Prezident İlham Əliyev Çexiyanın Azərbaycandakı səfirini

 diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı ötən dövr ərzində Azərbaycan ilə Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlət başçısı Radek Matulanın Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni vurğulayaraq gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Radek Matula Azərbaycandan ən xoş xatirələrlə ayrıldığını dedi. Ölkəmizdəki diplomatik fəaliyyətinə toxunan səfir Azərbaycanda Çexiyanın səfirliyinin fəaliyyətə başlamasının, ölkəsinin Baş nazirinin və Senat sədrinin Azərbaycana səfərlərinin və digər tədbirlərin keçirilməsinin münasibətlərimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.1.