Bakıda Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir

 

Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilmişdir.

AzərTAc xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qurultay iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüşlər.

Ölkənin bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Qurultay açıq elan edilmişdir.

 

Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

Sonra təhsil naziri Mikayıl Cabbarov hesabat məruzəsi ilə çıxış etmişdir.

Nazir demişdir ki, bu gün təhsil sisteminin mövcud durumunu dəyərləndirəcək, qloballaşan dünyada təhsilimizin inkişaf yollarını, yeni strateji istiqamətləri və qarşıda duran başlıca hədəfləri birlikdə müzakirə edəcəyik.

M.Cabbarov xatırlatmışdır ki, düz 107 il bundan əvvəl, 1906-cı ildə Bakıda Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi rus-Azərbaycan məktəbində Azərbaycan müəllimlərinin I qurultayı keçirilmişdir. Qurultayın işində o dövrün Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli, Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov kimi tanınmış maarifçi ziyalıları iştirak etmişlər. XX əsrin əvvəllərində maarifçilik ideyaları ətrafında birləşən bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə nəticələnmişdir.

Bildirilmişdir ki, AXC-nin qısa ömür sürməsinə baxmayaraq, milli dövlətçilik ideyaları xalqımızın qəlbində möhkəm kök salmış, onu daim irəliyə, dövlətçiliyin əsaslarının qurulmasına istiqamətləndirmişdir. Bu tarixi missiyanı, yəni hər bir xalqın öz inkişafında arzulaya bildiyi ən yüksək və müqəddəs məqsədi - müstəqil dövlətin qurulması və onun ən çətin sınaqlardan keçərək möhkəm bünövrə üzərində bərqərar olunması missiyasını ulu öndərimiz Heydər Əliyev şərəflə yerinə yetirmişdir. Ümummilli liderin  siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev qısa müddət ərzində ölkəmizi inanılmaz şəkildə dəyişdirməyə nail olmuş və dövlətimizi ən uca zirvələrə qaldırmışdır.

 

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi düşünülmüş və uzaqgörən daxili və xarici siyasət, iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl islahatlar müstəqil Azərbaycanı siyasi və iqtisadi baxımdan sabit, davamlı inkişaf edən dövlət, beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider ölkə kimi tanıtmışdır. Ölkədə siyasi sabitlik və məqsədyönlü islahatlar prosesi misilsiz iqtisadi artımla müşayiət olunmuş, sosial həyatın hər bir sahəsində tərəqqiyə güclü təkan vermişdir.

 

Təhsil naziri vurğulamışdır ki, son 10 ildə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sferanın - o cümlədən təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş, onun davamlı inkişafına stimul yaratmışdır.

 

Lakin həyat yerində durmur, dünya hər gün dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə daim ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə hər gün çalışmalı, böyük zəhmət hesabına qazandığımız nailiyyətlərin qorunub saxlanılmasını və dönməzliyini təmin etməliyik.

 

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda aparılan təhsil islahatlarına və təhsilin inkişafına öz layiqli töhfələrini vermiş Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirmişdir.

 

Təhsil sahəsinin inkişafı ilə bağlı ölkəmizdə aparılan işlərdən söz açan nazir demişdir: "Dövlətimizin  başçısının yeni prezidentliyi müddətində ilk imzaladığı sənədlərdən biri - "Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası" olmuşdur. Sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı - "qara qızılı insan qızılına çevirək" fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur. Bu sənəd təhsil ilə bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Bu əhatəlilik, həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsi missiyasına xidmət edir, Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur".

 

Nazir vurğulamışdır ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun təşəkkülünə zəmin yaradacaqdır. Bu sənəd, həmçinin ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcəkdir. Bu sənəddə biz bilik cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçülə bilən fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilərik. Burada əsas ehtiva olunan dəyər odur ki, Azərbaycanda təhsil dövlət siyasətinin əsas prioritetinə çevrilir.

 

Bu baxımdan Təhsil Nazirliyi Strategiyanın icrası istiqamətində bütün maraqlı tərəflərlə, hədəf qrupları ilə faydalı əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir. Strategiyada nəzərdə tutulan hədəflərə nail olunması prosesində birgə iş aparılmalı və problemlərin həlli yolları birgə araşdırılmalıdır. Strategiyanı reallaşdıran əsas vasitə kimi "Açıq təhsil" modelinin qurulması və tətbiqi nəzərdə tutulur. Bu model bir sıra konseptual yanaşmalar üzərində qurulacaqdır.

 

Strategiyanın birinci istiqaməti səriştəyə əsaslanan, şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasını və təhsilin bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.

 

Nazir diqqətə çatdırmışdır ki, növbəti tədris ilində artıq təhsilalanların həftəlik və gündəlik dərs yükünü azaltmaqla paralel olaraq tədris ilinin müddətinin artırılması istiqamətində addımlar atılacaqdır. Bunun həyata keçirilməsində əsas məqsəd 32 həftəlik tədris ili və 5 günlük iş rejimi şəraitində şagirdlərin həddən artıq yüklənməsinin qarşısını almaq, 3 ay yarım tədrisdən ayrılmasının onların akademik davamiyyətinə mənfi təsirini azaltmaq, şagirdlərin sağlamlığının qorunmasını təmin etmək, ən başlıcası isə tədris prosesinin optimallaşdırılmasını və səmərəli təşkilini təmin etməkdən ibarətdir. Həmçinin yuxarı siniflərdə məcburi və seçmə fənlər modelinin tətbiqi nəzərdə tutulur.

 

Qeyd edilmişdir ki, 12 illik ümumi təhsilə keçid kurikulumların yenilənməsinə və tam orta təhsil səviyyəsində təlimin profilləşməsinə təkan verəcəkdir. Təmayüllü məktəb və siniflər şəbəkəsi uşaqların gələcək əmək fəaliyyəti sahəsinin seçilməsinə kömək göstərəcəkdir. Eyni zamanda, biz pedaqoji təlimi təhsilin ikinci əsas funksiyasından - tərbiyədən ayırmamalıyıq, uşaqlarımızı erkən yaşdan düzgün - saf və təmiz tərbiyələndirməliyik. Məktəbdə uşaqlar yalnız biliyinə görə fərqləndirilməlidir. Şagirdlərin marağının artırılması və dünyagörüşünün inkişafını təmin etmək məqsədi ilə məktəbdənkənar müəssisələrin işi də mütləq yaxşılaşdırılmalıdır. Bu sahədəki mövcud vəziyyət bizi qətiyyən qane etmir.

 

Mikayıl Cabbarov bildirmişdir ki, təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmaz. Əvvəlki illərdə də olduğu kimi, indi də yaxşı dərs vəsaitlərinə və metodik ədəbiyyata böyük ehtiyacımız vardır. Təhsilin səviyyəsi xeyli dərəcədə bunların keyfiyyətindən və məzmunundan asılıdır. Təhsil Strategiyasında kurikuluma əsaslanan yeni dərsliklərin yaradılmasına, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət ayrılır.

 

Müasir təhsil sistemində mövcud problemlərdən söz açan Mikayıl Cabbarov vurğulamışdır ki, bu sahədə olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir. Nazir demişdir ki, mövcud vəziyyəti dözülməz hesab edərək, pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılmasını, bu sahədə nəticələri davamlı olaraq aşağı olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını vacib sayırıq. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması islahatların uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir. Müəllim sənətinə istedadlı gənclərin cəlb edilməsi məqsədilə dövlət sifarişinin imkanlarından səmərəli istifadə olunmalı, tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmləri işə salınmalıdır.

 

Mikayıl Cabbarov bildirmişdir ki, təhsil sisteminin keyfiyyət göstəricilərinin kəskin yaxşılaşdırılmasını təmin etmək məqsədilə biz mövcud müəllim korpusunun təkmilləşdirilməsi ilə eyni vaxtda bu gün müəllim kimi fəaliyyət göstərməyən, lakin müvafiq bilik və səriştəyə malik olan peşəkarların və elm mütəxəssislərinin təhsil sektoruna cəlb edilməsinə nail olmalıyıq. Bu məqsədlə Təhsil Nazirliyi onlar üçün pedaqoji hazırlıq kursları təşkil etməyə hazırdır. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək könüllü attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi təmin ediləcək, attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır. Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması üçün müvafiq addımlar atılacaq, pedaqoji fəaliyyətinin qiymətləndirilməsindən sonra onun maddi motivasiya və vəzifə yüksəlişinin təmin olunması üzərində işləmək lazım gələcəkdir.

 

Bildirilmişdir ki, üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Müasir təhsili idarəetmə strukturunda tənzimləmə və əməliyyat funksiyaları ayrılmalı, akkreditasiya, sertifikatlaşdırma və peşə təhsili üzrə yeni idarəetmə strukturları yaradılmalı, təhsil müəssisələrinin sayı və növləri  rasionallaşdırılmalı, pillələr və səviyyələr üzrə təhsilin strukturu təkmilləşdirilməlidir. Bu istiqamət üzrə ilk addımımız hazırkı məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olacaqdır. Təlimi uğurla bitirən və imtahanda yüksək nəticə göstərib keyfiyyət sertifikatı almış şəxslər məktəb direktoru təyin olunacaqlar. Bu kateqoriyadan olan məktəb direktorlarının əməkhaqqına əlavələr təyin ediləcəkdir.

 

Nazir demişdir ki, artıq ali təhsil müəssisələrinin idarə olunmasının mütərəqqi prinsiplərinə əsaslanan, iqtisadi cəhətdən səmərəli və akademik göstəricilərinin yüksək olmasını təmin edən yeni tələblər üzərində qurulmasının vaxtı gəlib çatmışdır. Bu gün universitetlərimizin elmi kadr, zəngin təcrübə və maddi bazasının potensialından ali təhsildən kənarda, demək olar ki, istifadə olunmur. Diqqət yalnız qəbula yönəlir, gəlir mənbəyi kimi ancaq tələbələrin təhsil haqqı əsas götürülür. Halbuki dünyanın ən reytinqli təhsil ocaqlarında təhsil haqqı onların büdcəsinin heç dörddəbirini təşkil etmir.

 

Mikayıl Cabbarov diqqətə çatdırmışdır ki, Strategiyada ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Bizim bu məsələyə yanaşmamız ondan irəli gəlir ki, dövlət və ya  özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları iki qrupa bölünməlidir.

 

Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə "SABAH" qruplarının, yəni savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili üçün seçimin aparılması nəzərdə tutulur. Bu yeniliyin məqsədi xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

 

Təhsil naziri bildirmişdir ki, dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

 

Ali təhsil müəssisələrinin iriləşdirilməsi, bir universitetdə tələbə kontingentinin azı 10-15 minə çatdırılması təmin olunmalıdır. Rasionallaşdırma tədbirləri, eyni zamanda, ümumi təhsil pilləsində həyata keçirilməli, müəllim-şagird nisbəti tədricən iki dəfəyədək artırılmalı, məktəb müəllimlərinin həftəlik dərs yükü hazırkı 12 saatdan 18 saata qaldırılmalıdır. Biz resurslarımızı səpələmək hesabına deyil, əksinə, onları güclü mərkəzlərdə toplamaqla qısa müddət çərçivəsində yaxşı nəticələr əldə edə bilərik. Erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi əhəmiyyətli dərəcədə artırılmalı və yekunda 90 faiz səviyyəsinə çatmalıdır. Bunun üçün böyük maliyyə və pedaqoji resurslar təminatı məsələsi həll olunmalıdır. Bir növbəli və 5 günlük rejimdə fəaliyyət göstərən ümumtəhsil məktəb şəbəkəsinin yaradılması üçün yeni məktəb binalarının inşası təmin olunmaqla yanaşı, həmçinin mövcud infrastrukturun imkanlarından tam bəhrələnməliyik.

 

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır.

 

Nazir demişdir ki, hazırda Azərbaycan Respublikasının ümumi təhsil sistemində 4 min 513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti vardır. 2013-2014-cü dərs ilində 137 mindən çox şagird ilk dəfə məktəbə qədəm qoymuşdur.

 

İlk peşə-ixtisas təhsili pilləsində mövcud olan 108 müəssisədə 29 min 337 nəfər şagird tədris prosesinə cəlb edilmişdir. Orta ixtisas təhsili pilləsində 64 min 116 nəfər tələbə 59 müəssisədə təhsil alır. Hazırda 44 mülki ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682, magistratura səviyyəsində isə 11 min 245 nəfər təhsilini davam etdirir.

 

Təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülmüş, 2700-dən çox orta məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə 1 milyondan artıq şagirdin təlim şəraitinin yaxşılaşdırılması təmin edilmişdir. Bu dövrdə təhsilin məzmunca yeniləşdirilməsinə yönəlmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla yanaşı, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı" çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməklə, dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilmişdir.

 

Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən nailiyyətlər qazanılmışdır. Bu dövrdə təhsilin informasiyalaşdırılması sahəsində iki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 37 faizi internet şəbəkəsinə qoşulmuşdur.

 

Təhsil Nazirliyi tərəfindən son yeddi ayda görülmüş işləri təhlil edən Mikayıl Cabbarov bu müddətdə bir sıra əhəmiyyətli addımlar atıldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, belə addımlardan biri XI sinfi bitirən 91 mindən çox gəncin hamısına attestat almaq hüququnun verilməsi olmuşdur. Növbəti  müsbət addımımız respublika ümumtəhsil və ilk peşə-ixtisas müəssisələrinə müəllimlərin işə qəbuludur. Əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə test imtahanları 6-7 həftə ərzində aparılırdısa, cari ildə bu proses cəmi 13 günə öz həllini tapmışdır. Növbəti yenilik - dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu üzrə yeni qaydaların tətbiqidir. Yeni qaydalara uyğun yaradılmış komissiyaların fəaliyyəti nəticəsində 8 min 846 uşaq bu il vaxtından əvvəl birinci sinfə qəbul olunmuşdur. Təhsil Nazirliyi tərəfindən bu il, həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes tərəfdaşlığına əsaslanan sosial xarakterli "Müasir Azərbaycan peşəkarları" layihəsinin icrasına başlanılmışdır.

 

Nazir qazanılan uğurlar arasında "2007- 2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı" üzrə layiqli namizədlərin seçilməsi prosesini xüsusi qeyd etmişdir. Diqqətə çatdırmışdır ki, proqramın icra olunduğu 6 il ərzində ilk dəfə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə müsahibələr aparmış və obyektiv seçim etmişlər. Bu il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər aparıcı xarici ölkələrin ali məktəblərində təhsil almaq hüququ qazanmışdır.

 

Cari ildə təhsil sistemində dərin kök salmış mənfi hallarla mübarizənin gücləndirildiyini söyləyən M.Cabbarov demişdir ki, nazirliyin mərkəzi aparatında aparılmış struktur dəyişiklikləri nəticəsində daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin olunmuşdur. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə təhsil işçilərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

 

Təhsillə elmin vəhdətinin zəruriliyindən söz açan akademik, ölkəmizdə elmin inkişafının bu vəhdətdən asılı olduğunu vurğulamışdır. Bildirmişdir ki, elmlə təhsilin vəhdəti üçün AMEA-nın institutlarında baza kafedraları yaradılmışdır. Ali məktəblərin rektorları bu təşəbbüsü dəstəkləmişlər. Akademiyada olduğu kimi, universitetlərdə də elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində addımlar atılmalı, müvafiq kafedralar yaradılmalıdır.

 

AMEA-nın prezidenti orta məktəblərdə elm guşələrinin yaradılması təşəbbüsü ilə də çıxış etmişdir.

 

Qurultayda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev muxtar respublikada təhsilin inkişafı istiqamətində aparılan  işlər barədə geniş məlumat vermişdir.

 

Bildirilmişdir ki, son illər muxtar respublikanın şəhər və kəndlərində 200-dən artıq yüksək keyfiyyətli, dünya standartlarına cavab verən, yeni avadanlıqla təchiz edilmiş, kompyuter dəstləri və elektron lövhələrlə təmin olunmuş təhsil müəssisələri tikilmiş və əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində və ucqar dağ kəndlərində, ümumilikdə, 1072 şagird yerlik, müasir avadanlıqla tam təmin olunan məktəblər inşa edilmişdir.

 

P.Nağıyev demişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində 542 elektron lövhə quraşdırılmış, təhsil müəssisələrinə hər 14 şagirdə bir kompyuter düşməklə 3355 kompyuter dəsti verilmiş, bu kompyuterlərin 84 faizi internetə qoşulmuşdur. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 1.753.282 nüsxə dərslik paylanılmış, ümumtəhsil məktəblərindəki kitabxanalara hədiyyə olaraq 620.117 nüsxə bədii ədəbiyyat verilmişdir.

 

Həyata keçirilən uğurlu təhsil islahatı özünü ali məktəblərə qəbulda da qabarıq şəkildə göstərmişdir. 2012-2013-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini 4186 nəfər bitirmiş, onlardan 3238-i ali məktəblərə sənəd vermişdir. İmtahanda iştirak edən abituriyentlərdən 1677 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, bu da sənəd verənlərin 51,59 faizi deməkdir. Ali məktəblərə qəbul olunanlardan 312 nəfəri 500-700 intervalında bal toplamışdır. Bu da ötən illə müqayisədə 45 nəfər çoxdur.

 

Ötən dərs ilində muxtar respublikada təhsildə yüksək nəticələrə nail olan 20 şagirdə medal verildiyi halda, bu il medal alanların sayı 24 nəfər olmuşdur. Həmin məzunlar göstərilən etimadı doğrultmuş, 3 nəfəri 550-600 , 7 nəfəri 600-650 və 14 nəfəri isə 650-700 intervalında nəticə göstərmişdir.

 

Piri Nağıyev demişdir ki, son 10 ildə Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə 54 nəfər "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüş, 52 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə müəllimlərin istirahət və müalicə işlərinin təşkili, onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışmışdır.

 

Müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini xatırladan S.Mehbalıyev demişdir ki, hazırda bu iş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İldən-ilə təhsilin inkişafına ayrılan dövlət vəsaitinin artırılması bunun əyani sübutudur.

 

Müəllimlərin dünyada gedən informasiya müharibəsinin ön cərgəsində olduqlarını bildirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə demişdir ki,   həm orta, həm də ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl aparılmalıdır. O bildirmişdir ki, XXI əsrin öz tələbləri vardır. Yeni texnologiyalar cəmiyyətin həyatını dəyişir. Beynəlxalq elmi dairələr XXI əsrdə inkişaf üçün məlumatı dinamik idarə etməni, komandada işləmək bacarığını, texnologiyadan səmərəli istifadəni və davamlı bilik yaratmağı əsas sayırlar. Belə bir şəraitdə müəllimlər zamanın nəbzini tutmaq üçün daim öz üzərlərində çalışmalıdırlar.

 

M.Abbaszadə "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas məqsədinin biliklərə əsaslanan cəmiyyət qurmaq olduğunu bildirmişdir. O qeyd etmişdir ki, təhsil sahəsində yeniliklər baş verdikcə qiymətləndirmə də dəyişikliklərə məruz qalır. Müasir dövrdə təhsildə qiymətləndirmə metodları fərqlidir, ancaq pedaqoji universitetlərdə bu sahədə tədris aparılmır. Bu universitetlərdə müasir qiymətləndirmə kursları yaradılmalıdır.

 

Qurultayda çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, ölkəmizdə təhsilin modernləşdirilməsi üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdırmışdır. O bununla yanaşı, Azərbaycanda müəllim hazırlığı ilə bağlı bitkin modelin olmadığını, bu işin köklü şəkildə yenidən qurulmasının vacibliyini bildirmişdir.

 

B.Əliyev təhsildə irəliləyiş əldə etmək üçün müəllimin nüfuzunun geri qaytarılması barədə düşünməyin vaxtının çatdığını demiş, təhsil sistemində psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması və tətbiqini zəruri saymışdır. Bildirmişdir ki, Təhsil Nazirliyi yanında yeni metodik mərkəz yaradılmalı, pedaqoji kollektivdə sağlam mühitin formalaşması  üçün psixoloji xidmət önə çəkilməlidir.

 

Milli Məclisin deputatı təhsilin inkişafı ilə bağlı təkliflərini də açıqlamışdır. Bildirmişdir ki, yeni nəsil universitetlər yaradılmalı, bu ali təhsil müəssisələrində rəqabət qabiliyyətli ixtisaslı kadrlar və mütəxəssislər hazırlanmalıdır. Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planı ləğv edilməli, qəbul dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati məsələlərdə müstəqillik verilməlidir. Eyni zamanda, müəllimin nüfuzunu artırmaq üçün ona dövlət qulluqçusuna bərabər status verilməlidir.

 

Daha sonra ali təhsil ocaqlarının nümayəndələri, Bakı, İsmayıllı və Şuşa şəhər-rayon orta məktəblərinin direktor, müəllim və təhsil şöbələrinin müdirləri, lisey və texniki peşə məktəblərinin rəhbərləri çıxış edərək Azərbaycanda təhsil sisteminin uğurlarından, qarşıda duran vəzifələrdən danışmışlar.

 

Natiqlər Azərbaycan müəllimlərinin XIV qurultayının təhsil sisteminin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd etmişlər.

 

Çıxışlarda "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələr təhlil olunmuş, Dövlət Strategiyasında nəzərdə tutulmuş əsas istiqamət və hədəflərin reallaşdırılması yolları haqqında maraqlı fikirlər səsləndirilmişdir.

 

Təhsil naziri Mikayıl Cabbarov demişdir ki, qurultayın ünvanına müxtəlif beynəlxalq təşkilatlardan, o cümlədən UNESCO-nun və  İSESCO-nun baş direktorları İrina Bokova və Əbdüləziz bin Osman əl-Tüveycridən, Türkiyə, Gürcüstan və digər ölkələrin müvafiq nazirliklərindən təbrik məktubları gəlmişdir.

Sonda qurultayın qətnaməsi  oxunmuş və qəbul olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-15 dekabr.-S.3,4.