Azərbaycan müəllimlərinin XIV qurultayına

 

Hörmətli qurultay iştirakçıları!

Sizi sizin simanızda bütün Azərbaycan müəllimlərini səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı xoşbəxtlik, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın keşiyində dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunmuşdur. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son on il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradır.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul olunmasından sonra keçirilməsi qurultayınızı Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəllimin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir.

Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, taleyüklü məsələlər ətrafında müzakirələri qərarları ilə ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirir hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, azərbaycançılıq məfkurəsinə sadiqqloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcəkdir.

 

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2013-cü il

Azərbaycan.-2013.-15 dekabr.-S.1.