Azərbaycanın müdafiə sənayesi sürətli və davamlı inkişaf yolundadır

 

Son on ildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində regionda, eyni zamanda, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə beynəlxalq miqyasda da diqqət mərkəzindədir. Bu gün artıq Azərbaycan inkişaf edən, müasirləşən, qlobal layihələri reallaşdıran, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətə çevrilib. 9 oktyabrda keçirilən prezident seçkilərində cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə mütləq qələbə qazanması, xalqımızın bu seçkidə də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkədə sabitliyin, əmin-amanlığın, dinamik inkişafın təminatçısı olan layiqli namizədi özünə prezident seçməsi doğma Azərbaycanımızın bundan sonrakı inkişafına zəmin yaratdı.

Son illərdə hərtərəfli inkişafa nail olan ölkəmizdə digər sahələrlə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə fəaliyyətini davam etdirən Azərbaycanın müdafiə sənayesi də uğurla inkişaf edir. 2005-ci ildə respublika Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi ilk gündən etibarən qarşısına qoyulmuş əsas məqsədlərə çatmaq üçün mühüm işlər görmüşdür. Nazirliyin tabeliyinə verilmiş istehsal müəssisələrində əsaslı yenidənqurma işləri aparılmış, Silahlı Qüvvələri lazımi silah, hərbi texnika, sursat və s. təmin etmək üçün yeni istehsal sahələri yaradılmış və bu gün də bu işlər uğurla davam etdirilir.

Ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrin böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir. 2007-2013-cü illərdə nazirliyin tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılmışdır. Onlardan üçü - 23, 30 və 40 mm-lik müxtəlif növ döyüş sursatları üçün partladıcıların, 40x46 mm-lik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yıgımlarının, müxtəlif növ və çapda artilleriya silahlarının istehsalı üzrə sahələr bu il istifadəyə verilmişdir.

Qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 8 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün vacib işlər həyata keçirmişdir. Onlarca texnoloji avadanlıq, minlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır. Nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün tam gücü ilə fəaliyyət göstərir.

Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, artıq nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötmüşdür. 2013-cü ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 2007-ci illə müqayisədə 34,4 dəfə, 2010-cu illə müqayisədə isə 2,8 dəfə artım əldə olunmuşdur.

Cari ildə istehsal olunaraq sifarişçilərə təhvil verilmiş məmulatlardan 40 mm-lik tank əleyhinə əl qumbaraatanını, 82 və 60 mm-lik minaatanları, AK-74M tipli avtomatı, döyüş və siqnal patronlarını, müxtəlif tipli əl qumbaralarını, tank əleyhinə minaları, əleyhqazları və s. göstərmək olar. Nazirliyin müəssisələrində istehsal edilən "Matador" və "Marauder" tipli zirehli nəqliyyat vasitələrinə 14,5 mm-lik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılmışdır. "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları üzrə 10 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir.

2009-cu ildən başlayaraq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirilir və böyük maraqla qarşılanır. Sevindirici haldır ki, Müdafiə Sənayesi Nazirliyinin qatıldığı sərgilərdə Azərbaycan brendi kimi nümayiş etdirilən məmulatların çeşidlərinin sayı artmaqda davam edir.

Beynəlxalq müdafiə sənayesi sərgilərinə qatılan Müdafiə Sənayesi Nazirliyi dörd il öncə qatıldığı ilk sərgidə 27 adda müdafiə təyinatlı məmulatla respublikamızı təmsil edirdisə, bu ilin may ayında Türkiyədə keçirilən "IDEF-2013" XI beynəlxalq müdafiə sənayesi sərgisində 130 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Nazirlik bu sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, xüsusi təyinatlılar üçün "Gürzə" patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatları da nümayiş etdirdi.

ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə, ümumiyyətlə, dünyanın  36 ölkəsindən 500-dən çox şirkətin qatıldığı bu sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə, "Yalquzaq", "İstiqlal", "Mübariz" snayper tüfəngləri, hücum pulemyotu, xüsusi təyinatlılar üçün "Gürzə" patrul maşını, müxtəlif növ döyüş sursatları böyük maraqla qarşılandı. Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara qarşı artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq etmək istəyən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir. Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.

2013-cü ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilmişdir. 2007-ci illə müqayisədə 2013-cü ildə yaradılma sahəsində başa çatdırılmış mövzuların sayı 3,5 dəfə, mərhələlərin icrası isə 1,7 dəfə artmışdır.

2013-cü ildə 107 mm-lik 12 lüləli yaylım atəşli reaktiv sistemin, şəffaf patron daraqlarının, T-72 tankı üçün yağ-yanacaq baklarının və 120 mm-lik döyüş minasının yaradılması işləri tam başa çatdırılmış, məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Eləcə də BRDM-2 və BTR-70 tipli zirehli texnikaların sınaqları başa çatdırılmış və sifariş olunan sayda təkmilləşdirilərək respublikamızın güc qurumlarına təhvil verilmişdir. Aviasiya bombalarının nümunələri hazırlanmış və sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində işlər aparılır.

Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər görülür. 2007-ci illə müqayisədə 2013-cü ildə mülki məmulatların istehsal həcmində 1,9 dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı isə 450-ni ötmüşdür.

Nazirliyin müəssisələrində mülki məhsullardan: neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemlərinin, dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmli teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlərin, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən "Dinomoqraf DM" cihazının, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, plastik kütlədən hazırlanmış taraların, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşalülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. mənimsənilmişdir.

2010-cu ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsullar da bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir. Müdafiə Sənayesi Nazirliyi bu il sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən "Azərbaycan 10 ildə" sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunmuş, nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlarla yanaşı, mülki təyinatlı məmulatları da nümayiş etdirmişdir. Nümayiş etdirilən məmulatlar böyük maraqla qarşılanmışdır.

Azərbaycan 2014-cü ilin sentyabr ayında ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgisinə ev sahibliyi edəcəkdir. "ADEX-2014" adı altında keçiriləcək bu sərgi ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən artıq hazırlıq işlərinə başlanılmışdır. Sərginin təşkili ilə əlaqədar aidiyyəti dövlət qurumlarının məsul şəxslərindən ibarət yaradılmış təşkilat komitəsinin ilk iclası keçirilmiş və görüləcək işlər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri vasitəsi ilə həmin ölkələrin qabaqcıl müdafiə sənayesi şirkətləri və firmalarının sərgiyə qatılmalarına dair danışıqlar aparılmış və bu gün də bu istiqamətdə işlər davam etdirilir. Ümidvarıq ki, Azərbaycanda və eyni zamanda, regionda ilk dəfə olaraq keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisi ölkəmizin siyasi, iqtisadi və hərbi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Müdafiə sənayesinin gələcək inkişafını yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında 2011-ci ildə Azərbaycan Texniki Universitetində yaradılan xüsusi texnika və texnologiyalar fakültəsində 5 ixtisas üzrə 75 tələbə təhsil alır. Cari ildə həmin ixtisaslar üzrə daha 100 tələbə universitetə qəbul olmuşdur. Qeyd olunan ixtisaslar üzrə təhsillərini davam etdirən tələbələrə praktiki məşğələlərin keçirilməsi üçün nazirliyin müəssisələrində hərtərəfli şərait yaradılmış və universitetin laboratoriyasının maddi-texniki bazasının yaradılması məqsədilə nazirlik tərəfindən bir sıra avadanlıq və əyani vəsaitlər ayrılmışdır. Eyni zamanda, nazirlik tərəfindən təsdiq olunmuş qaydalar əsasında fakültədə əla qiymətlərlə oxuyan tələbələrə - hər bir ixtisas üzrə 2 nəfər olmaqla 10 nəfərə xüsusi təqaüd verilir.

Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələri tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması sahəsi üzrə bir sıra elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir. Belə ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Eyni zamanda, 24 mövzu üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Eləcə də Milli Aerokosmik Agentliyin (MAKA) 2013-cü il üzrə fəaliyyətində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı, xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif çaplı silahların quraşdırılması, trenajorlar və şlemofonlar, aerokosmik məmulatların emalı prinsiplərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilmişdir. Bundan əlavə, MAKA-da 32 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilmişdir. 2013-cü ildə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Texniki Şurasında müxtəlif səpkidə mövzular üzrə müzakirələr aparılmış və 6 mövzu üzrə konkret təklif və rəylər qəbul edilmişdir.

Ölkədə "Elektron hökümət"ə keçidlə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq nazirlikdə "ixrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi üçün müraciətlərin qəbulu" üzrə elektron xidmət göstərilir.

 Qeyd etmək lazımdır ki, qısa zamanda müdafiə sənayesinin inkişafında əldə olunmuş bu uğurlar respublika Prezidenti İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.

Ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi respublikamızın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquqi normalara uyğun həll edilməsi üçün mühüm şərtdir. Bununla əlaqədar olaraq, ölkə rəhbəri cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: "Ordu quruculuğu son 10 il ərzində böyük templərlə aparılmışdır. Hərbi büdcəmiz 20 dəfədən çox artmışdır. Bizim üstünlüyümüz dəfələrlə ölçülür. Eyni zamanda, son 10 il ərzində əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradılmışdır. Bu gün onlarca zavod fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beləliklə, biz həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda, xarici silah bazarlarından asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu quruculuğu istiqamətində daha da böyük addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik".

Torpağının 20 faizi işğal altında olan, bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşayan bir ölkənin hərbi qüdrətinin möhkəmləndirilməsi istiqamətində üzərinə düşən məsuliyyəti dərk edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi və eyni zamanda, Azərbaycan xalqını əmin edir ki, hər qarışı bizlər üçün əziz olan doğma torpaqlarımızın düşmən tapdağından azad olunması, müstəqil respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi və ölkəmizin müdafiə qüdrətinin artırılması naminə üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gələcəkdir.

Müdafiə sənayesi işçilərinin peşə bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşına, onların fəaliyyətlərini qiymətləndirərək fəxri adların, yüksək dövlət təltiflərinin verilməsi kollektivin hər bir üzvündə dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, üzərlərinə böyük məsuliyyət də qoyur.

Hər zaman ölkə rəhbərliyinin diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan, Azərbaycanın işıqlı gələcəyinin təminatçısı olan respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizi yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin etməsi üçün bundan sonra da bütün qüvvəsini səfərbər edəcəkdir.

 

 

 

Yavər CAMALOV,

müdafiə sənayesi naziri

Azərbaycan.-2013.-17 dekabr.-S.3.