Nə qədər ki Azərbaycan xalqı və dövləti vardır, Heydər Əliyevin

 parlaq xatirəsi bir o qədər yaşayacaqdır

 

Bu fikirlər Yeni Azərbaycan Partiyasının təşkilatçılığı

 ilə keçirilən anma mərasimində səsləndirilmişdir

 

 

 

Dekabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş mərasim keçirmişdir.

 

Mərasimdə dövlət hökumət nümayəndələri, Milli Məclisin deputatları, mədəniyyət incəsənət xadimləri, ictimaiyyətin təmsilçiləri, ziyalılar gənclər iştirak etmişlər.

 

AzərTAc xəbər verir ki, mərasimi açan Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov demişdir ki, ümummilli liderin əbədiyyətə qovuşmasından 10 il ötür. Tarixə çevrilən bu 10 il obyektiv bir həqiqəti ortaya çıxarmışdır. Bu həqiqət ondan ibarətdir ki, Heydər Əliyev dünya miqyasında tanınmış, unudulmaz siyasi və dövlət xadimi idi. Tarixin inkişaf prosesində böyük xalqların böyük liderlər yetişdirməsi adi hadisədir. Lakin kiçik xalqların böyük lider yetişdirməsi faktının özü əlamətdar bir hadisədir. Azərbaycan xalqı yalnız say baxımından kiçik xalq hesab edilə bilər. Xalqımız böyüklüyünü Heydər Əliyev kimi dahi şəxsiyyət yetişdirməklə sübut etmişdir.

 

Bildirilmişdir ki, ulu öndəri unudulmaz edən onun həyata keçirdiyi işləri reallaşdırdığı ideyalardır. Onun ideyalarının əsasında müasir müstəqil Azərbaycan yaranmışdır ki, bu da milyonlarla insanın gələcəyə ümidlə baxmasına, firavan yaşamasına stimul vermişdir.

 

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə yalnız ədalət prinsipini rəhbər tutmuşdur. Onun "Qoy ədalət zəfər çalsın" şüarı daxilindən gələn istək və arzusu, ürəyinin səsi idi. Ümummilli lider heç zaman özünə rəva bilmədiyi işləri başqasına rəva görməzdi. Heydər Əliyev ona görə unudulmaz şəxsiyyətdir ki, onun möhtəşəm əməlləri Azərbaycan xalqının milli təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Xalqımız ulu öndərin yaratdığı dövlətdə yaşayaraq gələcəyə doğru daha inamlı addımlarla irəliləyir.

 

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ulu öndərlə görüşlərini xatırlayaraq bildirmişdir ki, müstəqilliyimizin ilk illərində Azərbaycanı xaos anarxiya bürümüşdür.

 

Xalqın müstəqilliyə olan inamı tamamilə itmişdir heç kim vəziyyətin düzələcəyini gözləmirdi. Lakin Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını almış, sabitlik yaratmış və dövləti inkişaf yoluna çıxarmışdır. Ümummilli liderin yaradıcı adamlara xüsusi qayğı ilə yanaşdığını deyən yazıçı Anar qeyd etmişdir ki, Heydər Əliyev həmişə yazıçıları zamanın kəşməkəşlərindən və təhlükələrdən qorumuşdur. Sovet hakimiyyəti illərində azad fikir yürüdən ədibləri imperiyanın caynağından xilas edən Heydər Əliyev müstəqillik illərində onlara daha məhsuldar çalışmaq mühiti yaratmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev parçalanmaq təhlükəsi ilə üz-üz qalmış respublikamızda yeni, müstəqil və dünyada özünəlayiq yer tutmuş Azərbaycan adlı bir məmləkət qurmuşdur.

 

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev dünyada  mədəniyyətə həssas yanaşan az sayda dövlət başçılarından biri olmuşdur. O, şair və yazıçıların bütün tədbirlərində iştirak edərək onlarla səmimi söhbət aparır, yeni dövrün yaradıcılıq perspektivləri haqqında tövsiyələr verirdi. Onun tövsiyəsi əsasında yazılan əsərlər ədəbi mühitdə böyük maraqla qarşılanırdı. Ona görə də bu gün tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi dühası Azərbaycanın ən dəyərli və tükənməz milli-mənəvi sərvətidir.

 

Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov ömrünü xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev haqqında danışaraq demişdir ki, onun müəllifliyi ilə hazırlanan iqtisadi islahatların həyata keçirilməsi hər bir insanın sosial vəziyyətinə müsbət təsir göstərmiş, firavan həyat tərzini təmin etmişdir.

 

Bildirilmişdir ki, 1969-cu ildə Azərbaycan Sovet İttifaqının ən ucqar zəif respublikalarından biri idi. Respublikanın neft emalı, sənaye, kənd təsərrüfatı potensialının mövcudluğuna baxmayaraq, əhali kasıb yaşayırdı. Mərkəzi hakimiyyət Azərbaycana biganə yanaşır, onun problemlərini həll etməyə həvəs göstərmirdi. Vəziyyətin acınacaqlı olmasına baxmayaraq, respublika rəhbərləri sosial-iqtisadi məsələlərin qaydasına düşməsi üçün Kremlə müraciət edə bilmirdilər. Müraciət ediləndə də onlara baxılmırdı. Lakin Heydər Əliyevin respublikaya rəhbərlik etməsindən sonra intibah dövrü başlamışdır. Geniş fəaliyyətə başlayan Heydər Əliyev 1970-ci illərdə Azərbaycanda 300-dən artıq sənaye müəssisəsinin tikilib istifadəyə verilməsinə nail olmuşdur. 1969-1985-ci illərdə respublikada sənaye istehsalı 2 dəfə artmışdır. Geridə qalmış aqrar ölkədən sənayeləşmiş bir respublikaya çevrilən Azərbaycanın ittifaq səviyyəsində nüfuzu artmış, sovetlər birliyinin müxtəlif regionlarında fəaliyyət göstərən azərbaycanlılara hörmətlə yanaşmağa başlamışlar.

 

E.Rüstəmov 1993-cü ildəki iqtisadi vəziyyətin ağırlığını xatırladaraq qeyd etmişdir ki, bir çox keçmiş ittifaq respublikalarında torpaq islahatı hələ keçirilməmişdir. Lakin Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra sərbəst bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq islahatların reallaşmasına nail olmuşdur. Azərbaycanın iqtisadi inkişafındakı neft amilinə toxunan natiq nəzərə çatdırmışdır ki, müasir dünyada neftlə zəngin olan ölkələrin heç də hamısı Azərbaycan kimi nailiyyətlər əldə edə bilməmişdir. Bu gün Yaxın Şərq ölkələrində baş verən qarşıdurmalara və silahlı münaqişələrə nəzər salsaq, neftin nə qədər böyük bəlalar gətirdiyini aydın görərik. Lakin Heydər Əliyev ölkəmizin karbohidrogen ehtiyatlarından olduqca səmərəli və ustalıqla istifadə etmişdir. Onun Qərb dövlətləri ilə apardığı çətin danışıqların nəticəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanmış və Azərbaycana investisiya axını başlamışdır. Bununla yanaşı, neftin dünya bazarlarına çıxarılması və gəlirlərin faydalı şəkildə xərclənməsi də əsas məsələlərdən biri idi. Heydər Əliyev beynəlxalq aləmdəki nüfuzundan istifadə edərək neftin nəqli problemlərini aradan qaldırmaq üçün qlobal layihələrə imza atmış, Azərbaycanın iqtisadi inkişafını təmin etməklə onun siyasi müstəqilliyinə zəmin yaratmışdır. Heydər Əliyev riskləri imkanlara çevirən siyasi xadim idi. Təsadüfi deyildir ki, bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı yenidən Heydər Əliyevin siyasətinə səs vermişdir.

 

Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ümummilli liderin humanistliyindən bəhs etmişdir.

 

Diqqətə çatdırılmışdır ki, 1970-ci illərdə respublikaya rəhbərlik edən Heydər Əliyev tibbi kadrların hazırlanmasını diqqət mərkəzində saxlayaraq gənclərin Sovet İttifaqının ən qabaqcıl tibb təhsili verən ali məktəblərində oxumalarına şərait yaratmışdır. Onun bu addımı xalqın sağlamlığının qeydinə qalmasından xəbər verirdi. Tibb sahəsində yalnız təhsil almaqla kifayətlənmək olmaz. Həkimlik peşəsinin xüsusiyyəti tələb edir ki, insanların müalicəsi ilə məşğul olan mütəxəssislər daim təkmilləşsinlər və elmdə meydana gələn yenilikləri öyrənərək təcrübədə onu tətbiq etsinlər. Bu amili dərindən qiymətləndirən Heydər Əliyev Türkiyədə və dünyada tanınmış ictimai xadim İhsan Doğramacı ilə yaxın dostluq əlaqələrindən istifadə edərək hər il Tibb Universitetinin 100-ə yaxın tələbəsini Türkiyənin ixtisaslaşmış təhsil müəssisələrinə göndərirdi. Azərbaycanda çətin müalicə olunan xəstəliklər üzrə mütəxəssislərin formalaşmasını istəyən ulu öndər həkimlərin Almaniyada, ABŞ-da kurslar keçməsinə də büdcədən vəsait ayıraraq şərait yaradardı.

 

Heydər Əliyevin yüksək insani keyfiyyətlərindən danışan akademik onun həddən artıq humanist olduğunu xatırladaraq qeyd etmişdir ki, nurlu ürək sahibi olan ümummilli lider hətta siyasi opponentlərinin xəstələnməsi haqqında məlumat alarkən, onların yüksək səviyyədə müalicə olunmalarını tapşırırdı.

 

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov demişdir ki, Heydər Əliyev yalnız cismən bizimlə deyildir. Lakin onun işləri, fikir və ideyaları həmişə bizimlədir. Azərbaycanın hər bir guşəsində Heydər Əliyevin quruculuq obrazı canlanır və bu obraz onu unudulmaz bir zirvəyə yüksəltmişdir.

 

Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrü xatırladan natiq demişdir ki, həmin illərdə ermənilər torpaq iddiaları ilə çıxış etməyə cəsarət etməmişlər. Onların bütün cəhdlərinin qarşısı Heydər Əliyev tərəfindən ən yüksək səviyyədə alınırdı. Sovet İttifaqı rəhbərinin qısqanclığı nəticəsində Heydər Əliyev tutduğu vəzifəsindən istefa verdikdən sonra ermənilər Dağlıq Qarabağı işğal etməyə nail oldular.

 

Ötən əsrin 90-cı illərinin ağır günlərinə toxunan F.Heydərov xatırlatmışdır ki, 20 Yanvar hadisələrindən sonra Sovet İttifaqının rəhbərlərini kəskin tənqid edən Heydər Əliyev təqib təzyiqlərə məruz qalaraq Moskvadan Bakıya qayıtmışdır. Lakin imperiyanın qullarına çevrilmiş yerli rəhbərlər onun burada yaşamasına imkan verməmişlər. Naxçıvana gələn Heydər Əliyev xalq tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Həmin dövrdə Naxçıvan çox çətin günlərini yaşayırdı. Bir tərəfdən Azərbaycanda təsadüfən hakimiyyətə gəlmiş iqtidarın biganəliyi, digər tərəfdən isə Ermənistanın Dağlıq Qarabağla yanaşı, Naxçıvanı da işğal etmək planı xalqı qorxuya salmışdı. Heç kim Azərbaycanın bu qədim diyarına kömək etməyə çalışmırdı. 1990-cı ilin yayında Naxçıvana qədəm qoyan ümummilli lider yerli əhalinin tələbi ilə muxtar respublikaya rəhbərlik etməyə başlamışdır. Blokada şəraitinin çətinliklərinə baxmayaraq, xalq Heydər Əliyevin ətrafında sıx birləşmişdir. İlk növbədə, erməni silahlılarının Sədərək, ŞahbuzOrdubad rayonlarına hücumlarının qarşısı alınmışdır. Diplomatik məharətini işə salan Heydər Əliyev qonşu Türkiyə və İran ilə iqtisadi əlaqələr quraraq Naxçıvanı ərzaq və enerji ilə təmin etmişdir.

 

İqtisadi tədbirlərlə bərabər Heydər Əliyev siyasi addımlar da ataraq xalqa Azərbaycanın müstəqil yaşaya biləcəyini təlqin edirdi. Sovet İttifaqının süquta uğrayacağına heç kəsin inanmadığı bir zamanda Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ilk dəfə olaraq müstəqil Azərbaycanın üçrəngli bayrağının rəsmi dövlət bayrağı kimi yüksəldilməsi haqqında qərar qəbul etmişdir. Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi iqtisadisiyasi xarakterli işlər bütün Azərbaycanda alqışla qarşılanmış və xalq təkidlə onun hakimiyyətə qayıdışını tələb etmişdir. Azərbaycanı yenidən quran ümummilli lider inkişaf edən müstəqil dövləti xalqa miras qoymuşdur. Onun layiqli davamçısı Prezident İlham Əliyev bu mirası qoruyaraq daha aydın sabahlara aparır. Nə qədər ki Azərbaycan xalqı və dövləti vardır, Heydər Əliyevin parlaq xatirəsi də bir o qədər yaşayacaqdır.

 

Azərbaycan.-2013.- 12 dekabr.- S.1,2.