Bakıda «Virtual Qarabağ» İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və www.virtualkarabakh.az portalının təqdimatı olmuşdur

 

Dekabrın 16-da  "JW Marriott Absheron" hotelində "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və mərkəzin www. virtualkarabakh.az portalının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, yerli və  beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə məlumat verilmişdir ki, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının qədim bölgəsi olan Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. Mərkəzin digər məqsədi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərə, o cümlədən dünya ictimaiyyətinə dolğun və obyektiv məlumat verməkdir.

Qeyd edilmişdir ki, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi  və "Yeni Yazarlar və Sənətçilər" Qurumudur.

Sonra "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi ilə bağlı film göstərilmişdir. Filmdə mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, Qarabağla bağlı elektron kitab resurslarından istifadə etmək məqsədi ilə elektron kitabxana, foto-video studiyası, Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş rayonlarının adı ilə adlandırılmış iş otaqlarının fəaliyyət göstərdiyi diqqətə çatdırılır.

Daha sonra layihə çərçivəsində hazırlanmış www.virtualkarabakh.az portalı təqdim edilmişdir. Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd etmişdir ki, əsas məqsəd Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.

O demişdir ki,  "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan və digər dillərdə mərkəzləşmiş internet resursu kimi düşünülmüşdür. Əsas hədəflərimizdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər insanlarına çatdırılmasına töhfə verməkdir. Portalda Qarabağın tarixi, mədəniyyəti, musiqisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi ilə bağlı, qədim Azərbaycan torpağı olan İrəvan haqqında materiallar, araşdırmalar, xəbərlər və digər yazılar öz əksini tapmışdır. Bundan əlavə, portalda gənclər üçün virtual oyunlar, müsabiqə, elektron kitabxana, Qarabağa virtual səyahət, Qarabağ haqqında interaktiv xəritə, musiqi, "İzimiz" adlı foto və videoqalereya, "Hər şey Qarabağ üçün" virtual kampaniya bölmələri də fəaliyyət göstərir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov informasiya texnologiyalarından bütün dünyanın məharətlə istifadə etdiyi indiki dövrdə bu layihənin çox mühüm hadisə olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, portal Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz bir vasitədir. Nazir  bu layihəyə təkcə 5 təşkilatın deyil, bütün gənclərin və QHT-lərin   dəstək olacağına əminliyini bildirmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Azərbaycan gəncliyini, ziyalılarını, alimlərimizi, hər bir Azərbaycan vətəndaşını daim fəallığa çağırırdı.

Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, hər bir azərbaycanlı çalışdığı sahədən asılı olmayaraq, ermənilərlə qonşuluğun məsuliyyətini unutmamalıdır. Ermənilərlə qonşuluq Azərbaycan xalqı üçün bir çox məsələlərdə əlavə məsuliyyət yaratmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılar dəfələrlə ermənilərin fiziki və mənəvi basqılarına məruz qalmışlar. Müxtəlif tarixi mərhələlərdə, xüsusilə  1905-1907, 1918-1920, 1948-1953-cü illərdə şəraitə uyğun olaraq həyata keçirilən soyqırımı və işğalçılıq siyasətinin yeni dalğası 1988-ci ildən başlamışdır, bu gün də davam edir. Bu siyasət təkcə azərbaycanlıları fiziki cəhətdən məhv etməyə deyil, həm də tarixi ərazilərimizi ələ keçirməyə, dünyanın gözündə Azərbaycan xalqının mədəniyyətinin, milli adət-ənənələrinin dəyərini aşağı salmağa xidmət edir. Ona görə də bizim nəslin qarşısında son dərəcə ciddi bir vəzifə dayanır. Bu vəzifə ondan ibarətdir ki, ermənilərlə qonşuluğun xalqımıza gətirdiyi bəlaları, tarixi düşmənlərimizin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri basqıları, davam etdirdikləri təhdidləri heç vaxt unutmamalı və mütəmadi olaraq onlarla mübarizə aparmalıyıq. Faktiki olaraq ermənilərlə qonşuluq Azərbaycan xalqının qarşısında geosiyasi, geoiqtisadi, təhlükəsizlik və digər aktual vəzifələr qoyur.

Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına dəfələrlə belə bir xəbərdarlığını xatırlatmışdır ki,  hazırda beynəlxalq aləmdə erməni lobbisinin dəstəyi və bilavasitə iştirakı ilə fəal antiazərbaycan kampaniyası aparılır. Bu kampaniya getdikcə öz  miqyasını genişləndirir və xalqımıza qarşı ciddi böhtanlarla müşayiət olunur. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində ermənilərin ciddi müqaviməti ilə rastlaşırıq və buna cavab olaraq  beynəlxalq aləmdə onlarla informasiya müharibəsi aparırıq.

Ə.Həsənov vurğulamışdır ki, Azərbaycan dövləti beynəlxalq aləmi erməni yalanlarından mühafizə etməyə çalışır. Bu mübarizə təkcə dövlətin gücü ilə aparıla bilməz. Artıq bu mübarizəyə Azərbaycan gəncliyinin də qoşulması sevindiricidir. Bu gün Azərbaycan gəncliyi ermənilərin qarşısına təkcə silahla, fiziki qüvvə  ilə deyil, həm də müasir dünyanın tələb etdiyi intellektlə və digər bu kimi vasitələrlə çıxmaq üçün özünün hazırlığını əyani şəkildə nümayiş etdirir.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında belə bir mərkəzin yaradılmasının əhəmiyyətindən danışmışdır. Demişdir ki, portalda ölkəmizin ayrılmaz hissəsi olan Qarabağın tarixi abidələri və gözəlliklərini nümayiş etdirilməklə ermənilərin Azərbaycana vurduğu ziyan bütün dünyaya çatdırılır.

Milli Məclisin deputatı Qənirə Paşayeva bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ədalətli mövqeyinə uyğun həll edilməsinə ümidləri artırır. O demişdir ki, virtual dünyada informasiya mübarizəsi çox ciddi əhəmiyyət kəsb edir. Düşmənlərimiz də bu mübarizəyə fəal qoşulmuşlar. Ona görə də virtual aləmdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çox vacibdir. Deputat yeni portalın bu sahədə çox işlər görəcəyinə inandığını bildirmişdir.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov  isə demişdir ki, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artması Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə imkan yaradacaqdır.

Tədbirdə həmçinin "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ilk istehsalı olan  "Qarabağa doğru" filminin ingilis dilində versiyası və "Şuşa - Virtual Səyahət" 3 D qrafik təsvirli filmi də göstərilmişdir.

 

Azərbaycan.-2013.-17 dekabr.-S.5.