Beynəlxalq seminarın iştirakçıları

 Mərkəzi Seçki Komissiyasında olmuşlar

 

Azərbaycan Respublikasının Milli Məclisi və MDB Parlamentlərarası Assambleya Şurasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiqetmə praktikası" mövzusunda beynəlxalq seminarın iştirakçıları dekabrın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşlər.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə MSK-nın sədri Azərbaycanda seçicilərin iradəsini yüksək səviyyədə reallaşdırmağa imkan verən mükəmməl qanunverici bazanın olduğunu söyləmişdir.

Seçki Məcəlləsinin 2003-cü ildə qəbul olunduğunu diqqətə çatdıran M.Pənahov bu hüquqi-normativ aktın Avropa Şurasının Venesiya Komissiyası tərəfindən yüksək rəy aldığını bildirmişdir. O, qeyd etmişdir ki, Milli Məclis tərəfindən Seçki Məcəlləsinə bir neçə dəfə dəyişiklik edilmişbu sənəd daha da təkmilləşdirilmişdir.

"Dövlət başçısı İlham Əliyev seçki sahəsində hüquqi bazanın möhkəmləndirilməsi və seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində müstəsna əhəmiyyətə malik addımlar atmışdır", - deyən MSK-nın sədri Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar barədə görüş iştirakçılarına məlumat vermişdir.

Seçki qanunvericiliyinin formalaşdırılması istiqamətində MSK tərəfindən görülən işlər barədə söz açan sədr qurumun qəbul etdiyi normativ xarakterli sənədlər barədə də danışmışdır.

O, bütün yeniliklərin, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin  seçkilərdə tətbiqinin də ölkə rəhbərinin siyasi iradəsinin təzahürü olduğunu vurğulamışdır.

Son prezident seçkilərində tətbiq olunan yeniliklər barədə danışan natiq veb kameralar quraşdırılmış seçki məntəqələrinin sayının ötən seçkilərə nisbətən iki dəfə artırılaraq 1000-ə çatdırıldığını, Azərbaycan və dünya praktikasında ilk dəfə olaraq veb kameralar quraşdırılmış seçki məntəqələrində baş verən proseslərin mobil telefonlar vasitəsilə izlənməsinin mümkün olduğunu, hərəkət qabiliyyətində məhdudiyyətlər olan şəxslərin əlil arabaları ilə səsverməyə gələ bilmələri üçün 1200-ə yaxın məntəqədə pandusların quraşdırıldığını nəzərə çatdırmışdır.

Görüşdə qonaqlara seçici siyahıları üzərində , seçki subyektlərinin maarifləndirilməsi və digər məsələlər barədə də məlumat verilmişdir.

Səmimi görüşə görə iştirakçılar adından təşəkkürünü bildirən MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycanın son 10 ildə seçki praktikasının təkmilləşdirilməsi sahəsində başqa ölkələrə nümunə ola biləcək nailiyyətlərə imza atdığını bildirmişdir. Həmçinin həm qanunvericilik, həm də praktiki nöqteyi-nəzərdən Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacib olduğunu vurğulamışdır.

Görüşdə iştirak edən digər seminar iştirakçıları da Azərbaycanın seçki sahəsində qazandığı təcrübənin digər MDB ölkələrində yayılmasının vacibliyini qeyd etmişlər.

Görüşdən sonra Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində son prezident seçkilərində tətbiq olunmuş informasiya-kommunikasiya texnologiyalarının yeniliklərini özündə əks etdirən təqdimat olmuşdur.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.5.