Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Xətai

 rayonunda məhəbbətlə anılmışdır

 

Müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır. Ulu öndəri bizdən ayıran illər ötdükcə onun şəxsiyyətinin böyüklüyü, dahiliyi daha dərindən dərk olunur.

Dekabr ayının 12-də ulu öndərin vəfatının 10-cu ili tamam oldu. Dünən on minlərlə insan ulu öndərə ehtiramını ifadə etmək üçün Fəxri xiyabana gələrək məzarını ziyarət etdi. Həmin gün Azərbaycan vətəndaşları dünyanın harasında olmasından asılı olmayaraq bir daha Heydər Əliyevi anmaqla, yad etməklə ulu öndərin əziz xatirəsinə öz ehtramlarını bildirdilər.

Azərbaycanı öz siyasi iradəsi uzaqgörən dövlətçilik təcrübəsi ilə firavan həyata qovuşduran ümummilli lider Heydər Əliyevin vəfatının onuncu ildönümü Bakının Xətai rayonunun ictimaiyyəti tərəfindən dərin kədər hissi ilə qeyd edilib. Bu münasibətlə rayonda anım tədbirləri keçirilib. Orta məktəblərdə ilk dərs Heydər Əliyevə həsr edilib, müxtəlif ədəbi-bədii kompozisiyalar təşkil olunub, əbədiyaşar liderin zəngin həyatından, titanik fəaliyyətindən bəhs edən stendlər hazırlanıb. Daha sonra Xətai sakinləri rayondakı Heydər Əliyevin adını daşıyan parka gələrək burada xalqımızın dahi oğlunun abidəsini ziyarət ediblər. Ulu öndərə Allahdan rəhmət diləyən, ruhuna dualar oxuyan sakinlər abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər. Mərasimdə Xətai rayonunun bütün idarə, müəssisə və təşkilatlarının, özəl bölmənin işçiləri, sadə vətəndaşlar iştirak ediblər.

Xatırladaq ki, ərazinin genişləndirilməsi əhalinin mənalı istirahətinin müasir tələblərə cavab verən səviyyədə təmin olunması məqsədi ilə 2007-ci ildə bu parkda abadlıq, əsaslı yenidənqurma işlərinə başlanılıb, ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb. 2007-ci il oktyabrın 3-də yenidən qurulmuş parkın və Heydər Əliyevin abidəsinin təntənəli açılış mərasimində iştirak edən Prezident İlham Əliyev belə bir parkın yaradılmasından məmnun qaldığını bildirib, buradakı şəlalənin yaxınlığında vaxtilə ulu öndərin əkdiyi ağacın yanında ağac əkib. İndi bu park Xətai sakinlərinin istirahəti üçün gözəl məkan olmaqla yanaşı, həm də müqəddəs yerdir. İnsanlar Azərbaycan dövlətinin rəsmi bayramlarında da bu parka gələrək Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzürlər.

Anım mərasimində ardı-arası kəsilməyən ziyarətçi axını ulu öndərin öz xalqı tərəfindən sevildiyinin, həmçinin Xətai sakinləri tərəfindən xatirəsinin qədər əziz tutulduğunun göstəricisi idi. Mərasim başa çatdıqdan sonra Xətai rayonu ictimaiyyəti adından ehsan süfrəsi açıldı.

 

Azərbaycan.-2013.-13 dekabr.-S.5.