Elmi-iqtisadi təmələ əsaslanan inkişaf strategiyasının banisi

 

Hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində məhz lider və şəxsiyyət amili dayanır. Xalqlarının milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də mütərəqqi əsasda siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Ötən əsrin 60-cı illərinin sonunda - ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ilə xalqımız tarixən formalaşmış zəngin dövlətçilik ənənələrini toparlamaq, gələcək müstəqilliyinə etibarlı zəmin formalaşdırmaq şansı qazanmışdır. Ümummilli lider ölkə rəhbərliyinə gəlişinin ilk illərindən etibarən mərkəzin ideoloji maneələrini aradan qaldırmaqla xalqın milli şüurunu oyatmağa, milli müstəqillik duyğularını gücləndirməyə çalışmışdır. Ulu öndərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq həmin dövrdə ictimai şüürdakı istiqlal duyğuları aşkara çıxaraq yeni siyasi məzmun kəsb etməyə başlamış, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır.

Obyektivlik hissini itirməyən tarixçilər etiraf edirlər ki, böyük strateq Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqilliyinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur. Bu nöqteyi-nəzərdən Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dahi strateq respublikaya birinci rəhbərliyi dövründə bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Təsadufi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürür, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olurdu. Onun həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi yüksək qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Keçmiş Sovet İttifaqı kimi böyük dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın ittifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişinə təkan vermişdir. Ümumilikdə 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyi sayəsində respublikada onlarca zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutdu, respublikada istehsal olunan  350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi.

Ümummilli liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız ötən əsrin 70-ci illərində neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və s. istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxmışdı. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Yeri gəlmişkən, 1963-cü ildə bünövrəsi qoyulan, bu gün "Xəzər" Səhmdar Cəmiyyətinin mühüm istehsal obyekti kimi müstəqil respublikamızda sənaye potensialının formalaşmasına töhfə verən Sumqayıt Şüşə Zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Zaqafqaziyanı və Rusiyanın bir çox bölgələrini 25 il müddətində keyfiyyətli pəncərə şüşəsi ilə təmin etmişdir.

Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə keçən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.

Ötən əsrin 70-80-cı illərində formalaşmış möhkəm potensial əsrin sonlarına doğru Azərbaycana istiqlaliyyətini bərpa etmək, müstəqil dövlət kimi özünü təsdiq etmək imkanı yaratmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Bunu 1991-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri vəzifəsini tutanda Türkiyənin "Zaman" qəzetinə verdiyi musahibədə söylədiyi fikirlər də təsdiq edir: "Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil bir müsəlman dövləti olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin məqsədləri də Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi".

Lakin 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyllərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq, xalqı üzləşdiyi ağır faciələrdən hifz etmək mümkün olmuşdur. İctimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatı sosial-iqtisadi sahədəki böhranlı vəziyyətin və tənəzzül prosesinin aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan vermişdir. Böyük strateq bu iqtisadi inkişaf modelini irəli sürərkən heç də dünya ölkələrinin təcrübəsini Azərbaycana köçürməmiş, respublikamızın zəngin təbii resurslarını, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyini, geniş tranzit-kommunikasiya imkanlarını, habelə tarixi təsərrüfatçılıq ənənələrini, spesifik xüsusiyyətlərini, sosial-iqtisadi gerçəkliklərini nəzərə almışdır.

XX əsrin sonunda Azərbaycanda iqtisadiyyatın dörd vacib seqmentinin - yanacaq-energetika ehtiyatlarının, nəqliyyat-kommunikasiya sisteminin, kənd təsərrüfatı və onunla bağlı sənaye kompleksinin, regionların istifadə olunmamış əmək və iqtisadi imkanlarının maksimum dərəcədə iqtisadi dövriyyəyə cəlb olunması hökumətin strateji məqsədi hesab edilmişdir. Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına başlamış, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərilə Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış və mərhələlərlə həyata keçirilmişdir.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, torpaq islahatının və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən uğurla başa çatdırılmışdır. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur.

1998-ci ilin prezident seçkilərində ulu öndərin vəkili olmuş şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsində, ölkədə siyasi sabitliyin möhkəmlənməsində, ümumilikdə rifah və tərəqqinin təmin olunmasında sahibkarlar sinfinin müstəsna rolu və imkanlarını daim yüksək dəyərləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət sahibkarlar sinfinin formalaşmasına, bu sahədə mükəmməl hüquqi bazanın yaradılmasına zəmin yaratmışdır. Azərbaycanda sahibkarlığın inkişafına təkan verən mühüm addımlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfrans olmuşdur. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər xarici şirkətləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi vurğulamışdır: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var".

 

Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla səmimi görüşlər 1996-2002-cı illərdə keçirilmişdi. Həmin görüşlərdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı yerindəcə aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsümüzə müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi. Bu görüşdən az sonra ulu öndərin sərəncamı ilə yaradılmış şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud problemləri araşdırmaq və onların həlli üçün təkliflər vermək olmuşdur.

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev özəl sektora dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Bundan başqa, həmin illərdə iqtisadiyyata nəzarəti həyata keçirən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Yaranmış vəziyyəti ən xırda detallarına qədər düzgün qiymətləndirən Heydər Əliyev qeyd olunan istiqamət üzrə problemlərin aradan qaldırılması üçün qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Bu kontekstdə ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" Fərmanın imzalanması qeyd edilməlidir. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.

Ümumiyyətlə, 1996-2003-cü illərdə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər üçün)", habelə "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunların qəbulu sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmlərini təkmilləşdirmişdir.

Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna nümunə kimi ulu öndərin 2002-ci il aprelin 10-da yerli, 25-də isə xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.

Ulu öndər Heydər Əliyevin böyük müdriklə irəli sürdüyü sahibkarlığın inkişafı strategiyası son 10 ildə onun ən layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah" tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır. Ötən illərdə Azərbaycan "təqibedici artım" modelini uğurla həyata keçirərək keçid dövrünü başa vurmuş, ölkə modern inkişaf mərhələsinə adlamışdır. Həyata keçirilən yeni iqtisadi siyasət sayəsində milli iqtisadiyyatın həcmi son 10 ildə 3,4 dəfə artmışdır.

 

Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.

Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Fərman bir daha təsdiqləmişdir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlər həllini tapmış, o cümlədən süründürməçilik halları, bürokratik əngəllər aradan qaldırılmışdır. Sərəncam əsasında vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri uğurla tətbiq edilmişdir. Qeydiyyatın "bir pəncərə" prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən "bir pəncərə" sisteminin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına və sadələşdirilməsinə təkan verən mühüm amillərdən biridir.

2007-ci il 28 iyul tarixli "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması, beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ölkə rəhbəri 2012-ci il 5 sentyabr tarixdə "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır.

"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın konkret olaraq 12-ci maddəsində sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapmışdır. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulmuşdur.

 

Bu il Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun dövlət başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Yeni qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapmışdır. Sənəddə sahibkarlıq fəaliyyəti ilə bağlı tələb olunan icazə xarakterli sənədlərin azaldılması, yoxlayıcı orqanların səlahiyyətləri, eləcə də yoxlamaların sayının azaldılması, sahibkarların fəaliyyətinə mane olan icra orqanlarının məsuluyyəti və cəzalandırılması məsələləri yer almışdır.

Yeni qanun sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi ilə bağlı daha təkmil mexanizmləri özündə birləşdirir. Qanun birbaşa sahibkarların etibarlı müdafiəsi, azad biznesin inkişafı üçün geniş fəaliyyət meydanının yaradılması, ictimai münasibətlər sistemində dövlət-sahibkar münasibətlərinin yeni tələblərə uyğun qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənədin əsas istiqamətlərindən biri də kiçik və orta sahibkarlığı inkişaf etdirməyə, investisiya mühitini daha da yaxşılaşdırmağa, sahibkarlıq sektorunda şəffaflığı artırmağa xidmət edir.

Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın azaldılmasında sənaye potensialının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycan hazırda inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər, ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə neftin qiymətinin aşağı düşməsi, hasilatın azalması ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi maddi itkiləri kompensasiya etmək mümkündür. Prezident İlham Əliyev dövlətin bu sahədəki siyasətini, sadəcə sahibkarlığa kömək tədbirlərinin davamı hesab edir və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaşmasına çalışır. İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layihələr həyata keçirməsinə etibarlı təminat mexanizmləri yarada bilər.

Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır. Yaxın gələcəkdə dövlətin investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlı olacaq. Sumqayıt şəhərində Kimya Sənaye Parkının, Yüksək Texnologiyalar Parkının, eləcə də Bakıda Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. 2013-ü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verəcək.

 

Sumqayıt və Gəncə kimi ənənələri olan böyük şəhərlərdə mövcud sənaye müəssisələrinin yenidən qurularaq işə salınması Azərbaycanın iqtisadi sahədə inkişaf etmiş dövlətə çevrilməsi prosesinə ciddi təkan verəcək. Belə layihələrdən biri də "Xəzər" Səhmdar Cəmiyyətinin şüşə sənayesini inkişaf etdirəcək "Azərşüşə" layihəsidir. Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənayelərinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin inkişafını aktual məsələ kimi gündəmə gətirmişdir. İnanırıq ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Sumqayıtın digər sənaye müəssisələri də böhranlı vəziyyətdən çıxacaq, o cümlədən də strateji əhəmiyyətli şüşə sənayesinin inkişafında da dönüş yaranacaq.

"Əsl siyasət konkret real iş görməkdir" - deyən Prezident İlham Əliyev Heydər Əliyevin xilas edərək davamlı inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanı son 10 ildə inamla irəliyə doğru aparmış, onun davamlı uğurlarına hesablanmış məqsədyönlü və uzaqgörən siyasət yürütmüşdür. Təsadüfi deyildir ki, bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində İlham Əliyev xalqın böyük etimadını qazanmışdır. Bu seçim cəmiyyətdə mütləq əksəriyyətin istək və arzusunu özündə təcəssüm etdirməklə yanaşı, islahatlar kursunun uğurlu davamına qarşıdakı beş ildə də etibarlı təminat yaratmaq istəyindən irəli gəlmişdir.

 

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2013.- 12 dekabr.- S.10.