Milli Məclis və MDB Parlamentlərarası Assambleyanın

 təşkilatçılığı ilə beynəlxalq seminar keçirilir

 

Dekabrın 16-da Milli Məclisdə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası  Assambleya ilə birlikdə "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası" adlı beynəlxalq seminar keçirilib. Seminarda MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev, MDB-yə üzv ölkələrin deputatları, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, üzv ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, MDB ölkələri üzrə ekspertlər və digər qonaqlar iştirak ediblər.

Seminarı açan MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleya Şurasının sədri  Valentina Matviyenkonun, Azərbaycan Milli Məclisinin Sədr müavini Valeh Ələsgərov isə Azərbaycan parlamentinin Sədri Oqtay Əsədovun məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müasir cəmiyyətin formalaşmasında hüquqi demokratik dövlət quruculuğunda qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətindən danışan Aleksey Sergeyev bu tədbirin Bakıda keçirilməsinin təsadüfən seçilmədiyini dedi. Onun sözlərinə görə, Azərbaycanda keçirilən son prezident seçkiləri göstərdi ki, ölkədə seçki qanunverciliyi, Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti təkmilləşib, inkişaf edib. Ümumiyyətlə Azərbaycanda prezident seçkiləri beynəlxalq, demokratik standartları özündə əks etdirdi. Bu, MDB-nin müşahidə missiyasının hesabatında da göstərilib. A.Sergeyev  bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Qeyd etdi ki, quruma üzv digər ölkələrdə seçki qanunverciliyinin və demokratik seçki təcrübəsinin inkişafı istiqamətində lazımi addımlar atılır.

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun ötən müddətdə qurumun müşahidə missiyalarının 72 müxtəlif seçki prosesini izlədiyini, müvafiq seçki qanunvericiliyinin yaradıldığını, Assambleyanın Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun və onun filiallarının fəaliyyət göstərdiyini dedi. O, ATƏT-in MDB məkanında keçirilən seçkilərə ikili standartla yanaşdığını deyərək qurumun gələcəkdə bu məsələ ilə bağlı addım atacağını vurğulayıb. MDB məkanında keçirilən seçkilərin demokratik şəraitdə baş tutduğunu deyən Vladimir Qarkun bildirib ki, buna rəğmən seçki qanunvericiliyi bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyət davam edir. O, Azərbaycandakı mövcud seçki qanunvericiliyini və müşahidə etdiyi seçki proseslərini yüksək qiymətləndirdiyini bildirib: "Milli Məclisin MDB Parlamentlərarası Assambleya ilə birgə təşkil etdiyi seminarda iştirak edib, təcrübəmizi bölüşmək vacibdir. Bizim Azərbaycanda keçirilən sonuncu prezident seçkiləri ilə bağlı  təəssüratlarımız çox yüksəkdir. Bu siyasi prosesin şəffaf, azad keçirilməsi üçün bütün şəraitin yaradılması mühüm amil idi.  Bizim üçün çox xoşdur ki, seçkilər ədalətli keçdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə ölkəmizdə seçki qanunvericiliyinin, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, qanunvericiliyə edilən çoxsaylı əlavə və dəyişikliklərdən danışdı. Qeyd etdi ki, demokratik cəmiyyət inkişaf etdikcə qanunvericilik də təkmilləşdirilir: "Azərbaycanda seçki prosesində səsvermə günü barmaqların rəngsiz mürəkkəbə batırılması bizim cəmiyyətdə müsbət qarşılanmır. Barmaqların mürəkkəbə batırılmasının Seçki Məcəlləsinə salınmasını Azərbaycandan beynəlxalq qurumlar tələb edib. Amma Qafqaz və Şərqin ən yaxşı ənənələrini, inam və dəqiqliyini özündə birləşdirən Azərbaycan xalqı tərəfindən bu məsələyə heç də müsbət reaksiya yoxdur. Buna baxmayaraq, biz bu təklifi beynəlxalq təşkilatlarla müsbət əlaqələri qoruyub saxlamaq naminə qəbul etdik".

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda Seçki Məcəlləsinin qəbul edildiyi 2003-cü ildən bu günə qədər seçki qanunvericiliyinə 16 dəfə dəyişiklik və əlavələr edilib. Bu müddət ərzində Seçki Məcəlləsinin 250 maddəsinə dəyişiklik olunub. 30 maddə Məcəllədən çıxarılıb, 20-yə yaxın maddə isə əlavə olunub: "Seçki Məcəlləsinə edilən dəyişikliklər Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı olub".

Ə.Hüseynli əlavə edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyənləşdirib. O, xatırladıb ki, 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Ə.Hüseynli Azərbaycanda seçki qanunvericiliyinin tətbiqi barədə məlumat verərək peşəkar seçki idarəetmə strukturu yaradıldığını da bildirib: "Müasir dünyada demokratik seçkilərin vacib prinsiplərindən biri seçki prosesinin şəffaflığı hesab olunur. Seçkilərdə şəffaflıq "exit-poll"arın keçirilməsi, barmaqların rəngsiz mürəkkəblə boyanması, seçki məntəqələrində veb-kameraların quraşdırılması ilə özünü göstərir. Şəffaflığı təmin edən bu elementlərin hamısı Azərbaycan Seçki Məcəlləsində öz əksini tapıb".

Seminarda "MDB və Avropa ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq təcrübəsi", "Seçici hüququ və onun hüquqi tətbiqi: Avropa və MDB ölkələrinin təcrübələrinin öyrənilməsi" və digər mövzularda müzakirələr aparılıb. Çıxış edənlər Azərbaycandakı seçki qanunverciliyini və seçki prosesini yüksək qiymətləndiriblər.

Seminar bu gün də davam edəcək.

 

 

Azərbaycan.-2013.-17 dekabr.-S.2.