Nizami Gəncəvinin 870 illiyinə həsr olunan sərgi Azərbaycanı fransızlara yaxından tanıtmaq baxımından müstəsna əhəmiyyət daşıyır

 

Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870  illik yubileyinə həsr olunan sərgi barədə məqalə yerləşdirilmişdir.

Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın ikinci böyük şəhəri, 2016-cı ilin "Avropa gənclər paytaxtı" elan edilən Gəncədə yaşayıb-yaratmış, Şərq intibahının və bütün bəşəriyyətin parlaq siması, böyük şair və filosof  Nizami Gəncəvinin  xatirəsinə həsr olunan sərgi nümayiş etdirildiyi diqqətə çatdırılır.

Məlumat verilir ki, şəhərin Reyn sarayında  "Xll və XXl əsrləri birləşdirən universal körpü" layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional idarəsi və Strasburq Universitetinin kitabxanası tərəfindən təqdim olunan sərgi üç ay müddətində tamaşaçıların üzünə açıq olacaqdır. Sərgidə Nizami Gəncəvinin  Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəfis şəkildə nəşr edilmiş  əsərləri  ilə yanaşı, üzərində şairin poemalarının motivləri əsasında illüstrasiyaların əks olunduğu xalçalar, orta əsrlər Şirvanşahlar və Atabəylər dövrünə məxsus məişət əşyaları, pul vahidləri, qədim geyim nümunələri, saxsı qablar, gümüş məmulatlar, habelə şairin doğulub yaşadığı Gəncə şəhərinin qədim görüntüləri və müasir fotoları nümayiş etdirilir.

Məqalədə bu sərginin vaxtilə Romada, Sankt-Peterburqda, Moskvada, Pekində və digər şəhərlərdə uğurla nümayiş olunduğu, aradan səkkiz əsrdən çox keçməsinə baxmayaraq şairin poemalarının öz aktuallığını itirmədiyi, zamanla səsləşdiyi barədə məlumat və fikirlər də yer alır. Həmçinin Nizami Gəncəvinin əlyazmalarının dünyanın bir çox nəhəng kitabxanalarında, o cümlədən Fransa Milli Kitabxanasında, Strasburq Universitetinin kitabxanasında, Londonun, İstanbulun, Vaşinqtonun, İranın kitabxanalarında, Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlandığı bildirilir.

Azərbaycandakı ədəbiyyat muzeyinin Nizami Gəncəvinin  adını daşıdığı qeyd olunan məqalədə Gəncədə onun  şərəfinə  mavzoley ucaldıldığı, həyat və yaradıcılığından bəhs edən  film çəkildiyi, şairin 870 illiyi ilə əlaqədar 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığı, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən əsərlərinin çap olunduğu və sərgidə nümayiş etdirildiyi diqqətə çatdırılır. Qeyd olunur ki, sərgi Azərbaycanı  fransızlara yaxından tanıtmaq baxımından müstəsna əhəmiyyət daşıyır.

 

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2013.-17 dekabr.-S.6.