Rəngli inqilabların sirri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il noyabrın 24-də ikinci dəfə "Jurnalistlərin dostu" seçilərkən giriş nitqində beynəlxalq müstəvidə gedən qlobal siyasi proseslərə münasibətini bildirdi: "Ancaq o da həqiqətdir ki, bu gün dünyada gedən proseslər, təsir uğrunda aparılan mübarizələr, - açıq və gizli mübarizələr, -  əlbəttə ki, Azərbaycandan da yan keçə bilməz. Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa, məlumatdan istifadə edib düzgün təhlil aparmaq üçün imkanlar vardır. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır".

Bu qaranlıq məqamlardan biri də, dövlət başçısının qeyd etdiyi kimi, dünyada baş verən siyasi proseslərin bir qisminin təbii axarı ilə yox, müəyyən qüvvələrin təsiri altında inkişaf etməsi ilə bağlıdır. Təbii ki, əsas hədəfdə zəngin təbii sərvətlərə malik olan Azərbaycan kimi ölkələr dayanır. 

Tarixə nəzər saldıqda ölkəmiz iki dəniz arasında ucalan zəfər tağı kimi əsrlər boyu dünyanın diqqət mərkəzində olub.  Makedoniyalı İsgəndərin Şərq,  monqol-tatarların Qərb yürüşləri buradan keçib. Rusiya, İran, Türkiyə də Qafqaz uğrunda saysız müharibələr aparıblar. XIX əsrin ortalarında Bakıda fəvvarə vuran neft bütün supergüclərin diqqətini Abşeron yarımadasına cəlb etdi. Birinci Dünya müharibəsində Azərbaycanda  imperiyaların strateji maraqları kəllə-kəlləyə gəlirdi. İkinci Dünya müharibəsində Hitler Bakını ya işğal, ya da darmadağın etməli idi. Stalin isə bütün neft buruqlarını minalamışdı ki, şəhəri əldən verəcəyi halda onu partladıb külünü göyə sovura bilsin. Sovet İttifaqının müttəfiqləri, hətta uzaq Yaponiya kimi düşməni də Bakıya cənubdan soxulmağın yollarını arayırdı. Bu uzaq tarixdən yüz il ötməsinə baxmayaraq, böyük güc mərkəzlərinin maraqları  Azərbaycanda toqquşmaqda davam edir. Əsrlər boyu gedən qanlı savaşlara, üzücü müharibələrə, güclü dövlətlərin  imperiya iddialı təzyiqlərinə  baxmayaraq, Azərbaycan dünyada demokratik ənənələri inkişaf etdirən nümunəvi tolerant ölkə kimi tanındı. Dövlətimizin son 20 ildə qazandığı siyasi uğurlara, artan beynəlxalq nüfuzuna xidmət edən amillərdən biri də onun beynəlxalq təzyiqlərə, güc mərkəzlərinin ambisiyalarına əyilməməsində, balanslaşdırılmış xarici siyasət yeritməsindədir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan mətbuatının elitası ilə keçirdiyi görüdə dediyi bir fikir xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər".

Sirr deyil ki, müasir dünyada siyasi proseslər hadisələrin təbii axarından daha çox "beyin mərkəzləri"nin dünyanın müxtəlif bölgələri üçün cızdığı ssenarilərə bağlıdır. Artıq orta əsrlərdəki kütlələrin kortəbii iğtişaş və təlatümlərindən fərqli olaraq, bu gün planetimizin siyasi müstəvisində cərəyan edən mürəkkəb və gərgin hadisələr idarə olunur və böyük güc mərkəzlərinin iradəsinə uyğun inkişaf etdirilir. Belə də olur ki,  hər hansı bir ölkənin ərazisində baş verən inqilab həmin ölkədə demokratiyanın yüksəlişinə deyil, onun müəyyən güc mərkəzləri tərəfindən parçalanıb xaosa sürüklənməsinə xidmət edir. Qlobal siyasi proseslərin idarə edilməsində tətbiq edilən elmlərdən biri də siyasi psixologiyadır. Ötən əsrin ikinci yarısında siyasi psixologiya elmi formalaşmağa başladı və müəyyən dairələr yubanmadan onun inkişafına təkan verdi. Qərbdə siyasi psixologiya 1968-ci ildən elm kimi həyata vəsiqə almışdır.

Bir müstəviyə ardıcıl düzülən dairələri təsəvvür edin: mərkəzdə nüvə kimi şəxsiyyətin psixologiyası dayanır, ikinci dairədə kiçik qrupların, üçüncü dairədə böyük qrupların, sonuncu dairədə isə kütlənin psixologiyası və problemləri araşdırılır. Situasiyaların analizi, psixoloji testlər və modelləşdirmə, davranış ssenarilərinin proqnozlaşdırılması siyasi psixologiyanın metodlarını təşkil edir. Qısa və uzunmüddətli proqnozlar müxtəlif səviyyələrdə siyasi qərarlar və taktikalar seçilərkən tətbiq edilir. Siyasətdə psixoloji komponentlərin analizi, siyasi proseslərdə insan faktorunun araşdırılması, daxili və xarici siyasətin müxtəlif aspektlərinin analizi, terrorizm, təbii fəlakətlər, ictimai əlaqələrin böhranı, etirazların subkulturası, vətəndaşların dövlətə inamsızlığı, etnik münaqişələr, müxtəlif sosial qrupların diskriminasiyası öyrənilir.

Siyasi psixologiya elminin araşdırdığı vacib sahələrdən biri də ayrı-ayrı dövlətlərdə siyasi elitanın dərindən öyrənilməsidir. Bu elmdə dövlətlərin rəhbərləri və siyasi səhnəyə ayaq açan liderlər "qladiator" kimi nəzərdən keçirilir, onların üstün və çatışmayan cəhətləri öyrənilir. L.V.Vibraytın dediyi kimi, "qladiatorlar" elə insanlardır ki, ətrafdakıları idarə etmək üçün ciddi hazırlıqlardan keçiblər, özlərinə yaxşı bələddirlər, biliklərinin həcmini dərk edir, öz bacarıq və təcrübələrinə etibar edirlər. Onların "Mən" anlayışı kifayət qədər güclüdür, zərbələrə dözür, şübhələrin ağırlığından və daxili tərəddüdlərdən əziyyət çəkmirlər. Öz impulslarını idarə edirlər, ünsiyyətcil və iti düşüncəli olurlar. Öz fərdiliklərini və məsuliyyətlərini nümayiş etdirməyə meyillidirlər. "Qladiatorlar" siyasi mübarizədə qalib gəlmək gücünə malikdirlər, yetərincə özlərinə arxayındırlar. Dünyanı öz ambisiyalarına əymək istəyən dövlətlər maraq dairələrinə daxil olan ölkələrin liderlərini hərtərəfli öyrənmək üçün hətta onların şəxsi telefonlarına belə qulaq asmaqdan çəkinmirlər. Söhbət üçüncü ölkələrdən, ya da hansısa bir ərəb dövlətinin liderindən getsəydi, heç danışmağa dəyməzdi. Avropa dövlətləri liderlərinin telefon danışıqlarının Amerikanın xüsusi xidmət orqanları tərəfindən dinlənilməsi ilə bağlı qopub hələ də səngimək bilməyən qalmaqal məsələnin ciddiliyinə dəlalət edir. Yəni Qərbin güc  mərkəzləri hətta müttəfiqini belə güdməyi ayıb saymırlar. Çünki toplanılan istənilən məlumat, ən adi cizgi belə vacib məqamlarda həlledici təsir göstərmək üçün ciddi arqument rolunu oynaya bilər.

Siyasi psixologiyanın geniş tətbiqi sayəsində Sovet İttifaqı kimi nəhəng bir dövləti kökündən dağıdan nümunə olaraq Qorbaçovun "yenidənqurma"sını nəzərdən keçirə bilərik. Milli münaqişələrə start verildi, İttifaqın müxtəlif respublikalarında ordunun reallaşdırdığı qırğınlar Kremli nüfuzdan saldı, xalqlarda mərkəzə qarşı nifrət hissini gücləndirdi. Hadisələr idarəolunmaz dərəcədə xaotik təsir bağışlasa da, keçmiş SSRİ-nin parçalanması və Qərbin birləşməsi ilə nəticələndi. Sovet və kapitalist ideologiyasının əsrə yaxın düşmənçiliyi siyasi psixologiya elmindən uğurla bəhrələnən Qərbin qələbəsi ilə bitdi.

Bu elmdə həmçinin vahimələr araşdırılır

. İnsanlar hər hansı bir hadisənin baş verməsini gözləyəndə qorxulu xəbərlərə xüsusi diqqət və vahimə ilə yanaşırlar. Bakıda 20 Yanvar hadisələrini, o müdhiş gecələrin insanlara təsir edən vahiməsini xatırlayın. Yəni siyasi psixologiya elminin tətbiqinin iki variantı aydın görünür: birinci halda inkişafa təkan verən müasir elm kimi, ikinci halda  opponentin üstündə qəti qələbə çalmağa şərait yaradan təsirli silah kimi. Sonuncu variantda bu elm bəşəriyyətin inkişafına yox, təəssüf ki, müəyyən güc mərkəzlərinin maraqlarına xidmət edir.

Siyasi psixologiyanın əsas tədqiqatları əsasən 5 istiqaməti əhatə edir: 1) konkret şəraitdə insanların siyasi baxışlarının formalaşması və inkişafı, 2) siyasi baxışların siyasi davranışa dəqiq təsiri, 3) siyasi qərarların necə qəbul edilməsi, 4) siyasi liderin şəxsiyyətinin necə formalaşması, 5) konkret siyasi proseslərin kütlənin siyasi mədəniyyətindən asılılığı.

Əslində siyasi psixologiya elminin düzgün tətbiqi dayanıqlı sülhün yaranmasında, bütün bəşəriyyətin qlobal demokratik dəyərlərə və planetar sülhə istiqamətlənməsində  əvəzsiz rol oynamaq gücünə qadirdir. Lakin bu elm arenada reallıqları araşdırıb ədalətli siyasi modellərin və texnologiyaların  tətbiqi ilə yanaşı, müəyyən güc mərkəzlərinin arzuladıqları situasiyaları reallaşdırmaq üçün istifadə edilir. Tarixə müraciət edək: Çilidə evdar qadınların məşhur nümayişini xatırlayaq, onlar qaşıqlarla boş qazanları döyəcləyərək ölkənin paytaxtından iki dəfə keçdilər: birinci dəfə Pinoçetin hərbi çevrilişinə dəstək verildi, Salvador Alyende devrildi; ikinci dəfə eyni formalı etirazlar Pinoçetin özünü yıxdı. Evdar qadınlar üçün sağlar və sollar heç bir məna kəsb etmirdi, situasiyanı boş qazanları döyəcləyən kütlənin əhval-ruhiyyəsi təyin edirdi. Başqa bir misal: 70-ci illərin sonunda İranda da eyni əhval-ruhiyyə ilə ilhamlanan kütlə şahın sərvətlərinə nifrət, ölkəyə qayıdan imama rəğbət hissi ilə bütün narazılıqlarını alov kimi küçələrə püskürdü.

Belə qənaətə gəlmək olar ki, insanların, qrupların, cəmiyyətin ayrı-ayrı təbəqələrinə və liderlərinə siyasi psixologiyanın böyük təsir imkanları mövcuddur. Bu amillərdən istifadə edərək istənilən dövlətdə siyasi prosesləri nəzarətə götürmək, istiqamətləndirmək, qarşı-qarşıya qoymaq və nəzarətdən çıxarmaq mümkündür. Ərəb ölkələrindəki qarşıdurmalara və vətəndaş müharibələrinə çevrilən qanlı olaylar bu elmin nələrə qadir olduğunu sübut edir.

Son illərdə müxtəlif ölkələrdəki inqilablara verilən adları nəzərdən keçirək: Ukraynada "Narıncı", Gürcüstanda "Qızılgül", ərəb ölkələrində isə "Ərəb baharı"... Bu rənglər təsadüfi seçilmir: hər bir xalqın keçmişi, tarixi və milli dəyərləri ilə sıx bağlıdır. İkinci Bakı Humanitar Forumunun iştirakçısı iordaniyalı jurnalist Sudah Maruan ərəblər üçün baharın nə demək olduğunu belə izah edir:

- Ərəb səhralarında bahar fevralın əvvəlində gəlir, onun ömrü qısa olur, tez ötüb gedir. Ona görə də günəşin yandırdığı səhralara gələn bahar bizim hamımıza çox əzizdir,  demək olar ki, müqəddəsdir. "Ərəb baharı" termini də ərəb dünyasındakı siyasi proseslərə demokratiya donu geydirmək, onu ərəblərə sevdirmək üçün düşünülən siyasi hiylədir. Reallıqlar isə iğtişaşlara, qan düşmənçiliyinə, vətəndaş müharibələrinə və bütünlükdə ərəb dünyasının parçalanıb dağılmasına hesablanmışdı. Elə də oldu.

Bütün bir qitənin göz qırpımında sakit həyatdan siyasi zəlzələlərin və sonu görünməyən ümidsiz fəlakətlərin girdabına atılması onu deməyə əsas verir ki, hadisələr təbii axarı ilə yox, siyasi texnologiyaların vektorunun yönəldiyi istiqamətdə hərəkət edir. Planetar miqyasda aydın görünəni odur ki, kənar müdaxilə ilə yeridilən "demokratik" islahatlar, ixrac edilən inqilablar onu icra edənlərə də, kənardan maliyyələşdirənlərə də fəlakətdən böyük dividend gətirmir. Hələ ötən əsrin əvvəllərində çar Rusiyasını dağıtmaq üçün Qərbdən casus kimi ixrac edilən inqilabçılar bəşər tarixində ən qəddar rejimin özülünü qoydular, Qərbə qənim kəsildilər, bütün sərhədləri boyu sosialist dövlətlərindən ibarət gərəksiz bir qoruyucu kəmər yaratdılar. Anormal siyasi proseslər iki düşmən sistemin yaranmasına və İkinci Dünya müharibəsinin başlanmasına səbəb oldu. Maraqlıdır ki, belə bir acınacaqlı təcrübənin olmasına baxmayaraq, müəyyən beyin mərkəzləri "rənglər"ə, milli hisslərə  müraciət edir, "Narıncı", "Qızılgül" və "Ərəb baharı" kimi reallıqdan uzaq xəstə siyasi təxəyyülün mazoxist (özünə əzab verməkdən ləzzət alan) məhsulu ilə planeti qıcıqlandırmağa çalışır. Acınacaqlı səhnələrin şahidi olduq.  Bu inqilabların əksəriyyəti iflasa uğradı, onların  cəngində alışan ölkələr yüz minlərlə, milyonlarla qurban verib müharibələrin və daxili münaqişələrin girdabına yuvarlandı. Biz elan olunan baharların yaz çiçəkləri əvəzinə ölkələrin qan çanağında necə boğulduğunun şahidi olduq.

Azərbaycan bu siyasi burulğanlardan asanlıqla keçdi. Hətta sonuncu seçkilər zamanı qonşu dövlətdə yaranan "Milyarderlər ittifaqı" nə qədər çalışsa da, ölkənin siyasi mühitinə düşündüyü gərginliyi gətirə bilmədi. Azərbaycan xalqının artan dünyagörüşü və cilalanan siyasi mövqeyi, şayiələri və köksüz bəyanatları soyuqqanlılıqla qəbul etməsi bu varlı ittifaqın tifaqını dağıdaraq onun mənəvi kasıblığını isbat etdi. Milyarderlərin hədə dolu guruldayıb ildırım çaxan buludları ölkənin siyasi səmalarından məğlubiyyətini etiraf edən  ağ bayraqlar kimi kirimişcə ötüb keçdi.

Rusiya mediası bir qətl hadisəsində şübhəli bilinən milliyyətcə azərbaycanlı Zeynalovu qatı cinayətkar kimi təqdim edib bütün mühacirlərə qarşı müəyyən qüvvələrə qıdıq verəndə özlərini demokratik dəyərlərin müdafiəçisi kimi təqdim edən milyarderlər ağızlarına su aldılar. Biz Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya mətbuatında qətiyyətli çıxışlarının şahidi olduq. O, bəyanat verərək  bir çox kütləvi informasiya vasitələrində şübhəli şəxsin cinayətkar kimi təqdim edilməsinə etirazını bildirdi. Bütün çıxışlarında Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirən səfir məlum hadisəyə də dövlətimizin rəsmi münasibətini kifayət qədər ciddiliklə bildirdi. Səfirimiz bu çətin günlərdə siyasi qətiliklə dövlətimizin və Rusiyada yaşayan həmyerlilərimizin marağını müdafiə etdi. Milyarderlər və onlara qoşulan qoca rejissor isə öz imkanları və istedadının qüdrətini aysberqə döndərib suyun altına buraxaraq lal dayandılar. Bu komanda seçkilər ərəfəsində bir dalğa kimi qalxdı və siyasət dənizinin sahilinə çırpılaraq heç kimə zərər vurmadan birdəfəlik qumlara qərq oldu. Biz "Azərbaycan təəssübünü çəkən varlıların mənəvi kasıblığı"nın şahidi olduq.

Amma burada bir sevindirici məqam var. O da cəmiyyətimizin siyasi təlatümlərə sağlam şüur və tənqidi baxışla yanaşmasındadır. Ölkənin media rəhbərləri ilə görüşündə Prezident İlham Əliyev bu məsələyə də məxsusi toxundu: "Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda ilk növbədə Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkəyə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir. Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin. Ona görə əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar".

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2013.-15 dekabr.-S.5.