inkişaf modelini formalaşdırıb. Bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır. DSMF sədri bildirib ki, dahi şəxsiyyətin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyasının onun varisi tərəfindən mövcud reallıqları nəzərə almaqla gerçəkləşdirilməsi nəticəsində Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar yaradılıb, beynəlxalq standartlar əsasında sosial müdafiə sistemi formalaşdırılıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov ümummilli lider Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən danışıb.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sığorta-pensiya islahatlarına toxunaraq əmək pensiyaçılarının  həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində qəbul edilən qərarlardan bəhs ediblər.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.- 2013.- 11 dekabr.- S.4.