Bu yurdun varisləri böyüyür...

 

"Bir vaxtlar yaddaşımda müharibə nağıl kimi qalmışdı. Ağ-qara kinolarda döyüş səhnələrinə baxmışdım, kitablar  oxumuşdumE Bəzən qəhrəmanlara oxşamaq istəmişdim. Açığını deyim ki, hər şey mənə maraqlı macəra kimi görünürdü. Sən demə, nağıl qəhrəmanı olmaq o qədər də asan deyilmiş..."

Milli Qəhrəman Vahid Quliyev söhbətə belə başladı. Amma bir qədər çətinliklə danışırdı. Deyirdi ki, deyəsən, yaddaşım da korşalır, hər şeyi olduğu kimi xatırlaya bilmirəm: "Vallah, o günlər mənə yuxu kimi gəlir. İki dəfə başımdan, bir dəfə ayağımdan yaralanmışam. Onda komandirim məni geriyə, arxa cəbhəyə göndərmək istədi. Qətiyyən razılaşmadım! Mən döyüşməyə gəlmişəm, - dedim. - Bu kənddə-kəsəkdə uşaqlığım keçib! Dağı-daşı, eli-obanı məndən yaxşı tanıyan yoxdur! Gərək son nəfəsimədək uşaqlara bələdçilik edim..."

Doğrudan da, bu yerləri yaxşı tanıyırdı Vahid. Cəbrayılın Niyazqulular kəndində doğulmuşdu. Müharibəyə qədər kənd uşaqları kimi orta təhsil almışdı. Sonra Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişdi. Onu təyinatla Laçının Fərəcən kəndinə müəllim göndərmişdilər. Amma cəmi iki il işlədi. Müharibə başladı. Laçının kəndləri döyüş səngərinə çevrildi. Onda Vahid də könüllülərə qoşuldu. Tank əleyhinə batalyona komandir təyin olundu.

- Yazı düzündə ermənilərlə səngər döyüşünü heç vaxt unuda bilmərəm, - deyə bir məqamı xatırladı: "Cəmi üç nəfər qalmışdıq. Dağ yerinin şaxtalı-qarlı günləri başlamışdı. Düşmən böyük qüvvə ilə hücuma keçmişdi. Mərkəzdən əmr almışdıq ki, geriyə çəkilək. Amma əməl etmədik. İki nəfər köməkçimi əks-istiqamətə göndərdim ki, müxtəlif silahlardan elə atəş açın ki, sayımızın azlığını bilməsinlər. Uşaqlar çətinliklə əməliyyatı yerinə yetirsələr də, ümidlərini mənə bağlamışdılar. Çünki o tərəfdən tanklar hücuma keçirdi. Bir onu xatırlayıram ki, üstümüzə gələn ilk üç tankı susdura bildim. Düşmənin ağır texnikası dəqiq atəş nəticəsində odun-alovun içərisində qaldı. Bu döyüş davranışı düşməndə ciddi vahimə yaratdı, yavaş-yavaş geri çəkilməyə başladılar. Üç nəfərlə bəlkə də 300 nəfəri qaçmağa məcbur etdik...E

Onda üçümüz də yaralanmışdıq. Amma zərrə qədər də dözümsüzlük göstərmirdik. Bizim dayandığımız yerlər o qədər müqəddəs idi ki...  Güləbird kəndinin üst tərəfindən Sarı Aşığın məzarı görünürdü. Bir qədər o tərəfdə - "Bayatı" pavilyonundan elə bil Aşığın harayı eşidilirdi. Biz o səsi qəriblikdə qoyub gedə bilməzdik".

Vahid bütün bunları danışanda o qədər gərginlik, əsəb keçirirdi ki... Bu gün də köməyə gəlməyən, onları darda qoyan adamları qınayırdı:

- Macal tapıb dəfələrlə kömək istədik. Bilirsiniz, kimləri göndərirdilər? Avtobusdan, metrodan tutduqları hazırlıqsız adamları mövqe döyüşlərinə yola salırdılar. Heç bir döyüş təlimi görməyən belə adamları səngərdə saxlamaq çətin idi, özüçox çətin! Həm də vaxt-vədə yox idi ki, biz onlara döyüş taktikası öyrədək. Müharibə belə şeyləri qəbul etmir. Döyüş başlayanda heç ölüm-itim də gözə görünmür. Hər dəfə belə döyüşlərə gedəndə elə bilirdim ki, daha geri qayıtmayacağam...

Qubadlıda "Çinarlı" çayxanası deyilən bir yer var. Düşmən sonuncu dəfə bu səmtə qədər gəlib çıxmışdı. Onda yenidən Bakı ilə əlaqə saxlayıb Müdafiə Nazirliyindən kömək istədik. Bizim harayımızı sükutla qarşıladılar. Nə qədər cəhd etsək də, kömək gəlmədi. texnika göndərdilər, nə canlı qüvvə. Yaxşı yadımdadır, Yazı düzünün ətəyində tank əleyhinə qurğunu təkbaşına idarə edəndə düşmənin sayca çoxluğu məni bir qədər çaşdırdı. Amma bir neçə tankı dəqiq hədəflə susdurandan sonra düşmən irəli gəlməyə tərəddüd etdi. Onda qəti qərarım belə idi: ya ölməliyik, ya da axıra qədər mübarizə aparmalıyıq! Əsir düşmək məqamı olsaydı, sonuncu gülləni özümə saxlamışdım.

O günləri xatırlamaq nə qədər çətin idi, İlahi! Vahid danışdıqca təlaşlanır, yumuruqları sıxılır, üzünün ifadəsi sərtləşirdi. Deyirdi ki, çətindir, qardaş! Düz gözümüzün qabağında Yazı düzünün biçilməmiş zəmisinə od vurmuşdular. Od, alov, tüstü hər tərəfi bürümüşdü. Elin-obanın halal zəhmətlə ərsəyə gətirdiyi barı-bərəkəti yandırırdılar. Sən demə, düşmən üçün heç nəyin fərqi yoxdur. Dilsiz-ağızsız heyvanlara da divan tuturdular. Zəncirdə bağlı qalan bir həyət itini güllələməkdən də zövq alırdılar. "Türkün iti də gəbərməlidir", - deyirdilər. Belə-belə şeyləri eşidəndə erməni cəlladlarının cəzasız qalmasına dözə bilmirdik. Gücümüz-qüvvəmiz az olsa da, düşmənə nifrətimiz silah qədər kəsərli idi".

O günlərin qanlı-qadalı anlarını xatırlayanda, ölüm-dirim məqamlarını göz önünə gətirəndə Vahidin görkəmində dinclikdən, sakitlikdən əsər-əlamət qalmır. Elə bil yenə döyüşə hazırlaşır. Sorğular, suallar onu çətin günlərə qaytarsa da, torpaq itkisinə görə təsəlli tapa bilmir. "Biz uduzmağa layiq deyilik", - deyir. Bironu deyir ki, atəşkəs olsa da, müharibə bir qədər səngisə də, ərazimizin bütövlüyü uğrunda siyasi mübarizə qətiyyətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz daha da güclü olmalıyıq. Həm demokratiyada, siyasətdə, iqtisadiyyatda, həm də regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə, 5-10 ildən sonra bir milyondan az əhali olacaqdır və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir".

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev bu gün ehtiyatda olan polkovnik-leytenantdır. Özü demişkən, Ali Baş Komandanın əmrini gözləyir. Nə vaxta qədər ki torpaqlarımız düşmən tapdağından təmizlənməyib, deməli, müharibə davam edir. Bu gün biz cəhd edirik ki, həm itkilərimizi geri qaytaraq, həm də yeni nəslə əsl vətəndaş kimi böyümək vərdişləri öyrədək.

Vahid Quliyev ehtiyatda olan zabit kimi döyüş vərdişlərini, hərb elminin sirlərini gənclərə öyrətməkdən yorulmur. Deyir ki, bir müddət təhsil aldığı Bakı Dövlət Universitetinin Hərbi kafedrasında çalışıb. "Kafedra ixtisara düşəndən sonra məni Heydər Əliyev adına Ali Hərbi Məktəbə müəllim göndərdilər. Müharibənin qızğın çağlarında hərbi kadrların qıtlığından çox əziyyət çəkmişdik. Döyüş qabiliyyəti olmayan adamların müharibəyə cəlb olunması da ciddi çətinliklər yaratmışdı. Ona görə də bu gün yerli hərbi kadrların hazırlanması üçün beynəlxalq standartlara uyğun təlim bazaları yaradılır. Azərbaycan Ordusunun potensial imkanlarının artması, hərbi gücümüzün möhkəmlənməsi hər birimizdə qələbəyə, qalibiyyətə inamı artırır".

Vahid Quliyev deyir ki, gərək hər kəsdə dövlət siyasətini müdafiə edən mübariz vətəndaş mövqeyi tərbiyə edək. Bunun üçün hər bir evdə, ailədə el-oba, Vətən təəssübkeşi olan övladlar böyütməliyik. Milli Qəhrəmanın ailəsində də iki oğul böyüyür - NicatMurad. Bəlkə də peşə, sənət seçimləri fərqli olacaq. Amma məramları və məqsədləri eyni əqidəyə yönəlib: atalarının qəhrəmanlıq ənənələrini, yarımçıq arzularını varisliklə davam etdirmək! Gərək o yerlərin - ata ocağının, qədim yurd yerlərinin bağlı qapılarını açmağa tələsək! İllər ötsə də, o yollar, o yerlər bizi gözləyir. Milli Qəhrəman Vahid Quliyev deyir ki, hər dəfə doğma Cəbrayıldan danışanda anamın nigaran gözlərinə baxa bilmirəm. Yaşının ahıl çağında anam hər gün o doğma yurdun xiffətini çəkir, kənd-kəsək üçün darıxır. Deyir ki, bu il də bağımızın, bağçamızın otu-ələfi biçilmədi, ağacların barı-bəhəri yığılmadı...E

Darıxma, Çiçək xala, böyütdüyün nəvələr - Nicatla Murad səni gözü yolda, intizarda qoymazlar. Sizin yarımçıq qalan arzu və istəkləriniz mütləq o yerlərdə göyərəcək, el-oba bir-birinə həyan olub itkilərimizi, köksü zədəli torpaqlarımızı geri qaytaracaq! Biz buna inanırıq!

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2013.- 20 dekabr.- S.15.