Elmar MƏMMƏDYAROV: Azərbaycan hər zaman islam ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına böyük önəm vermişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Qvineyanın paytaxtı Konakri şəhərində "Sivilizasiyalararası dialoq: sülh davamlı inkişaf amili" mövzusunda keçirilən 40-cı sessiyasında çıxış etmişdir.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, nazir bildirmişdir ki, İslam Ümməti ilə mədəni, dinitarixi köklərlə bağlı olan Azərbaycan hər zaman islam ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına böyük önəm vermişdir.

 

E.Məmmədyarov vurğulamışdır ki, coğrafi mövqeyinə görə Azərbaycan əsrlər boyu Qərb Şərq sivilizasiyaları arasında körpü rolunu oynamışdır. Azərbaycan hər zaman dünyada islamın mədəni və mənəvi dəyərlərini təşviq etmişdir. Sivilizasiyalararası dialoqun təşviqi məqsədi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası sözügedən missiyanın bariz nümunələridir.

 

Nazir demişdir ki, Azərbaycan beynəlxalq ictimaiyyəti hər zaman dini nifrətə rəvac verilməsinə və dinlərin təhqir olunmasına qarşı qəti mübarizəyə çağırmışdır. Bu gün mövcud islamofobiya meyillərinin qarşısını almaq üçün İƏT çərçivəsində səylərin birləşdirilməsi çox vacibdir.

 

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri diqqətə çatdırmışdır ki, islam dünyasının qarşılaşdığı davamlı problemlər İƏT çərçivəsində geniş səmərəli əməkdaşlığı vacib etmişdir.

 

Nazir bildirmişdir ki, rəsmi Bakı Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi həmin ərazilərdə dəhşətli etnik təmizləmənin törədilməsini qınayaraq göstərdiyi davamlı mövqeyə görə İslam Ümmətinə, hər bir İƏT üzvünə İƏT Katibliyinə minnətdarlığını bildirir. O demişdir: "Biz xüsusilə BMT Təhlükəsizlik Şurasının, İƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrində və qərarlarında erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, qeydi-şərtsiz və tam şəkildə çıxarılması tələbinə görə İƏT-in üzv dövlətlərinə təşəkkür edirik".

 

 Nazir bildirmişdir ki, İƏT-ə üzv dövlətlər ilə siyasi, iqtisadi, mədəni digər sahələrdə əməkdaşlığın gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. İƏT-in məqsədlərini və islam dəyərlərini təşviq edərək Azərbaycan qurumun fəaliyyətində və təşkilat tərəfindən həyata keçirilən proqramlarda yaxından iştirak edir.

 

E.Məmmədyarov diqqətə çatdırmışdır ki, Azərbaycan 2014-cü ildə "İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda Nazirlər konfransının 5-ci sessiyasına ev sahibliyi edəcəkdir.

Bildirilmişdir ki, rəsmi Bakı, həmçinin ehtiyacı olan İƏT üzvlərinə humanitar yardım göstərməyə davam edir. Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi İslam İnkişaf Bankı ilə birlikdə İƏT-in Afrikadan olan 9 üzv dövlətinə "Qarşısı alına bilinən korluqla mübarizə" kampaniyası çərçivəsində humanitar yardım təşkil edir.

E.Məmmədyarov bildirmişdir ki, Azərbaycan İƏT BMT arasında son illərdə əlaqələrin müxtəlif sahələrdə sıx məsləhətləşmələr əməkdaşlıq şəklini alaraq daha da əhəmiyyətli olmasından məmnundur. Bir çox siyasi münaqişələrin İƏT regionunda baş verməsi səbəbindən qurum sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərində daha da fəal olmalıdır. Buna görə də biz İƏT və BMT Təhlükəsizlik Şurası arasında əməkdaşlığı və daha sıx birgə fəaliyyəti strateji hesab edirik

 Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə BMT İƏT arasında əməkdaşlıq üzrə yüksək səviyyəli iclasın keçirildiyini xatırladan nazir bu görüşün əlaqələrin cari səviyyəsinin nəzərdən keçirilməsi, sülh təhlükəsizliyin gücləndirilməsi üzrə daha sıx əməkdaşlıq istiqamətində yeni imkanlar yaratdığını söyləmişdir.

E.Məmmədyarov demişdir: "İƏT-in üzvü olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan Türkiyəni özündə birləşdirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional təşkilat kimi İƏT yanında müşahidəçi statusu almaq üçün müraciət etmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətdə olan sədri kimi Azərbaycan inanır ki, regional əməkdaşlıq mexanizmi olaraq bu qurumun müşahidəçi statusu əldə edərək İƏT-in fəaliyyətində iştirakı hər iki təşkilatın bölüşdüyü birgə məqsədlərin həyata keçirilməsinə töhfə verəcəkdir"

 

Azərbaycan.-2013.-11 dekabr.-S.7.