Azərbaycanda insan hüquqlarının təminatı sisteminin banisi

 

"Azərbaycan hüquqi, sivilizasiyalı, demokratik dövlət qurmaq yolu ilə gedir. Respublikada siyasi plüralizm, şəxsiyyət azadlığı, insan hüquqlarının qorunması, söz azadlığı, mətbuat azadlığı bərqərar olubdur, çoxpartiyalı sistem artıq fəaliyyət göstərir".

 

 

 

Heydər ƏLİYEV

 

 

 

Müstəqil respublikamızda insan hüquqlarının prioritetliyi 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda əksini tapmışdır. Bu ali sənəddə Azərbaycanda hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri rəsmən elan edilmişdir. Lakin müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə bir sıra obyektiv və subyektiv səbəblər üzündən Azərbaycanda bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş verməmişdir.

 

Xalqımız əsrlər boyu milli azadlıq hüququnu təmin etmək, müstəqilliyə nail olmaq arzusu ilə yaşamışdır. Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanılmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu fundamental haqqını gerçəkliyə çevirmişdir.

 

Odur ki, hər il xalqımız çoxəsrlik tarixinin ən parlaq günlərindən biri olan Dövlət Müstəqilliyi Gününü qeyd edərkən həmin keşməkeşli zamanda milyonlarla azərbaycanlının təməl hüququnu - müstəqil məmləkətdə yaşamaq, azad ölkənin vətəndaşı olmaq hüququnu təmin edən ümummilli liderin ruhu qarşısında baş əyir.

 

Dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına hüquqi, mənəvi və digər üsullarla təminat vermək onu hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu da konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır.

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı. Ulu öndər demokratik, hüquqi dövlət quruculuğu yönündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etdi. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, ölkədə ölüm cəzası, mətbuat üzərində senzura ləğv olundu.

 

Demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi yoluna doğru aparan islahatlar Heydər Əliyev siyasi xəttinin əsasını təşkil etmişdir. Azərbaycan dövlət müstəqilliyinin əldə edilməsi ilə paralel şəkildə tarixdə ilk dəfə olaraq: 1) milli dövlət; 2) müstəqil siyasi dövlət; 3) demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Əgər tarixə nəzər salsaq, dövlətçilik quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində, tədricən keçmiş, təkamül yolu ilə ardıcıl qət etmişdir.

 

Hüquqi dövlət dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaş hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Belə dövlət quruculuğunun əsas cəhətləri bunlardır: hakimiyyətin bölünməsi prinsipi; ictimai həyatın bütün sahələrində konstitusiya qanunlarının aliliyi; insanların və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi; konstitusiya və qanunlar çərçivəsində dövlətin fəaliyyət göstərməsi; beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin və normalarının üstünlüyü; dövlət tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının tanınması, onlara əməl olunması və onların müdafiə edilməsi; dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyətin olması; məhkəmənin müstəqilliyi, hakimiyyət üzərində və konstitusiyaya əməl olunması üzərində məhkəmə nəzarəti; qanunçuluğun, ictimai qaydanın, şəxsi və ictimai təhlükəsizliyin təmini; siyasi və ideoloji plüralizm.

 

Ümummilli lider Heydər Əliyevin hüquqi islahatlar strategiyasından danışanda bu prosesin Azərbaycanda özünəməxsus cəhətlərinə nəzər salmaq çox önəmlidir:

 

* Müstəqillik tarixinin suveren Azərbaycan torpaqların işğalı, ərazi bütövlüyünün pozulması ilə paralel şəkildə başlanılması, bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn pozulmuş fundamental prinsiplərinin bərpasının tələb edilməsi mövqeyindən çıxış etmək, həm daxili qanunvericiliyin, həm də beynəlxalq hüquq məkanına inteqrasiyanın ana xəttini təşkil etmişdir;

 

* Ölkəmizdə hüquqi islahatlar qabaqcıl dünyanın demokratik hüquq məkanına inteqrasiya xəttini bəyan edən milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olmuşdur;

 

* Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquqi dövlət quruculuğu yönündə də həyata keçirilən fəaliyyətin ən mühüm xüsusiyyətindən biri burada islahatlara "yuxarıdan təşəbbüslə" təkan verilməsi, dövlət başçısının siyasi iradəsindən qaynaqlanması olmuşdur. Hüquqi islahatların ideoloqu, təşəbbüskarı, aparıcı qüvvəsi və subyekti kimi siyasi elita və onun liderinin çıxış etməsi olmuşdur;

 

* Hüquqi islahatlar dövlətçiliyin bütün - milli, demokratik, siyasi və s. formalarının təməlidir. Məhz buna görə də bu sahə strateji xarakter daşıyır. Bəzən təsəvvür və izah edildiyi kimi bu, sadəcə, yeni qanunların qəbul edilməsi demək deyildir. Dövlətin siyasəti hər bir addımda hüquqi əsaslar üzərində bərqərar olur;

 

* Azərbaycanda hüquqi islahatlar dövlət tarixində köklü transformasiyalarla, dəyişikliklərlə bağlı olmuş, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu ilə əlaqəli proses kimi başlanğıcını götürmüşdür;

 

* Bütün dövrlərdə və ya bütün ölkələrdə hüquqi islahatlar birmənalı qarşılanmır. Əksər hallarda qeyri-adekvat reaksiya müşahidə olunur. Onun tərəfdarları da, əleyhdarları da olur;

 

* Suveren dövlət kimi Azərbaycanda qabaqcıl dünya təcrübəsindən islahatlar gedişində optimal bəhrələnmə, ən yaxşı olanın qəbul edilməsi və seçilməsi, milli qanunvericiliyin beynəlxalq hüquqi prinsip və normalarla ahənginin nəzərə alınması son dərəcə həssaslıq tələb edən məsələ olmuşdur. Bu, milli təhlükəsizlik məsələləri ilə sıx bağlıdır;

 

* Yeni hüquqi dövlətin təşəkkülü məsələlərinin geniş ictimaiyyətin hüquq mədəniyyəti və maariflənməsi ilə paralel aparılması həyati vacib məsələ kimi nəzərə alınmışdır;

 

* İslahatların mövcud olan bütün hüquqi infrastruktura nüfuz etməsi və yeni infrastrukturun yaranması ən mühüm məsələ kimi diqqət mərkəzində olmuşdur;

 

Bu gündən baxanda islahatlar kursunda bütün dünyada varislik, komplekslilik, tətbiq edilən dünya təcrübəsinə tənqidi yanaşma, milli reallığın və hüquq məkanının özünəməxsus cəhətlərinin nəzərə alınması kimi prinsiplərin rəhbər tutulduğunu görə bilərik.

 

Azərbaycanın adı Şərqdə ilk olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşmüşdür. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulmuş və 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Bu, hələ ölkəmizin Avropa Şurasına üzv olmadığı vaxtlarda belə, insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri kimi dəyərləndirildi. Ölüm hökmünün ləğvi ilə ölkəmiz Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci protokoluna qoşuldu. Bununla yanaşı, Azərbaycan BMT-nin insan hüquqlarının qorunmasına dair bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində dünyada təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.

 

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa başladı. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutdu. Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü kimi ulu öndər Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı göstərmək olar.

 

 Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan vermişdir. Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı çərçivəsində isə qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi yaradılmış, konstitusiyaya nəzarət gücləndirilmiş, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi-informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının müdafiəsi sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.

 

Azərbaycanda bir çox MDB ölkələrindən əvvəl 28 dekabr 2001-ci il tarixində qəbul olunan qanunla "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman)" vəzifəsinin təsis edilməsi ölkəmiz üçün yeni bir institut olub, dövlət müstəqiliyinin bərpa edilməsi və demokratik quruculuq yoluna qədəm qoyması ilə bilavasitə bağlı olmuşdur. Ölkəmizin 2001-ci ildə üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq 2002-ci ildə Azərbaycanda insan hüquqları üzrə müvəkkil (ombudsman) institutu təsis edilmişdir.

 

Ümummilli liderin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bunu çoxlu sayda qəbul edilən qərar və sərəncamlardan da aydın görmək mümkündür.

 

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı sərəncam da mühüm əhəmiyyətə malikdir. Bu sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

 

Sərəncamda qeyd edilmişdir ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.

 

Azərbaycanın yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Bu səbəbdən Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilmişdir. Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatının xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Azərbaycan demokratik inkişafını əvvəlki əzmkarlıqla davam etdirməkdə, bu sahədə əməli işlər görməkdədir.

 

İctimai münasibətlərin dinamik xarakterindən asılı olaraq hər bir dövlət vaxtaşırı olaraq konstitusiyaya müəyyən əlavə və dəyişikliklər etməli olur. 2009-cu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri də belə obyektiv şərtlərdən irəli gəlirdi. Referendumun keçirilməsində əsas məqsəd bir idi: insan və vətəndaşların hüquqlarının genişləndirilməsində və təminatında dövlətin üzərinə əlavə öhdəliklər qoyulması. Konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 12-ci maddənin birinci hissəsinə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi sözünün əlavə edilməsi dövlətin, insan və vətəndaşların hüquqlarına daha çox diqqət yetirdiyini göstərir. Bu gün Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan əlavə və dəyişikliklərin əksəriyyəti insan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının genişləndirilməsini və onların təminatını nəzərdə tutur. Xüsusilə qeyd olunur ki, hər kəsin üzərinə vəzifələr mövcud konstitusiya ilə qoyula və ya dövlətin digər qanunları ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Şərqin ilk demokratik dövləti olaraq tolerant bir ölkə kimi seçilir. Ona görə də təklif olunan əlavə və dəyişikliklərdə heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və iştirak etməyə məcbur edilə bilməz. Konstitusiyaya, bundan başqa, bir sıra digər əlavə və dəyişikliklər də nəzərdə tutulmuşdur.

 

Bütün bunlarla yanaşı, ölkəmizdə insan hüquqlarının qorunmasının əsas göstəriciləri olan tolerantlığın yüksək səviyyədə təmin edilməsi, irqi ayrı-seçkiliyə heç bir vəchlə yol verilməməsi çox mühüm uğurlarımızdır. Azərbaycan tarixin heç bir dönəmində milli-dini zəmində qarşıdurmanın və ayrı-seçkiliyin olmadığı nadir ölkələrdən biridir. Müxtəlif millətlərdən, dinlərdən olan, ayrı-ayrı adət-ənənələrə, mədəniyyətlərə mənsub olan insanlar arasında dostluq münasibətlərinin təmin edilməsi, milli-dini tolerantlığın hökm sürməsi dövlətimizin tarixi nailiyyətidir. Azərbaycanlılar heç vaxt başqa xalqlara və dinlərə qarşı mənfi münasibət göstərməmiş, düşmənçilik etməmiş, ədavət aparmamış və digər xalqın nümayəndəsini öz dininə və mədəniyyətinə itaət etməyə məcbur etməmişlər.

 

Məlumdur ki, qadın hüquqlarının müdafiəsi insan hüquqlarının müdafiəsinin tərkib hissəsidir və o, bir sıra sənədlərdə ("İnsan alveri və üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında" BMT Konvensiyası, "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi" haqqında Konvensiya) öz əksini tapmışdır. Azərbaycanda da qadınlara qarşı zorakılıq Milli Fəaliyyət Planına daxil edilmiş strategiyadır və zorakılığın sosial-iqtisadi, hüquqi və psixoloji səbəblərini, qadınların zorakılıqdan qorunmasını, qadın ticarəti kimi problemləri, habelə qadınların zorakılıqdan qorunması sahəsində beynəlxalq sənədlərin öyrənilməsini və tətbiqini özündə əks etdirir. Bu problemlərlə əlaqədar Cinayət Məcəlləsinin gender ekspertizası keçirilmiş, bir sıra dəyişikliklər edilmişdir. 2001-ci ildə Azərbaycan Respublikası BMT-nin Qadınların Vəziyyətinə Dair Komissiyasına 4 il müddətinə üzv seçilmişdir.

 

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu hüquqi islahatların XXI əsrdə uğurlu davamı, bu sahədə dünyada qəbul edilən irəliləyişlər, təbii ki, öz nəticəsini göstərir, dünya miqyasında ölkəmizə olan münasibət yaxşılığa doğru dəyişir. Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasını özünün ali prinsipi kimi qəbul edir. Ölkədə insan hüquq və azadlıqları milli qanunvericilik vasitəsilə qorunur. Azərbaycan bu məsələ ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulub. Demokratiya və inkişaf yolunu tutan Azərbaycanda insan hüquqlarının təminatı üçün parlamentin qəbul etdiyi çoxsaylı qanunlarla bu sahədə mükəmməl qanunvericilik bazası formalaşmışdır. Milli Məclis 200-dən çox beynəlxalq sənədi ratifikasiya etmişdir. Yenə də qeyd edək ki, ölkədə insan hüquqlarına dair yeni Milli Fəaliyyət Proqramı həyata keçirilir. Parlamentdə hazırlanan bütün qanun layihələri qəbul edilməmişdən əvvəl insan hüquqları baxımından ekspertizadan keçirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə məşğul olan institutlar, insan hüquqları üzrə müvəkkil, Milli Məclisdə İnsan Hüquqları Komitəsi fəaliyyət göstərir. Azərbaycan vətəndaşı təhsil almaq, sağlamlığını qorumaq, sərbəst yaşamaq, seçmək və seçilmək kimi hüquqlara sahib olmaqla istədiyi zaman bu təminatlarla bağlı azad şəkildə yerli və beynəlxalq məhkəmələrə çıxa bilir.

 

Azərbaycanın insan hüquqları sahəsində yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin zəbt edilməsindən sonra yaranmışdır. İndi ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş yüzlərlə Azərbaycan vətəndaşı mənəvi-psixoloji gərginlik şəraitində yaşayır. İnsan haqlarına xüsusi diqqətin ayrıldığı müasir dünyada Azərbaycan Ermənistan tərəfindən siyasi soyqırımı və etnik təmizləməyə məruz qalmışdır. İnsan Hüquqları Günü ilə bağlı BMT-nin Baş katibi Pan Gİ Munun dünya ictimaiyyətinə ünvanladığı müraciətdə də etnik münaqişələr pislənilir və insan hüquqlarının pozulmasına qarşı mübarizə aparılmasına çağırış edilir.

 

Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan hakimiyyətinin yeritdiyi uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.

 

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,

 fəlsəfə elmləri doktoru, professor

Azərbaycan/-2013.- 12 dekabr.- S.3.