Naxçıvanda ümummilli lider Heydər Əliyevin

 əziz xatirəsi dərin ehtiramla yad edilmişdir

 

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilmişdir. Həmin gün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərin əzəmətli abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, müasir Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətin ifadəsi olaraq onun abidəsini ziyarət etmişlər.

Azərbaycanın ən yeni tarixinin hər bir məqamı ümummilli lider Heydər Əliyevin adı, həyatı və siyasi fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, zaman keçdikcə, illər ötdükcə onu daha dərindən dərk edirik. Ötən hər gün ümummilli liderin əbədiyaşar bir şəxsiyyət olduğunu bir daha təsdiq edir.

İnkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqillik ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. "Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm", - deyən ümummilli liderin ömür yolu əsrlərə sığmayan bir epoxadır və bu epoxanın hər bir anı Azərbaycan xalqına və dövlətçiliyinə xidmətdən keçir.

Azərbaycan tarixinin 1969-1987-ci illərdəki inkişaf və tərəqqi dövrü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb və gələcəyə hesablanmış sosial-iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi siyasətçinin Azərbaycana rəhbərlik etdiyi dövrdə yaratdığı sosial-iqtisadisiyasi baza Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın vahid ideologiya - vətən üçün yaşamaq, fəaliyyət göstərmək fəlsəfəsi ətrafında birləşməsində əsas stimul olmuşdur.

Müdriklərin fikrinə görə, "xalqın etimadını qazanan lider güclü dövlətin yeganə qarantıdır". Bütün siyasi fəaliyyəti vətənə və xalqına xidmət nümunəsi olan, "Xalq mənim dayağım, gücüm və inamımdır", - deyən ulu öndər Heydər Əliyevin əsas dayağı da məhz qədirbilən xalqı olmuşdur. Dahi şəxsiyyət pak əməlləri, parlaq ideyaları, məqsədyönlü fəaliyyəti ilə hələ sağlığında xalqının ümummilli lideri adını qazanmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: "Tarixdə elə şəxsiyyətlər var ki, onların həyatından danışmaq üçün təmsil etdikləri ölkələrin və xalqların həyatından danışmaq lazım gəlir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Onun mənalı həyatı müstəqil Azərbaycanın siyasi bioqrafiyasına, tərcümeyi-halına çevrilmişdir. Bu gün dünyanın istənilən ölkəsində "Azərbaycan" deyərkən "Heydər Əliyev", "Heydər Əliyev" deyərkən "Azərbaycan" başa düşülür. Nə üçün? Ona görə ki, ulu öndər Heydər Əliyev qədər öz həyatını Azərbaycana həsr edən, azərbaycançılıq uğrunda, dövlətimizin müstəqilliyi yolunda canından keçməyə hazır olan ikinci bir dövlət xadimi, şəxsiyyət yoxdur".

Ümummilli lider Azərbaycan dövlətini yeni inkişaf müstəvisinə çıxaran tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən əsrin 90-cı illərində - ölkəmiz üçün olduqca mürəkkəb və gərgin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən ulu öndər qısa zaman kəsiyində ölkədə baş alıb gedən xaosanarxiyaya son qoymuş, uğurlu sosial-iqtisadi islahatlar həyata keçirməklə Azərbaycanı dünyanın hərtərəfli inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik olan müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.

Ümummilli lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, ulu öndərə məhəbbətlərini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir. Xalqımız bütün varlığı ilə inanır ki, bu gün ölkədə həyata keçirilən siyasi xətt - Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir, regionda və beynəlxalq aləmdə böyük iqtisadisiyasi uğurlara imza atır.

Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib. Muxtar respublikada bu siyasətin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunmuş, quruculuq işləri geniş vüsət almış, iqtisadiyyat dinamik inkişaf etmiş, infrastruktur yenilənmiş, sosial proqramlar qəbul edilərək icra olunmuş, enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir. Qazanılan bütün bu uğurların başlanğıcı, təbii ki, dahi şəxsiyyətin ideya və amallarının dönmədən həyata keçirilməsinin nəticəsi və Heydər Əliyev siyasi xəttinə sədaqətin təntənəsidir.

Ümummilli lider Heydər Əliyevin xalq üçün, vətən üçün etdiklərini adi insan təfəkkürünə sığışdırmaq mümkün deyil. Ulu öndərin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının tarixi irsidir. Bu irsi öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı naminə yararlanmaq isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir azərbaycanlının mənəvi borcudur. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir".

Həmin gün Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikamızın bütün rayon mərkəzlərində də ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2013.-13 dekabr.-S.4.