İlk azərbaycanlı alim-cərrah, akademik Mirəsədulla

 Mirqasımovun 130 illik yubileyi qeyd olunmuşdur

 

Dekabrın 10-da Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb üzrə elmlər doktoru, akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyi qeyd olunmuşdur.

AzərTAc xəbər verir ki, AMEA-nın, Səhiyyə Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən  yubiley mərasiminin iştirakçıları əvvəlcə  Fəxri xiyabanda mərhum alimin xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşlər.

Sonra  tədbir iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında görkəmli akademikin həyat yaradıcılığını əks etdirən kitab, jurnal digər nəşrlərdən ibarət sərgiyə baxmışlar. Sərgidə təqdim olunan "Akademik Mirəsədulla Mirqasımov haqqında xatirələr kitabı" və alimin şəxsi əşyaları maraqla qarşılanmışdır.

Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik  Akif Əlizadə bildirmişdir ki, M.Mirqasımov elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti ilə XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynamışdır. 1945-ci ildə, İkinci Dünya müharibəsi bitməmiş ölkədə elmi proseslərin daha mütəşəkkil təşkili, tarix, mədəniyyət və təbiətin daha sistemli öyrənilməsi məqsədilə Azərbaycan Elmlər Akademiyası (AEA) təsis edilmişdir. Akademiklərin ilk yığıncağında tibb sahəsində zəngin elmi təcrübəsi ilə fərqlənən akademik M.Mirqasımov AEA-nın ilk prezidenti seçilmişdir. O vaxtdan indiyədək böyük tarixi inkişaf yolu keçmiş AMEA hazırda özünün 70 illik yubileyinə hazırlaşır.

A.Əlizadə demişdir ki, M.Mirqasımovun şəxsiyyətindəki sanballılıq öz tipoloji əsası etibarilə XX əsrin əvvəllərindəki Azərbaycan milli ziyalı elitasına söykənir. Bu mənada onun da şəxsiyyəti Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi milli epoxa ilə sovet epoxasını özündə birləşdirir.                 Diqqətə çatdırılmışdır ki, M.Mirqasımovun 130 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 6 fevral tarixli Sərəncamı əsasında keçirilir.  Sərəncama əsasən, yubileylə əlaqədar təbirlər planı hazırlanmış, akademikin vaxtilə yaşadığı binadakı xatirə lövhəsi yenilənmiş,  alimin həyat və yaradıcılığı haqqında filmin çəkilməsi haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmışdır.

Tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev demişdir ki,  M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə layiqli əbədi yer tutur. Hələ 30-cu illərdə görkəmli alim tələbələri ilə birlikdə Azərbaycanda urolitiazın meydana gəlməsi və yayılması, malyariya xəstəliyinin fəsadları, cərrahi müalicəsi və tibb sahəsindəki digər problemlərin həlli ilə ciddi məşğul olmuşdur.

 Nazir bildirmişdir ki,  Bakıdakı küçələrdən birinə, eləcə Respublika Klinik Xəstəxanasına akademik M.Mirqasımovun adının verilməsi onun şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.

 Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov M.Mirqasımovun elmi-pedaqoji fəaliyyətindən danışmışdır.  Qeyd etmişdir ki, akademik M.Mirqasımov Bakı Dövlət Universitetində tibb elminin tədrisinə cəlb olunmuş ilk milli kadrlardan biridir. 1930-cu ildə yenicə təşkil olunmuş Tibb İnstitutunda dərslərin rus dili ilə yanaşı, Azərbaycan dilində də tədrisinin qərara alındığını söyləyən nazir o dövrdə milli dərsliklərə ciddi ehtiyac yarandığını xatırlatmışdır. Vurğulamışdır ki, bunu nəzərə alan M.Mirqasımov 1931-ci ildə ilk dəfə Azərbaycan dilində "Ümumi cərrahiyyə" adlı orijinal dərslik hazırlamışdır.

Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın Biologiya Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik  Əhliman Əmiraslanov isə M.Mirqasımovun tibb elmindəki digər xidmətlərindən bəhs etmişdir. Demişdir ki, görkəmli akademik 1929-cu ildə tibb fakültəsi nəzdində təşkil olunmuş "Operativ urologiya" kursunun rəhbəri təyin edilmiş, ölkəmizdə urologiya elminin milli inkişaf tarixinin özül daşlarını qoymuşdur. İkinci Dünya müharibəsi illərində M.Mirqasımov həmkarları ilə birlikdə Azərbaycanda hospital xidmətinə, hərbi-səhra cərrahlığının əsasının qoyulmasına və inkişaf etdirilməsinə mühüm töhfələr vermişdir. O, 28 il fasiləsiz olaraq indiki Azərbaycan Tibb Universitetinin hospital cərrahlığı kafedrasının müdirİ vəzifəsində çalışmaqla yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərmiş, institutun maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Qeyd edilmişdir ki, M.Mirqasımov Azərbaycan Tibb Universitetində ilk dəfə patoloji anatomiya muzeyini yaratmışdır. Həmin muzey bu gün də fəaliyyət göstərir. Bundan əlavə,  M.Mirqasımov 30-dan çox elmlər doktoru yetişdirmişdir. Bu isə onun yaşadığı dövr üçün o qədər də asan məsələ deyildi.

Ə.Əmiraslanov diqqətə çatdırmışdır ki, ilk təhsilini mədrəsədə alan M.Mirqasımov 3 il Odessanın müxtəlif klinikalarında cərrahiyyənin müxtəlif sahələri üzrə təcrübə keçmişdir. Bu gün deyə bilərik ki, Azərbaycanda cərrahiyyənin əsasını Mustafa bəyTopçubaşov və Mirəsədulla Mirqasımov qoymuşlar.

Bildirilmişdir ki,  M.Mirqasımov Azərbaycan  Tibb Universitetində çalışdığı dövrdə  bu elm ocağının nəzdində klinikaların yaradılması barədə çox düşünmüşdür. Buna nail ola bilməsə də, onun ideyaları bu gün həyata keçmişdir. Artıq Azərbaycan Tibb Universitetinin 4 klinikası fəaliyyət göstərir.

Yubiley mərasimində çıxış edən akademik İsmayıl İbrahimov M.Mirqasımovla bağlı xatirələrini bölüşmüş və görkəmli alimin yüksək insani keyfiyyətlərindən danışmışdır.

Akademik Vasim Məmmədəliyev isə M.Mirqasımovun Şərq ədəbiyyatına dərindən bələd olmasını və Quranı əzbərdən bilməsini diqqətə çatdırmışdır.

Akademik Böyükkişi Ağayev M.Mirqasımovun cərrahiyyə sahəsində apardığı elmi-praktiki işlərin əhəmiyyətindən bəhs etmişdir. Bildirilmişdir ki, onun "Qarın yatalağı" adlı ikicildlik monoqrafiyası hazırda sanballı bir elmi əsər kimi qiymətləndirilməkdədir.

Görkəmli akademikin oğlu Oqtay Mirqasımov atasının xatirəsinə göstərilən yüksək ehtirama görə dövlət başçısına minnətdarlığını bildirmişdir.

Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadığı Xaqani, 19 ünvanındakı binada akademikin yeni xatirə lövhəsinin açılışı olmuşdur.

 

Azərbaycan.-2013.-11 dekabr.-S.7.