«Sirlər xəzinəsi» özbək dilində

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş "Sirlər xəzinəsi" poemasının təqdimatı keçirilib. Kitab mərkəzin təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr olunub. Dahi Azərbaycan şairinin əsərini özbək dilinə Olimcon Buriyev tərcümə edib. Kitaba akademik Əziz Kayumov ön söz yazıb.

Tədbirdə Özbəkistanın elm, mədəniyyət incəsənət xadimləri, paytaxtdakı ali məktəblərin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Mərkəzin direktoru Samir Abbasov dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı məruzə edib, böyük söz ustadının əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə edildiyini diqqətə çatdırıb.

Təqdimat mərasimində çıxış edən özbək alimləri Azərbaycan şairinin "Xəmsə"si haqqında ətraflı söhbət açaraq Nizaminin əsərlərini "Şərq ədəbiyyatının incisi" adlandırıblar.

 

Azərbaycan.-2013.-14 dekabr.-S.7.