Zamanın sınaqlarına sinə gərmiş lider

 

Ötən 10 il xalqımızın müstəqil dövlət quruculuğunda qazandığı böyük nailiyyətlərlə yanaşı, həm də bu müstəqilliyi bizə bəxş etmiş müasir Azərbaycan Respublikasının banisi və qurucusu ümummilli lider Heydər Əliyevlə cismani ayrılığın hüznlü günlərini yaşadığımız dövr kimi tarixə yazılmışdır. 2003-cü il dekabrın 12-də  dünyanın dahi şəxsiyyətlərindən birini, millətimizin böyük oğlu, ulu öndərimiz Heydər Əliyevi son mənzilə yola saldıq. Uzaq Amerikanın Klivlend hospitalından gələn acı xəbər həyəcanımızın son ümidini də qırıb apardı. Əvəzində Bakının Fəxri xiyabanı indiyədək görünməyən bir matəmə şahidlik etdi. Dahi rəhbərin dəfn mərasimi dünyanın ayrı-ayrı ölkələrindən xalqımızın kədərinə qoşulmaq üçün min kilometrlərlə yol qət etmiş insanların da daxil olduğu milyonların izdihamına çevrildi və bu izdihamlı kütlə axını ümummilli liderə ümumxalq sevgisinin ifadəsi kimi tarixə yazıldı. Elə həmin gündən də Heydər Əliyevin uyuduğu Fəxri xiyabana gələn ziyarətçilərin ardı-arası kəsilmir, möhtəşəm sənət əsəri kimi həm də əzəmət, dəyanət, bütövlük və kamillik rəmzinə çevrilən məzarüstü abidəsi önündən tər çiçək və əklillər əksik olmur. Bu mənada, Heydər Əliyev hüznlü vida  mərasimi ilə də doğma xalqının bütövlüyünə, onun xatirəsini həmişə əziz tutan sevimli millətinin birliyinə töhfə vermiş oldu.

2003-cü ilin 12 dekabrında millət öz böyük oğlunu doğma Vətən torpağına tapşırdı, ancaq ona olan sevgisini bir an belə unutmadı. Heydər Əliyev adı Azərbaycanın hər bir guşəsində əbədiləşdirildi, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın ürəyində əbədiləşdi. Ucalan möhtəşəm abidələrdə ulu öndərin xatirəsi uca tutuldu, onun şərəfinə yeni meydanlar, parklar və xiyabanlar salındı, adı ünvanlara həkk olundu, milli vəhdət, xalqlar arası dostluq və qardaşlıq rəmzinə çevrildi.

Bu gün Azərbaycanın və xalqımızın ümummilli lideri Heydər Əliyevin adı dünyanın bir çox ölkələrində keçirilən xoşməramlı tədbirlərdə qoşa çəkilir, böyük ehtiramla və dərin hörmət hissi ilə birgə anılır. Milli-mədəni irsimizin qorunmasında, mötəbər beynəlxalq təşkilatların da diqqətini cəlb edən xeyriyyəçilik missiyalarının yerinə yetirilməsində Heydər Əliyev Fondunun misilsiz xidmətləri hər birimiz üçün qürurludur. Müasir arxitektura möcüzəsi olan Heydər Əliyev Mərkəzi əsl mədəniyyət və incəsənət, elm və intellekt ocağı kimi özünü dünyaya bəyan edir. Səmərəli fəaliyyəti ilə ümummilli liderin adını doğruldan tədris müəssisələrində gələcəyin zəka sahibləri, geniş dünyagörüşlü, istedadlı gənclər yetişir, hərbi litseylərdə vətənpərvər ruhlu peşəkar zabit kadrlarımız formalaşır. Fəxrlə qeyd etməliyik ki, məhz ulu öndərin təşəbbüsü və 1998-ci il  dekabrın 1-də imzaladığı sərəncamla yaradılmış Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası da 2005-ci ildən Heydər Əliyev adını böyük şərəflə daşıyır, xüsusi təyinatlı ali tədris ocağı kimi ölkəmizdə milli maraqların təhlükəsizliyinə və təhsilin inkişafına öz layiqli töhfəsini verir.       

Tarix boyu böyük məşəqqətlərə, zamanın amansız sınaqlarına dərdi-kədəri ilə sinə gərmiş, görkəmli şəxsiyyətlərinə, doğmalarına hüzn saxlamağı el-oba adət-ənənəsi kimi yaşadan, bununla belə, əzmini və əzəmətini itirməyən, sevinci və fərəhi ilə dünyaya xoş anlar bəxş edən, qürur və mənliyini uca tutan bir xalqın Heydər Əliyevə sonsuz məhəbbətinin, tükənməz hörmət və ehtiramının səbəbi nədir və nədədir?!      

Bu sualın məntiqi cavabını ilk növbədə Heydər Əliyev şəxsiyyətinin özündə aramaq, ulu öndərin yaşadığı şərəfli ömrə işıq salmaq lazımdır. Əlbəttə, bu, böyük yaradıcılıq axtarışlarının qalın-qalın cildlərə sığacaq geniş mövzusudur. Heydər Əliyevin ömür yolunun hər bir səhifəsi ləyaqət, dəyanət təcəssümü, fövqəl qüdrət və hikmətlə doludur. Ulu öndər nəsillərə örnək olan həyat və fəaliyyəti ilə nəinki Azərbaycan tarixində, eləcə də bütün türk dünyasında və beynəlxalq aləmdə ən görkəmli şəxsiyyətlər sırasında ilk yerlərdə durmağa layiq nadir simalardandır. 

 

Əslində, Heydər Əliyevin həyatının müəyyən illərinə təsadüf edən Kremlin şovinist siyasətinin bütün sovet xalqları, xüsusən, qeyri-slavyanlar üçün məşəqqətli və keşməkeşli dövrü onun azərbaycanlı olaraq SSRİ-nin hakimiyət pillələrində irəliləməsi üçün heç də əlverişli olmamışdır. Ucqar əyalətlərdən biri kimi Azərbaycanda bolşevik-daşnak cəlladları tərəfindən daha amansızcasına həyata keçirilən ötən əsrin 20-ci illərinin qırğınları, qurbanlarının sayı bilinməyən dəhşətli 30-cu illər repressiyası, İkinci dünya savaşında təbii sərvətləri və cəsur insanları ilə qəhrəmanlıqlara imza atmış millətimizə qarşı inamsızlıq, şəxsiyyətə pərəstişin ağrı-acısının ağır maddi-sosial və mənəvi yaşantıları keçmiş SSRİ, o cümlədən Azərbaycan tarixində dərin izlər buraxmışdır. O illərdə xalqımızın tanınmış dövlət və ictimai xadimlərinin əksəriyyəti bu və ya digər mənada cismani və mənəvi iztirablara düçar olmuşdu.

Heydər Əliyev 1997-ci il iyunun 28-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə görüşündə sovet dönəmində Azərbaycan xüsusi xidmət orqanlarında çalışanların əsasən digər millətlərin nümayəndələri olduğunu qeyd etmişdir. Ulu öndər Azərbaycan xüsusi xidmət təşkilatının ilk rəislərindən olmuş Novruz Rizayevdən sonra bu vəzifəyə ancaq başqa millət nümayəndələrinin təyin olunduğunu vurğulayaraq demişdir: "Ondan sonra bir nəfər də azərbaycanlıya bu orqana rəhbərlik etmək etibar edilməmişdi. Hər millətdən - erməni də, rus da, yəhudi də, gürcü də olmuşdu, amma azərbaycanlı olmamışdı".

Göründüyü kimi, Heydər Əliyevin əmək fəaliyyətinə başladığı gənclik illərində və ondan sonrakı onillikdə sovetlər birliyində millətlərin həqiqi birliyindən söhbət belə gedə bilməzdi. Görkəmli dövlət nümayəndələrinin və ictimai-siyasi xadimlərin böyük əksəriyyəti sovet ittifaqının düşməni kimi ya kameralara atılmış, ya da güllələnmişdilər. Pantürkizm meyillərində suçlandırılan Azərbaycanda vəziyyət daha dözülməz idi. 

 

Yeri gəlmişkən, ümummilli liderin MTN əməkdaşları ilə görüşündə xatırlatdığı Novruz Rizayevin Stalinə məşhur məktubunda yazıldığı kimi: "20 il partiya sıralarında, narkomlarda, raykomlarda, riklərdə və s. təşkilatlarda bərkimiş üçüncü, dördüncü, beşinci nəsil fəalların hamısı, demək olar ki, həbs olunmuşdur".

Azərbaycan hakimiyyətində, onun idarəetmə və güc orqanlarında qeyri-millətlərin daha çox yer aldığı, beynəlmiləl tərkibli ailələrin nümayəndələrinin tez və maneəsiz irəli çəkildiyi zamanlarda Naxçıvanda köklü-əsilli azərbaycanlı nəslində boya-başa çatan, tərbiyə alan Heydər Əliyevin fitri istedadına, ağıl və dərrakəsinə, yüksək fərdi keyfiyyətlərinə görə uğur qazanması yalnız bu insanın möhkəm iradəsinin və çalışqanlığının məntiqi nəticəsi idi. Heydər Əliyev müstəqil həyata qədəm qoyduğu, həmçinin hakimiyyət və səlahiyyət sahibi olduğu bütün dövrlərdə böyük sədləri və çətinlikləri dəf etməli olmuşdur. Ulu öndər kimi fenomen insanlar üçün müqəddəs amalı uğrunda hər bir çətinlik, hər bir sədd mübarizə əzminin daha da artırılması, məqsəd və ideya naminə bütün səy və qüvvələrin səfərbər olunması demək idi.

Bu, bir həqiqətdir ki, hər hansı bir xalqın azadlıq amallarına qovuşması və beynəlxalq aləmdə özünü təsdiq etməsi kortəbii şəkildə baş vermir. Bu qayəni reallaşdırmaq üçün xalqın böyük inam bəslədiyi sevimli lideri, görkəmli dövlət xadimləri olmalıdır. Məhz şovinizmin əsl mahiyyətini anladığı zamanlardan Heydər Əliyevdə öz xalqının problemlərinə yiyə durmaq üçün liderlik missiyasına can atmaq arzusu oyanmış, milli təəssübkeşlik hissləri formalaşmış, onun antiazərbaycan mövqelərlə, antimilli meyillərlə gizli və açıq mübarizəsi başlamışdı.

Amalı uğrunda çalışmaqdan, öyrənməkdən, bilik və intellektual səviyyəsini, dünyagörüşünü daim artırmaqdan yorulmaq bilməyən və çətin sınaqlardan çəkinməyən, işgüzarlığı, bacarığı, təşəbbüskarlığı və təşkilatçılığı qibtə doğuracaq bu insan üçün qısa zaman kəsiyi kifayət etdi ki, super dövlətin dayağı olan DTK-da, sonradan isə bu nəhəng ölkənin siyasi Olimpində mühüm postlardan birini tutsun, SSRİ-nin hakimiyyət strukturunda geniş vəzifə səlahiyyətini və məsuliyyətini, eləcə də silahlı qüvvələr və güc orqanları hegemonunun ali hərbi rütbəsini çiyinlərində daşıyan görkəmli siyasətçi, dövlət xadimi kimi formalaşsın, qloballaşan dünyanın nadir şəxsiyyətlərindən birinə çevrilsin.

İstər DTK-nın, istərsə də keçmiş SSRİ-nin yüksək dövlət vəzifələrində işləyərkən Heydər Əliyev bütün səlahiyyət və imkanlarından daha çox Azərbaycanın və azərbaycanlıların bəhrələnmələri üçün istifadə etməyə çalışan əsl vətənpərvər insan olmuşdur. O yerdə ki, bütövlükdə xalqımızın, yaxud hər hansı bir həmvətənimizin taleyi həll olunurdu, orada Heydər Əliyev milli qüruru, vətən təəssübkeşliyini hər şeydən üstün tuturdu.

Keçmiş sovet ittifaqında yazılmamış qanunlarla ailə, kollektiv beynəlmiləlçiliyinin əsas götürüldüyü, DTK adlı cox ciddi bir qurumda ətrafını, dost və tanışını hərtərəfli öyrənib seçmək təlqin olunduğu, vacib şərt kimi tələb şəkildə qarşıya qoyulduğu bir vaxtda Heydər Əliyev ürəyinin hökmü ilə qərar qəbul etməkdən çəkinmirdi. Ailə qurmaq məsələsində də onun zamana hakimlik iddiasına düşənlərdən daha güclü olduğu özünü büruzə verdi. Repressiya qurbanlarının hələ tam əfv olunmadığı bir vaxtda repressiya olunmuş, milli baxışları, şəxsiyyət bütövlüyü ilə heç bir qəlibə və tələbə sığmayan, dövrünün böyük ziyalısı və xalqının həqiqətən də, əziz oğlu Əziz Əliyevin ailəsi ilə qohumluğun əsasını qoydu. Bunun nə ilə nəticələnə biləcəyini kim bilməsə də, ağıllı, dərrakəli, sovetlərin ən ayıq-sayıq güc strukturunda iş təcrübəsinə malik Heydər Əliyev yaxşı bilir və dərindən dərk edirdi. Həyat və fəaliyyətinin əsassız, lüzumsuz çərçivələrə sığması ilə heç vaxt razılaşmayan böyük insan ömrünün sonuna qədər sadiq qalacağı sevgisini qoruyub saxlamağı bacardı, bu gün xalqımızın sevimli lideri möhtərəm Prezidentimiz İlham Əliyevi Azərbaycana bəxş edən xoşbəxt bir ailənin təməlini qurdu, bu kiçik, lakin qüdrətli birliyi milli vətənpərvərlik, ümumbəşəri mənəvi ruhda tərbiyə ocağı kimi inkişaf etdirdi və möhkəmləndirdi.    

Milli maraqlar məfhumu həmişə Heydər Əliyev üçün doğma olmuşdur. O, uzun müddət xüsusi xidmət orqanlarında çalışmış, hakimiyyət pillələrində yüksək vəzifələrdə işləmiş bir insan kimi milli maraqların genişliyini, spektrini çox yaxşı bilirdi. Hələ Azərbaycana birinci rəhbərliyi dövründə ümummilli lider böyük uzaqgörənliklə xalqımızın və ölkəmizin müstəqillik qazanacağı əminliyi ilə yaşayırdı və bunun üçün ilk növbədə insanların şüurunda milli dövlətçilik ideyalarının dərin kök salmasını istəyirdi. Bu mənada, 60-80-ci illəri istiqlaliyyət sevər ziyalılarımızın əsl intibah dövrü adlandırmaq olar. Bu illər ərzində ölkəmizdə yaradıcı insanların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların öz xalqını, milli-mənəvi dəyərlərimizi tərənnüm etmələri üçün münbit şərait yaradılmış, onların çoxəsrlik tariximizdən qaynaqlanan sovet ideologiyası ilə uyuşmayan "günahları" respublika rəhbərliyi səviyyəsində möhkəm himayə olunmuşdu. Təsadüfi deyildir ki, Heydər Əliyevin DTK və respublika rəhbəri işlədiyi dövrdə respublikamızda bir nəfər də olsun, dissident aşkarlanmamışdır. Belələri isə az deyildi.          

O illər, sözün əsl mənasında, təpədən dırnağadək azərbaycanlı olan mərhum yazıçılardan Fərman Kərimzadə, nəsrimizin ağsaqqalı İsmayıl Şıxlı, qanında-canında folklor qaynayan Əzizə Cəfərzadə, odlu-alovlu şairlərdən Məmməd Araz, Xəlil Rza, Eldar Baxış və başqalarının qələmində ədəbiyyatımızda milli mentalitetin və azərbaycanlı xarakterinin incəliklərini əks etdirən qəhrəmanlar canlandırıldı, tarixi köklərimizə, mənəvi irsimizə işıq salan adət-ənənələrimiz ədəbi mühitə, oradan isə həyatımıza, məişətimizə yol açdı. Məhz o dövrdə kinomuzda əsl kişilik və mərdlik rəmzi olan Ağayar bəy, bolşevik top-tüfənginin qarşısında namusunu, ağayanalığını itirməyən Kərbalayı, komsomola təslim olmamaq üçün gülləni gicgahına sıxan və qəhqəhələr çəkən Gəray bəy kimi milli mentaliteti özündə ehtiva edən güclü şəxsiyyətlərin ekran obrazları tamaşaçı rəğbətini qazandılar. Həyatın inikası olan ədəbiyyat yaradılmış şəraitdən keçmişimizi, tariximizi, mənəvi-irsi dəyərlərimizi özümüzə, yaddaşımıza qaytarmaq şansı qazandı. Başqa sözlə, millətə xidmət etmək amalı yaradıcılığın əsl meyarına çevrildi.

Əgər altmışıncı illərin demokratik fikirliləri elə o illərdəcə məhv edilsəydi, mənən sındırılsaydı (FK, DSİ, XDİK, DTK orqanlarında bu sahədə şübhəedilməz metodlar olub) doxsanınıcı illərdə xalqımızın müstəqillik və azadlıq carçılarını da itirmiş olardıq.  

Sovet cəza maşınının 1941-ci ildə Sibirə yolladığı "antisovet, pantürkist" Hüseyn Cavidin 40 il sonra "Vətənə qayıdışını" da Heydər Əliyev dühasının cəsarəti, qətiyyəti və iradəsi, ilk növbədə isə milli kökə bağlılığı kimi dəyərləndirmək lazımdır.        

Bu mənada, kommunist rejiminin yenidənqurma adlanan "son nəfəsində" mərkəz hegemonluğunu itirmək istəməyən imperiya şovinizminin və onlara yarınmağa çalışan, milli qürurunu tamahına qurban vermiş bədxahların Heydər Əliyevə hücumlarının kökündə elə bu böyük insanın Azərbaycanın yüksəlişinə, xalqına xidmətə həsr etdiyi çoxillik səmərəli fəaliyyətinin durduğu təkzibolunmazdır.

Azərbaycanın son yarım əsr ictimai-siyasi həyatının inkişafı, maddi-sosial, iqtisadi, elmi-texniki, mədəni tərəqqisi və hərbi potensialının artırılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gələcək uğurlara zərgər dəqiqliyi ilə hesablanmış məqsədyönlü səmərəli fəaliyyətin, xalqımızın nurlu sabahlarına aparan çətin və mürəkkəb yolun başlanğıcı məhz ötən əsrin ikinci yarısından, Heydər Əliyevin hakimiyyət pillələrində addımlarını atdığı dövrdən start götürdü.

Heydər Əliyevin Azərbaycana 14 illik birinci hakimiyyəti dövrü xalqımızın tarixində xüsusi epoxanı təşkil edir. Respublikanın həmin illərdə qazandığı nailiyyətlər bilavasitə uğurla həyata keçirilən yeni inkişaf konsepsiyasının konkret nəticəsi idi. Bu illərdə sovet ittifaqının tərkibində olan Azərbaycan dirçəliş yoluna istiqamət aldı, iqtisadiyyatın, mədəniyyət və incəsənətin yeni vüsətlə inkişafına doğru irəlilədi. Ölkəmizdə milli özünüdərkin stimullaşdırılmasının möhkəm təməli qoyuldu, cənnətməkan diyarımızı və xalqımızı dünyaya tanıtmaq üçün elmi-kütləvi və mədəni tədbirlərin sayı, mahiyyət və keyfiyyəti əhəmiyyətli dərəcədə artırıldı. Azərbaycan geridə qalmış ucqar respublikadan uğurlu iqtisadi, elmi-mədəni laiyhələrin perspektiv inkişafı mərkəzinə çevrildi. Münbit iqlim şəraitinə və bərəkətli torpağa malik Odlar Yurdunun barı-bəhəri, mineral suları ittifaqın mərkəzi şəhərlərində Azərbaycan adları ilə satılmağa və geniş alıcı tələbatı qazanmağa başladı. Bütün bunlar əhalinin gəlirlərini artırmaq, maddi-sosial rifahını yaxşılaşdırmaq üçün həyata keçirilən məqsədyönlü, həm də gərgin işlərin nəticəsi idi.

Yeni metodların tətbiq olunduğu sənaye, tibb müəssisələri, təhsil, mədəniyyət ocaqları istifadəyə verildi, kəndlər və şəhərlər abadlaşdırıldı, paytaxt Bakıda, gənclik şəhəri Sumqayıtda, qədim Gəncədə müasir tipli mikrorayonlar salındı. Xalqımızın dünənini, keçmişini əks etdirən, milli-irsi dəyərləri özündə yaşadan tarixi yerlər, abidələr bərpa olundu, görkəmli şair və yazıçılara, elm və dövlət xadimlərinə möhtəşəm heykəllər, monumental sənətkarlıq nümunələri ucaldıldı. Bir sözlə, Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycan tərəqqi edən ölkəyə, insanların xöşbəxt və firavan yaşadığı gözəl diyara çevrildi.

Tarix həm də onu sübut edir ki, ölkəmizdə ötən əsrin 70-80-ci illərində bu günün müstəqil və müasir Azərbaycan Respublikasının yaradılmasının, qorunmasının, möhkəmlənməsinin və qüdrətlənməsinin təməl prinsipləri məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirildi.

Ulu öndər hələ sovetlər birliyinin siyasi hakimiyyət pillələrində addımlarını möhkəmləndirdikcə daha dərindən dərk edirdi ki, uğurlu müstəqil daxili və xarici siyasət aparmadan ölkənin suverenliyinin və istiqlaliyyətinin uzunömürlülüyünə təminat vermək mümkün deyil. Müasir Azərbaycanın dövlətçiliyi naminə bütün varlığını həsr edən, ən yeni tariximizin şanlı səhifələrinə imza atmaqla, tarixin parlaq simalarının ön cərgəsində dayanan ulu öndər iki minilliyin qovuşmasında ölkəmizin bütün sahələr üzrə qazandığı uğurların təşəbbüskarı, ilhamvericisi və təşkilatçısı oldu. Onun dünya siyasətinə daxil olmuş yarım əsrdən çox səmərəli fəaliyyəti xalqımızın min illərlə ürəyində yaşatdığı istiqlaliyyət arzusunun gerçəkləşməsində əvəzsiz rol oynamışdır.

Heydər Əliyevin xalq qarşısında misilsiz xidmətlərindən biri də  milli birliyin şəksiz və şəriksiz modeli kimi dövlətçilik düşüncəsinin formalaşmasına nail olmasıdır. Ulu öndər milli-irsi dəyərləri, əsrlərdən bəri yaşanan tarixi ənənələri müasir dövlətçilik kontekstində birləşdirən islahatların uğurla həyata keçirilməsinin təşəbbüskarı və himayədarı olmuşdur. Müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı və memarı olmuş Heydər Əliyev öz dühası ilə qarşıdakı bir çox onilliklər üçün xalqımızın və dövlətimizin hərtərəfli inkişafının və qüdrətlənməsinin istiqamətlərini müəyyənləşdirmiş, milli maraqların etibarlı qorunmasının tam həllinə yönələn qanunvericilik bazasının yaradlmasını  təmin etmişdir.     

Tanrı Heydər Əliyevi Azərbaycana el atası kimi bəxş etmişdi. Ulu öndər ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdə gələcək müstəqil Azərbaycanın bünövrəsini qoyan, bütün zəruri infrastrukturlarını və milli kadr potensialını formalaşdıran qurucu kimi təsdiqlənmişdi. 90-cı illərin əvvələrində isə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskar missiyasını həyata keçirərək, Azərbaycanın müstəqilliyini daimi və əbədi etmişdir. Ölkəmizdə qanunçuluğun möhkəmlənməsi, hakimiyyət strukturlarının vəzifə və funksiyalarının konkretləşməsi, hər kəsin dövlət quruculuğunda rolu və görəcəyi işlərin müəyyənləşdirilməsi məhz Heydər Əliyevin hakimiyyəti illərində mümkün olmuşdur. Ümummilli liderin müdrik rəhbərliyi və qətiyyəti sayəsində ölkəmizdə hüququn aliliyi və plüralizm prinsipləri bərqərar olmuş, silahlı qarşıdurmalarla, təxribat-pozuculuq əməlləri ilə ictimai asayişə və sabitliyə təsir göstərilməsi cəhdlərinə ümidlər  tamamilə və birdəfəlik puça çıxarılmışdır. Azərbaycan siyasi oyunbazların avantüralarından qurtularaq sivil və demokratik inkişaf yolunu tutmuş müstəqil dövlətlər sırasına qoşulmuşdur.

Respublikamızın bölgədə və dünyada sabitliyə, əmin-amanlığa, güclü iqtisadi inkişafa və tərəqqiyə, sıx mədəni əlaqələrə və bərabərhüquqlu tərəfdaşlığa istiqamətlənmiş daxili və xarici siyasəti sözün tam mənasında, Heydər Əliyevin azərbaycançılıq və müstəqillik ideyalarından qaynaqlanır. Xalqın, millətin lideri kimi Heydər Əliyev dühası onun yaratdığı milli dövlətçilik əsaslarının sarsılmazlığında və qoyduğu irsin layiqincə davam etdirilməsində ifadə olunur.

Respublikamızın demokratik  dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin uğurla apardığı və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətlə davam etdirdiyi hərtərəfli islahatların nəticəsidir. Ulu öndərin ideya müəllifi olduğu, şəxsiyyət bütövlüyü, liderlik keyfiyyətləri və möhkəm xarakteri ilə gerçəkləşdirdiyi müstəqillik siyasəti Azərbaycanın əbədi varlığının, sürətli inkişafının və tərəqqisinin, xalqımızın və millətimizin daimi yüksəlişinin təminatçısıdır.

Müdrik ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik sükanı arxasında inamla dayanaraq nurlu sabahlara və işıqlı gələcəyə apardığı müasir Azərbaycan Respublikası ulu öndərimizin xalqımıza bəxş etdiyi ən böyük ərməğandır. Bu gün Heydər Əliyevin azərbaycançılıq ideyalarına və müstəqil dövlətçilik ənənələrinə sadiqlik hər bir soydaşımızın, bütövlükdə xalqımızın yaşam tərzinə və fəaliyyət prinsipinə çevrilmişdir. Heydər Əliyev kimi böyük şəxsiyyətin cismani yoxluğundan ötən 10 ildə onun güclü inam və etimad göstərdiyi layiqli varisi İlham Əliyev cənabları dövlət başçısı kimi milli lider olduğunu dəfələrlə sübuta yetirmiş, xalqımızın taleyüklü  məsələlərinin həllində, ən çətin tarixi məqamlarda, gərgin vəziyyətlərdə düzgün qərarlar qəbul edərək, əzm və dözümlülük, siyasi iradə nümayiş etdirmişdiir.     

Müdrik Prezidentimiz İlham Əliyevin öz liderlik missiyasını qətiyyətlə davam etdirərək ulu öndərin şah əsəri olan Azərbaycan Respublikasını müasirləşdirməklə və yeniləşdirməklə layiqli varis olduğunu təsdiqləmiş, eyni zamanda, Heydər Əliyevin öz xalqına vəsiyyətində söylədiyi məntiqi fikirləri doğrultmuşdur. İlham Əliyev cənablarının ümumxalq seçkisində böyük səs çoxluğu ilə üçüncü dəfə prezident seçilməsi Heydər Əliyev siyasi kursunun alternativsizliyinin daha bir parlaq təzahürüdür.

Heydər Əliyev ideyaları ilə gündən-günə qüdrətlənən, ulu öndərin uğurlu siyasi xəttinə, milli dövlətçilik ənənələrinə sadiq qalaraq müstəqilliyini əbədi və dönməz edən müasir Azərbaycan Respublikası bu böyük şəxsiyyəti, unudulmaz dahi rəhbəri, ulu öndəri zaman keçdikcə bizə  daha dərindən sevdirəcək və qəlbimizdə xoş xatirə kimi yaşadacaqdır.

 

 

 

Ziya YUSİFZADƏ,

Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant

Azərbaycan.-2013.-13 dekabr.-S.3.