Azərbaycanın şərəf və ləyaqət simvolu

 

Bunu demək nə qədər ağır olsa da, artıq on ildir ki, ulu öndər Heydər Əliyev aramızda yoxdur. Ancaq bu nadir tarixi dühanın bizlərə ərməğan etdiyi bugünkü müstəqil Azərbaycan onun milli tariximizdə unudulmaz və əbədi iz qoyduğunun parlaq nümunəsidir.

 

Heç də təsadüfi deyil ki, xalqların dünya miqyasındakı yeri qeyri-adi idarəçilik keyfiyyətləri, mütərəqqi ideyaları, mürəkkəb siyasi şəraitdə məsuliyyəti öz üzərinə götürmək bacarığı ilə fərqlənən dahi şəxsiyyətlərin tarixi missiyası ilə birbaşa bağlıdır. Məhz belə şəxsiyyətlər xalqının ən ümdə istək və arzularının reallığa çevrilməsində müstəsna rol oynayırlar.

 

Azərbaycanda belə bir fövqəladə missiyanı Heydər Əliyev həyata keçirərək dünyanın ən qüdrətli siyasi xadimləri ilə bir sırada dayanmaq haqqı qazanmışdır. Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir.

 

Heydər Əliyev bir çox siyasi xadimlərin həsəd apara biləcəyi fitri idarəçilik qabiliyyəti, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə milli dövlətçilik tariximizin əbədiyaşar simasına çevrilmişdir. Ölkəmizin yeni mərhələdə dinamik inkişafı, dünya birliyində öz yerini daha da  möhkəmləndirməsi məhz ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

 

Heydər Əliyev böyük liderlik istedadına malik, uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə, həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı.

 

Həmin dövrdə yüzlərlə zavod və fabriklər inşa edildi, yeni istehsalat  sahələri  yarandı. Neft və neft  avadanlıqları, əlvan metallar, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral  gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatları istehsalı üzrə Azərbaycan keçmiş SSRİ-də ön sıraya çıxdı, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı. Keçmiş ittifaqın  aparıcı elm və təhsil ocaqlarında gənclərimiz  lazımi ixtisaslara yiyələndilər, milli kadr korpusu yaradıldı.

 

Məhz o dövrdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik ənənələrinin inkişafı istiqamətində əməli addımlar atıldı, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradıldı. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində sonradan xalqın milli oyanışı və müstəqillik ideyalarının gerçəkləşməsi üçün əlverişli şərait formalaşdı.

 

Ulu öndər keçmiş Sovetlər Birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də doğma Azərbaycanının tərəqqisi üçün səyini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək sərt bəyanatlarla çıxış etmiş, əsl vətənpərvərlik mövqeyi sərgiləmişdir.

 

XX əsrin 80-ci illərinin sonunda SSRİ adlı böyük bir məkanda baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşdu. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycan ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, bu dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi.

 

Belə bir mürəkkəb dönəmdə ittifaq rəhbərliyindən istefa vermiş Heydər Əliyevin ölkədəki böyük nüfuzundan xoflanan şovinistlər onun hər addımını nəzarətdə saxlamağa, siyasi proseslərdən təcrid etməyə çalışırdılar. Onu gözləyən  ciddi təhlükələrə rəğmən, xalqının taleyinə biganə qala bilməyən böyük  siyasətçi 1990-cı il iyulun 20-də Vətənə döndü və iyulun 22-də doğulub boya-başa çatdığı Naxçıvana getdi.

 

Həmin dövrdə bütün respublikada olduğu kimi, Naxçıvanda da vəziyyət çox gərgin idi. Erməni separatçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklər,  respublika rəhbərliyinin çaşqınlığı, Moskvanın Azərbaycana qarşı qərəzli mövqeyi ölkəni böhran həddinə gətirib çıxarmışdı.

 

Belə bir ağır vaxtda Heydər Əliyev Naxçıvanda milli dövlətçilik ənənələrini  bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik orqanında məhz onun təşəbbüsü ilə Xalq Cümhuriyyətinin   üçrəngli Bayrağı qaldırıldı və bununla da ötən əsrin sonunda ikinci dəfə müstəqilliyin əsası qoyuldu. Onun sədrliyi ilə keçən həmin tarixi sessiyada muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı. Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət Bayrağı haqqında qərar qəbul etdi. Həmin il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" bəyanat qəbul etdi. Bu dövrdə, sözün həqiqi mənasında, Naxçıvan  parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə idi.

 

1991-ci il martın 7-də respublika Ali Sovetində Sovetlər İttifaqının  saxlanılması barədə referendum  keçirilməsi haqqında məsələ müzakirə olunarkən Heydər Əliyevin və demokratik qüvvələrin ciddi etirazlarına baxmayaraq, parlament referendumda iştirak etmək haqqında qərar qəbul etdi. Referendumda Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası iştirak etmədi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul etdi. Zaman Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi.

 

Belə çətin bir vaxtda Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə rəhbərlik edirdi. O bu vəzifədə fəaliyyətə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların  aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi  quruculuq məsələlərinə ciddi fikir verildi.

 

 1991-ci il sentyabrın 7-də Naxçıvanın Ali Məclisi Dövlət Müdafiə Komitəsi  yaradılması haqqında qərar qəbul etdi. Dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi İran və Türkiyə ilə sərhəddə tikanlı məftillərin söküldüyü günü - 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə  komandanlıqları və Rusiya dövlətinin rəhbərliyi ilə apardığı gərgin danışıqlar  nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər.  Tezliklə blokada şəraitində olan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün  qonşu Türkiyə və İranla əlaqələr yaradıldı. Bu dövlətlərlə imzalanmış sənədlər Naxçıvanın vəziyyətini xeyli yüngülləşdirdi.

 

1991-1992-ci illərdə cəbhə xəttində vəziyyət gündən-günə kəskinləşirdi. Artıq Xocalı faciəsi baş vermiş, xəyanət nəticəsində Şuşa və Laçın düşmənə təslim edilmişdi. Yaranmış vəziyyətdən istifadə edən Xalq Cəbhəsi parlamentin binasına hücum çəkərək hakimiyyəti zorla ələ aldı. Ancaq cəbhəçilərin səriştəsizliyi ucbatından daxili və xarici siyasətdə buraxılan səhvlər onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi. Xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə  zəhmət  adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev xilas edə bilər. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da 91 ziyalı "Səs" qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir"  adlı müraciətlə çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər.

 

Bundan qorxuya düşən Xalq Cəbhəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Bu, dövlət çevrilişinə ilk cəhd idi. Heydər Əliyev  xalqın dəstəyinə arxalanaraq dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli  niyyətlərinin qarşısını aldı. Sonralar o, siyasi hakimiyyətə yenidən qayıtdıqdan  sonra 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında silahlı müxalifət  tərəfindən növbəti dəfə belə cəhdlər olundu. Ancaq  xalq yenə də Heydər Əliyevlə birlikdə öz kövrək addımlarını atmaqda olan müstəqil dövlətinin keşiyində möhkəm dayandığını bir daha nümayiş etdirdi.

 

                O dövrkü iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. YAP tezliklə təşkilatlandı və respublikanın siyasi arenasında öz dəst-xətti olan siyasi qüvvəyə çevrildi.

 

Bu dövrdə respublikada separatçılıq meyilləri tüğyan edirdi. Hadisələri  qiymətləndirə bilməyən rəhbərlik əhali arasında günbəgün öz nüfuzunu itirir,  baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. 1993-cü il iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Belə bir mürəkkəb  vəziyyətdə iflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər də vəziyyətdən  çıxış yolunu xalqın istəyi ilə razılaşaraq Heydər Əliyevin Bakıya dəvət edilməsində  görürdülər.

 

İyunun 15-də Heydər Əliyev xalqın yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Əslində, Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması müstəqil Azərbaycanı məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi.

 

Onun dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Ümummilli lider kimi o, Azərbaycanı labüd fəlakətlərdən qurtardı, ölkəmizi çevriliş, qiyam cəhdlərindən  qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa etdi, sabitliyə, firavanlığa qovuşdurdu. Uğurlu neft strategiyasının həyata keçirilməsi ölkə iqtisadiyyatına güclü təsir göstərdi. Torpaq onu becərənə - kəndliyə verildi.

 

Sağlığında canlı əfsanəyə, Azərbaycanın şərəf və ləyaqət simvoluna çevrilmiş bu müdrik şəxsiyyət memarı olduğu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini təmin etdi. Tezliklə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Parlamentə seçkilər keçirildi, yerli özünüidarə institutları - bələdiyyələr formalaşdırıldı. Ölkəmiz vahid Avropa ailəsinə daxil oldu.

 

Bəli, Heydər Əliyev milli lider kimi yeni demokratik, hüquqi dövlət quruculuğu və idarəetmə fəlsəfəsini formalaşdıraraq dövlətimizin hərtərəfli inkişaf istiqamətlərini müəyyən etdi. Bu tarixi şəxsiyyətin əsasını qoyduğu inkişaf strategiyası və onun milli məfkurəsi hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına xidmət edəcək.

 

Prezident İlham Əliyev ulu öndərin ikinci dəfə hakimiyyətdə olduğu dövrü belə xarakterizə edir: "1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Məhz o illərdə Azərbaycan müstəqil ölkə kimi özünü bütün dünyaya təqdim etdi. O illər ərzində Azərbaycanın indiki güclü iqtisadi potensialı  formalaşdı".

 

Heç də təsadüfi  deyil ki, müstəqil Azərbaycanın parlamenti Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı  gününü  özünün 1997-ci il 27 iyun tarixli  qərarı ilə Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.

 

Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrildi.

 

Heydər Əliyev özündən sonra gələn nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq və həmrəylik hisslərini, dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur.

 

Vətənə sədaqət, xalqa xidmət - bir sözlə, hər şey Azərbaycan üçün prinsipi ulu öndərin həyat fəlsəfəsinin qayəsini təşkil edirdi. Onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza kimi şərəfli bir missiyaya xidmət edir.

 

Ölkə rəhbəri İlham Əliyev bu barədə belə deyib: "Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq".

 

Heydər Əliyev 34 ildən  artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını milli tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.

 

Ulu öndərin siyasi fəaliyyəti öz əhəmiyyəti baxımından təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Müasir dövrdə nəinki Azərbaycanda, bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək çətindir. Heydər Əliyev tarixi hadisələrin gedişini qabaqcadan müəyyən etmək bacarığı ilə dövrünü həmişə qabaqlamış, özünün mənalı həyat yolu ilə zamanın fövqünə ucalmışdır.

 

Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin  ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.

 

Ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident

 

İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının nəticəsi kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri ilə bağlı nəhəng layihələr reallığa çevrildi. TAP və TANAP kimi mühüm əhəmiyyətli layihələr gündəmə gəldi. Prezident İlham Əliyevin təşəbbüsü ilə  Qədim İpək yolunun dəmir relslər üzərinə keçirilməsi üçün Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinə start verildi. Ümumiyyətlə, son on ildə Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox, dövlət büdcəsi isə iyirmi iki dəfə artmışdır, ölkənin ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapmışdır. Respublikada milyon yarım yeni iş yeri açılmış, işsizlik probleminin həlli istiqamətində əsaslı addımlar atılmışdır. Yoxsulluğun səviyyəsi on dəfəyə qədər azalmış, inkişaf etmiş ölkələrlə müqayisəediləcək səviyyəyə çatmış, insanların sosial rifahı daha da yüksəlmişdir.

 

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasətdə tarixi bir uğura imza atdı. Belə ki, müstəqillik dövründə ilk dəfə olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, bu nüfuzlu quruma sədrlik etdi. Bununla müstəqil Azərbaycan dünya miqyasında bir daha özünü təsdiqləri.

 

Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmiş ölkəmizin paytaxtı Bakı 2015-ci ildə ilk Avropa Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan artıq kosmosda peyki olan ölkələr sırasına daxil olmuşdur.

 

Müstəqilliyimizin memarı Heydər Əliyev ideyalarının gənc nəslə aşılanmasında, onun zəngin irsinin təbliğində ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi, ulu öndərin adını daşıyan fondun fəaliyyəti həqiqətən heyrətamizdir. Fondun xətti ilə həyatın müxtəlif sahələri üzrə reallaşan layihələr ölkə hüdudlarından kənarda da yüksək dəyərləndirilir.

 

Ulu öndərin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə sadiq qalan cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmizdə sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr vermiş, Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir.

 

Bəli, bu gün müstəqil Azərbaycan özünün şərəfli dövrünü yaşayır desək, yanılmarıq. Ulu öndər Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır. Bütün ölkə vətəndaşları, dünya azərbaycanlıları qəlbən inanırlar ki, Heydər Əliyev dühası işığında doğma Azərbaycanımız hələ neçə-neçə zirvələr fəth edəcəkdir.

 

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan/-2013.- 12 dekabr.- S.4.