Aqrar sahə Heydər Əliyevin bütün dövrlərdə fəaliyyətinin prioritet istiqamətlərindən olub

 

Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü ulu öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi bütün nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda onun imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır. Vəfatının hər ildönümündə  ulu öndərimizin xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dərin ehtiramla yad edilməsi bunun sübutudur.

 

Ulu öndər ölkəmizə rəhbərlik etdiyi 45 ildən artıq bir dövrdə bizə yalnız vətənə və xalqa misilsiz xidmətin nümunəsini öyrətmişdir. 1960-cı illərin sonunda hakimiyyətə gələn Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi. Onun uzaqgörən, müdrik siyasəti Azərbaycanı keçmiş ittifaqın ən inkişaf etmiş respublikaları sırasına çıxardı. Qeyd edək ki, məhz o illərdə 15 keçmiş SSRİ dövlətləri içərisində iqtisadi göstəricilərinə görə Azərbaycan 14-cü yeri tutmaqla  yalnız Tacikistan SSR-dən irəlidə idi.

 

Ulu öndər özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan necə sürətlə gerilikdən çıxaraq, bütün sahələrdə sıçrayışa nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol, əslində, 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.

 

1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı  tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxt Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə doğma xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Hələ o dövrdə respublika iqtisadiyyatının aparıcı sahəsi olan aqrar sahədə, kənd təsərrüfatında ulu öndərin rəhbərliyi ilə həyata keçirilən yenilikçilik öz səmərəsini verirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən az sonra, 1970-ci ildə Heydər Əliyev "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında"  Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən qərar qəbul etdirməyə nail oldu. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki, çox nadir hadisə hesab edilirdi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd zəhmətkeşləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Bütün kənd təsərrüfatı məhsulları nəzərdə tutulduğundan xeyli artıqlamasilə yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatının ümumi məhsulu 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, yəni 57 faiz artırıldı.

 

1976-80-ci illərin yekunları göstərir ki, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. Beş il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə, vaxtından iki il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi.

 

Beləliklə, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə respublikamız keçmiş sovet respublikaları içərisində birincilər sırasına çıxmışdır. Hesablamalardan aydın görünür ki, Sovet İttifaqı üzrə 1976-79-cu illərdə 1966-70-ci illərə nisbətən kənd təsərrüfatının ümumi məhsulunun orta illik artımı 23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi respublikamızın payına düşmüşdür. 1980-ci ilin yekunları  göstərmişdir ki, ölkə üzrə kənd təsərrüfatının  ümumi məhsulunun mütləq artımında  respublikamızın rolu daha da yüksəlmişdir.

 

Əkinçilik məhsullarının belə sürətli artımı həlledici dərəcədə məhsuldarlığın yüksəlməsi ilə bağlı olmuşdur. Beş il ərzində taxıl məhsuldarlığı 48 faizi, pambıq məhsuldarlığı 29 faizi, üzüm məhsuldarlığı 51 faizi, tərəvəz məhsuldarlığı 37 faizi, meyvə məhsuldarlığı 45 faizi artmışdır.

 

Heydər Əliyevin inadlı fəaliyyəti nəticəsində "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında"  1975-ci il 9 iyul tarixli, o cümlədən "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında" qərarları qəbul edilmişdi. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti oldu. Bu illərdə iqtisadi və sosial sahələrin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada irriqasiya-meliorasiya işləri sahəsində, həmçinin üzümçülükdə görünməmiş uğurlar əldə edilmişdi.

 

1969-80-ci illərin mühüm xüsusiyyətlərindən biri də bundan ibarət olmuşdur ki, üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Dağ rayonlarında üzümçülük inkişaf etdirilməyə başlanmışdır ki, bu da onların iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir  göstərmişdir. 1980-ci ildə üzüm istehsalı 1,4 milyon ton olmuşdur ki, bu da respublikamızın tarixində ilk dəfə idi. Yığılan üzümün keyfiyyəti xeyli yaxşılaşdırılmış, onun şəkərliliyi 1979-cu ilə nisbətən 17 faiz qalxmışdı.  Üzümlüklərin məhsuldarlığı orta hesabla 91 sentnerə çatdırılmışdı ki, bu da 1975-ci ildəkindən 26 sentner çox idi. Ümumiyyətlə 1976-80-ci illərdə dövlətə 5 milyon tona yaxın üzüm satılmışdı. Keçmiş postsovet məkanında ölkəmizdə istehsal olunan üzümün miqdarı Moldovanın, Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın, Orta Asiya ölkələrinin, Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən cox idi. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə Azərbaycan məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdir.

 

Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli lider övladı olduğu xalqın və məmləkətin  şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir. Əlbəttə, Kremlin imperiya təfəkkürlü sahibləri  öz parlaq dühası ilə onları kölgədə qoyan müdrik bir azərbaycanlıya qısqanclıqla yanaşırdılarE Məhz bu məkrli insanlar Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla xalqımıza ağır maddi-mənəvi zərbə vurdular. 

 

Azərbaycanın başı üzərini məhv olmaq təhlükəsi alanda ikinci dəfə böyük siyasətə qayıdan Heydər Əliyev özünün fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.

 

Həmin dövrdə respublikamızda rəhbərlik naşı  AXC-Müsavat cütlüyünün əlinə keçdiyindən qəbul edilmiş siyasi qərarlar ağ kağız parçası kimi göründü. O vaxt Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə əldə olanlarımız  xəyanətkarların əli ilə sərhədlərimizdən kənara daşınmağa başladı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində qərəzli müharibə alovu Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsinə gətirdi. Xarici dövlətlərin kəşfiyyat idarələri daxildəki hərc-mərclikdən istifadə etməyə çalışdı. Bir tərəfdən Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda "Sadval" hərəkatının, cənubda isə qeyri-qanuni "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı hərəkatı, torpaqlarımızım 20 faizinin işğal olunması, faktiki olaraq ölkə daxilində vətəndaş müharibəsinin (Gəncə qiyamı) yaranması və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik bir qərara gələ bilən ulu öndər təkcə milləti, respublikamızı ölüm-dirim mübarizəsindən xilas etmədi, həm də xalqımızın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytardı.

 

İlk növbədə ulu öndər ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyev böyüklüyü sayəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya sivilizasiyasının inkişaf proqramından və təcrübəsindən istifadə edərək, iqtisadiyyatın inkişafının spesifik cəhətləri xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramlarının hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı.

 

Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi islahatlar, dövlət quruculuğu sahəsində islahatlar kursu genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk."  Bəli, aqrar-torpaq islahatları birdəfəlik kampaniya deyil. Bu, çox ciddi, həssas bir prosesdir. Nə qədər ki, Azərbaycanda mülkiyyət formaları (dövlət, bələdiyyə, xüsusi) mövcuddur bu proses davam edəcəkdir.

 

Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə həm də sübut etdi ki, Azərbaycanda aqrar sahədə iqtisadiyyatın inkişafının əsası aparılacaq torpaq islahatlarının nəticələrindən asılıdır.

 

Ulu öndər Heydər Əliyev tarixdə heç vaxt Azərbaycan kəndlisinə aid olmayan torpağı kəndliyə verməklə, tarixi ədaləti bərpa etmək qərarına gəldi.

 

"Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin təməli, əslində, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi  ilə qoyulmuşdu.

 

Torpaq - vətəndaş münasibətlərində həyata keçirilən tarixi və inqilabi hadisənin birinci mərhələsinin yekunlarını ulu öndər Heydər Əliyev olduqca yüksək qiymətləndirərək demişdir: "Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə əl atmışıq. Deməliyəm ki, nəticə idealdır. Özü də bu, hələlik başlanğıcdır".

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında  islahatların həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Və qürurla demək olar ki, ölkəmizdə aparılan torpaq islahatları tarixə "Heydər Əliyev torpaq islahatları" modeli kimi düşdü.

 

 Qəbul edilmiş 52-dən çox fərman, qanun və digər hüquqi normativ aktlar respublikamızda torpaq islahatlarını həyata keçirməyə əsaslı zəmin yaratdı. Beləliklə, böyük dövlət xadimi Heydər Əliyevin hələ Naxçıvan MR-ə rəhbərlik etdiyi dövrdə Culfa rayonunun Şurut və Gal kəndlərində bünövrəsini qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq edilməyə başlandı. "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə həyata keçirilməsi prosesi başladı.

 

Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu,  3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi; 1 695 123 hektarı, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı.

 

Respublikanın kənd təsərrüfatının inkişafında mühüm nailiyyətlər əldə edilməsinə səbəb olan bu islahatları digər dövlətlərdə həyata keçirilən analoji islahatlardan bu siyasətin müəllifi Heydər Əliyevin müəyyənləşdirdiyi 3 mühüm prinsip fərqləndirirdi.

 

Birincisi, Azərbaycanda torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər sinfi yaratmaqla, yeni torpaq əkinçi münasibətləri formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar istifadəetməni şərtləndirdi, torpağa qayğı və doğma münasibəti zəruri etdi.

 

İkincisi, torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının digər ölkələrindən fərqli olaraq vətəndaşa yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları verildi. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinə öz mülkiyyətlərindəki torpaq sahələri üzərində müstəsna hüquqlar, alqı-satqı, bağışlama, icarəyə və ya istifadəyə vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar verildi ki,   bu da Azərbaycanda torpaq islahatlarının keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində və fundamental şəkildə həyata keçirildiyini sübut etdi. 

 

Üçüncüsü, respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara harada yaşamasından və kimliyindən asılı olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda, Azərbaycanın hər bir vətəndaşı torpaq alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək hüququ əldə etdi. Başqa sözlə, torpaq əmlakçısına çevrilmiş 3 milyon beş yüz min nəfər subyektdən başqa respublika əhalisinin yerdə qalan hissəsi də torpaq - vətəndaş münasibətlərindən kənarlaşdırılmadı. Yəni hər bir Azərbaycan vətəndaşı respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində birbaşa iştirakçı olma hüququ qazandı.

 

Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü  ilə ölkəmizdə Azərbaycan vətəndaşı olmayan fiziki və hüquqi şəxslərə torpağa mülkiyyətçilik hüququ verilməmişdir ki, bu da nəinki mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət daşıyır. Məhz ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi  Heydər Əliyevin sosial-ədalət prinsipinə söykənən yuxarıda qeyd edilən aqrar-iqtisadi siyasətin əsas prinsipləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun 52-dən artıq fərman və sərəncamları ilə qanuniləşdirilən, düzgün icra mexanizimləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin gündən-günə inkişafına  səbəb oldu.

 

Qəbul edilən kifayət qədər mükəmməl qanunların sayəsində bu gün dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən torpaqlar da son nəticədə Azərbaycan vətəndaşlarının rifahı naminə istifadə edilir. Belə ki, bələdiyyə mülkiyyətinə verilən torpaqlar alqı-satqı, istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə verilir. Nəticə etibarı ilə bütün qanunlar ölkədə aqrar sahənin inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi rifahının yaxşılaşdırılmasına zəmin yaratmış oldu.

 

Torpaq islahatları həmişə inkişafda olan dinamik bir prosesdir ki, bu proses də digər proseslərlə kompleks şəkildə həyata keçirilir. Torpaq islahatlarının birinci mərhələsi olan torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yanaşı, ölkədə vahid torpaq fondu üzrə dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinin də həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən bu işlərin nizama salınmasının hüquqi əsaslarını tənzimləyən "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir (12 mart 1999-cu il). Bu qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq "Torpaq-kadastr sənədlərinin aparılması qaydaları" və eləcə də, "Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında", "Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında", "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında" əsasnamələr hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları, növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri və kateqoriyaları üzrə bölüşdürülməsi, torpaqların kəmiyyət xarakteristikası, habelə, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumat və sənədlər sistemini əks etdirən dövlət torpaq kadastrı yaradılmışdır.

 

Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və bu prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "Heydər Əliyev torpaq islahatı" məktəbi yaradılmış və hal-hazırda da bu məktəbdə mütəxəssislərin bilik səviyyəsinin artırılması istiqamətində treninqlər və seminar-məşğələlər davam etdirilir.

 

Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev də Azərbaycana rəhbərlik etdiyi ötən 10 il ərzində regionların və aqrar sektorun inkişafına xüsusi diqqət yetirmişdir.

 

"Azərbaycan təkcə Bakıdan və Abşerondan ibarət deyil...  Azərbaycanın  hər bir regionu inkişaf etməlidirE Kənd təsərrüfatında aparılan islahatların ikinci mərhələsi başlanmalıdır" - söyləyən Prezident İlham Əliyev tərəfindən imzalanan, ölkəmizin hərtərəfli inkişafına xidmət edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"  mahiyyətcə heç də torpaq islahatlarından geri qalmamaqla, insan amilinin yüksəlişinə xidmət edən təkmil strategiya kimi qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əslində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın davamı kimi qiymətləndirilməlidir. Bu dövlət proqramının vəzifələri və regionların prioritet istiqamətlərində əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

 

Ölkə başçısı dövlət proqramlarının icrası ilə əlaqədar bütün dövlət qurumlarına müvafiq tapşırıqlar verir, o cümlədən də DTXK-ya. DTXK-nın mütəxəssisləri tərəfindən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)"nın Tədbirlər Planına müvafiq olaraq 956156 hektar torpaq sahəsində, o cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı örüş sahəsində və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində, dövlət mülkiyyətində olan 301865 hektar qış otlağı və 42877 hektar yay otlağı torpaqlarında və 16450 hektar xüsusi qorunan təbiət əraziləri torpaqlarında tədqiqat işləri aparılmışdır.

 

"Azərbaycan Respublikasında yay və qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmasının qarşısının alınmasına dair Dövlət Proqramı"nın Tədbirlər Planına müvafiq olaraq 1174574 hektar təbii yem sahələrinin (yay və qış otlaqları, kiçik fermerlərin istifadəsindəki otlaqlar) yaxşılaşdırılmasına dair layihə-axtarış işləri həyata keçirilmişdir.

 

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 25 avqust 2008-ci il tarixli 3004 nömrəli Sərəncamı ölkəmizin başçısı möhtərəm İlham Əliyevin bir qayda olaraq, torpaq amilinə həmişə önəm verməsinin bariz nümunəsidir. Möhtərəm Prezident İlham Əliyev böyük uzaqgörənliklə dünyamızın gələcəkdə iqtisadi böhranla üzləşə biləcəyini gördüyündən zamanın axarını qabaqlayaraq Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması və hər hansı bir iqtisadi böhrandan əzmlə çıxmaları məqsədilə imzaladığı  həmin dövlət proqramını təsdiq edərkən nəzərə almışdır ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində torpaq ən başlıca  və əvəzedilməz amildir.

 

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında xüsusi olaraq qeyd edilir ki, dövlət əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci il üçün dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı və proqramda göstərilən 2015-ci ildə 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton olmalıdır. Sənaye üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkilərinin istehsalı 1,72 milyon ton, meyvə 800 min ton olmalıdır.

 

Ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə 15 dekabr 2011-ci il (¹ 1890) tarixində ölkə başçısı tərəfindən  "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir. Bu proqramda üzümçülüyün inkişafı ilə əlaqədar yeni üzüm plantasiyalarının salınması, istehsal olunmuş üzüm məhsullarının  vaxtlı-vaxtında tədarükü və s. ilə əlaqədar müvafiq qurumlara tapşırıqlar verilmişdir. Dövlət proqramında  Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlət proqramına uyğun olaraq  2012-2020-ci illərdə 50 min hektar yeni üzüm  sahəsi  salınması nəzərdə tutulur. 2020-ci ildə təxminən  ölkəmizdə 455 min ton üzüm istehsal olunacaq.

 

Şəhərlərin, rayonların, kənd və qəsəbələrin birbaşa inkişafına xidmət edən dövlət proqramı çərçivəsində bölgələrdə yeni idman kompleksləri, səhiyyə, təhsil ocaqları, zavodlar, fabriklər istifadəyə verildi. Əhəmiyyətli hadisələrdən biri də o olmuşdur ki, bu müddət ərzində çadır şəhərcikləri ləğv edilmiş, qaçqın və məcburi köçkünlər hər bir şəraitə malik olan mənzillərlə təmin olunmuşlar. Məhz torpaq islahatlarının və regionların sosial-iqtisadi inkişafı proqramının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ümumi daxili məhsulun istehsalına görə Azərbaycan adını lider ölkə kimi tarixə yazdı.

 

Valyuta ehtiyatlarımız son on il ərzində təqribən 30 dəfə, büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Son on il ərzində bir milyon iki yüz mindən çox iş yeri açılmışdır ki, onlardan 910 mini daimi iş yeridir. Nəticə etibarilə işsizlik ilin sonuna qədər olan proqnoza görə, 4,8 faizə düşəcəkdir. Yoxsulluq on ildə təxminən on dəfə azalmışdır və 6 faizə çatmır. Azərbaycanda xarici dövlət borcu cəmi 7-8 faizdir. Son illərdə pensiya təxminən 10 dəfə, maaş təxminən 6 dəfə, müdafiə xərcləri 20 dəfədən çox artmışdır.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət sahəsi uzunmüddətli proqnozlaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış strategiya olmadan mümkün deyil. Ölkəmizdə uğurla həyata keçirilmiş islahatlara kompleks şəkildə baxsaq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın əsas mahiyyətini dərk etmək olar - bu MDB-də aparılmış ən uğurlu torpaq islahatından torpaq inzibatçılığına və məkan məlumatlarının müasir səviyyədə idarəolunmasına keçidin təmin olunmasıdır. Torpaq inzibatçılığı ilə bağlı qeyd etmək lazımdır ki, torpaq islahatını onun məqsədi baxımından qısa zaman kəsiyində aparılmış və yekunlaşmış bir tədbir kimi nəzərdən keçirmək olmaz. Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli, ölkənin dayanıqlı iqtisadi inkişafını və ərzaq təhlükəsizliyini təmin edəcək, müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan torpaq inzibatçılığı sisteminin yaradılmasından keçən dialektik bir proses kimi yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə alınmalı olan torpaq idarəçiliyi paradiqmalarının, hər bir sistemdə mövcud ümumi proseslərin, vasitə və tətbiq seçimləri təklif edən yanaşmanın,  torpaq inzibatçılığının dayanıqlı inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi zərurətinin qavranılması vasitəsilə bu strategiyanın həyata keçirilməsi davam etdirilməlidir. Son on ildə istər aqrar-torpaq münasibətləri, istər regionların sosial-iqtisadi inkişafı, istərsə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilmiş islahatların külliyyatı bu strategiyanın dəstəkənməsi üçün olduqca əlverişli mühit formalaşdırmışdır.

 

Son on ildə cənab İlham Əliyevin həyata keçirdiyi islahatların ən böyük özəlliklərindən biri də onların ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə elmi tədqiqatların inkişaf etdirilməsidir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə"  3 may 2011-ci il tarixli 1487 nömrəli Sərəncamı da mövcud problemlərin elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında Aqrar Bölmənin yaradılması vacib hesab edilmişdir. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi barədəki sərəncam ölkə Prezidentinin tamamilə elmi əsaslara söykənən müasir aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından irəli gəlmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2011-ci il tarixli, 369 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli 17/3 nömrəli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bölməyə daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində aparılan elmi-tədqiqat fəaliyyətlərinin də koordinasiyası Aqrar Elmlər Bölməsinə tapşırılmışdır.

 

"Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" Azərbaycan Respublikası Prezidentinin 3 may 2011-ci il tarixli 1487 nömrəli sərəncamının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi məsələləri üzrə yaradılmış komissiya  müvafiq təkliflər hazırlamış və ölkə rəhbərliyinə təqdim etmişdir.

 

Nəzərə almaq lazımdır ki, müasir torpaq inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin müəyyənləşdirilməsi ilə yanaşı, torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi  kimi funksiyaları da əhatə etməlidir. Beləliklə,  qarşıda duran vəzifələr 2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən aparılmış uğurlu islahatlarla müəyyənləşdirilmiş torpaq islahatından torpaq inzibatçılığına keçid strateji inkişaf vektoru  ilə təyin olunmuşdur.

 

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki,  cəmiyyətin inkişafına mənfi təsir göstərən neqativ təzahürlərə qarşı mübarizə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, bununla əlaqədar müvafiq qərarlar qəbul edilmiş və təşkilati tədbirlər həyata keçirilmişdir.

 

Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ölkə rəhbəri cənab İlham Əliyevin hər zaman  diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il

 

3 sentyabr tarixli 377 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" çərçivəsində komitədə daxili nəzarətin təşkilini və dövlət qulluğunun nüfuzunun artırılmasını tənzimləyən tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə ilə bağlı 2005-ci il 23 mart tarixli 59 nömrəli əmrlə komissiya yaradılmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)" əsasında  komitənin 2007-ci il 3 sentyabr tarixli 211 nömrəli əmri ilə təsdiq edilmiş "Tədbirlər Planı"na müvafiq olaraq 2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə müəyyən edilmiş və həyata keçiriləcək tədbirlərin icrasının daim nəzarətdə saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək halların əvvəlcədən müəyyən edilərək bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi və görülən işlərə dair hesabatın müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına göndərilməsinin təmin edilməsi barədə müvafiq olaraq  komitədə yaradılmış komissiyaya, aidiyyəti rəhbər vəzifəli şəxslərə və komitənin tabeliyində olan icraçı struktur vahidlərinin rəhbərlərinə  tapşırıqlar verilmişdir.

 

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (29 iyun 2001-ci il, 160-IIQ) 9-cu bəndində nəzərdə tutulduğu kimi bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə icarəyə, mülkiyyətə və istifadəyə verməli olduqları halda bu əməliyyatları birbaşa həyata keçirməyə üstünlük verirdilər ki, bu da neqativ halların yaranmasına şərait yaradırdı. Komitənin  təklifi əsasında bələdiyyə torpaqlarının yalnız müsabiqə və ya hərracla mülkiyyətə və icarəyə verilməsi ilə əlaqədar ""Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamında ölkədə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının  yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə oluna biləcəyi, torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi məqsədi ilə  görülmüş tədbirlərdəndir. Bu qanun bələdiyyələrin mülkiyyətlərində olan torpaq sahələrinin bilavasitə qanunsuz olaraq satışına son qoydu. Torpaq müsabiqələri və hərraclarının keçirilməsi  təşkilatçı olaraq komitəyə həvalə olundu. Komitənin əmri ilə yaradılmış 5 nəfər tərkibdən ibarət torpaq müsabiqə və hərrac komissiyalarında şəffaflığın təmin edilməsi məqsədi ilə yalnız 2 nəfər komitə əməkdaşlarından, qalan 3 nəfərdən isə biri ictimaiyyət nümayəndəsindən, biri bələdiyyə assosiasiyalarının nümayəndələrindən, biri isə yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət oldu.

 

Ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən hər bir uğurun əsası ulu öndər Heydər Əliyevin ölməz ideyalarından güc alır. Ölkəmizin vətəndaşları ilə yanaşı, bütün  dünya azərbaycanlıları ulu öndərin nəsillərə ərməğan etdiyi sərvətdən, mənəvi irsdən, uzaqgörən siyasətdən bəhrələnir. Bu gün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi  xüsusi ürək coşğunluğu ilə yad edirlər. Çünki hər bir azərbaycanlının taleyində Heydər Əliyev həqiqəti yaşayır və həmişə də yaşayacaqdır!

 

 

 

Qərib MƏMMƏDOV,

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik

Azərbaycan/-2013.- 12 dekabr.- S.6.