Müasir Azərbaycanın qurucusu

 

Böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar.  Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

 

Bu gün ulu öndəri tanıyan hər bir insan Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fıkir yürütməyə ehtiyac duyur. Ümummilli liderin parlaq şəxsiyyəti ilə bağlı ən müxtəlif fikir və mülahizələr, xoş xatirələr isə sonda bir nöqtədə birləşir: Heydər Əliyev həyatını istisnasız olaraq Azərbaycana həsr etmişdi! Bu böyük insan haqqında deyilən sözlər yalnız ifadə üslubuna görə fərqlənir, məzmunsa Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün ən müxtəlif tərəflər üzrə ifadəsindən ibarətdir. Onun böyüklüyünü indi hər kəs etiraf edir, illər keçdikcə daha dərindən dərk edir.

 

Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli şərəfli yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin vəzifə səlahiyyətlərini yerinə yetirdiyi ilk günlərdən respublikada böyük bir inkişafın başladığı göz önündə idi. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Ulu öndər respublikanın üzləşdiyi problemləri düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, milli ideallara bağlılığı ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.

 

Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından, geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Müdrik strateqin yüksək qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız ötən əsrin 70-ci illərində neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə, şüşə qablars. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxdı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhərlərdə inşa olunan iri müəssisələr bu günün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməl idi. Ümummilli liderin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin ən mühüm strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunur, bununla da respublikanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılırdı.

 

Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar-sənaye bölməsinin onun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə edildi. Azərbaycan bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalına görə 2 milyon ton həddi keçərək keçmiş SSRİ məkanında birinci yeri tutdu, pambıq istehsalına görə isə 1 milyon ton həddi keçərək önə keçdi. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnikatexnologiya ilə möhkəmləndirildi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşdırılması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili üçün məqsədyönlü işlər həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublika bu göstəriciyə görə özünəlayiq ön sıraya çıxdı.

 

Kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı, emal sənayesinin inkişafına da xüsusi diqqət yetirildi. Üzümçülüklə məşğul olan təsərrüfatların əksəriyyətində üzüm emalı müəssisələri tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdirildi və yeni zavodlar tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz və digər məhsulların ilkin emalı həyata keçirilməklə müxtəlif çeşidli konserv, şirə və digər bitkiçilik məhsulları istehsalı genişləndirildi. Kənd təsərrüfatının və emal sənayesinin inkişafı ölkəmizdə yüngülyeyinti sənayesinin də sürətli inkişafına təkan verdi, bir çox şəhərlərdə yeni yüngülyeyinti sənaye müəssisələri istifadəyə verildi. Həyata keçirilən siyasət kəndlərimizin inkişafına təkan verdi. Kəndlərin infrastrukturu təzələndi, yeni yollar çəkildi, telefonlaşdırma sürətləndi. İnsanlar əvvəlki dövrlərlə müqayisədə daha geniş, yaraşıqlı, həm də daha möhkəm tikinti materiallarından, daşdan istifadə etməklə evlər tikməyə başladılar.

 

Heydər Əliyevin təşəbbüsləri ilə sovet dövründə xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlər həyata keçirildi. Təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim kəsildiyi bir zamanda Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni edirdi. Bu böyük şəxsiyyət sovet ideologiyasının bütün maneələrini adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkdi, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacardı.

 

Heydər Əliyev SSRİ rəhbərliyində çalışarkən Azərbaycanın inkişafı üçün əlindən gələni etdi. Lakin ulu öndərin tək cəsarəti  və qətiyyəti deyil, həm də bir rəhbər kimi  əzmkarlığı, qarşıya qoyduğu bütün hədəflərə çatması SSRİ rəhbərliyində təmsil olunan bəzi şəxslərin qısqanclığı, xəbisliyi ilə müşayiət olunurdu. Ona görə bu adamlar hər addımda Heydər Əliyevə ləkə yaxmağa, onun siyasi-ictimai fəaliyyətinə kölgə salmağa çalışırdılar.

 

Sonrakı hadisələr, Azərbaycanın qarşılaşdığı haqsız problemlər, Ermənistanın ərazi iddiaları bir daha göstərdi ki, problemlərin aradan qaldırılması, xalqımızın nicat yolu Heydər Əliyevsiz mümkün deyil.

 

Digər respublikalardan fərqli olaraq, azadlığını qanlar bahasına əldə edən  Azərbaycan müstəqilliyinin ilk illərini səksəkəli keçirdi. Hakimiyyətə yiyələnən səbatsız siyasət dəllallarının yeritdiyi səriştəsiz siyasət nəticəsində ölkəmizin parçalanması və milli dövlətçiliyimizin süquta uğraması təhlükəsi yaranmışdı. Belə ağır və mürəkkəb dövrdə zərurətdən irəli gələrək Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Heydər Əliyevin qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi, dövlətçiliyimiz ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı və ölkədə  möhkəm və dönməz sabitlik yaradıldı. Bu sabitlik illər boyu girdabında çabaladığımız dərin ümummilli böhrandan yaxa qurtarmağa və dövlətin qarşısında duran bir sıra problemlərin uğurlu həllinə imkan verdi. Beləliklə, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə cəmi bir neçə ildən sonra dövlət müstəqilliyinə qovuşacaq Azərbaycanın gələcək inkişafı üçün zəruri əsasları formalaşdırıldı. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə iqtisadisosial sferada sürətli inkişaf, daxili siyasi sabitliyin yaranması, Azərbaycanın beynəlxalq birliyin həqiqi müstəqil subyektinə çevrilməsi ilə müşayiət olundu, milli, ideoloji zəmində möhtəşəm nəticələrin əldə olunmasına, bəşəri idealların cəmiyyətdə daha sürətlə intişar tapmasına gətirib çıxardı. Ölkənin  ictimai-siyasi, elmi-mədəni həyatında əsl dönüş yarandı və ən əsası beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

 

Beləliklə, 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi inkişaf yoluna çıxardı. Genişmiqyaslı siyasi, hüquqi, islahatlar aparıldı, iqtisadi inkişafa meydan açıldı, bazar iqtisadiyyatına sürətli keçid təmin olundu. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, sosial və mədəni islahatlar həyata keçirildi. Bütün sahələrdə özəlləşdirilmə aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Tədricən dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Avratlantik məkana inteqrasiya edən Azərbaycan demokratik dəyərləri əxz etdi, mətbuat və söz azadlığı tam təmin olundu. Azərbaycançılıq ideyası şüurlara hakim kəsildi, milli birlik və həmrəylik təmin edildi.

 

Müstəqil respublikamızda aqrar sahədə islahatların aparılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahatı keçirilərək torpaq həqiqi sahibinə, təmənnasız olaraq kəndlilərə paylandı. Torpaq islahatı ilə əlaqədar qəbul edilmiş çox mühüm qanunlar, müxtəlif mülkiyyət formalarının sərbəst inkişafı və rəqabət aparılması üçün əlverişli mühitin yaradılması Vətənimizin aqrar quruluşunda, onun torpaq-  mülkiyyət münasibətlərində əsaslı dəyişikliklərə səbəb oldu. Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi 10 il ərzində kənd təsərrüfatının konkret sahələrində mühüm qanunlar qəbul edildi, islahatların ardıcıllıqla aparılması davamlı şəkil aldı, müasir bazar iqtisadiyyatı öyrənilərək kənd təsərrüfatında yeni formalar tətbiq olundu. Həmin dövrdə respublikada aqrar bazarın yaradılması prosesi ilə islahatların yeni mərhələsi başladı. Həmçinin  aqrar sektorda yeni infrastruktur, bank-maliyyə, kredit sistemi inkişaf etdirildi, vergi və qiymət sistemi yeniləşdirildi, kənd təsərrüfatına dövlət yardımı artırıldı.

 

Ulu öndər Heydər Əliyevin ideyaları, inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni yüzilliyin tələblərinə uyğun olaraq daha da zənginləşdirilir. Azərbaycanın möhtəşəm sosial-iqtisadi inkişafa nail olması, Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının inamla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin başa çatdırılması və TANAP layihəsinə başlanılması ilə ölkəmizin enerji təhlükəsizliyinin təminatçısı kimi etibarlı tərəfdaşa çevrilməsi, bütün şəhərlərdə, kənd və qəsəbələrdə vüsət alan abadlıq və quruculuq, mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, işsizlikyoxsulluğun minimuma endirilməsi, ölkəmizin beynəlxalq aləmdə gündən-günə mövqelərinin güclənməsi, BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi, Azərbaycanın kosmos dövlətinə və beynəlxalq tədbirlər məkanına çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə qazanılan uğurların nə qədər möhtəşəm olduğunu göstərir. Bunlarla yanaşı, dövlət başçısının yorulmaz və gərgin fəaliyyəti ilə ölkəmizin malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənir.

 

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin diqqəti qayğısı sayəsində Azərbaycanın kənd təsərrüfatı dinamik inkişaf edir. Ötən 10 ildə aqrar sektorun hüquqi bazası daha da möhkəmləndirilib. Ölkə başçısının sərəncamları ilə kənd təsərrüfatı istehalının stimullaşdırılması üçün sahibkarlara verilən kreditlərin, subsidiyaların miqdarı artırılıb. "Aqrolizinq" ASC-nin yaradılması ilə kənd təsərrüfatı texnikasına olan tələbat yoluna qoyulub. Prezident İlham Əliyevin yüksək diqqəti sayəsində ölkəmiz özünün ərzaq təhlükəsizliyini tam təmin edib.

 

Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmzin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Son 10 ildə məhz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi ölkəmizə böyük uğurlar qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr getdiyimiz bu yolun ən düzgünalternativi olmayan yol olduğunu təsdiq edib. Qazanılan bütün uğurları hiss edən və yüksək dəyərləndirən Azərbaycan xalqı öz Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında ən layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Son prezident seçkisinin nəticəsi bunun növbəti əyani təsdiqi olmaqla yanaşı bir daha onu göstərdi ki, Heydər Əliyev yolu daimi və əbədidir.

 

 

 

Eldar QULİYEV,

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini