Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin

 hazırkı səviyyəsi məmnunluq doğurur

 

Dekabrın 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın xarici işlər naziri Emma Boninonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, nazir Emma Bonino ölkəmizə səfərindən məmnunluğunu bildirmiş, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycanı təbrik etmişdir.

Görüşdə Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuşdur. Həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələri, o cümlədən ölkəmizin Avratlantik strukturlara inteqrasiyası müzakirə edilmişdir.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və regionda təhlükəsizliyin təmin olunması baxımından önəmini vurğulamışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 dekabr.- S.5.