Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı

nümayəndəliyinin rəhbərinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardın etimadnaməsini qəbul etmişdir.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Malena Mard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Əməkdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Ölkəmiz ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəmini qeyd edən dövlət başçısı xanım Malena Mardın Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşacağına əminliyini bildirdi.

Səfir Malena Mard Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd etdi. Dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimi ilə bağlı keçiriləcək tədbirin əhəmiyyətini vurğulayan Malena Mard ölkəmiz ilə təmsil etdiyi qurum arasında güclü əməkdaşlıq əlaqələrinin  mövcud olduğunu dedi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.1.