Sumqayıtlıların qəlbində əbədi yaşayan lider

 

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

Dekabrın 12-də ulu öndərin vəfatının onuncu ildönümü ilə əlaqədar sumqayıtlılar Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gələrək  ehtiramlarını bildirib, abidənin önünə tər çiçəklər düzdülər.

Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunmuş anım mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin mənalı ömür yolundan, dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs etdi.

Natiq bildirdi ki, ötən əsrin 40-cı illərində yaradılan Sumqayıt məhz 70-ci illərdən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış mərkəzi olmuşdur. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın iş yerinə çevrilmişdi. Həmin dövrdə ikinci bir şəhər tapılmazdı ki, Sumqayıt kimi inkişaf etsin və boz çöllər müasir sovet şəhərinə dönsün.

Ümummilli lider Heydər Əliyev həmin dövrdə tez-tez Sumqayıta gələr, burada aparılan quruculuq işləri ilə şəxsən maraqlanar, ictimaiyyət nümayəndələrini dinləyər, onlara öz dəyərli tövsiyələrini verərdi.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider sumqayıtlılardan rəhbər qayğısını əsirgəməzdi. 16 dəfə Sumqayıta səfər edən Heydər Əliyevin şəhərə hər gəlişi toy-bayrama çevrilirdi. Ümummilli lider sadə əmək adamları ilə görüşər, bəzən onlarla söhbətlər edər, zəhmətkeşlərin yaşayış tərzi ilə yaxından tanış olardı.

E.Əzizov bildirdi ki, ümummilli liderin ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə sürətli sosial-iqtisadi tərəqqiyə nail olunmuş, Azərbaycan dünya birliyi üçün mühüm və etibarlı tərəfdaşa çevrilmiş, bir çox tarixi uğurlara imza atmışdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə daim sadiq qalan sumqayıtlılar ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər. Bu gün sumqayıtlıların qəlbində əbədi yaşayan ümummilli lider Heydər Əliyev dühası hələ neçə nəsillərin yolunda günəş şöləsi tək yanacaqdır. O günəş bütün Azərbaycanın sönməyən günəşidir.

Onu da qeyd edək ki, anım mərasimi gecə yarıdan keçənədək davam etdi.

 

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2013.-13 dekabr.-S.4.